DİLİMİZİN SAFLIĞINI QORUYAN QƏZET...

 

Xalq qəzeti”nin cəmiyyət qarşısında xidmətləri danılmazdır

 

 

Anadilli mətbuatımızın ən uzunömürlü dövri nəşri olan "Xalq qəzeti” 140 yaşlı mətbuat tarixində bir əsrə yaxın müddətdə nəşr olunmaq şərəfinə nail olub. Bu fakt milli mətbuatımızın əlamətdar hadisəsi kimi qeyd edilməyə layiqdir. Ümummilli liderimiz Heydər Əliyev də bəyan edirdi ki, "Xalq qəzeti” mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərimizdəndir:

 

"Uzun müddət "Kommunist” adı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olub. Respublikanın qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında "Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır. Müstəqilliyimizin qazanılmasından sonra "Xalq qəzeti” respublikanın ictimai həyatında baş verən hadisələrə cəsarətlə müdaxilə edib, bir çox problemlərin aşkarlanmasında mühüm rol oynayıb”.

 

1991-ci ilin avqustunda ideoloji basqıdan xilas olaraq, nəşrini "Xalq qəzeti” adı ilə davam etdirən qəzet 1991-ci il oktyabrın 18-də elan olunmuş Azərbaycanın dövlət müstəqilliyi haqqında Bəyannaməni çap etməklə qəzet tariximizin yeni dövrünə, müstəqillik epoxasına işıq salıb. Bu baxımdan milli mətbuatın tədbirlərində "Xalq qəzeti”nin səmərəli fəaliyyəti dönə-dönə yada salınır, bu nəşrin avanqard rolu, milli jurnalistikamızın tarixi təcrübəsini yaşadan, zənginləşdirən bir məktəb olması məmnunluqla ifadə olunur.

 

Qəzetin tarixinin önəmli məqamlarına nəzər salarkən görürük ki, onun ilk və sonrakı kollektivləri Azərbaycanda rəsmi mətbuat ənənəsini davam etdirib və zənginləşdirib. "Xalq qəzeti”nin milli dövlətçiliyə və xalqa xidmət məramı sonrakı 71 ildə redaksiya divarları arasında açıq və gizli şəkildə yaşadılıb, yazarların milli varlığımıza bağlılığı heç bir zaman qırılmayıb. Təsadüfi deyil ki, "Kommunist”ə 1937-ci ilədək rəhbərlik etmiş redaktorların hamısı "milli təmayülə sədaqətə” görə millətçilik damğası ilə repressiya olunub. Redaksiya həmişə "millətçilik yuvası” kimi təqib və nəzarət altında saxlanılıb. Bütün bunlara baxmayaraq, qəzetin kollektivi həmişə tərəqqi və quruculuq yoluna xidmət edib, ötən onilliklərin canlı xronikasını yaradıb.

 

Ötən dövrdə qəzetin hər mininci nömrəsi və fəaliyyətinin onillikləri ciddi mətbuat hadisəsi kimi qeyd olunub və redaksiyanın cəmiyyətə hesabatı xarakteri daşıyıb. "Xalq qəzeti”nin 28 mininci sayının işıq üzü görməsi onun özününtarixinin, Azərbaycan cəmiyyətində tutduğu mövqeyin, media proseslərində oynadığı rolun bir sıra məqamlarını göz önünə gətirir. Xoşbəxtlikdən, bu qəzetin iki fərqli tarixi şəraitdə doğuluşunun hər ikisi Azərbaycan xalqının dövlət müstəqilliyi qazanması ilə bağlı olub. Azərbaycan Xalq Cümhuriyyətinin mətbuat azadlığına verdiyi təminat zəminində ilk sayı 1919-cu il avqustun 29-da dərc olunmuş bu qəzetin 71 illik kommunist epoxasının sonunda ikinci "doğuluşu”, "Xalq qəzeti” adı ilə nəşrini davam etdirməsi də müstəqillik dövrünün başlanması ilə mümkün olub. 1988-ci ildə Qarabağ münaqişəsi ilə alovlanan milli oyanış və xalq hərəkatı redaksiyada nəsil-nəsil qorunub saxlanan milli ruha və yaradıcılıq fəaliyyətinə də təsir edib. Genişlənən xalq hərəkatına açıq rəğbət bəsləyən, torpaqlarımızın bütövlüyü uğrunda mübarizənin ön sıralarında olan redaksiya qısa müddətdə demokratik bir məktəb keçərək 71 ildə öz içərisində qoruyub saxladığı istiqlalçılıq məfkurəsinə qovuşub.

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi günlərdə xalqla respublika rəhbərliyi arasında rəsmi informasiya körpüsü olmuş "Xalq qəzeti” sonrakı 2 il yarımda baş verən siyasi təbəddülatlar, uğursuzluqlar dövründə dövlət suverenliyinə və mətbuat azadlığı prinsiplərinə sadiq qalıb. 1993-cü ilin böhranlı yayında qəzetin kollektivi öz mövqeyi və fəaliyyəti ilə ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə hakimiyyətə qayıdışını təkidlə tələb edən xalqımızla bir yerdə olub. Qəzetin tarixində yeni məsul mərhələ də bununla başlayıb. Müstəqil Azərbaycanın həqiqi lideri Heydər Əliyevin 1993-1995-ci illərdə həyata keçirdiyi tarixi tədbirlərə, ölkənin xaosböhrandan çıxarılması prosesinə fəal informasiya dəstəyi verən "Xalq qəzeti” ulu öndərin etimad və himayəsi ilə 1995-ci ilin noyabrından Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin və redaksiya kollektivinin həmtəsisçiliyi ilə nəşr olunmağa başlayıb.

 

Qəzetin keçdiyi ömür yolundan danışan "Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Həsən Həsənov deyib ki, Azərbaycan milli mətbuatının bir institut kimi formalaşmasında, demokratik jurnalistikanın ideyalarının yaşadılmasında, peşəkar jurnalist nəsillərinin yetişdirilməsində və ana dilinin saflığının qorunmasında "Xalq qəzeti”nin müstəsna xidmətləri olub: "Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1993-cü ilin avqustunda qəzetin 75 illik yubileyi münasibətilə redaksiya kollektivinə göndərdiyi təbrik məktubunda bu həqiqəti bir daha təsdiqləyib. Bu baxımdan Respublikanın qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikanın inkişafında "Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır. Müstəqilliyimizin qazanılmasından sonra "Xalq qəzeti” respublikanın ictimai həyatında baş verən hadisələrə cəsarətlə müdaxilə edib. Bir çox problemlərin aşkarlanmasında mühüm rol oynayıb”.

 

Baş redaktorun sözlərinə görə, "Xalq qəzeti” yüksək qiymətə layiq olduğunu hər zaman öz fəaliyyəti ilə sübut edib: "Ötən əsrin 70-80-ci illərində respublikada gedən geniş quruculuq və milli-mədəni yüksəliş dövründə qəzetin kollektivi Heydər Əliyevin liderlik nümunəsindən güc alıb. Həmin proseslərin zəngin xronikasını yaradıb. Heydər Əliyevin intibah və tərəqqiyə özül olmuş tarixi fəaliyyəti "Xalq qəzeti”nin tarixində parlaq səhifələr formalaşdırıb. Ulu öndər deyirdi ki, "bu gün qəzet müstəqil Azərbaycanda hüquqidemokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır”.

 

H.Həsənov bildirib ki, qəzetin son 12 ildəki 3700-dən yuxarı sayı ulu öndərin layiqli davamçısı, yeni tipli dövlət xadimi, sınanmış lider İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə işıq üzü görüb: "Bu mərhələ ölkəmizdəki hərtərəfli tərəqqinin geniş əks etdirilməsi ilə yanaşı, həm də qəzetin özünün inkişafında irəliyə doğru yeni addımlarla əlamətdardır. Maddi-texniki bazanın, buraxılış texnologiyasının daim yenilənməsi, söz azadlığı prinsipinin ardıcıl bərqərar olması qəzetin öz populyarlığını, mötəbər media qurumu kimi cəmiyyətdə öncüllüyünü qoruyub-saxlamasına təminat yaradıb. Britaniyalı jurnalist Malkolm Maqqeric yazırdı ki, mətbuat kağız vicdandır. Satirik kimi də şöhrət qazanmış ingilis yazar bu fikri ilə demək istəyirdi ki, yazılanları obyektiv və qərəzsiz işıqlandırmaqla mətbuat cəmiyyət qarşısında vicdani borcunu yerinə yetirir, oxucusunu obyektiv məlumatlandırır. Bu baxımdan qəzet əziz oxuculara doğru-dürüst xəbər və məqalələri təqdim etməkdən böyük qürur hissi duyur.

 

Alman filosof Artur Şopenhauerin qəzetləri tarixin saat əqrəblərinə bənzətməsini onun mətbuatın ictimai həyatda oynadığı rola verdiyi yüksək qiymət kimi dəyərləndirmək olar. Həqiqətən də, yaşadığımız zamanın tarixi anlarını əbədiləşdirməklə yanaşı, qəzetlərin üzərinə oxucunu günün reallıqları barədə məlumatlandırmaq kimi böyük məsuliyyət düşür. İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətlə inkişaf etdiyi dövrdə elektron medianın təsirinin güclənməsinə, fəaliyyət dairəsinin genişlənməsinə baxmayaraq, bu gün də ənənəvi mətbuat oxucular qarşısında tarixi missiyasını ləyaqətlə davam etdirir. Bir sözlə, "Xalq qəzeti” hər zaman öz məramına, xalqın köklü maraqlarına xidmət xəttinə, cəmiyyət həyatının əhatəli salnaməsini yaratmaq işinə sadiq qalıb. Sonuncu min nömrədə də kollektiv əvvəlki dövrdə olduğu kimi, ümummilli lider Heydər Əliyevin Azərbaycanı dünyada Günəş kimi nurlandırmaq amalına, Prezident İlham Əliyevin ölkəmizin hərtərəfli tərəqqisini, müasirləşmə və modernləşmə məramını hədəfə alan siyasətinə mötəbər informasiya dəstəyi qazandırmaq, quruculuq proseslərinə səfərbəredici kömək göstərmək üçün peşəkarlığını və fəallığını gündən-günə artırmağa çalışıb. Qəzet oxucuları ilə görüşə öz tarixinin işıqlı məqamlarından doğan qürur hissi, azad sözə sədaqət amalı və ölkəmizin sabahına, xalqımızın firavanlığına daha yaxşı xidmət əzmi ilə gəlir və bundan sonra da gələcək”.

 

İsmayıl

 

Şərq.- 2015.- 15 oktyabr.- S.11.