Azərbaycan milli memarlığı

 

Orta əsrlər dönəmində yaradılan abidələr orijinallığı ilə seçilir

 

Ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişaf mərkəzi Bərdə şəhəri idi. Mənbələrdə "bu yerlərin Bağdadı" adlandırılan Bərdədə geniş tikinti işləri aparılmış, çoxlu məscid və başqa dini binalar, karvansara, bazar, hamam tikilmişdi. IX-X yüzillərdə Xilafətin zəifləməsi nəticəsində Azərbaycanda kiçik feodal dövlətlərin yaranması ilə bağlı X-XII yüzillərdə müxtəlif memarlıq məktəbləri yarandı (Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron). Azərbaycan memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi. Aran memarlıq məktəbinə (Gəncə, Bərdə, Beyləqan) mənsub sənətkarların yaratdığı binaların əksəriyyəti Gəncə zəlzələsi (1139) və monqol hücumları (XIII yüzil) zamanı dağılmışdır. Gəncə və Beyləqanda aparılan arxeoloji tədqiqatlar bir sıra qurğu və bina qalıqlarını aşkara çıxarmışdır. Gəncə çayı üzərindəki 3 körpü (XII yüzil), Beyləqandakı yaşayış binaları, hamam və s. qalıqları Aran memarlıq məktəbinin üslub özəllikləri haqqında aydın təsəvvür yaradır.

Naxçıvan memarlıq məktəbinin abidələri binalarda çox boyalı kaşıdan ornamentli baştağ kompozisiyalarının tətbiqi, Şirvan-Abşeron məktəbinə mənsub tikililər sadə memarlıq bölgüləri və dekorativ oyma bəzəkləri ilə seçilir. Təbriz məktəbinin ən yaxşı abidələri üçün memarlıq quruluşunun dəbdəbəliyi, dekorların müxtəlifliyi səciyyəvidir.

Dövrümüzədək çatmış mütənasib quruluşlu, zəngin dekorlu qülləvarı türbələr və digər tikililərdə Naxçıvan məktəbinin üslub özəllikləri əksini tapmışdır. Bu məktəbin ən yüksək zirvəsini Naxçıvandakı Yusif ibn Küseyr (1162) və Mömünə xatın (1186) türbələrinin, eləcə də hazırda mövcud olmayan dini tikililər kompleksinin müəllifi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaradıcılığı təşkil edir. Əcəminin yaradıcılığı üçün obrazın monumentallığı, kompozisiyanın mütənasibliyi və dekorların zərifliyi, öz dövrünə görə rasional konstruksiyaların tətbiqi, ornament bəzəklərinin oynaqlığı səciyyəvidir. Onun ornament kompozisiyaları bədiiliklə riyazi təfəkkürün üzvi birləşməsinə əsaslanır. Əcəminin yaratdığı kompozisiya və dekorativ bəzək üsulları Azərbaycanın, eləcə də müəyyən ölkələrin türbə tikililərinə böyük təsir göstərmişdir. Marağadakı "Göy günbəz" türbəsi (1196, memar Əhməd Məhəmməd oğlu) Əcəmi üslubuna özəllikcə yaxındır. Marağa abidələri Azərbaycan memarlığının inkişafında önəmli yer tutmuşdur. Bunlardan dövrümüzədək çatmış ən qədimi "Qırmızı günbəz" türbəsidir (1148, memar Bəkir Məhəmməd). Bu dövrdə Urmiyada tikilmiş "Üç günbəz" türbəsi (1185, memar Əbu Mənsur Musa oğlu) memarlıq quruluşuna görə Marağa abidələrinə yaxındır.

Naxçıvan məktəbinin kərpic tikililərində formalaşmış memarlıq üsulları daşdan tikilmiş türbələrdə - Naxçıvan MR-nın Cuğa kəndi yaxınlığındakı Gülüstan türbəsində (XIII yüzilin əvvəli), Füzuli rayonunun Babı kəndindəki Şeyx Babı Yəqubi türbəsində (1273-1274 memarı Əli Məcidəddin olması güman edilir) və Aşağı Veysəlli kəndindəki Mirəli türbəsində (XIII-XIV yüzillər) əksini tapmışdır. Bərdədə (1322, memar Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani) və Naxçıvan MR-nın Qarabağlar kəndində (qoşa minarəli türbə; minarələr XII yüzil - XII yüzilin əvvəli, türbə XIV yüzilin əvvəli) qalmış türbələrin oxşarlığına və hər ikisinin XIV yüzilin əvvəlində tikilməsinə əsasən bu abidələrin eyni memar tərəfindən yaradıldığı ehtimal olunur.

X-XII yüzillərdə yaşayıb yaratmış bir çox Azərbaycan memarları, bənnaları və memarlıq bəzəyi ustalarının adları müxtəlif tikililərin kitabələrində, daş plitələrində, dekorativ bəzək məmulatlarında və digər qaynaqlarında dövrümüzədək çatmışdır. Bunlardan Məhəmməd ibn Cəfər (Beyləqan rayonundakı "Peyğəmbər" qəbiristanlığındakı kitabəli plitə X yüzil), İbrahim ibn Osman (Gəncə darvazası, 1063), Məhəmməd Əbubəkr oğlu (Bakıda Sınıqqala məscidi, 1078), Möhsün (XI yüzil; əsərləri məlum deyil), onun oğlu Bəndan ibn Möhsün (XII yüzil; əsərləri məlum deyil), nəvəsi Bəkir Məhəmməd (Marağada "Qırmızı günbəz" türbəsi 1148), Əcəmi Əbubəkr oğlu Naxçıvani (Naxçıvanda Yusif ibn Küseyir türbəsi, 1162, Mömünə xatın türbəsi 1186 və s.), Aşur İbrahim oğlu (İçərişəhərdəki İbrahim məscidinin daş mehrabı, 1171), Əmirəddin Məsud (XII yüzil; əsərləri məlum deüyil), Əbu Mənsur Musa oğlu (Urmiya yaxınlığında "Üç günbəz" türbəsi, 1185), Əhməd Məhəmməd oğlu (Marağada "Göy günbəz" türbəsi, 1196), Məsud Davud oğlu (Bakıda Qız qalası, XII yüzil), Cəmaləddin (indiki Naxçıvan MR-nın Xanağa kəndindəki Əlincəçay xanəgahında türbə, XII yüzilin sonu - XIII yüzilin əvvəli), Əhməd Əbubək oğlu (XIII yüzil, Mərənd; əsərləri bəlli deyil), Əbdülməcid Məsud oğlu (Mərdəkanda dairəvi qəsr, 1232), Zeynəddin Əburəşid oğlu Şirvani (Bakı limanında Şirvanşahların "Bayıl qəsri" iqamətgahı, 1235), Bədrəddin Təbrizi (Türkiyənin Konya şəhərində (Cəlaləddin Ruminin türbəsi 1273), Məhəmməd ibn Mahmud (Arran; Turkiyənin Amasiya şəhərində) məscid minarəsi, 1236-46), Mahmud ibn Maqsud (Pirsaatçay xanəgahının minarəsi, 1256), Mahmud ibn Məsud (Bakıdakı Şəfiulla məscidi; XIV yüzil), nəqqaş Əbdülmömin Şərəfşah oğlu (Təbriz; Urmiyada məscid mehrabının oyma naxışları, 1277), Mahmud Səd oğlu (Bakı yaxınlığında Nardaran kəndindəki qəsr, Bibiheybət məscidinin minarəsi, 1305-13), Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani (Bərdə türbəsi, 1322), gəctəraş Nizam Bəndgir (Mərənd şəhərindəki Gümə məscidinin gəcdən oyma bəzəkləri, 1329), Hacı Məhəmməd (Təbriz; İsfahanda karvansara, 1331), Şahbənzər (Ağdamın Xaçındərbətli kəndində türbə, 1314), Kəştasif Musa oğlu (Nardaran Xan hamamı, 1388) və b. 10-14 yüzillərdə Azərbaycan memarlığının ən dəyərli örnəklərini yaratmışdır.

XII-XIII yüzillərdə Azərbaycanda bir sıra möhtəşəm körpülər salınmışdır. Bunlardan Araz çayı üzərindəki 15 aşırımlı (XII yüzil) və 11 aşırımlı (XIII yüzil) Xudafərin körpüləri, indiki Qazax rayonundakı 4 aşırımlı Sınıq körpü (Qırmızı körpü, XII yüzil), Gəncəçayın üzərində salınmış 3 körpü (qalıqları; XII-XIII yüzillər), Güney Azərbaycanında Minayə şəhəri yaxınlığında Qızılüzən çayı üzərindəki körpü ("Qız körpüsü", XII yüzil) və b. Xüsusilə diqqəti cəlb edir.

Böyük inkişaf yolu keçmiş Şirvan-Abşeron memarlıq abidələri üçün daş konstruksiyalar, tikililərin həcm-məkan həllinin lakonikliyi, daş üzərində oyma bitki ornamentləri səciyəvidir. Bakıdakı Sınıqqala minarəsi (1078, Məhəmməd Əbubəkr oğlu), Qız qalası (XII yüzil, memar Məsud Davud oğlu), Mərdəkan qalaları (Dairəvi qala, 1232, memar Əbdülməcid Məsud oğlu; Dördkünc qala, XIV yüzil), Nardaran qalası (1301, memar Mahmud Səd oğlu), Ramana qalası (XIV yüzil) və s. bu məktəbin ən yaxşı abidələri sırasına daxildir. XIII yüzildə Bakı limanında tikilmiş və hazırda suyun altında qalmış Şirvanşahların "Bayıl qəsri" adlı iqamətgahı da bu dövrün maraqlı tikililərindəndir. Bürclü divarlarla əhatə olunmuş bu binalar kompleksi (1235, usta Zeynəddin Əburəşid oğlu Şirvani və ehtimal ki, memar Əbdülməcid Məsud oğlu) üzərindəki daş oymalar, yazı və təsvirlər qurşağı ilə birlikdə nadir memarlıq ansamblıdır. Şirvan-Abşeron memarlıq məktəbinə mənsub olan tikililərdən biri də XIII-XIV yüzillərdə formalaşmış Pirsaatçay xanəgahıdır. Pir Hüseyn türbəsinin ətrafında salınmış bu dini kompleksdəki minarənin üzərində onun tikilmə tarixi (1256) və memarın adı (Mahmud ibn Maqsud) qalmışdır. Mərəzədəki Diribaba türbəsi (1402), indiki Qusar rayonunun Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi (1544) və Bakıda Şirvanşahlar sarayı kompleksində (1420-60) Şirvan-Abşeron memarlıq məktəbinin yetkin dövrü əksini tapmışdır.

XIII yüzilin oratlarında Elxanilər dövlətinin yaranması memarlıq sahəsində müəyyən canlanmaya səbəb oldu. Elxanilər sülaləsinin banisi Hülakü xanın (1256-65) hakimiyyəti illərində Marağa rəsədxanası tikildi. Dövlətin paytaxtının Təbrizə köçürülməsi ilə bağlı Təbriz şəhəri önəmli memarlıq-sənətkarlıq mərkəzinə çevrildi. Təbrizin ətrafında Arquniyyə, Qazaniyyə, Rəşidiyyə kimi şəhərciklər salındı.

XV yüzilin sonu - XVI yüzilin əvvəllərində Səfəvilər dövlətinin yaranması və Təbrizin paytaxt elan edilməsi, eləcə də Şirvanın inzibati mərkəz kimi əhəmiyyətini itirməsi ilə bağlı Azərbaycanın siyasi və iqtisadi həyatı ölkənin güneyində mərkəzləşdi. Bu dövrdə şəhərlərin böyüməsi ilə bağlı bədii ənənələr yeni inkişaf mərhələsinə çatdı. Azərbaycan memarlığında Təbrizin mövqeyi xüsusilə gücləndi.

XV-XVI yüzillərdə Azərbaycan memar və nəqqaşları başqa ölkələrdə də fəaliyyət göstərmiş, müxtəlif şəhərlərdə maraqlı sənətkarlıq örnəkləri yaratmışlar. Bursa, Qahirə, Bağdad, Dəmirqapı (Dərbənd), Herat, Səmərqənd və s. şəhərlərdəki bir sıra memarlıq abidələrində Azərbaycan memarlarının "imzaları" qalmışdır. Bursa şəhərindəki ünlü Yaşıl türbənin (1420-21) nəfis naxışlarla bəzədilmiş qapılarını azərbaycanlı usta Əhməd Təbrizli hazırlamışdır. Türbənin yaxınlığındakı Yaşıl Camenin (1424) mehrabını Təbriz ustaları özlərinin hazırladıqları müxtəlif boyalı çinilərlə bəzəmişlər. Çaldıran vuruşmalarından (1514) sonra I Sultan Səlim tərəfindən İstanbula aparılmış Azərbaycan memarı Əli Təbrizli (Əsir Əli, Əcəm Əli təxəllüsləri ilə də tanınmışdır) İstanbuldakı Topqapı sarayının baştağını və Sultan Səlim məscidini (1522) tikmişdir.

XVI-XVII yüzillər memarlığı müəyyən dərəcədə keçmiş dövr ənənələrinin davamı olmuşdur. XVI yüzildə müxtəlif şəhərsalma tədbirləri indiki Güney Azərbaycan ərazisində keçirilmişdir. XVII yüzil bir sıra şəhərlərin önəmli dərəcədə inkişafı və həmin şəhərlərdə mərkəzi komplekslərin yaradılması ilə əlamətdardır.

XVII-XVIII yüzillərdə ticarətin inkişafı ilə bağlı, müxtəlif aidiyyətli binaların tikintisi genişləndi. Şamaxı, Gəncə və Bakıda karvansaralar, Ərdəbil (Qeysəriyyə bazarı) və Təbrizdə örtülü bazarlar, eləcə də dini binalar və yaşayış evləri inşa edildi. Karvansaralar Şərqdə, o cümlədən Azərbaycanda özgün ictimai tikili olmuşdur. Həmin çağda Azərbaycan şəhərlərinin strukturunda yaşayış evləri və məscidlərdən sonra karvansaralar və onlarla bilavasitə bağlı olan ticarət tikililəri önəmli yer tuturdu.

Feodal Şərqinin başqa ölkələrindəki şəhərlərdə olduğu kimi, Azərbaycan şəhərlərində də hamam binaları geniş yayılmışdı. Hamamlar sanitariya-gigiyena funksiya daşımaqla yanaşı, həm də istirahət, görüş, söhbət və stolüstü oyunlar, habelə mərasimlər yeri idi. Azərbaycan hamalarının ən yaxşı örnəkləri Abşeronun Nardaran kəndində (1388, memar Kəştasif Musa oğlu), Bakının İçərişəhər bölməsində (Qasımbəy hamamı, XIV yüzil), Hacı Qayıb hamamı, (XV yüzil), Basqalda (XVII yüzil), Gəncədə ("Çökək hamam", XVII yüzil), Şuşada ("Merdinli" məhəlləsinin hamamı), Qubada ("Çuxur hamam"), Şəkidə ("Ağvanlar hamamı" - hər üçü XIX yüzil), Ağdamda (Abdal Gülablı kəndinin hamamı 1900, memar Kərbalayi Səfixan Qarabaği) qalmışdır.

XVIII yüzildə Azərbaycanın ayrı-ayrı xanlıqlara parçalanması, ölkənin iqtisadi cəhətdən dağınıqlığı memarlıq və inşaatın inkişafında durğunluğa səbəb oldu. Ayrı-ayrı hallarda keçmiş ənənələr əsasında tikilmiş binaların memarlıq həllində inşaat sənətinin geriləməsi özünü göstərir. Bununla yanaşı, şəhərsalma sənəti sahəsində müəyyən dönüş yarandı. İri şəhərlər və yaşayış məskənləri xanlıqların inzibati və sənətkarlıq mərkəzinə çevrildi.

XVIII yüzildə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi Əsgəran qalası (sonra İbrahim xan tərəfindən genişləndirilmişdi) bu dövrün ən iri müdafiə tikilisidir. Qarqar çayının sağ və sol sahillərində salınan Əsgəran qalası iki istehkamdan ibarətdir.

XVIII-XIX yüzillər xalq yaşayış evlərinin maraqlı örnəkləri Zaqatala, Şəki, Ordubad, Şuşa, Quba, Qonaqkənd, Gəncə və Abşeronda qalmışdır.

 

Şərq.- 2011.- 24 iyun.- S. 12.