Qəzetlərin dizayn işi...

 

Mətbuatın simasını formalaşdıran bu sahənin kadrları çox azdır

 

Qəzetin ərsəyə gəlməsində vacib elementlərdən biridizayn işidir. Çox təəssüflər olsun ki, günümüzdə bu sahə ilə bağlı mətbuatda ciddi problemlər yaşanır. Çünki belə bir təhsil verən müəssisə olmadığından, qəzet dizaynerləri bu peşəyə fərdi hazırlaşırlar. Elə buna görə də bütün zamanlarda peşəkarlıq sual altında olub. Odur ki, bir çoxlarının sırf texniki kimi dəyərləndirdiyi dizaynerliyin yaradıcılıq meyarı kölgədə qalır. Mükəmməl məhsulun formalaşması mürəkkəbləşir.

Bu problemləri birbaşa aidiyyəti kəslərlə, dizaynerlərin özləri ilə danışaraq, mövcud vəziyyətlə bağlı atılması mümkün addımları müəyyən etdik.

24-25 illik zəngin təcrübəyə malik "Azərbaycan” qəzetinin məsul katibinin müavini Daşdəmir Tağıyev hesab edir ki, qəzet dizaynerləri ali təhsilli olsa yaxşıdır: "Çünki onların savadlılığı qəzetin keyfiyyət göstəricisinə birbaşa təsir edən amillərdəndir. Belə ki, bir də görürsən, hansısa söz, yaxud ifadə yanlış gedib, əgər dizayner savadlı, dünyagörüşü genişdirsə, o bu səhvi özü aradan qaldıracaq, yaxud redaktora məlumat verəcək. Belə olmadıqda isə həmin səhvlər çapa gedir. Ondan əlavə deyim ki, qəzet dizayneri olacaq kəsin mütləqdir ki, rəssamlıq qabiliyyəti, güclü fantaziyası olsun. Bunlarsız onun işləməyi qeyri-mümkündür. Çünki bu, sənət yaradıcılığı sevir. Dizaynerin tərtib etdiyi qrafiklər, başlıq, yarımbaşlıqlar və sair hamısı xüsusi istedad tələb edir.

Bu sənəti sevməsən işləmək olmaz. Odur ki, dizaynerlikdə qalan kəslər əsasən peşəsinin vurğunu olanlardır. Bir də görürsən tamamilə yad sahənin adamı tapmadığından, yaxud tanışlıqla gəlir dizaynerliyi mənimsəyir. Bu işin incəliklərini duyduqca, sənətə vurulduqca bağlanırlar. Beləliklə də, heç öz işləri yadlarına da düşmür. Amma bir də görürsən, eləsi gəlir ki, müvəqqəti bilirsən, vaxtını itirir. Onlarla işləmək zövqverici və məhsuldar olmur. Adicə biz bir səhifəni, yaxud xüsusi hissəni uğurla işlədikdə yanındakı yoldaşın səndən qabaq gülümsünür. Bu isə onun işinə sevgisidir ki, çöhrəsində öz əksini tapır”.

Əvvəlki tarixə nisbətən hazırda dizaynerlərin işinin bir xeyli yüngülləşdiyini deyən D.Tağıyev bu nailiyyətin müasir texnologiyalar vasitəsilə qazanıldığını bildirdi. Onun sözlərinə görə, əvvəllər qəzetin tərtibi üçün çox əziyyət çəkilərdi: "1992-1993-cü illərədək vəziyyət tamam başqa idi. O vaxtlar "qaryaçi nabor”, yəni "isti yığım” adlanan üsulla qəzet yığılırdı. Bu, xeyli vaxt və əziyyət tələb edirdi. Hərçənd ki, ondan əvvəl basma üsulu da olub ki, onunla qəzet yığmaq çox ağır başa gəlib. Həmin üsula əsasən hər hərf bir-bir yığılırdı.

Bu kimi çətinlikləri görmüş mətbuatın ən yaxşı halı indiki texnologiya əsridir. Deyim ki, kompüter üsulu ilə qəzetin yığılmasına ən son keçid edən qəzet elə məhz "Azərbaycan” olub. Kompüterlə qəzetin fəaliyyətini çox yüngülləşdirib. Bunun sayəsində bir gün ərzində azı 20 səhifəlik, böyük formatlı qəzet yığmaq olur. Bir sözlə, kompüterin varlığı operativliyi təmin edən ən vacib məqamlardandır. Onun daim inkişafı bizlərin xeyrinədir. Deyək ki, bu imkanlar vasitəsilə və hazır materiallar olduğu halda 2 saata 12 səhifəlik qəzet yığmaq olur. Amma təbii ki, materiallar işləri ləngitməsə.

Bunları öyrənmək və öyrətmək isə bizlərin işidir. Nəyə görə bu məqamı xüsusi vurğulayıram? Çünki hazırda yaxşı ustalar azdır. Kimlərsə fərdi surətdə kurs təşkil edirlər, bu da yaxşı təhsil tədris etmir. Müşahidəmdə rast gəlirəm ki, hansısa kursu bitirib gəlirlər qəzetə çalışmağa. İnandırım, sizi demək olar ki, heç nə öyrənməyiblər. Gəlir burada praktikada da bişə-bişə, o cümlədən öz səyləri ilə peşənin sirlərinə yiyələnirlər. Yaxşı, savadlı birisi olanda ona lazımi proqramı mənimsəmək üçün cəmi 1 ay da bəs edir. Lakin savadsız birisi olduqda bu təlim 3-4 ay çəkir. Əvvəllər bunun məktəbi vardı, Əhmədlidə yerləşirdi. Sonradan bağlandı və ondan sonra yenidən pərakəndə halda həvəskarlar özləri öyrənirlər. Həmin tipli məktəblər olsa, gənclər nəzəriyyəyə yiyələnər, beləliklə də praktikada tətbiq etdikdə daha uğurlu nəticələr əldə edilər.

Əsas öyrətdiyimiz və tələb etdiyimiz proqram QuarkXPress-dir. Bu proqramın müxtəlif növləri, versiyaları mövcuddur. Əsasən isə QuarkXPress 2003-2007 istifadə olunur. 2003 versiyası köhnədir. 2007 isə qənaətbəxşdir. Bunun sonrakı illərə məxsus versiyaları da var ki, onlar daha da get-gedə təkmil şəkil alırlar. Tövsiyə edərdim ki, mütəmadi şəkildə bu yenililkər öyrənilərək qəzetçilikdə tətbiq edilsin”.

"Ədəbiyyat” qəzetinin dizayneri Anar Məmmədov da öz növbəsində bu sənətin incəlikləri barədə maraqlı məqamları açıqladı. "Başqa ixtisas üzrə universitet təhsili alsam da, bu gün işimi sevirəm”-deyən, A.Məmmədov Azərbaycan Kooperasiya Universitetinin "Gömrük işinin təşkili və idarə edilməsi” fakültəsini bitirib. Qəzetdə çalışdığı 5 il boyunca ixtisası üzrə tapmadığından o, bütün meyil və bacarıqlarını bu sahə üzrə təkmilləşdirməyə çalışıb.

"Tanışlıq vasitəsilə 5 il əvvəl buraya gəldim və Ramiz adlı çox gözəl bir şəxsdən bu proqramı 1 həftəyə tam öyrəndim. Get-gedə işimə alışır, eyni zamanda, onu sevməyə başlayırdım. Bu kifayət qədər yaxşı, o cümlədən məsuliyyətlidir.

Günümüzdə əksər qəzetlər QuarkXPress adlı bu proqrama əsasən çapa hazırlanır. Kifayət qədər imkanlar sərgiləyən bu proqram, dizaynerlikdə vacib ünsürdür.

Bununla paralel, "Ventura Publisher» adlı proqram da var ki, onun da qəzetçilik üçün yararlılığı yüksəkdir. Bizdə "Xalq qəzeti» və bir neçə digər qəzet bu proqramdan bəhrələnir. Sözügedən proqram, həddən ziyadə dəqiqliyi sevir. Onu da deyim ki, xarici ölkələrin çoxunda da qəzetçiliklə bağlı bu proqramdan istifadə edilir. O cür maraqlı qəzetlər nəşr edilir. Məncə, bizdə də bu sahə üzrə ən azı, texnikum səviyyəsində bir tədris məkanı olmalıdır. Çünki hazırda bütün qəzetlər demək olar ki, şablon şəkildə nəşrə hazırlanır. Halbuki, xarici praktikada necə maraqlı qəzetlər işlənib-hazırlanır. Nəzərə alınmalıdır ki, hazırda ölkədə azı 800 qəzet nəşr olunur və bunların əksər hissəsi dizayner axtarır. Ümumiyyətlə, yaxşı dizayner üçün həmişə varbu, peşəkarlığı sevən sahədir. Peşəkarlığa isə yalnız təcrübə sayəsində yiyələnmək olar.

Hər yoldan keçən də özünə "mən də dizaynerəm” deyə bilməz. Çünki sırf proqrama bələd olmaqla dizaynerliyi bacarmaq eyni məfhum deyil. Dizaynerlik həm də yaradıcılıq, fantaziya tələb edir. Bu gün mövcud olan kurslar da heç bu proqramı yaxşı tədris etmir. Mən şəxsən özümü bu proqramı bilməyən kimi təqdim edərək bir müddət kursa getdim. Heç nə öyrətmirlər. Bu işi ancaq qəzetdə peşəkarlardan oturub, öyrənmək olar. Bunun üçün isə həvəs lazımdır.

Bizim sənətin də özünəxas çətinlikləri var. Belə ki, həm diqqətli olmalısan, həm məsuliyyətli, həm də bizim gec bitir. Olur ki, səhər saat 2-3-ədək redaksiyada qalırıq”.

Qəzetçilik sahəsində xeyli təcrübəyə malik, "Üç nöqtə” qəzetinin redaktoru Elməddin Muradlı isə məsələ ilə bağlı bunları söylədi.

"Əslində, mən deməzdim ki, dizayn problemi ilə bağlı təhsil-tədris yoxdur. Dizaynerlər yetişir, üstəlik, ali məktəblərin jurnalistika fakültələrində jurnalistikaya aid bütün elementlərlə yanaşı, dizayn sahəsi də tədris olunur. Amma baxır bunu necə tətbiq edirik. Bəli, doğrudan da, bu gün mətbuatın dizayn problemi var. Mən belə düşünürəm ki, biz standart dizayn formalarından kənara çıxa bilmirik, ya da çıxa bilmirik. Bəlkə də, buna önəm vermirik. Lakin bu, qəzetçilikdə çox mühüm bir elementdir. Dizayn qəzeti oxudur, diqqəti çəkir. Hər bir material oxucuya məhz dizaynla çatdırılır. İndi əksər qəzetlərin dizaynı kitab dizaynına oxşayır. Bəlkə də, qəzetlərə olan oxucu marağının azalması elə bununla bağlıdır. Qəzet dizaynı ilə yanaşı, internet saytlarının da dizaynına maraqla, diqqətlə yanaşmaq lazımdır. Bizdə hələ ki, bu sahədə də standart formalara üstünlük verilir. Bir-iki aparıcı saytı çıxmaq şərtilə, qalanları standart formadadır. Çünki fərqli və maraqlı dizayn çox pul aparır. Bizim isə pis xasiyyətimiz var ki, az pul xərcləyək, amma qəzet-sayt rəhbəri olaq”.

20 ildir ki, "525-ci qəzet”də çalışan, baş redaktorun müavini Yusif Rzayevin sözlərinə görə isə bu sahənin belə axsaması birbaşa maliyyə ilə əlaqədardır. Belə ki, qəzetlər dizaynerlərə yaxşı məbləğdə pul təklif etmədiyi üçün potensialı yüksək olan kəslər də bu sahəyə maraq göstərmir.

"Qəzetin özünün də imkanı yoxdur ki, ixtisaslaşmış kadr formalaşdırmaq üçün işçisini xaricə göndərsin. Yaxud necəsə lap professionallardan dərs almasını təmin etsin. Bizdə də lap yaxşı dizaynerlər var. Lakin onlar əsasən şirkət, yaxud brendlərlə işləyirlər. Onlar heç vaxt gəlib belə az pula qəzetdə dizayn işini tətbiq etməzlər. Odur ki, hətta universitetdə fakültə də açılsa belə, maliyyə azlığı gəncləri ora cəlb etməyəcək. Dizayn işinin zəifliyinə səbəblərdən birireklam bazarının mətbuatda yaxşı olmamasıdır. Çünki hansısa şirkət qəzetdə reklamı zamanı dizaynerlərlə işləyir ki, bu da qeyd etdiyim kimi bizdə kasaddır.

O vaxtlar, "Xalq cəbhəsi” qəzetində çalışan Qulu Ağsəs bir gün dizaynerlə oturub qəzeti işləyərkən dizayner deyir ki, bu axırıncı hissəni nə ilə doldurum bilmirəm, sən de. Q.Ağsəs də qayıdıb deyir ki, elan yaz ki, qəzetimizə dizayner tələb olunur.

Həqiqətən belə vəziyyətlərlə tez-tez üzləşirik. Özümüz oturub əsasən 1-ci səhifəni işləyib sonra gedirik. Çünki dizaynerlərin işi qane etmir. Buna səbəb isə peşəkarlığın olmamasıdır”.

Bəli, açıqlamalardan da məlum oldu ki, dizayn sahəsində problemlər mövcuddur. Bunun həlli aspektləri isə müxtəlif şəkildə izah edildi. Hər halda ümumi nəticəyə gəlmək olar ki, təhsil əvəzedilməz çarədir.

 

Fəridə Abdıyeva

 

Şərq.- 2013.- 15 iyun.- S. 11.