Milli qəhrəmanlarımız

 

Alı Mustafayevin ölümündən 20 il ötür

 

Bu gün 136-cı ildönümünü qeyd edən Azərbaycan mətbuatının vətən üçün canını fəda edən milli qəhrəmanları var. 20 il bundan öncə faciəvi şəkildə həlak olan mərhum telejurnalist Alı Mustafayev də onların sırasındadı.

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində "Mi-8" vertolyotunun ermənilər tərəfindən vurulmasından indi 20 il ötür. Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

Dara düşənlərin həmişə köməyinə tələsən Alı

İstedadlı şair və jurnalist, həyatsevər və qayğıkeş insan, dara düşənlərin həmişə köməyinə tələsən Alı yüz minlərlə televiziya tamaşaçılarının sevimlisi olmuşdu. Günün ekranı xəbərləri, bir qayda olaraq, əksər hallarda Alısız olmazdı. Həyatın qaynar nəbzini Alı hələ uşaqlığından duymuşdu. Alının yerinə bir başqası olsaydı, ilk vertolyot qəzasından, ondan aldığı yaradan və üz-üzə durduğu təhlükədən sonra bir də o şeytan maşınına ayaq basmazdı. O isə bilərəkdən, bu təhlükəli səfərlərin aqibətini əvvəlcədən görə-görə bir az da tərəddüd etmədən yenə qızmar nöqtələrə tələsirdi. Alı hər gün işə gedəndə yolunu Şəhidlər Xiyabanından salırdı. Burada uyuyan günahsız insanlara baxıb köks ötürür, qəlbi qan ağlayırdı. Alı Qarabağ harayını dünyaya çatdırmaq istəyirdi. 1991-ci ilin 20 noyabrında erməni faşistlərinin gülləsindən alovlanan vertolyot səmadan uçan ulduz kimi yaralı torpaqlarımıza doğru yan aldı. Alının və digər mərd Azərbaycan oğullarının bu qədər məhəbbətlə sevdikləri, uğrunda öz həyatlarını qurban verdikləri torpaqlarımıza doğru...

Bacarıqlı, operativ telejurnalist

Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulub. Burada orta təhsil alıb (1959-1969). Ordu sıralarında hərbi xidmətdə olmuş, tərxis ediləndən sonra Bakı elektrik maşınqayırma zavodunda tokar işləyib (1971-1976). Zavod direksiyasının göndərişi ilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirib (1976-1981). Təyinatla Azərbaycan Televiziya və Radio Verilişləri şirkətinə göndərilib. Ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilib. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınıb.

Erməni faşist quldurlarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlətsəviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olub (1989-1990). 1991-ci il fəaliyyətinə görə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülüb.

Ölümündən sonra ona Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Bakıda, Nərimanov rayonundakı 202 saylı orta məktəb Alı Mustafayevin adını daşıyır.

Onun xidmətləri...

 

Alı Mustafayevin çağdaş jurnalistikamızdakı xidmətləri böyükdür. Çox da uzun olmayan ömür yolunda ciddi uğurlar və populyarlıq qazanmaq heç də hər yazara nəsib olmur. Bu, gərgin zəhmətin nəticəsi idi. Onun televiziya jurnalistikası sahəsindəki novatorluq keyfiyyətləri cəmiyyətdə hələ ötən əsrin 70-80-ci illərindən başlayaraq böyük maraqla qarşılanırdı. Qarabağ müharibəsi başlayan gündən Alı Mustafayev qaynar nöqtələrdə tez-tez görünür, efirdə erməni vəhşiliklərini ifşa edirdi. Bəlkə, bir tale idi ki, qəhrəmanlıq fəaliyyəti məhz Qarabağ torpağında başa çatdı. Ölümündən sonra ona Azərbaycanın Əməkdar jurnalisti fəxri adı verilib. Alı Mustafayev, Salatın Əsgərova kimi jurnalistlər Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin önündə gediblər, şəhidlik zirvəsi ilə misilsiz örnəyə çevriliblər.

Alı Mustafayev ədəbi-bədii yaradıcılıqla da məşğul olurdu. Yaradıcılığa tələbəlik illərindən başlayan şəhid jurnalistimizin şeirləri elə ilk baxışdan geniş oxucu kütləsinin marağına səbəb olurdu. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilirdi.

Alı Mustafayev Azərbaycanın gələcəyini, firavan sabahını, müstəqil dövlət olduğunu arzulayan və bu arzunu əmələ çevirən tək-tək ziyalılardan, vətənpərvər insanlardan idi.

Alı Mustafayevlə yanaşı, ölkənin böyükçinli məmurlarının və eləcə də bir sıra tanınmış ictimai xadimlərin qətlə yetirilməsi Azərbaycana vurulan ilk böyük zərbə oldu. Bu hadisə erməni işğalçılarının Qarabağa yolunu açdı. Çünki həmin heyət düşmənin qorxduğu ən böyük qüvvə və işğalçıların Qarabağa girməsinə əngəl ola biləcək ən böyük maneə idi. Planlı şəkildə törədilmiş bu qətlin təfərrüatları haqqında ötən saylarımızda geniş bəhs etmişdik. Ölkəmizin faciəsinin ilk mərhələsi olan bu hadisə tariximizə yeni bir səhifə açdı ki, bu gələcək nəsillər üçün örnək və həyat dərsi olacaq.

Alının alın yazısı

 

O vaxtdan 20 il ötür...

Qələm dostu Bəşir Şəriflinin Milli Qəhrəman haqqında xoş xatirələrindən:

- Dəli bir ağlamaq keçir könlümdən... Təkcə ağlamaqmı? Şən, oynaq zarafatlarını eşidən bir kəs deməzdi ki, Alı dəli bir ağlamaq üçün qəribsəyib. Əslində, könlündən keçən çox şeylər vardı - təzə aldığı mənzilində yaxınları, doğmaları ilə bir ömür yaşamaq, üç oğul balasının toyunu görmək, arabir Qazaxdan gətirdiyi telli sazı kökləmək, daha nələr...

Hər gün öz gülüşünlə, yerişinlə, bizə tanış olan baxışınla "Xəbərlər"in qapısını açıb içəri girəndə yaratdığın xoş əhval üçün darıxardıq. Bir də o söz üçün darıxardıq ki, onu yalnız Alı Mustafayevdən eşitməyə vərdiş etmişdik:

- Ayə, dayım da var, pulum da, sizin nəyiniz var ki?! Özüm də bəy oğlu bəyəm.

Amma biz hamımız çox yaxşı bilirdik ki, Alının ömründə çətin günlərinin sayı daha çox olub. On illərlə kirayədə yaşayıb, özü də erməninin evində. Zarafatla deyərdi: Ayə, erməni evi olanda nə olar ki, günortanı bizdəyik. Bir qismat çörəyimi kəsin". Və nədənsə, onun sözündən çıxmazdıq, gedərdik. Elə şən əhval yaradardı ki, çətin günün yükünü unudardıq...

Sonuncu görüşümüzü yaxşı xatırlayıram. 19 il əvvəl elə noyabr ayının 19-u idi. "Xəbərlər"də iş günü təzəcə başlamışdı. Dedilər ki, Alı səfərə tələsir. Buna vərdişliydik. Sorağı gah Moskvadan gələrdi - sovetlərin qurultayından, gah Qırmızı körpüyə görüşə tələsərdi, elə bil vaxt-vədə onu qovurdu...

O gecənin vahiməli xəbərini elə "Xəbərlər"in özü yayımladı. Qarakənddən gələn qara xəbərə təsəlli əvəzi söz tapa bilmədik. Bu xəbərin gəldiyi gün hamımız bir yerdəydik - sükutla, gözü yol çəkən adamlar kimi bir-birimizin üzünə baxırdıq. Elə bil hamımız günahkar idik. Bütün günü bu boyda ölkənin xəbər düzümünü bir-birinə calayan, açılmaz qapıları ərklə, ürəklə, təpərlə döyən yazarlara oxşamırdıq. O gecə xeyli yazıqlaşmışdıq. Alının körpə Turqutu qədər çarəsiz və yetim görünürdük. Nə Lalə xanıma, nə də bir-birimizə təsəlli verə bilirdik. Elə bil o gecə sözümüz də, özümüz də tükənmişdik. Lal sükuta o qara xəbər meydan oxuyurdu. Və o gecə "Xəbərlər"də qara bir sükut vardı...

Alı kədəri öz içində əritməyə vərdişli idi. Tez-tez ürəyinin ağrıları tutanda deyərdi ki, böyük dərdlərin qarşısında belə ağrıları dilə gətirmək günahdır. Nə qədər zarafatcıl olsa da, hər şeyi öz arşını ilə ölçüb-biçərdi, haqsızlığa dözüm göstərməzdi. Ən çətin məqamda da urvatlı sözə güvənərdi...

İsti söz üçün qəribsədiyini də görmüşdük. Misralarını öz dilindən də eşitmişdik. Onda bir daha yəqin etmişdik ki, Alı bu dünyanın ən zərif, kövrək adamlarından biridir. Amma bir sözünü də unuda bilmirik. Deyərdi ki, mən ona görə gülə-gülə gəzirəm ki, hər adam görə-görə ağlaya bilmərəm. Və bu deyimlərin üstündən şirin Qazax ləhcəsi ilə doyumsuz zarafatlara keçərdi...

Biz həmişə bir-birimizi qoruya-qoruya yaşayardıq. Amma o qara xəbərin vahiməsindən qoruna bilmədik. Səndən sonra doğmaların da təzə mənzilinə uyğunlaşmadılar. Təkcə mənzilə yox, sənsiz bu obaya, bu yurda sığmadılar. Təzə mənzildə sənsiz yaşamağa tablaşmadılar, səkkizinci mərtəbədə döydüyümüz qapının o tərəfindən səs-səmir gəlmədi...

Yaşadığın doqquzmərtəbəli binanın qarşısında vurulmuş xatirə lövhəsinə həkk olunmuş şəkildəki mənalı baxışınla o mərtəbələrdən qat-qat hündürlükdə görünürsən. Və o hündürlüyü telejurnalistikanın ən çətin sınaqlarında pillə-pillə ötə bildin. Sənin nəyin vardısa, halal haqqın idi. Bir obanın şirin ləhcəsini, Qazaxbəyli kəndinin təəssübünü, ağbirçək ananın xeyir-duasını heç nəyə dəyişmədin. Böyük şəhərdə ən dəyərli seçimin ömür-gün yoldaşın Lalə oldu. Elə bil hər şeyi vaxtında-vədəsində ölçüb-biçmişdin. Biçimində və seçimində öz ömrünün yaşanan və qırılan fraqmentlərinin keçidlərini səndən özgə heç kəs belə duya bilməzdi.

Alı nə qədər səmimi, istiqanlı idisə, o qədər də məqamında sərt idi. 90-cı illərin əvvəlləri idi, Azərbaycan dilində Vəzirov kimi danışanların çoxu vəzifədə idi. Və onda bu eksperimenti "Xəbərlər"də də sınaqdan çıxarmaq istədilər. Dilimizi bilməyən bir naşını "Xəbərlər"ə baş redaktor təyin etmişdilər. Uşaqların hamısı gileylənirdi, amma hələ ki hamı susurdu. Heç kəsin gözləmədiyi tərzdə Alı qapını açıb girdi içəri ki, a qağa, birincisi, xoş gəlmisən, amma Vallah, bura sənin yerin deyil. Nə qədər ki bu xəbər böyüməyib, getməyin məsləhətdir. Onda o adam hər şeyi anlamışdı. Bircə onu soruşmuşdu ki, koqda? Alı da gülə-gülə cavab vermişdi ki, ne zavtra, luçşe seqodnya. Bununla da məsələ bitmişdi. Otağın açarlarını da elə Alıya vermişdi.

"Xəbərlər"in uşaqları elə baməzə idilər ki, bəzən ciddi ilə zarafatı ayırmaq olmurdu. Elə ki nahar başlayırdı, bir ucdan gedirdilər yeməkxanaya ki, hər şey bəyin hesabınadır. Rəhmətlik belə şeylərdən o vaxt xəbər tutardı ki, az qala borcun hesabı maaşın həddini ötərdi. Və maddım-maddım uşaqların üzünə baxardı ki, qağa, gedəndə heç olmasa, mənə də xəbər edin. Bir qismat mən də yeyim. Və sonra da dinməz-söyləməz hesabı ödəyərdi, axı mən bəyəm, - deyərdi. Sizin tayınız deyiləm.

Amma sonralar sənin bəy adına çox adlar qoşuldu - Milli Qəhrəman, əməkdar jurnalist...

Bütün bunlar təsəlli əvəzi deyil. Nə də Qarakənddən gələn qara xəbərin yerini ödəmir. Sadəcə, bizi ovundurmaq cəhdidir...

Ömrünü iki qütbün arasında bölürdün - açıq-aşkar bəyan etdiyin telejurnalist Alı Mustafayev və gizli-gizli qoruduğun şair imzan - Alı Qazaxbəyli. Sənin təkcə telejurnalist və şair kimi yox, həmkar və həmsöhbət kimi sevən, xatirələrinlə isinən dostların az deyil. Və nə yaxşı ki, bu xatirələr bu gün də yada düşür. Dayandığın zirvə 40-a çatmayan yaşında sənə bu dünya ilə əmin-arxayın halallaşmaq haqqı verib. Qalan nə varsa, ömür nəyə macal vermədisə, üç balanın - Toğrulun, Turalın, Turqutun qismətidir, halal haqqıdır!

 

Nəzakət

 

Səs.- 2011.- 23 iyul.-S. 4.