85 yaşlı "Vışka"

 

Bu qəzetin iş otaqlarında tarixin izləri, müxtəlif dövrlərə aid aksesuarlar, suvenirlər var

 

Layihənin istiqaməti: "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi"

 

Hər qəzeti mətbuat tarixi kitabımızın bir cildi hesab etsək, o zaman onun ən qalın cildlərindən birinin adı da "Vışka" olar. Fəaliyyət göstərdiyi 85 il ərzində qəzetin səhifələrində Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini, xüsusi ilə neft tarixini əks etdirən maraqlı yazılar dərc edilib.

Mətbuat orqanı üçün 85 il az müddət deyil. Həm də nəzərə alsaq ki, bu illər ərzində Azərbaycanda siyasi, ictimai, iqtisadi, sosial vəziyyət həmişə eyni olmayıb. Ancaq heç nəyə baxmayaraq, "Vışka" fəaliyyətini davam etdirib. "Vışka"çılar onu yarı yolda buraxmayıb, bu qəzetin yaşaması üçün əllərindən gələni əsirgəməyiblər.

 

Ötən əsrdən başlayan yol

 

... Hər şey 1927-ci ilin mayında başladı. "Bakinskiy raboçiy" qəzetində verilmiş məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına ehtiyac var. Tezliklə bu istiqamətdə işlər görüldü, yeni qəzetin nəşrinə hazırlıqlara başlanıldı. 1928-ci ilin 4 yanvarından 8 fevralınadək bir sıra vacib məsələlər barədə müzakirələr, məsləhətləşmələr aparıldı. Gələcək nəşrin istiqaməti, məqsədi, tirajı, formatı, dövriliyi müəyyən edildi. Bu məsələlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 11 və 16 saylı tarixi protokollarında əks olundu. Nəşr olunacaq qəzetə bina ayrıldı.

Yeni qəzeti necə adlandırmaq barədə çox düşündülər. Mətbuat orqanı oxucularına ilk sözü öz adı ilə deməlidir. Adı onun qayəsini, istiqamətini, məqsədini əks etdirməlidir. Oxuculara təqdim olunacaq qəzet ilk növbədə neft-qaz sənayesini, bu sahədə çalışan insanların həyatını, arzularını, problemlərini işıqlandırmalı idi. Ona veriləcək ad da bunlara uyğun olmalı idi. Müxtəlif təkliflər söylənildi: "Æelonka", "Qazmaçı", "Neft üçün", "Vışka"... Bunların hər biri məqsədə müvafiq, Azərbaycanın zəngin təbii yeraltı sərvətləri, "qara qızıl"ı ilə bağlı idi. Müzakirələr, məsləhətləşmələr aparıldı. Sonunda "Vışka" adının üzərində dayandılar. 1928-ci il martın 1-də qəzet ilk dəfə dərc olundu.

Redaksiya heyəti 10 nəfərdən ibarət idi. Qəzetin iki redaktoru: Mixail LifşitsBoris Barxaşov, Bakı Sovetindən Frenkin, Kooperasiyadan Piterski, Həmkarlar İttifaqından Qutin... Redaksiya heyətinin çox hissəsi isə fəhlə-müxbirlərdən ibarət idi. İlk sayında qəzetin redaksiyasının yerləşdiyi ünvan belə qeyd olunurdu: Azərbaycan prospekti 7.

1928-ci ilin 1 mart səhəri "Vışka" adlı qəzet köşklərdə göründü. 15 min tirajla işıq üzü görən yeni qəzetin ilk sayı mətbəə rəngi qurumamış əllərdə gəzdi. Qəzetin ikinci sayı 20 min, üçüncü sayı isə 25 min tirajla oxuculara təqdim olundu. 1929-cu ildə artıq "Vışka" 45 min tirajla çıxarılırdı.

 

Qəzet nədən yazırdı...

 

İlk saylarından qəzetin mövzu dairəsi geniş idi. "Vışka" öz oxucularına istər ölkə daxilində, istərsə də xaricdə baş verən ən yeni, mühüm xəbərləri çatdırırdı. Onun səhifələrində məhkəmə xronikası da verilir, sosial həyatdakı çatışmazlıqlar da qeyd olunur, problemlər tənqid, müsbət cəhətlər nümunə kimi göstərilərək təbliğ edilirdi. Amma əlbəttə ki, "Vışka" bir mətbuat orqanı kimi üzərinə götürdüyü vəzifəyə uyğun olaraq ilk növbədə neft-qaz sənayesinin keçmişini, o illərini və gələcəyini əks etdirən yazılara üstünlük verirdi. Fəaliyyətinin başlanğıcından qəzet çalışırdı ki, Bakı fəhlələrinə, xüsusilə, neftçilərə "Qara qızıl" adlanan sərvətin dəyərini, Vətənin xilası üçün onun nə qədər əhəmiyyətli olduğunu izah etsin.

"Vışka" yalnız gündəlik həmsöhbət, xəbərlər verən qəzet deyil, həm də öz oxucularına köməkçi olmaq istəyirdi və demək olar ki, buna nail ola bilirdi. Bütün bunlar "Vışka"çıların daim yenilik axtarışları, yorulmaz əməyi, səyi nəticəsində reallaşırdı. Qəzetin əməkdaşları neft-qaz sənayesi müəssisələrindən hazırladıqları materialları dərc etdirməklə işlərini bitmiş hesab etmirdilər. Bu fəhlə qəzetinin fəaliyyətinə neftçilər arasında müəyyən təbliğat, maarifləndirmə aparmaq da daxil idi. Neft müəssisələrində çalışan fəhlələrin fəallığını artırmaq üçün "Vışka"nın yaradıcı heyəti toplantılar keçirir, qəzetin oxucularının bütün suallarına cavab verən məlumat bürosu yaradırdılar.

Jurnalist peşəkarlığı ilə hazırlanan materiallar "Vışka"nın səhifələrində qəzetçilik məharəti ilə yerləşdirilirdi. Qəzetin rəhbərləri və əməkdaşları öz oxucularını yormamaq, usandırmamaq üçün daim yeni ideyalar, rubrikalar düşünürdülər. "Vışka"nın iki səhifəsi hekayələr, elmi-texniki yeniliklər, müxtəlif xəbərlər, müsabiqələrin keçirilməsinə ayrılırdı.

 

"Vışka" neftçilərlə...

 

Sovet hakimiyyəti illərində Azərbaycan neft-qaz sənayesi ilə, bu sahədə çalışan insanlarla bir addımlayırdı "Vışka" qəzeti. 1930-cu ilin əvvəllərində Bakı fəhlələri beşillik planı yerinə yetirmək uğrunda yarışırdılar. Beşillik planın qısa müddətdə yerinə yetirilməsi üçün neftçilər üzərlərinə düşəndən qat-qat artıq işlər görürdülər. "Vışka"çılar isə, demək olar ki, daim onların yanlarında idilər. "Vışka"nın müxbirləri tez-tez zavodlarda olurdular. Redaksiya səfərlər təşkil edir, reydlər keçirirdi

1931-ci ilin 1 aprelində neftçilər beşillik planı iki il yarıma yerinə yetirdikləri barədə raport verdilər. "Vışka" bu xəbəri böyük ruh yüksəkliyi ilə oxuculara çatdırdı. O illərdə təkcə Azərbaycanda deyil, Sovet İttifaqının digər respublikalarında da fəhlə qəzetləri buraxılırdı. Onlar da "Vışka"nın səsinə səs verir, bütün dünyaya Azərbaycan əməkçilərinin qəhrəmanlıqları haqqında xəbərlər yayırdılar. Hətta xarici ölkələrin qəzetləri də bu xəbərə biganə qalmırdılar. Almaniyadan "Vışka"ya belə bir teleqram gəlmişdi: "Sizin qələbəniz bizi böyük yüksəlişə ruhlandırır".

1931-ci ilin avqustunda Bakı fəhlələrinin yarışına "Qırmızı Əmək Bayrağı" ordeni ilə nöqtə qoyuldu. Onların qazandıqları uğurda "Vışka"çıların da əməyi var idi.

"Vışka" bir sıra təşəbbüslərlə çıxış edirdi. Qəzetin təşəbbüsü ilə Bakı fəhlələri ilə Donbas mədənçiləri yarışırdılar. 1933-cü il martın sonunda fəhlələrdən ibarət heyətlə "Vışka" qəzetinin bir qrup əməkdaşı Donbas şaxtaçılarının görüşünə getdilər. Bir müddət sonra "Koçeqarka" qəzetinin rəhbəri Nikolay İzotov "Vışka" qəzetinin yubileyində iştirak etmək üçün Bakıya gəldi.

Sovet hakimiyyəti dövründə böyük əhəmiyyət verilən növbəti beşilliklərdə də Azərbaycan neftçiləri gərgin çalışırdılar. Beşilliklər Sovet Azərbaycanına mükafatlar, tərifnamələr gətirirdi. "Vışka" qəzetinin əməkdaşları da bu yarışmalarda müxtəlif janrlarda qələmə aldıqları yazıları ilə iştirak edirdilər.

1937-ci ildən 1938-ci ilədək "Vışka"nın redaktoru təcrübəli elmi işçi, görkəmli siyasi xadim A.Qindin oldu.

1939-cu ilin martında "Vışka" qəzetini "Bakinskiy raboçiy" qəzeti ilə birləşdirdilər. Bir il sonra - 1940-cı ilin 1 fevralında "Vışka" qəzeti yenidən müstəqil nəşr olunmağa başladı və qəzet 40 min tirajla işıq üzü gördü.

 

Müharibələrdən çıxan "Vışka"

 

1941-ci ilin 22 iyununda Böyük Vətən müharibəsi başladı. "Vışka" qəzetinin də çox əməkdaşı öz geyimlərini hərbi formaya dəyişdilər. "Vışka"çılar müharibənin davam etdiyi ağır günlərində nəşr etdikləri qəzetin hava, su kimi döyüşçülərə lazım olduğunu düşünür, daha böyük əzmkarlıqla çalışırdılar. Müharibə günlərində "Vışka" qəzeti öz oxucularından ayrılmadı. Digər mətbuat orqanlarımız kimi onun da üzərinə mühüm vəzifələr düşürdü. Böyük qələbəyə ümidlər yaradılmalı idi. Qəzetin redaksiyasında isə gərgin gedir, yeni rubrikalar yaradılır, həmin rubrikalarda dərc olunan yazılarda vətənpərvərlik hissləri əks olunurdu.

Əmək cəbhəsində də "Vışka" qəzeti bir mətbuat orqanı kimi ön sıralarda idi. O illərin çağırış şüarı bu idi: "Hər şey cəbhə üçün, hər şey düşmən üzərində qələbə üçün!". "Vışka" da bu şüarı öz qayəsinə çevirmişdi. Müharibənin ilk ilinin bir neçə ayı ərzində qəzetin səhifəsində 20-yə yaxın neft briqadasının necə işlədiyindən bəhs olunan məqalələr verildi. O dövrdə Bakı neftçiləri əsl qəhrəmanlıqlar göstərirdilər. İşçi qüvvəsi azalmış, bir çoxları cəbhəyə yollanmışdı. Buna baxmayaraq, Azərbaycan neft sənayesində işlər ləngimirdi. Yeni neft quyuları qazılır, buruqlar qurulurdu.

"Vışka" Qarabağ müharibəsi zamanı da millətin acısını səhifələrində işıqlandırmağa çalışıb. Nəzərə alsaq ki, "Vışka" o mətbuat orqanlarından idi ki, birbaşa dövlətin başında olanların qanunları çərçivəsində fəaliyyət göstərməliydi, və hələ sovet dövləti dağılmamışdı, onda belə bir çətin məqamda milli dəyərlərə önəm vermək, Qarabağ müharibəsinin həqiqətlərindən yazmaq, Qərbi Azərbaycandan köç düşənlərin, doğma yurd-yuvalarından qovulan minlərlə soydaşımızın dərdini mətbuat vasitəsilə çatdırmaq heçasan deyildi. Daha sonralar isə qəzet Qarabağda gedən qızğın müharibələrdən reportajlar hazırladı. Müharibənin ən gərgin məqamlarından xüsusi buraxılışlarla çıxış etdi. Bu isə o zamanlar üçün qəhrəmanlıq demək idi. Vaxt ilə, yəni Sovet rejimində "Vışka" qəzetinin demək olar ki, yaradıcı heyətinin böyük əksəriyyətini ermənilər, ruslar, yəhudilər təşkil edirdi. Təxminən 90 nəfər işçidən ibarət olan gündəlik siyasi qəzetdə cəmi 4-5 azərbaycanlı çalışırdı və məhz bu azərbaycanlı yazarlar sayəsində "Vışka" Qarabağ həqiqətlərini cəmiyyətə çatdırmağa çalışdı.

 

Qocaman "Vışka"nın bu günü

 

Bu gün elektron KİV-in üstünlük təşkil etdiyi zamanda, çap mətbuatının bir qədər geriləməsi heç kimə sirr deyil. Ancaq bütün bunlara baxmayaraq elə qəzetlərimiz, çap məhsullarımız var ki, onlar bu rəqabətə tab gətirməyə çalışırlar. İnternet mediası nə qədər operativgünün tələblərinə cavab versə də, çap mətbuatını, qəzetləri əvəz edə bilməz. Müasir elektron mediasının, informasiya rəqabətinin çoxaldığı dönəmdə belə, "Vışka" qəzeti oxucularını hələ də qoruyub saxlayır. Deməli, elektron mediasının yaranması belə qəzetə olan oxucu marağını azaltmayıb. Qocaman "Vışka"nın bu günü ilə bağlı söhbət etmək üçün qəzetin hazırkı baş redaktoru, ömrünün demək olar ki, yarısından çoxunu bu qəzetin fəaliyyətinə həsr edən Mədinə Həsənova ilə söhbət etmək qərarəna gəldik. 85 illik yubileyinə hazırlaşan "Vışka" haqqında isə baş redaktorun maraqlı açıqlamaları, xatirələri oldu.

 

ardı var...

 

 

Şərq.-2013.-1 fevral.-S.-11.