MƏN AZDRAMANI SAÇIMLA SÜPÜRMÜŞƏM

 

Amaliya Pənahova: Bu gün şəxsən mənə heç nə lazım deyil. Bir teatr binası istəyirəm, onu da bu kollektiv üçün

 

Xalq artisti Amaliya Pənahovanın 70 illik yubiley gecəsi keçiriləcək. Mərasim iyulun 3-də Heydər Əliyev Sarayında baş tutacaq. Qeyd edək ki, aktrisa 1964-cü ildən bu günədək teatrkino sahəsində beş yüzdən artıq obraz yaradıb. O, Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları ifa edib.

Teatr kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə, ona 1974-cü ildə Respublikanın Əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR-nin Xalq artisti fəxri adı verilib.

O, həmin aktrisa idi ki, tamaşaçı məhz onun ifasına baxmaq üçün bu böyük sənət məbədinə gələrdi, o da məlahətli səsi, şaqraq gülüşləri ilə o möhtəşəm səhnənin divarlarını lərzəyə gətirər, anşlaq tamaşaları ilə teatr sənəti tarixinə yeni bir səhifə yazardı.

İllər keçdi... Bu gün aktrisa 70 illiyini qeyd edir.

- Təbrik edirik, Amaliya xanım. Necəsiz?

- Çox sağ olun. Şükür. Yaxşıyam. Yaxşı deyək ki, yaxşı olaq.

70 illiyiniz qeyd edilir. Bu illərə bir nəzər salanda Amaliya Pənahova sənətə gəldiyinə peşman deyil ki?

- Qətiyyən. Baxmayaraq ki, aktrisa kimi əziyyətim az olmayıb. Mən hazıra nazir olmamışam. Azdramada olarkən mən oranı saçımla süpürmüşəm. Fəhlə kimi işləmişəm. Çalışmışam ki, heç bir obrazım digərindən geri qalmasın. Bilirsiz, o illərdə tanınmaq, sevilmək o qədər asan deyildi. İndikilər kimi efirə qalmaqalla çıxmırdılar. Sənəti olanlar teatrda dözümlə çalışa bilirdi. Tamaşaçı sevgisini zərrə-zərrə qazanmışam. Mən birdən-birə Amaliya Pənahova olmamışam.

- Heç peşmansız ki, Akademik Milli Dram Teatrından uzaqlaşmısız?

- Mən illərini səhnəyə verən aktrisayam. Birdəki mənim yaratdığım, ömrümün bir hissəsini verdiyim, mənim üçün körpə balam qədər dəyərli olan Bələdiyyə Teatrını yaratmışam. Mən orada arzularımı reallaşdırmağa çalışmışam...

- Arzularınız köçəri, binasız fəaliyyət göstərən teatr idi?

- Doluxsunur. Mən bu teatrı rəhmətlik Yusif müəllimlə birgə yaratmışam (Red: - dünyasını dəyişən həyat yoldaşını nəzərdə tutur). Bələdiyyə Teatrı yarandığı gündən - 1992-ci ildə bizi "Şəhriyar adına kluba yerləşdirdilər ki, bura sizin teatr olacaq. 15 il sərasər orada fəaliyyət göstərdik. Kollektivimiz təkcə Bakıda yox, ölkənin hüdudlarından kənarda da teatr mədəniyyətimizi təbliğ edərək, böyük uğurlarla qayıdırdı. Amma bizi "Şəhriyar adına klubdan çıxarandan sonra bir adam belə maraqlanmadı ki, görən bu teatr hardadır? Elə ki, mən səsimi ucaltdım, onda da bəziləri məsələ qaldırdı ki, əgər bu teatrın binası yoxdursa, gəlin bağlayaq.

Təsəvvür edin ki, bu boyda kollektivi, o cür uğurları olan yüzlərlə insanı küçəyə atmaq istəyirdilər. yaxşı ki, cənab Prezident İlham Əliyev bu məsələnin qarşısını vaxtında aldı.

- Həyat sizi yorub?

- Mən Yusif müəllim sağ olanda bunu hiss etməmişdim. İndi hiss edirəm ki, yorulmuşam. Sadəcə, adam öz gözündə alçalır. Bu gün şəxsən mənə heç lazım deyil. Bir teatr binası istəyirəm, onu da bu kollektiv üçün. Rəhmətlik Yusif Muxtarovla düz 47 il birgə ömür yaşadıq. İnstituta daxil olanda mənim heç 17 yaşım yox idi. O isə artıq bir ali təhsil almışdı. institutun qarşısında məni görəndən sonra sənədlərini bizim instituta verərək, mənə görə 4 il orada təhsil aldı. O illərdən başlayaraq biz ömür yollarında bərabər addımladıq. O, sözün həqiqi mənasında mənim yarım idi. Böyük sənətkar idi: filmlərə çəkildi, 30 il Azərbaycan radiosunun diktoru oldu. Azərbaycan dilinin gözəlliyini mənə öyrətdi. Nizaminin "Xəmsəsini əzbərdən bilirdi. Bu teatrı da bərabər yaratdıq. 20 il mənimlə çiyin-çiyinə bu teatrda rəhbərlik etdi. Burada onun da əziyyəti, zəhməti ruhu var. Demək, qədər ki, mən sağam, bu teatr yaşamalıdır.

- Yusif müəllimsiz yubiley keçirmək çətin olar yəqin?

- Yusif bəyin mənə sevgisi ilə yanaşı, böyük hörməti var idi. O məni qadın kimi, sənətkar kimi dəyərləndirə bilirdi. O mənə hər zaman mənəvi dəstəyini göstərirdi. Aktrisa kimi uğurlarımda onun payı var. Çünki mənim yaradıcı dünyamı hiss edirdi. O mənə qadağa qoymazdı. Əksinə, mənə hər zaman kömək edərdi. O mənim həm ən böyük pərəstişkarım idi. İnanın, bu gün onun yoxluğunu daha çox hiss edirəm. O mənim dünyam idi. Kimsəylə bölüşə bilmədiyimi onunla bölüşə bilirdim. Amma bu gün o dostum yanımda yoxdu. Yusif mənə təkcə həyat yoldaşı olmayıb. O mənim həyatda inandığım dostum olub. Ümumiyyətlə, Yusif yaxşı ata, gözəl baba idi. Aynurun oğluna - Aydına çox bağlıydı. 8 yaşından ona maşın sürməyi öyrətmişdi. "Baba sözü uşağın dilindən düşmür. Yusifin yoxluğunu hələ ona bildirməmişik. Elə bilir harasa gedib, qayıdacaq. İnanın, hərdən mənə elə gəlir ki, bir gün qayıdıb yenidən əlimi tutacaq mənə deyəcək ki, sən tək deyilsən, sən həmişə mənimləsən!

- Aktrisa gəlini qəbul etmək asan olmayıb, deyəsən...

- ... Qohum-əqrəbaları razı deyildilər. Amma atası bizi bir dəfə görmüşdü, deyibmiş ki, ay arvad, Yusifi bir qızla gördüm, biri-birinə elə yaraşırdılar ki, elə bil ay parçaları idilər. Bizim evlənmək məsələmiz qalxanda qayınanam qohumlara deyib ki, kim deyir, desin, mən razıyam, çünki onu rəhmətlik kişi görüb, bəyənmişdi. Sizə bir etiraf edim: mən 47 ildir sənətdəyəm. Amma bir dəfə olsun, gedib Sabirabadda çıxış etmədim. Hətta bədii rəhbəri olduğum Bələdiyyə Teatrı da heç vaxt orada qastrolda olmadı.

- Küsmüşdüz...

- Küsmədim. Əksinə, mən onların ailəsinə, nəslinə hörmət etdim. İstəmədim, desinlər ki, budu ey, filankəsin gəlini gəldi burda teatr göstərdi... Necə ki, qayınanam mənim üçün hamıya sinə gərdi, mən onun adını həmişə uca tutdum.

- İstedadlı insanların da ətrafında həmişə söz-söhbətlər dolaşıb, yaman dillər danışıb...

- Mənim talismanım Yusif idi. O, bədniyyətli insanların qarşısında böyük sipər idi. Bəlkə elə artıq söz-söhbətlər olmasın deyə, mən bu 47 ildə hər yerdə onunla oldum. Ona görə yox ki, ya o mənə, ya da mən ona inanmırdım...

Mən qastrollara da uşaqlarımla gedirdim. O darısqal mehmanxana otaqlarında bişirirdim, yuyurdum, uşaqlarımı, yoldaşımı yedirdib, axşam səhnəyə çıxırdım. Çalışırdım, hər şey yerli-yerində olsun.

- Amaliya Pənahovanın yubileyi dövlət səviyyəsində təşkil edilir. Qonaqlarınız kimlər olacaq?

- Mən dövlətimin, cənab prezidentimizin hər zaman diqqət qayğısı ilə əhatə olunmuşam. Çox təşəkkür edirəm ki, mənə, sənətimə hər zəaman dəyər verilib. İnşallah, Sarayda təşkil ediləcək tədbirə bir çox sənət dostlarım, ziyalılarımız dəvət olunacaq. Bir-bir ad çəkmək istəmirəm. Kimisə unuda bilərəm. Amma inşallah, qonaqlarım çox olacaq.

 

Tahirə

Şərq.-2015.-18 iyun.- S.14.