Azərbaycan mediası heç   zəif deyil

 

Mətbuat nümayəndələri, ekspertlər jurnalistikanın indiki durumunu müxtəlif yönlərdən qiymətləndirirlər

 

Dördüncü hakimiyyət sayılan ictimai institut - kütləvi informasiya vasitələri cəmiyyətdə xəbərləmə funksiyasını yerinə yetirməklə yanaşı, bir növ nəzarətçi, nizamlayıcı, toplumun rəy və qərarlarına təsir gücünə malik bir mövqedədir. Daha dəqiq desək, cəmiyyətdə ictimai fikrin formalaşmasında, kütlələrin məlumatlandırılmasında və bilgiləndirilməsində medianın rolu danılmazdır. Amma Azərbaycanda vəziyyətin bir qədər fərqli olması barədə müxtəlif fikirlər səslənir. Bəziləri bu qənaətdədir ki, Azərbaycanda fəaliyyət göstərən KİV-lər bu missiyanın öhdəsindən lazımınca gələ bilmirlər. Bir çoxları isə ölkəmizdə ictimai fikrin formalaşmasında mətbuatın rolunun danılmaz olduğunu, xüsusi önəm daşıdığını vurğulayırlar. Bəs görəsən, bu barədə mətbuat nümayəndələri nə düşünür?

 

Milli.az informasiya portalının baş redaktoru Anar İmanovun qənaətincə, cəmiyyətdə ictimai fikrin formalaşmasında, kütlələrin məlumatlandırılmasında və bilgiləndirilməsində medianın rolu çox böyükdür:

 

"Bütün dünyada KİV dördüncü hakimiyyət sayılır. Bizim ölkədə də eyni haldır. Əhali, oxucularımız bütün məlumatları KİV-dən alır və bu, çox yaxşı bir haldır. Düşünürəm ki, bugünkü Azərbaycan mediası bu işlərin öhdəsindən yetərincə gələ bilir. Amma bununla bağlı bir məqamı da qeyd etmək istəyirəm. Məlumatı yayan KİV-lər onun doğru￾dürüst olmasına çox böyük diqqət yetirməlidirlər. Aldadıcı başlıqlarla, səhv məlumatlarla onlar özlərini aldada bilərlər, amma oxucunu əsla. Bəli, istisnalar var. Kimlərsə hələ də, öz maraqlarını güdərək, cəmiyyətə yanlış informasiyaları çatdırır, amma bu hallarla çox ciddi mübarizə aparılır. Mətbuat Şurası belələrini "qara siyahı”ya salır və onlara xəbərdarlıq edir. Əminəm ki, zamanla bu kimi problemlər, neqativlər tam aradan qaldırılacaq və mediamız daha da güclənəcək. Oxucuları aldadanlar məsuliyyət daşımalıdırlar və cəzalanmalıdırlar. Yalnız bu halda KİV-lərimiz güclü olacaq”.

 

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli isə Azərbaycan cəmiyyətinin kifayət qədər problemli cəmiyyət olduğunu deyib. Onun sözlərinə görə, toplumun maariflənməsinə çox böyük ehtiyac var:

 

"Elementar etiket, davranış qaydalarından tutmuş, gigiyenik qaydalara qədər ciddi maarifləndirmə tədbirləri görülməlidir, nəinki ictimai fikrin formalaşması istiqamətində. Media o cəmiyyətlərdə ictimai fikri çox rahat şəkildə formalaşdıra bilir ki, toplum savadlıdır, ən azı orta məktəb səviyyəsində təlim və təhsil alıb. Çox təəssüf ki, bu gün Azərbaycan cəmiyyətində savadsızlıq böyük faizlədir. Üstəlik də əhalinin yalnız iki- üç faizi qəzet oxuyur. Bu gün ölkədə gündəlik nəşr olunan qəzetlərin ümumi tirajı 100 min nüsxədən o yana keçmir. Təsəvvür edin, 10 milyon əhalinin cəmi 100 mini qəzet oxuyur! Bu çox dəhşətli göstəricidir. Amma sevindirici olan bir məqam da var ki, onlayn media daha əlçatımlıdır və ən azı sosial şəbəkələrdəki paylaşımlar vasitəsi ilə insanlar mediadan hansısa yazıları oxuyur. Amma bu, təşkilatlanmış, nizamlı şəkildə cəmiyyət-media əlaqələri deyil. O üzdən kütlələrin maariflənməsi üçün dövlət xeyli işlər görməlidir. Hər şeydən öncə də medianın inkişafına diqqət yetirilməli, qəzetlərin insanlar üçün əlçatımlı olmasına şərait yaradılmalıdır. Habelə, telekanallarda insanlara sayt, qəzet oxumaqla bağlı maarifləndirmə işləri aparılmalıdır. Hansı ki, bu gün telekanallar daha çox düşük müğənnilərin təbliğatını aparır, biznes maraqları naminə dərman firmalarını, savadsız həkimləri reklam edirs. Ölkəmizdə kifayət qədər peşəkar media qurumları və jurnalistlər var. Sadəcə, hökumət media və cəmiyyət əlaqələrinin qırılmasında deyil, möhkəmlənməsində maraqlı olmalıdır”. Azərbaycanda ictimai fikrin formalaşmasında medianın rolunun çox zəif olduğunu deyən E.Məmmədli bunun səbəbini insanların böyük əksəriyyətinin qəzet, sayt oxumamasında görür: "Telekanallar isə onsuz da ki, ictimai fikir formalaşdırmır, əksinə, ictimai şüuru zəhərləyirlər”.

 

Yazar Cəlil Cavanşir isə hesab edir ki, cəmiyyətdə ictimai rəy formalaşdırmaq üçün Azərbaycan mediası "əlindən gələni edir”. Amma buna rəğmən mövcud durumda medianın cəmiyyətə təsir imkanları yox dərəcəsindədir. Artıq sosial şəbəkələr daha aktualdaha çevikdir.

 

Azərbaycan mediasının hazırkı durumunun kifayət qədər acınacaqlı olduğunu deyən C.Cavanşirhesab edir ki, ictimai rəyin formalaşdırılması istiqamətində medianın rolunu artırmaq üçün mediaya kifayət qədər azad mühit yaratmaq lazımdır.

 

"Həftə içi” qəzetinin redaktoru Təbriz Vəfalı isə hesab edir ki, Azərbaycanda ictimai fikrin formalaşdırılmasına medianın rolunu dəyərləndirmək və qiymətləndirmək üçün mətbuatın tarixi fəaliyyətinə diqqət yetirmək lazımdır. Onun dediyinə görə, Azərbaycan mətbuatının tarixinə nəzər salsaq görərik ki, "Əkinçi”, "Molla Nəsrəddin” və digər dərgilər fəaliyyət göstərdikləri dövrlərdə maddi sıxıntılarla və maliyyə problemləri ilə üzləşsələr də, çoxsaylı təzyiqlərə məruz qalsalar da, onlar öz üzərlərinə götürdükləri məsuliyyət və vəzifələrin öhdəsindən layiqincə və vicdanla gəliblər:

 

"Söhbət ondan gedir ki, xalqı, insanları cahillikdən qurtarmaq, onları savadlandırmaq, maarifləndirmək, məlumatlandırmaq üçün əllərindən gələnləri edən adıçəkilən dərgilər cəmiyyətdə, ictimaiyyətdə ictimai fikrin formalaşmasında çox böyük, misilsiz və danılmaz xidmətlər göstəriblər. Bugünkü mətbuat orqanları da həmin dərgilərin varisləri sayılır. Amma varislik vəzifələri layiqincə yerinə yetirilmir. Fikrimi əsaslandırmaq üçün məsələyə daha geniş aspektdən yanaşmaq istəyirəm. Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra ölkəmizdə cəmisi bir neçə yazılı mətbuat orqanı fəaliyyət göstərirdi. Həmin qəzetlər ölkə ictimaiyyətinin gerçəklərdən məlumatlı olması üçün bütün çətinliklərə sinə gərərək fəaliyyət göstərirdilər. Üstəlik, müstəqilliyin ilkin dövrlərində peşəkar jurnalistlərin, öz qələminə, imzasına hörmət edənlərin, şəxsi maraqlarını ümumxalq maraqlarına qurban verən media nümayəndələrinin sayı kifayət qədər idi. Bunlardan əlavə, o zamanlar redaksiyalarda tələbkarlıq və nizam-intizam ən güclü səviyyədə idi. Məhz bu baxımdan da sözügedən dərgilər ictimaiyyətdə çox ciddi nüfuz qazanmışdılar. Onlar ictimai fikrin formalaşmasında ciddi rol oynayırdılar. Təkcə Bakı şəhərində deyil, respublikamızın ayrı-ayrı bölgələrində də haqqında danışdığım jurnalistlərin yazılarını acgözlüklə oxuyanlar, yazılanlara və onların müəlliflərinə inananlar, hörmət edənlər yetərincə idi”. "Həftə içinin redaktoru qeyd edib ki, müstəqillik illərindən sonrakı mərhələlərdə həm yazılı, həm də elektron KİV-lərin sayı ilbəil artdı. İlk baxışdan bunu mətbuatın inkişafı kimi dəyərləndirmək olar: "Amma təəssüf ki, bu, göründüyü kimi deyil. Söhbət ondan gedir ki, sayı ilbəil artan elektron və yazılı KİV-lərdə qeyri-peşəkarların sayı da çoxdur. Şəxsi maraqlar üzündən şəxsi qərəzçilik mövqeyindən çıxış edən həmkarlarımız da var. Siyasi jurnalistika peşəkar jurnalistikanı üstələyib. İstər qəzetlərdə, istərsə də saytlarda iqtidar-müxalifət mövqeyindən yanaşmalar ciddi anlaşılmazlıqlar yaradıb. Bəzən sağlam rəqabət əvəzinə çirkin siyasi oyunlar qəzet və sayt rəhbərliklərinin mövqeyinə uyğun dərc olunur və yayılır. Bütün bunlar da ictimaiyyətdə, cəmiyyətdə həmişə çaşqınlıq yaradır. Eləcə də sosial sahədə və digər məsələlərdə də ikili standartlar hökm sürür. Reytinq qazanmaq üçün qeyri-dəqiq və qərəzli məlumatların verilməsi halları çoxalıb. Adicə bir misal çəkim. İki gün öncə, bazar günü saytlarda belə bir məlumat yayıldı ki, Azərbaycan Tarif (Qiymət) Şurası içməli sudan istifadə üzrə tarifləri 15 qəpik artıraraq 50 qəpiyə çatdırıb. Dövlət qurumlarının bazar günü işləmədiyini nəzərə alsaq, belə bir məlumatın hansı məqsədlə yayıldığını anlamaq çətin deyil. Onsuz da adıçəkilən şura tariflərin artırılması ilə bağlı qərarı heç vaxt gizlətmir və bununla bağlı rəsmi məlumat yayır. Həmin şuranın qərarı olmadan belə bir məlumatın yayılması, şübhəsiz ki, ictimaiyyətdə çaşqınlığa, narazılığa və narahatlığa rəvac verdi”.

 

Bu gün demək olar ki, bütün redaksiyalarda jurnalistlərin sərbəstliyinin əlindən alındığını vurğulayan T.Vəfalının sözlərinə görə, jurnalistlər qarşısında konkret şərtlər qoyulur ki, filan qurumları, filan məmurları, filan problemləri yazmaq olmaz:

 

"Əgər ən oxunaqlı qəzetlərdən birində bir məmur təriflənirsə, digərində tənqid olunursa, oxucu bunların hansına inanmalıdır? Yaxud, oxucu düşünəcək ki, həmin məmur bu qəzetlərdən birinə pul verib özü barədə tərifli yazı yazdırır, digər qəzet isə pul ala bilmədiyi üçün tənqid yazır. Bütün bunlara baxmayaraq, öz vicdanlarının səslərinə qulaq asan, qələminə, imzasına hörmət edən, şərəfini və ləyaqətini pula satmayan və xalqı üçün, Vətəni üçün canından keçməyə hazır olan həmkarlarımız da var ki, onlar hər zaman gerçəkləri dilə gətirməkdən, doğruları yazmaqdan çəkinmirlər. Nə qədər ki, əksər mətbuat orqanlarında, yazılı və elektron KİV-lərdə doğrular söylənilmir, yalan ayaq tutub yeriyir, cəmiyyətdə yanlış fikirlərformalaşacaq, ölkə ictimaiyyəti həmişə çaşqınlıq içərisində olacaq, maariflənmə yanlış istiqamətdə olacaq, məlumatlandırmanın acı nəticəsini görəcəyik. Son nəticədə Ermənistanla və erməni lobbisi ilə aparılan informasiya müharibəsində uduzmuş olacağıq”.

(Davamı olacaq...)

Şəymən

Şərq.- 2016.- 14 dekabr.- S.11