Mediya  mədəni maarifçilik  missiyasını necə yerinə yetirir

Hər işi öz peşəkarları görməlidir, ancaq onların da problemləri var

Bu gün bəşəriyyət mədəniyyətlərarası dialoq və fərqli sivilizasiyaların toqquşması xofundan yaxa qurtarmağa çalışır. Ona görə də hər fürsətdə Azərbaycan mədəniyyətinin varlıq faktını, özünü isbat dairəsini daha da genişləndirməli və dərinləşdirməliyik. Mədəniyyətin ən güclü təbliğ vasitəsi kütləvi informasiya vasitələridir. Demək olar ki, bütün media qurumları öz səhifələrində mədəniyyətə ayrıca yer ayırır, xüsusi rubrikalar vasitəsi ilə incəsənət xəbərləri verirlər.

Mədəni həyatımızda baş verənlər cəmiyyət tərəfindən hər zaman maraqla qarşılanır. Milli musiqinin, teatrın, kinonun, rəssamlığın və digər incəsənət sahələrinin təbliğində mətbuatın rolu danılmazdır. Amma burada kəmiyyətlə yanaşı, keyfiyyət faktı da önəmlidir. İncəsənət sahəsinə meyl edən müəllifin ideya, fikir və mənəviyyatı da xüsusi önəm daşıyır. Hər mövzuya "mədəniyyət” donu geyindirmək olmaz. Təəssüflər olsun ki, mədəniyyət rubrikalarında sadəcə şou-biznes aləmini, hansısa müğənninin, aktrisanın şəxsi həyatını müşahidə edirik. Yüngül şou-biznes informasiyalarına üstünlük verən yazarlar, cəmiyyətin belə şeylərə daha çox maraq göstərdiklərini iddia edirlər. Hər şeyə rəğmən mətbuat səhifələrində sadəcə bu tipli "mədəni” yazıların dərc olunması yolverilməzdir. Yaxşı olar ki, mədəniyyət yazarları incəsənətin müxtəlif sahələri ilə bağlı elmi məqalələr hazırlasınlar. Tanınmış sənət sahiblərinin, milli kino və teatrlarımızın, maraqlı mədəni olayların təhlilini aparsınlar, araşdırma yazılar ortaya qoysunlar. Təbii ki, əgər bunu həyata keçirəcək potensialaistedada sahibdirlərsə...

Ekspertlərə görə, hər işi öz peşəkarı görməlidir. Mədəniyyət müxbirlərinin işi mədəniyyətdən sadəcə xəbər hazırlamaqdırsa, onda olaya qəti münasibət bildirməməlidir. Münasibət bildirəndə, bu artıq xəbər olmaqdan çıxır, yazıya, fikrə, mülahizəyə çevrilir. Televiziya kanallarında müşahidə olunan qeyri-peşəkarlıq bir sıra obyektivsubyektiv səbəblərdən mədəniyyət jurnalistikasında da qabarıq şəkildə özünü göstərir. Çox zaman jurnalistlər teatr jurnalistikasının spesifik sahə olduğunu nəzərə almırlar. Söhbət ali təhsildən, diplomdan getmir. Söhbət jurnalistin hazırlıq səviyyəsindən, işə münasibətindən, predmeti bilmə dərəcəsindən gedir. Bəzi jurnalistlərin sensasiya axtarışı, qalmaqal sevdası həqiqi mədəniyyətin yaradıcılıq problemlərini qabartmaqdan daha çoxdur. Bununla yanaşı, bütün mədəniyyət müxbirlərindən peşəkar analiz, nəzəri təhlil gözləmək də sadəlövhlük olardı. Hər bir mədəniyyət müxbiri teatr haqqında xəbər hazırlaya, sənəti təbliğ edə bilər, hansısa tamaşa, yaxud sənətçi haqqında fikirlərini, təəssüratlarını qələmə ala bilər. Ancaq sahənin spesifikasına bələd olmadan dəyərli bir yazı yazdığını zənn etmək və incəsənət adamlarının onunla hesablaşmasını gözləmək qəbuledilməzdir. Mütəxəssislər hesab edirlər ki, əgər mədəniyyətlə bağlı yazı kifayət qədər əhatəlidirsə, yəni müəllif məqaləsində aktyorun, rejissorun, dramaturqun yaradıcılığına baş vura bilibsə, bu onun üz tutduğu sahəni mütəxəssis səviyyəsində bilməyinin təsdiqinə çevrilir."Ölkə.az” saytının mədəniyyət yazarı İntiqam Valehoğlu "Şərq”ə açıqlamasında deyib ki, onun şou-bizneslə bağlı yazılarının 70 faizi kinayə xarakterlidir: "Mədəniyyətlə bağlı yazılarım isə problemlərin işıqlandırılmasına həsr olunub. Məsələn, çox da uzağa getməyək. Elə ötən ilin bu günlərində bütün "Azdramaayağa qalxıb mətbuatdan dəstək istəyəndə mən və 1-2 sayt istisna olmaqla hər kəs susdu. Bu gün Mingəçevir teatrındakı özbaşınalıqlar haqda yazıram, yenə də dəstək yoxdur. Görünən budur ki, hərə öz məqsədini güdür. Niyyətim həmkarlarımı ittiham etmək deyil. Amma reallığı deməyin özü də cəsarət tələb edir. Yeri gəlmişkən, bu məsələdə Mədəniyyət və Turizm Nazirliyi də maraqlı olmalıdır. Bu qurum sanki "OtelçilikNazirliyidir”. Jurnalistin sözlərinə görə, nazirliyin heç kimə bəlli olmayan onlarla əməkdaşı var: "Bu əməkdaşlar mütəmadi olaraq, səfər adı ilə bölgələrə, xaricə göndərilirlər. Yaxşı olardı ki, həmin təşəbbüs jurnalistlərlə də bağlı qaldırılsın. Məsələn, bir azərbaycanlı jurnalistin nazirliyin xətti ilə Türkiyənin, Gürcüstanın, Rusiyanın teatrında gedib tamaşaya baxması, ordakı həmkarları ilə fikir mübadiləsi aparmasında, nəsə öyrənməsində qəbahət varmı? Əlbəttə yoxdur. Yetər ki, istək olsun. Son olaraq deyim ki, Azərbaycanın bir sıra böyük sənətkarları haqda silsilə araşdırmaların müəllifiyəm. İstənilən gənc həmkarıma da bu yöndə bacardığım köməyi etməyə hazıram”.

"Kaspi” qəzetinin mədəniyyət yazarı, teatrşünas Xəyalə Rəis isə hesab edir ki, şou-biznes yazarı başqa, mədəniyyət yazarı isə tamam başqa bir şeydir: "Çünki mətbuatda ən asan bölüm məhz şou-biznesdən yazmaqdır. Onlar haqqında yazılan yazılarda elə də müəllif fikrinə ehtiyac duyulmur. Reallıq isə bundan ibarətdir ki, nəinki Azərbaycanda, dünyanın müxtəlif ölkələrində ən çox oxunan, izlənilən müğənnilərin özəl həyatları, nə yeyib içdikləri, kiminlə hara gedəcəyi kimi xəbərlərdir. Müğənnilər özləri də mətbuatda adlarının hallanması və gündəmdə qalmaları üçün nə istəsən edərlər”. Mədəniyyət rubrikaları haqqında danışan xanım jurnalist əsas ixtisasının teatrşünaslıq olduğunu deyib: "Kaspi” qəzetində artıq 5 ildir ki, teatr əlavəsi fəaliyyət göstərir. Hər həftənin 4-cü günü 4 səhifə teatra həsr olunur. Orada araşdırma, müsahibə, portret, resenziya-teatr dedikdə gözünüzə nə görünürsə, həftənin gündəmdə olan maraqlı yazılarını dərc edirik. Bircə qalmaqallardan başqa. Özükiçik kollektivlə işləyirik. Elə vaxtlar olub ki, bir araşdırmanı ərsəyə gətirmək üçün ona 2 həftə vaxt sərf etmişik. Ortalığa mükəmməl bir çıxıb. Ancaqfayda... Onu sayta yerləşdirdikdə 100 nəfərdən artıq oxucusu olmayıb. Biz o araşdırmanın müxtəlif səhifələrdə nə qədər "PR”-nı etsək də, heç bir xeyri olmayıb. Qəzetimizin mədəniyyət bölümündə şou-biznes (özünə hörmət edən və xalq, əməkdar artistlərinə müraciət edirik) nümayəndələrindən nəsə kiçik bir xəbər yazanda, onun oxunma sayı 900-1000-dən çox olur. Belə çıxır ki, bu günün tələbi teatrlarımızda, muzeylərimizdə yaranan tendensiyalar deyil. Röyanın mini ətəyi, Elza Seyidcahanın itinə tapdığı ərdir. Müğənnilərimizin itləri haqqında o qədər yazırlar ki, artıq onları əzbər tanıyırıq. Hansı ki, illərdir ömürlərini teatra, kinoya, Azərbaycan mədəniyyətinə sərf edən karifey sənətkarlarımız var. Amma oxucuların onların varlığından heç xəbərləri də yoxdur. Lakin soruşsanız, Aygün Kazımovanın "ərlərini” bir-bir sayarlar. Belə olan halda kimdir günahkar?”.

"Teleqraf” qəzetinin redaktoru, gənc yazar Dilqəm Əhməd də bu sahədə bir sıra problemlərin olduğunu deyib: "Gerçək sənətkarlar, ədəbiyyat adamları, incəsənət xadimləri ilə əlaqə yaratmaq, onlardan müsahibələr almaq çox hallarda müşkül məsələyə çevrilib. Adicə Ramiz Rövşənlə müsahibə almaq olduqca problemli bir məsələdir. Bir sayt redaktoru olaraq iri çəkili adamlarla kontakt yaratmaqda əziyyət çəkdiyimizi deyə bilərəm. Bəzən günlərlə cəhd göstərirsən, heç cür alınmır. Amma buna baxmayaraq redaktoru olduğum "teleqraf.com” saytında, xüsusən bu saytın "Brifinq” layihəsində mədəniyyət adamlarımıza daim yer vermişik, onlar da sağ olsunlar, dəvətimizi qəbul ediblər. Amaliya Pənahovadan Əli Əmirliyə, Sənubər İsgəndərlidən Nurəddin Mehdixanlıya qədər bir çox şəxsiyyətlər qonağımız olub. İndi də saytımızın əsas prioritet istiqamətlərindən biri gerçək mədəniyyət xadimləri ilə müsahibələr təqdim etməkdir. Şou-biznes nümayəndələrinə gəldikdə isə onlar daha əlçatandırlar və bu baxımdan onlarla bağlı xəbərlərin çox olması başadüşüləndir. Onu da deyim ki, şou-biznes xəbərlərinin saytlarda getməsi də normaldır. Çünki o da həyatın bir parçasıdır. Biz Mədəniyyət Nazirliyindən, eləcə də, mədəniyyətlə bağlı qurumlardan gələn informasiyaları mütləq veririk. Sadəcə gerçək sənətkarlarımızdan xahiş edirik ki, media təkcə televiziyadan ibarət deyil, arada saytların da dəvətlərini qəbul eləsinlər”.

"Yenilik.az” saytının baş redaktoru Xanlar Xoca da deyib ki, son illərdə mediada mədəniyyət rubrikası səviyyəsiz şou nümayəndələrinin dedi-qoduları, qalmaqalları ilə əvəz olunub: "Halbuki, əvvəllər belə deyildi. Mediada yeni tamaşaların, filmlərin və s. mədəniyyət nümunələrinin təhlili, tənqidi olmalı, yaradıcı baxış işıqlandırılmalı, əsl mədəniyyət təbliğ olunmalıdır. Oxucunun zövqünü media formalaşdırmalıdır. Nəzərə almaq lazımdır ki, KİV xəbərçilikdən savayı həm də maarifçilik funksiyası daşıyır. Ona görə də bütün media qurumları ümumi razılığa gəlib bu dedi-qodu, qalmaqal mövzusunu qadağan etməli və şou-biznes rubrikasını ləğv edib mədəniyyət rubrikasında teatr, kino, musiqi dünyasından, görkəmli sənətkarların həyat və yaradıcılığından məlumatlar verilməlidir”.

İsmail

Şərq.- 2016.- 22 aprel.- S.11