Qarabağ dünya liderlərinin masasında...

 

Hərbi gücdən çəkinin çağırışı Ermənistanın xoşuna gəlib

 

"Böyük səkkizliyin” iyunun 18-də keçirilən sammitində ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin prezidentləri Vladimir Putin, Barak Obama və Fransua Olland Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatla çıxış ediblər. Bəyanatda prezidentlər konfliktin hələ də həll olunmamasından narahatlıqlarını ifadə ediblər: "Biz təəssüf hissi keçiririk ki, tərəflər danışıqlar prosesi zamanı qarşılıqlı maraqları nəzərə almaqla münaqişənin həll yolunu tapmaq əvəzinə, birtərəfli qaydada xeyir tapmağa çalışıblar”.

Dünya liderlərinin bu bəyanatına isə münaqişə tərəfi ölkələrinin münasibəti birmənalı deyil.

 

"Ermənistanın hazırkı siyasəti regionda təhlükəsizliyi təhdid altında saxlayır”

 

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev dünən keçirdiyi mətbuat konfransında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə həmsədr ölkələrin bəyanatında Azərbaycanın mövqeyi öz əksini tapıb. O bildirib ki, Azərbaycanın mövqeyi praqamtikliyi ilə seçilir: "Azərbaycan münaqişənin ədalətli həllini dəfələrlə vurğulayıb. Bu həll, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Ədalətin bərpası işğal olunmuş ərazilərin qaytarılması və qaçqınların öz torpaqlarına qayıtmasıdır. Həmsədr ölkələrin prezidentləri tamamilə düz buyurublar ki, hərbi gücdən istifadə qarşıdurma və qeyri-stabilliyin yaradılmasına səbəb olur. Bunun qarşısını almaq üçün Azərbaycan torpaqları geri qaytarılmalı və Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Gücdən istifadə etməmək prinsipi Ermənistan tərəfindən pozulub və bunun da nəticəsi Azərbaycanın torpaqlarının işğalıdır”. XİN sözçüsü bildirib ki, əgər biz gələcəkdə sülh şəraitində bir region qurmaq istəyiriksə, Ermənistan öz işğalçı siyasətindən əl çəkməlidir: "Ermənistanın hazırkı siyasəti regionda təhlükəsizliyi təhdid altında saxlayır. Azərbaycan tərəfi dəfələrlə münaqişənin yol xəritəsi əsasında həllini tələb edib. Bu da danışıqlarda öz əksini tapıb. Təəssüflər olsun ki, Ermənistan Azərbaycanın və həmsədr ölkələrin təkliflərini rədd edir və bunun əsas göstəricisi kimi, Ermənistan tərəfinin uzun müddət ərzində həmsədrlərin təklif etdiyi yenilənmiş "Madrid prinsipləri”ni qəbul etməməsidir. Bu səbəbdən də yüksək səviyyəli görüşlərdə irəliləyişlər əldə olunmayıb. Azərbaycan tərəfi isə həmsədrlərin ilk gündən təklif etdiyi yenilənmiş "Madrid prinsipləri”ni nəzərdən keçirdi və qəbul etdiyini vurğuladı. Həmsədrlərin fəaliyyətinə baxmayaraq, münaqişə hələ öz həllini tapmayıb. Minsk Qrupunun həmsədrləri Ermənistana təzyiqlərini artırmalıdırlar ki, münaqişə öz həllini tapsın. Azərbaycan cəmiyyəti vasitəçilik fəaliyyətindən narahatdır. Hüquqları pozulan Azərbaycan xalqıdır. Bir milyondan artıq insan qaçqındır. Ermənistanın davam edən işğalı səbəbindən ilk baxışdan regionda bu gün tam müharibə şəraiti mövcuddur. Ermənistan öz işğalçı siyasətindən əl çəkməyincə, regionun təhlükəsizliyi təhdid altında olacaq”.

 

"Əgər Azərbaycan həmsədrlərin son bəyanatını adekvat qəbul

 

etsə, bu, danışıqlar prosesində irəliləyiş üçün stimul ola bilər”

 

İşğalçı Ermənistanın Xarici işlər naziri Edvard Nalbandyan isə həmsədrlərin Dağlıq Qarabağla bağlı bəyanatının beşinci belə sənəd olduğunu bildirib: "Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ problemi ilə bağlı ardıcıl səylərinə böyük önəm veririk. Ermənistan, həmsədrlərlə həmrəydir və məsələnin yalnız sülh yolu ilə həllində israrlıdır. Birləşmiş Ştatlar, Rusiya və Fransa kimi biz də təəssüflənirik ki, Bakının birtərəfli mənfəət əldə etmək cəhdlərinə görə 2011-ci ilin iyununda Kazanda, 2011-ci ilin martında Soçidə, 2010-cu ilin oktyabrında Həştərxanda, 2010-cu ilin iyununda Sankt-Peterburqda irəliləyiş əldə etmək mümkün olmayıb. Ermənistan həmsədrlərin münaqişənin sülh yolu ilə həllinin əsas prinsipləri üzrə çərçivə razılaşmasının gecikməsinin bundan sonra yolverilməz olduğu fikirlərini bölüşür. Onlar kimi biz də əminik ki, həmsədr ölkələrin rəhbərlərinin son dörd ildə verdikləri birgə bəyanatlarda göstərilən müddəalar məsələnin ədalətli və davamlı həllinin əsası ola bilər. Bu müddəalara bütöv şəkildə baxılmalıdır, çünki bunlardan birinə üstünlük vermək problemin həllini mümkünsüz edir. Xalqları müharibəyə yox, sülhə çağırmaq lazımdır fikri ilə tam razıyıq. Biz də həmsədrlərlə razıyıq ki, güc yolu münaqişənin həllinə gətirib çıxara bilməz, yalnız regional inkişaf və əməkdaşlıq üçün yeni imkanlar açaraq, danışıqlar yolu ilə sülh və stabillik əldə etmək olar. Beynəlxalq ictimaiyyətin provokasiyaya çəkən bəyanatlardan və hərəkətlərdən imtina edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Azərbaycan hərbi bəyanatlarını davam etdirir. Əgər Azərbaycan həmsədrlərin son bəyanatını adekvat qəbul etsə, bu, danışıqlar prosesində irəliləyiş üçün stimul ola bilər”.

 

"Bəyanatın əvvəlində özünə dəstək görən Ermənistan rəhbərliyi axırıncı abzası oxuyacaqmı?”

 

Azərbaycan siyasiləri isə həmsədr dövlətləri ittiham edirlər.

Millət vəkili, politoloq Aydın Mirzəzadə deyib ki, prezidentlərin bu bəyanatı Azərbaycan cəmiyyətini razı sala bilməz. O bildirib ki, lider ölkələrin bəyanatının tonu Azərbaycan cəmiyyətində təəssüf doğurur: "Ermənistanla Azərbaycanı tərəzinin eyni gözünə qoymaq, Ermənistanın ölkəmizə təcavüzünə göz yummaq yolverilməz məsələdir. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünün BMT-nin Nizamnaməsini kobud surətdə pozan Ermənistana şans vermələri təəccüb doğurur. Azərbaycanı öz ərazi bütövlüyünü qoruduğuna görə, "birtərəfli qaydada xeyir tapmağa çalışır” ifadəsi ilə günahlandırmaq beynəlxalq hüquq normalarını açıq şəkildə kənara qoymaq deməkdir”.

A.Mirzəzadənin sözlərinə görə, üç böyük və nüfuzlu dövlətin hələ də Ermənistana işğalçı deməkdən çəkinməsi, onu maraqlarını qorumağa imkan verməsinin səbəbi başadüşülən deyil və bu yanaşma ilə dünyanın sabitlik nizamını hər an pozmaq olar: "Həmsədr ölkələrin bəyanatı, Ermənistanın işğalçılıq siyasətini bundan sonra da davam etdirməsi üçün ideal şərait yaradır. Nəinki Azərbaycan, hətta dünya da onların ədalət prinsipini Ermənistanın xeyrinə interpretasiya etməsinə ancaq təəccüb edə bilər. Bəyanatın ümumi tonu istənilən variantla məsələnin qapadılmasına yönəldilib. "Biz, Ermənistan və Azərbaycanın liderlərini açıq qalan məsələlərin həllinə diqqəti yönəltməyi çağırırıq” - ifadəsi sadəcə diplomatik protokol ifadəsidir. Amma bəyanatın sonuncu abzası hər halda bu dövlətlərin xarici siyasət idarələrində beynəlxalq hüquq normalarını bilən diplomatların olmasından xəbər verir. Çağırış qismən də olsa, ədalətə çatmağa xidmət edə bilər. Deyirlər ki, "biz münaqişə tərəflərinin rəhbərlərini qətiyyətlə Helsinki prinsiplərinə, o cümlədən güc işlətməmək, ərazi bütövlüyü və xalqların bərabərhüquqlu və öz müqəddəratını təyinetmə prinsiplərinə sadiq olmalarını bir daha nümayiş etdirsinlər”. Bu, ciddi fikirdir. Amma bəyanatın əvvəlində özünə dəstək görən Ermənistan rəhbərliyi axırıncı abzası oxuyacaqmı?”.

 

"Böyük dövlətlər münaqişənin həllini sürətləndirmək həvəsində deyillər”

 

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, əslində ABŞ, Rusiya və Fransa prezidentlərinin irəli sürdükləri və "gücdən istifadə etməmək”, "ərazi bütövlüyü” və "xalqların öz müqəddəratını təyin etməsi hüququ” prinsiplərindən heç biri işləmir: "Bölgədə atəşkəsə riayət olunmursa, bu, münaqişənin gücdən istifadə etməklə həlli perspektivini gündəmdən çıxarmır. Təbii ki, əzələ nümayişini daha çox Azərbaycan həyata keçirir. Bu da ondan irəli gəlir ki, Azərbaycan indiki status-kvonu dəyişməyə çalışır. Məhz buna görə rəsmi Bakı snayperlərin atəşkəs bölgəsindən geri çəkilməsinin əleyhinədir və bu istiqamətdə beynəlxalq vasitəçilərin təkliflərini rədd edir. Ermənistan isə əksinə, həm atəşkəsə riayət etməkdə, həm də snayperlərin qarşılıqlı şəkildə geri çəkilməsində maraqlıdır. Çünki vaxtın onun xeyrinə işlədiyini düşünür”. Bununla belə politoloq söyləyib ki, digər iki prinsip də işləmir: "Azərbaycan ərazi bütövlüyünün xalqların öz müqəddəratını təyin etməsi hüququndan üstün olduğunu, Ermənistan isə əksini iddia edir. Belə bir şəraitdə aydındır ki, danışıqlarda irəliləyiş əldə etmək mümkün deyil. Heç böyük dövlətlər də münaqişənin həllini sürətləndirmək həvəsində deyillər, başları ayrı problemlərin həllinə qarışıb. Görünür, Qarabağ probleminin varlığı onlara mane olmur. Əksinə, münaqişənin varlığı onların hər birinin müəyyən geosiyasi maraqlarına xidmət edir. Rusiya Qarabağ problemi vasitəsilə Ermənistan üzərində nəzarətini qoruyur və artırır, Azərbaycana isə təzyiq edir. ABŞ enerji və təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığını genişləndirir. Dağlıq Qarabağ problemi həll olunarsa, Azərbaycanın ABŞ-la hərbi əməkdaşlığı genişləndirməsinə ehtiyac qalmaz və Rusiya ilə münasibətlərdə anlaşmazlıqlara da son qoyular”. E.Şahinoğlunun sözlərinə görə, ABŞ və Rusiyanın planlarını poza biləcək yeganə durum Dağlıq Qarabağda yeni savaşın başlanması ola bilər: "Ona görə də həm Vaşinqton, həm də Moskva indiki durumda sadəcə atəşkəsin qorunmasında maraqlıdırlar”.

 

 

Anar Bayramoğlu

 

Şərq.- 2013.- 20 iyun.- S. 5.