"BİR HƏKİM OLARAQ PEYVƏNDƏ İKİ ƏLLİ "HƏ" DEYİRƏM, AMMA..."

 

Pediatrın bu xəstəliyə görə müalicə etdiyi uşaqların hamısı peyvəndsiz olub

Vaqif Qarayev: “Peyvənd edilməmiş uşaq istənilən zaman təhlükəli yoluxucu xəstəliyə tutula bilər”

 

 

Aprelin 25-30-da respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi” keçiriləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyevin "Respublikada İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” imzaladığı əmrə əsasən, bu müddətdə hər hansı səbəblərə görə immunlaşdırmadan kənarda qalan uşaqlar peyvəndlərə cəlb olunacaqlar.

 

Eyni zamanda, "İmmunlaşdırma həftəsi”nin nəticələri haqqında məlumatların 20 may 2016-cı il tarixədək Respublika GigiyenaEpidemiologiya Mərkəzinə təqdim edilməsi, cari ilin aprel ayında Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Azərbaycanda qızılca və məxmərək xəstəliklərinin eliminasiyasına həsr olunmuş konfransın keçirilməsi, "İmmunlaşdırma həftəsi”nin yekun nəticələri haqqında məlumatların 27 may 2016-cı il tarixinədək Səhiyyə Nazirliyinə təqdim edilməsi barədə tapşırıqlar verilir. Qeyd edək ki, son zamanlar cəmiyyətdə uşaqların peyvənd olunması (aktiv immunizasiya) ilə bağlı bir sıra fikir ayrılıqları var. Sovet dövründə insanlar dünyaya göz açdıqları ilk dəqiqələrdən müzakirəsiz peyvəndləri qəbul edirdilər. Daha sonralar peyvəndlərin uşaqlara zərər verdiyi, müxtəlif allergiyalar yaratdığı barədə KİV-də və sosial şəbəkələrdə aparılan müzakirələr artıq valideynləri narahat etməyə başladı. Bəs, mütəxəssislər nə deyir, uşaqlar peyvənd olunsun, ya yox?

 

Peyvəndləşmədən imtina edən valideynlərin uşaqlarını böyük risk altına saldığına dair xəbərdarlıq edən pediatr Vaqif Qarayev "Şərq”ə açıqlamasında deyib ki, peyvənd edilməmiş uşaq istənilən zaman təhlükəli yoluxucu xəstəliyə tutula bilər: "Mövcud qanunvericiliyə görə, yaş qruplarına uyğun olaraq uşaqlara mütləq peyvənd vurulmalıdır. Bu heçyeni qərar deyil. Sovetlər dövründən üzü bu yana bu proses həyata keçirilir. Amma son zamanlar peyvənd əleyhinə çox güclü kampaniya başlanıb. Hətta bu kampaniya təkcə Azərbaycanda yox, Rusiya, Avropa kimi ölkələrdə də gedir. Deyək ki, bizim valideynlər daha çox peyvəndin keyfiyyətinə görə narazılıq edirlər. Bunun da səbəbi Hindistandan gətirilən vaksinlərdir. Amma qəribəsi odur ki, Rusiyadakı həmkarlarımla da söhbət zamanı bəlli olur ki, bu problem onlarda da var. Hansı ki, Rusiyanın özü peyvənd istehsal edir”.

 

Həkimin dediyinə görə, peyvənd vaksininin tərkibində zülal olduğu üçün uşaq orqanizminə yad maddə daxil olur. Bu zaman da yüngül və ağır reaksiyalar gözləniləndir: "Bəzi vaxtlar peyvəndin yeri qızarır, şişir, həmçinin bir-iki gün müddətində uşaqda narahatlıq olur, hərarət 38-ə qədər qalxa bilir. Hansı ki bunlar keçici xarakter daşıyır. Amma peyvənddən sonra qızdırma 39-dan yuxarı qalxır, uşaqda normadan artıq yuxuya yuxusuzluq hiss olunur, yediyini qaytarırsa, bu artıq çox ciddi reaksiyadır”.

 

Pediatr bildirib ki, peyvənd vuran həkim hər şeydən əvvəl uşağın hər hansı bir xəstəliyi olmadığına əmin olmalıdır. Mütləq şəkildə peyvənd uşaqlar peyvənd olunmalıdır. Aktiv immunizasiyadan əvvəl uşaq nervopotoloq müayinəsindən keçməli və bir neçə analiz verməlidir: "Peyvənddən imtinaya görə valideynləri qınamaq fikrim yoxdur. "Plan” arxasınca qaçan həmkarlarım peyvənd vurmazdan əvvəl uşaqları zəruri müayinədən keçirtmirlər və ya bunu başdansovdu edirlər. Bu zaman isə peyvəndin uşaqlarda allergik tipli reaksiyalar doğurması qaçılmaz olur. Hansı ki, bir tibb işçisi ondan "plan” tələb olunur deyə uşağın sağlam olmasına əmin olmadan bu addımı atmamalıdır. Birdəfəlik bilinməlidir ki, qızdırması, epilepsiyası olan uşaqlara peyvənd vurulmamalıdır”.

 

Sovet vaxtları peyvəndin əks reaksiyalarının daha çox olduğunu vurğulayan V.Qarayev deyib ki, buna rəğmən peyvənddən imtina edən valideynlər polis gücünə poliklinikalara gətirilirdi. Uşaqların peyvənd olunması onların sağlamlığının qorunması baxımından strateji əhəmiyyətli ümumdövlət kampaniyası hesab olunurdu. Bu səbəbdən də valideynlərə imtina hüququ verilmirdi. Amma indi qanun nisbətən sadələşib. Valideynlər öz adından "razpiskayazaraq övladının peyvənd olunmasından imtina edir. Bu zaman həkim məsuliyyətdən uzaqlaşır. Uşaq peyvəndin altına düşən infeksion xəstəliyə tutulduğu halda valideynlər günahkar hesab olunur. Hansı ki, həmin valideyn öz uşağı ilə yanaşı, qonşusunun, qohumunun övladlarının sağlamlığını da təhlükəyə atır. Peyvənd olunmayan uşaqlarda göy öskürək, difteriya kimi xəstəliklər müşahidə olunur. Bu xəstəliklər isə uşaqdan- uşağa yoluxur. Demək olar ki, hər gün peyvənd əleyhinə olan valideynlərin "hücumuna məruz qalıram. Mən onlara izah edə bilmirəm ki, problem sənin uşağını peyvənd eləməməklə bitmir. Bu zaman sən övladına peyvənd vurduran valideynlərin haqqına girirsən axı. Nəyə görə, sənin səhvinə görə, onların uşaqları infeksion xəstəliklərə yoluxmalıdır ki?”

 

Son 2-3 ildə Azərbaycanda göy öskürəyin müşahidə olunduğunu  vurğulayan pediatr deyib ki, bu xəstəliyə görə müalicə etdiyi uşaqların hamısı peyvəndsiz olublar: "Valideynlərdən niyəsini soruşanda bir nəfəri belə imtinasına əsaslı arqument gətirə bilmədi. Biri dedi, rəfiqəm məsləhət görüb, bir dedi internetdə oxudum, o birisiteleviziyadan eşidibmiş. Belə də səbəb olar? Peyvəndin hansısa səbəbdən bir uşaqda əks-reaksiya verməsi o demək deyil ki, bütün uşaqlar üçün təhlükə mənbəyidir”.

 

Peyvəndin 3 xəstəliyə - difteriya, göy öskürək və tetanusa qarşı olunduğunu deyən həkim qeyd edib ki, müharibə illərində bu sahənin nəzarətsiz qalması uşaqlar arasında difteriyanın tüğyan etməsinə səbəb olmuşdu: "Həmin vaxta qədər ancaq kitablardan oxuduğum difteriyanı praktikada ilk dəfə həmin illərdə gördüm. Böyük bir epidemiya halını almışdı. Nə qədər ölüm halları olurdu. Məhz bu səbəbdən də hər zaman uşaqların peyvənd olunmasının lehinə olmuşam. Bir ara peyvəndi autizmin yeganə "müqəssir”i olaraq görürdülər. Amma indi-indi bu xəstəliyin müxtəlif səbəblərinin olduğu üzə çıxıb. Hansı ki, bu problem bütün Avropanı bürüyüb. Belə çıxır ki, həmin ölkələrin ağlı yoxdu peyvəndin autizm yaratdığını bilə-bilə uşaqların həyatı ilə oynayırlar? Mən valideynləri başa sala bilmirəm ki, peyvənd kimi strateji əhəmiyyətli məsələ haqqında bilib-bilmədən danışmaq olmaz. Hər bir yoluxucu xəstəliyin profilaktikası deyilən bir şey var. Sözügedən 3 xəstəliyin aktiv immunizasiyası vacibdir. Bir həkim olaraq peyvəndə iki əlli "hə" deyirəm, amma uşağın sağlam olduğuna vaksinlərin keyfiyyətinə əmin olmaq şərti ilə. Bəli, bu iki problemi doğuran səbəblər müzakirəsinə ehtiyac var, lakin "peyvənd olunmalıdırmı” sualı heç bir halda müzakirə predmeti deyil”.

 

Şəymən

Şərq.- 2016.- 23 aprel.- S.12