Odlu nöqtələrdən yazan qəhrəman xanım Salatın Əsgərova həmişə ucuz ölümdən qorxurdu

 

Milli Qəhrəmanlarmızın keçdikləri həyat yolu yetişən gəncliyin vətənpərvər ruhunun inkişafında böyük rol oynayır. Azərbaycan xalqının qürurla adını anacağı belə Milli Qəhrəmanlarmızdan biri də unudulmaz insan, bu gün 136-cı ildönümünü qeyd edən Azərbaycan Mətbuatının qeyrətli jurnalisti Salatın Əsgərovadır. Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində doğulub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib və Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.

1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın xanım jurnalistika sahəsinə böyük maraq göstərirdi. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" (Azərbaycan Gəncləri) qəzetində işləməyə başlayıb. Salatın xanım müxtəlif mövzularda yazırdı. Onun toxunduğu mövzular o illərin ən vacib və ən öndə gələn məsələləri idi. Lakin 1990-cı il 20 yanvar hadisələri, Qarabağ problemi, ermənilərin Qarabağda millətə qarşı hücumları Salatın xanıma dəfələrlə hadisə yerinə getməyi milli məsələ halına gətirmişdi. Peşəsini sevən və ona sadiq olan bu qorxmaz gənc qadın Qarabağın ən odlu nöqtələrində olurdu.

Ölümdən yox, ucuz ölümdən qorxurdu...

Salatının boğazında zob xəstəliyi vardı. Bu xəstəlikdən yaman əziyyət çəkərdi. Təkcə ağrılardan yox, elə bilərdi, bu xəstəlik haradasa onun yolunu kəsir, gördüyü işlər qarşısında nəsə ona mane olur. Daim daxilindəki, onu narahat edən bu xəstəliklə vuruşardı. Yaxın adamları, iş yoldaşları tez-tez ona deyirdilər ki, Salatın, hələ çox cavansan, bu isə çox yüngül xəstəlikdir. Qoy cərrahiyyə əməliyyatı aparsınlar, birdəfəlik canın qurtarsın. Yox, deyərdi, qorxuram əməliyyat zamanı öləm, körpə Ceyhunum yetim qalar. Atası Əziz həkim ona iki dəfə adlı-sanlı professor-cərrahlar tapmışdı əməliyyatı aparmaq üçün. Hər ikisində də Salatın rədd etmişdi. Demişdi ki, ata, indi mənim boş şeylərə, mənasız yerə vaxt itirməyə bir dəqiqə də olsun vaxtım yoxdur. Qarabağda günahsız insanların qanı su yerinə axıdılır, torpaqlarımıza düşmən gözü dikilib. Bizim isə hamımızın başı şəxsi işlərimizə qarışıb. İncimə ata, bıçaq altına yıxılıb, cərrahiyyə stolu üstündə qan axıda bilmərəm. Təkcə onu bilirəm ki, vicdanım bunu mənə heç vaxt bağışlamaz. Hansısa daxili bir qüvvə elə bil Salatına deyirdi ki, sən bu gün cərrahiyyə stolu üstündə qan axıtmaq yox, Vətən oğullarının al qanına boyanmış torpaqlarımızda olmalısan, düşmənlə üz-üzə dayanmalısan. Qarabağ adı gələndə Salatının yadından hər şey çıxırdı.

Meşələrdən, dərələrdən, çöllərdən... tapılan qulaqsız, gözsüz, qolsuz, tanınmaz hala salınmış, bədənləri qara kömür parçasına dönmüş neçə-neçə azərbaycanlının dəhşətli cəsədlərinə, o qanlara dözə bilmirdi. Bütün bu əzabların nə demək olduğunu hamıdan çox Salatın hiss edirdi. Qələmi götürən kimi əlləri quruyardı, ağ vərəqin üstünə xətt salmamış, göz yaşları isladardı kağızları. Gecələr gözlərini yuman kimi, yuxu aparana yaxın gördüyü dəhşətli yuxulardan qışqırıb ayılardı. Salatın dözə bilmirdi Qarabağ müharibəsinə... Bakıda oturub rahat işləyə bilmirdi. Elə vaxt olurdu ki, Ceyhunu da aparırdı o odun-alovun içərisinə. Çox zaman da Leyla anaya tapşırıb sevimli balasından bir neçə günlüyə ayrılmalı olurdu.

Qarabağa sonuncu və əbədi səfərindən əvvəl isə atasının sözündən çıxa bilmədi. Cərrahiyyə əməliyyatının aparılmasına razılıq verdi. Ancaq bir şərt qoydu. Qarabağdan, növbəti ezamiyyətdən qayıtdıqdan sonra. Hətta əməliyyatın vaxtını da təyin etdilər. 16 yanvar... Ancaq o gün Salatın növbəti ezamiyyətdən sonra xəstəxanaya tələsmədi. O gün Salatına nə cərrah lazım oldu, nə də ki, həkim. O gün həkimlər də cərrahiyyə üçün lazım olan bütün hazırlıqları görüb növbəti əməliyyata tələsmədilər. Körpə balası da xəstəxana divarları arasında ora-bura qaça-qaça, bəs həkim əmilər anamı nə vaxt sağaldıb qurtaracaqlar, çıxıb gedək evimizə demədi. Bunların heç biri olmadı. Ucuz ölümdən qorxan Salatına mənasız görünən bu hadisə baş vermədi, verməyəcəkdi də. O gün Qarabağdan "Şəhidlər xiyabanı"na dörd gün yol gəldi Salatın. Bu müqəddəslikdə yatan qardaşlarına bacı həyanı olmağa gəldi. Salatının gəlişiylə "Şəhidlər xiyabanı"nda bir şəhidlər sırası başladı. Getmişdi ki, bu xiyabanda uyuyan igidlərin günahsız tökülən qanını alıb gəlsin. Özü də o igidlərin tökülən al qanına boyanıb gəldi. Xankəndindən, Şuşasından, Qarabağından keçib "Şəhidlər xiyabanı"na gəldi. İyirmi yanvar şəhidləriylə Qarabağ şəhidləri arasında körpü oldu Salatın... Ucuz ölümdən qorxan Salatın öz ölümüylə ölümsüz bir dünyaya qovuşdu.

"Bu son olsun..."

Salatın universiteti bitirdiyi il Ceyhun adlı bir oğlu dünyaya gəlmişdi. İşləri ilə bağlı balaca Ceyhunu hər dəfə nənəsinin yanında qoyub gedirdi Qarabağa. Son Qarabağ səfərindən əvvəl "oğlun Ceyhunu düşün, diqqət et, artıq erməni terrorçularının tutduğu bölgəyə getmə" deyildiyində onun cavabı "bu son olsun" olmuşdu. Həqiqətən bu son Qarabağ səfəri olmuşdu Salatın xanımın.

Necə şəhid olması haqqında sənədlərdə bu bilgilər verilib: "1991-ci il yanvarın 9-da pusquda durmuş erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunun 141 km- (Şuşa rayonu ərazisi) Gəncə şəhərinin 44682 saylı hərbi hissəsinə məxsus "UZ 469" markalı 30-14 NB dövlət nömrə nişanlı avtomaşın atəşə tutulmuş nəticədə sürücü, kəşfiyyat batalyonunun komandiri, polkovnik-leytenant O.Larionov, Laçın rayonu hərbi komendaturasının qərargah rəisi, mayor İ.İvanov "Azərbaycan Gəncləri" qəzetinin müxbiri Salatın Əsgərova vəfat edib"

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilib. Həmçinin yaxınlığında şəhid olduğu kənd Salatın kəndi adlandırılıb.

"Anamı qətlə yetirən ermənilərin o murdar sifətləri indi gözlərim önündədir"

Milli Qəhrəmanın yeganə oğlu Ceyhun Əsgərov da anasının sənətəni davam etdirdi. Uzun müddət ANS telekanalında jurnalist kimi çalışdı. Amma anası ilə bağlı xatirələri Ceyhunun yaddaşında silinməz iz buraxıb. 1984-cü il iyunun 5-də Bakıda doğulub. Orta təhsilini Bakı Avropa Liseyində alıb. Əvvəlcə Xəzər Universitetinin tibbi biologiya fakültəsinə qəbul olunub. Sonra isə Azərbaycan Beynəlxalq Universitetinin eyniadlı fakültəsinə köçürülüb. 2005-ci ildə oranı bitirib, 2003-cü ildən isə ANS televiziyasında işləməyə başlayıb.

Ceyhun anası ilə bağlı xatirələrini belə bölüşür:

"O, çox qayğıkeş, mehriban, ədalətli bir insan idi. Qocalara, əlillərə, kimsəsizlərə bacardığı qədər kömək edərdi. Poeziyanı, musiqini kitab oxumağı çox sevərdi. Bir sözlə, insana xas olan ən müsbət keyfiyyətlərin hamısı onda var idi. Məni isə hamıdan, hər şeydən çox istəyirdi. Anam məni hər gün bağrına basıb əzizlərdi. Özümü dünyanın ən xoşbəxti sanardım. Məni atamın atası anası böyüdüb. Onların ilk nəvəsi olduğumdan məni çox istəyirdilər. Mənə böyük qayğı göstərirdilər. Heç nəyə ehtiyacım olmurdu, təkcə Ana qayğısından, Ana nəvazişindən başqa. Analı günlərimi indi axtarıram, özü o günlər üçün burnumun ucu göynəyir. Hərdən öz-özümə fikirləşirəm ki, mən tez-tez anamdan qaçıb gizlənərdim, o, məni elə həmin andaca tapardı. Amma anam məndən elə gizləndi ki, mən onu ömrümün axırına kimi tapa bilməyəcəyəm. Məni anasız qoyan o ermənilərin murdar sifətləri indi gözlərim önündədir. Yəqin ki, xatırlayırsınız, elə o vaxtlar anamı qətlə yetirən həmin erməni quldurları tutulub Bakıya gətirilərək Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə onları mühakimə etdilər. 11 nəfər idilər. Məhkəmə iclaslarından birinə məni aparmışdılar. Yaxşı yadımdadır ki, iclasın sonunda erməni qatillərini əyləşdiyi yerin önündən keçəndə ermənilərdən birinin əlinin üstündən var gücümlə çimdik götürdüm üzünə tüpürdüm. O zaman mənə elə gəldi ki, anamın qatillərindən qismən olsa qisasımı aldım. Əlbəttə, o vaxt 6 yaşlı bir uşaq idim bu, mənim üçün böyük bir intiqam kimi görünürdü. Onu da deyim ki, anamı qətlə yetirən əsas 2 erməni elə türmədə olarkən gəbərmişdi. Qalanları isə ermənilərin əlində olan əsirlərimizlə dəyişdirildi. Bir dəfə anam həm mənə, həm özünə diktofon almışdı. O zamanlar bulvarla üzbəüz "Qızıl açar" adlı bir restoran var idi. Mən oranı çox sevərdim. Ona görə ki, orada Kiyev kotletini əla hazırlayırdılar. Bir dəfə həmin restoranda yemək yeyəndə bizdən kənardakı masada 2 qız əyləşmişdi. Birdən anam mənə dedi ki, diktofonunu işə sal get o qızlardan müsahibə al. Mən gedib həmin qızlara bir-iki sual verdim. Onlar da mənə bir qolbaq bir dənə qələm bağışladılar. Mən qolbağı anama hədiyyə etdim. Elə həmin andaca, "oğul hədiyyəsidir", deyib onu qoluna bağladı. Anam Qarabağda qətlə yetiriləndə həmin o qolbaq onun qolunda idi..

Bəli, doğrudan da o məni jurnalist görmək istəyirdi. Çalışırdı ki, məni uşaqlıqdan bu sahəyə yönəltsin. Onu da deyim ki, mənim ana babam həkim olub. Uşaq vaxtı həmişə deyərdim ki, həkimliyi oxuyacağam, amma jurnalist işləyəcəyəm. Elə oldu. Bu gün fəxr edirəm ki, anamın güllələnmiş arzularından birini yaşadaraq onun yolu ilə gedirəm çalışıram ki, bu peşəni ona layiq olan tərzdə davam etdirim.

Mən onunla qürur duyuram. Fəxr edirəm ki, anam hamımızın ziyarətgahı sayılan Şəhidlər xiyabanında dəfn olunub. Bakı şəhərində adına küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Təfəkkür Universitetində büstü qoyulub. Yaşadığı binaya barelyefi vurulub. Əlbəttə, bütün bunlar üçün dövlətimizə xalqımıza minnətdaram.

 

Şərq.- 2011.- 22 iyul.- S. 11.