Azərbaycana sadiq qəhrəman...

 

Onun yaşadığı ömür gələcək nəsillərə ən qiymətli hədiyyədir

 

Qarabağ haqqında düşünmək də, yazmaq da üzünü Allaha tutub ağlamaq kimidir. Necə ki, Asif (Fred) Məhərrəmov əsgərləri, döyüşçü dostları şəhid olanda ağlayardı. Onun ağlayışı adi deyildi. Sanki dünyadan, erməni vəşhiliklərindən kainat sahibinə şikayət idi. (Fred) Asif düşünürdü ki, torpaqların və mənliyin azadlığı, müdafiəsi yolunda şəhid, qurban olmaqdan, ölməkdən qorxanlara ölüm və həqiqət daha çox yaxınlaşır. O, millətini ağlar, Qarabağı xar görmək istəmirdi. Bilirdi ki, bu hal sonralar göz dağına çevrilə bilər.

Yalanın, şərin, şeytan bağırtılarının erməni təcavüzkarlığı fonunda qulaqları deşdiyi döyüş durumlarında (Fred) Asif gələcəyi görürmüş kimi qəhrəmanlıq ruhu ilə hayqırırdı. O, xalqımızın arzularının, ümidlərinin şeytanlaşmış qatillərinə müqavimət göstərməyə çağırırdı. O, vicdanları, igidliyi, iradələri, haqq sevərliyi səfərbər edib qorxunun üzərinə yeriməyə səsləyirdi. O, sözünün müharibəsi ilə müharibəyə təsir göstərirdi. Onun pak sözlərinin mahiyyəti ümumxalq diləyinin ortaq fikrini ifadə edirdi. Onun döyüş səhnəsində yuxusuzluqdan və düşmənə nifrətdən qızarmış gözlərində də, yorğunluq yağan çöhrəsində də, qəzəbli sözlərində də təzahür edən böyük vicdanı idi. Hər şey qanunsuz qanunauyğunluğa tabedir. Asif (Fred) Məhərrəmov sanki öz vicdanında xalqımızın vicdan səsini ümumiləşdirmişdir. Bəli, "bir şeyin vacibliyi onun mümkünlüyünün də sübutudur". Və (Fred) Asif bu həqiqəti öz şəxsində göstərdi. Nəinki göstərdi, həm də vətənin qəlbində məskən saldı. Onun Qarabağsızlıq dərdi onu şəhidlik zirvəsinə ucaltdı. Asif xəstəlikdən dünyasını dəyişmədi. (Fred) Asif illərdən bəri çəkdiyi vətən həsrəti, ədalətsizlik və doğma yurdunun düşmən tapdağında qalmasına dözmədi. (Fred) Asif Məhərrəmov Qarabağ müharibəsində soyuqdan, güllədən qorxmadı. Onun qorxduğu torpaq itkisi idi. Ona görə də o əqidəsinə sadiq qaldı, dözmədi vətənsizliyə. (Fred) Asif Allaha, Azərbaycana sadiq qalan kimi - onun yaşadığı örnək ömür də, göstərdiyi qəhrəmanlıq da gələcək nəsillərə ən bahalı və qiymətli saxlanc kimidir. İnsan nə qədər səmimi olursa, o qədər də böyük insan olur. Mənə elə gəlir ki, əvvəl-axır, nə vaxtsa bu gözəl Azərbaycan övladı haqqında elə bir film çəkiləcək ki, bu film nəinki Azərbaycanda, eləcə də bütün dünyada seviləcəkdir. Çiçəyin qəhrəmanlığı toxumlarını yaradıb Günəş qarşısında çürüməsidirsə, insanın qəhrəmanlığı da öz adını - namını gələcək nəsillərə örnəyə çevirərək ölməzliyə qovuşmasındadır. Asif Məhərrəmov Azərbaycan uğrunda qəhrəman kimi həlak olmaq üçün doğulmuşdu.

Bu qeyrətli vətən oğlunun bioqrafiyasının kiçik bir hissəsinə nəzər salaq.

Məhərrəmov Asif Yusif oğlu 26 iyul 1952-ci ildə Ağdam şəhərində anadan olmuşdur. 1969-cu ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirmiş, Ağdam Dəzgahqayırma Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. Ağdam könüllü özünümüdafiə taboru yaradır və torpaqlarımızın müdafiəsində yaxından iştirak edir. O, 1992-ci ilin 7 martında 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilir. 1992-ci ildə məhz Asifin rəhbərliyi ilə Aranzəmin, Pircamal, Dəhraz kəndləri düşməndən azad edilir. Həmin ilin mart ayının 20-də Füzuli şəhərini öz batalyonunun köməyi ilə düşməndən qoruyur. Naxçıvanik uğrunda gedən döyüşdə ağır yaralanan Asif, müalicə olunduqdan sonra, yenidən cəbhəyə qayıdır. 1993-cü ildə Şelli uğrunda gedən döyüşdə iştirak edir, səhhəti ağırlaşdığından, hərbi hissəni təhvil verir və müalicə məqsədi ilə Yalta şəhərinə gedir, 1994-cü il 1 iyulda Yalta şəhərində vəfat edir.

Ailəli idi. Bir oğlu yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı Fərmanı ilə Məhərrəmov Asif Yusif oğlu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

Ulu öndər Heydər Əliyevin xüsusi tapşırığı ilə Asif Məhərrəmovun cənazəsi vətənə gətirilərək Bakı şəhəri 2-ci Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərində adına küçə var. Haqqında bir neçə kitab yazılıb.

Onun başı düşmənə deyil, vətənə əyildi.

Ona görə də Vətən torpağı cismini, göylər isə ruhunu əzizləyir.

Asifə həsr olunmuş çoxlu sayda maraqlı materiallar var. Amma tanınmış yazıçı və publisist Mustafa Çəmənli Azərbaycanın Milli Qəhrəmanı haqqında "Fred Asif" kitabını yazıb. Mustafa Çəmənlinin böyük məhəbbətlə, ürəyinin qanı ilə yazdığı bu son dərəcə əhəmiyyətli kitab bütün ağdamlıların və müharibədən sonra artıq bütün Azərbaycanın Fred Asif kimi tanıdığı Milli Qəhrəmanımıza müəllifin ucaltdığı ən gözəl, əbədi və ədəbi abidədir.

A.Məhərrəmovun silahdaşı, polkovnik-leytenant Soltan Bəndəliyev Milli Qəhrəmanla bağlı xatirələrini belə bölüşüb: "O, qorxmaz döyüşçü, coşğun vətənpərvər idi. Asif xəstəxanada yatanda ona təsəlli verib deyirdilər ki, hər şey sülhlə bitəcək, Ağdamı da, qalan torpaqlarımızı da geri qaytaracaqlar. Onda Fred Asif cavab verdi ki, Ağdam döyüşlə alınmasa, mən heç vaxt ora qayıtmayacağam! Bu cavab Asifin nə qədər məğrur, mərd olduğunu bir daha sübut edir".

Milli qəhrəmanın döyüşçü dostları A.Məhərrəmov kimi şəxsiyyətlərin xatirəsinin hər zaman xalqımızın qəlbində yaşayacağına, yaxın gələcəkdə düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olacağına inanırlar.

Hər millətin ruhu var və millət yaşadıqca o ruh da var olur. Bir vücuddan o birinə keçib yaşayır. Azərbaycanın vətənpərvər övladı Fred Asif də bizimkidir və vücuduna sığmayan ruhunu da, onu daim için-için göynədən, yeyən, tükədən ağrısını da gedərkən aramızda kiməsə verib gedib. İndi bu gün o ruh da, o ağrı da bizimlədir.

Milli qəhrəmanımızı tanıyan insanlar onun haqqında inanılmaz faktlar da söyləyiblər. Hətta şəhidlik zirvəzinə qovuşmadan öncə, gənclik illərində Asif qəribə hadisələrlə qarşılaşıb.

İstər haqqında yazılan kitablarda, istərsə də videoçəkilişlərdə hələ fiziki sağlığında böyük qardaşımız Asif özü deyirdi ki, ermənilərin açdığı "qrat-krisstal" atəşlərinin nəticəsində yayılan qəlpələr yanımdakılara dəyib, onları yaralayır, bəzilərini yerindəcə həlak edirdi. Amma çoxsaylı döyüşlərdə o qəlpələr, nədənsə, mənə dəymirdi. Sanki hansısa bir qüvvə ətrafıma gözəgörünməz və keçilməz zireh çəkmişi.

Bu hadisənin izahını tam vermək məntiq xaricində olsa da, aydındır ki, Asifi Gizli Bir Əl qoruyurmuş...

Bir gün Asifgil dağa çıxıb yüksəkliyi götürməli idi. Həmişə öndə gedən komandir Asif təngnəfəs olur və əynindəki ağır qara paltonu çıxarıb atır. Onun arxasınca gedən cəsur və sadiq dostu Adil Kəngərli isə dərhal paltonu götürüb geyinir. Döyüşçülər arasında yeganə qara paltolu olan Fred Asif erməni snayperinin hədəfində imiş. Atəş açılır, Fred Asifin əvəzinə Kəngərli Adil vurulur. Sual doğur: Asifə təngnəfəslik səbəbi ilə paltosunu çıxarıb atdıran hansı Qüvvədir? Bunun cavabını istəkli oxucuların anlayış səviyyəsinə buraxaq.

Fred Asifi 42 yaşında 1994-cü il yayın göydən od yağan istisində II Şəhidlər Xiyabanında məzara endirilən anda səmada qəflətən ağ göyərçinlər peyda olur. Çoxsaylı insanların göyə zillənmiş baxışlarının hüznlü heyrəti ilə məzar üzərində həmin göyərçinlər dəfələrlə dövrə vurub, gözdən itirlər.

Xristian aləmindəki "Əzizlərin bilgisindən" və islam dünyasının övliyalarının həyat hadisələrindən məlumdur ki, belə qeyri-adi olaylar Allah dostlarının məzara enən anlarında baş verən hadisələr sırasındadır.

Müharibədən əvvəl Asif Ağdamda bir yerə gəlib görür ki, kökü 1, budaqları 2 olan tut ağacının arasına bir kubik daşını pərçim ediblər. Həmin kubik daşı illərcə ağacı elə bölüb ki, hər 2 budaq yöndəmsiz halda yerə yaxın sallanırmış. Asif qayıdıb lazımi alət və qayışlar götürərək yenidən ağacın yanına gəlir. Saatlarla ehtiyatla əlindəki alətlə kubiki oya-oya xırda hissələrə bölərək ağacın içindən çıxarıb, yaranan boşluğa palçıq tökür. Sonra yerə dirək basdırıb hər iki budağı qalın qayışla dirəyə bağlayaraq, tut ağacını yuxarı qaldırır. Aylar, illər keçdikcə Asif ağaca baş çəkir, böyüməsinə xüsusi qayğı göstərir. Təbii ki, illər keçdikcə ağacın əlavə budaqları da artıb, şaxələnir və tut ağacı öz çətirində böyük kölgəlik yaradır. Asif də kölgəliyə görə ağacın altında oturacaq düzəldir.

İsti yay günlərinin birində Asifin yolu həmin ağacın yanından düşür. Oturacaqda dincini alan bu həssas qəlbli insan qeyri-adi hadisənin şahidi olur. Nəinki küləyin, hətta mehin də olmadığı anda tut ağacının bir budağı Asifin üzərinə əsintilər gətirir.

Burda zaman və məkanüstü fövqəladəlik ondadır ki, ağacın məhz bir budağı meh gətirir, başqa budaqların isə heç yarpaqları da tərpənmir. Bu qeyri-adiliyə Asif özü dəfələrlə şahid olur. Sonralar isə bu hadisəyə Asifin 100-ə qədər dost-tanışları şahidlik edib heyrətlənirlər.

İndi Azərbaycanın Avrokuboklarda keçirdiyi futbol matçlarında qürur hissi ilə adını çəkdiyi Ağdamın "Qarabağ" klubu ilə bağlı da Asifin xatirələri var. Müharibə zamanı "Qarabağ" "ev" oyunlarının çoxunu güllə-boran altında keçirməli olub. Hələ SSRİ çempionatları dövründə buna görə xeyli oyunu baş tutmamışdı. Təkcə 1991-ci ildə 12 komanda Ağdama gəlməkdən boyun qaçırmışdı. Əlbəttə, rəqiblərə texniki məğlubiyyət verilirdi, amma həm də ağdamlı azarkeş futbolsuz qalırdı. Milli çempionat oyunlarında "Qarabağ"ın futbolçuları ölüm təhlükəsiylə üz-üzə qalaraq, meydana çıxırdı. Az qala hər qarşılaşma zamanı stadionun yaxınlığına "Qrad" düşürmüş. Dəfələrlə oyunlar yarımçıq qalmaq təhlükəsiylə üzləşirmiş, buna baxmayaraq "Qarabağ" rəqibləri birtəhər yola gətirirmiş ki, görüş başa çatsın. Komandanın keçmiş futbolçusu Yaşar Hüseynovun yaddaşında ilişib qalan epizod: "Səhv eləmirəmsə, "İnşaatçı" (Bakı) ilə oynayırdıq. Birinci hissə qurtarmışdı, 1:0 udurduq. Ağasəlim müəllim uşaqlara təlimat verirdi. Birdən onun lap yaxınlığında bomba partladı. "İnşaatçı"nın futbolçuları qorxuya düşdü, dedilər ki, daha oynamırıq, qoy oyun 1:0 da qurtarsın. Ürək-dirək verdik, başa saldıq ki, hər oyunumuz belə keçir. Oynadılar, amma oyun qurtaran kimi heç duşa da girmədən birbaşa avtobusa minib Ağdamdan çıxdılar". Futbolçular döyüşməyə hazır idi. Hətta bir dəfə son vaxtlar batalyonuyla stadionun bazasında məskunlaşan Milli Qəhrəman Asif Məhərrəmova müraciət eləyiblər ki, döyüşçülərə qoşulsunlar. Fred Asif razı olmamışdı: "Bilsəm ki, 18 futbolçuyla müharibəni udacağıq, hamınızı apararıq. İndi siz bizə səngərdən çox, meydançada lazımsız" deyə Asif cavab verib.

 

Şərq.- 2011.- 20 iyul.- S. 11.