TURİZM POTENSİALI ARTIR

 

Eldar Aslanov: “Mədəniyyətimizdən, tarixi rəngarəngliyimizdən, təbiətin verdiyi nümunələrdən istifadə edərək turizm növlərini çeşidləndirmək yolu ilə əcnəbiləri cəlb edə bilərik”

Müzəffər Ağakərimov: “Avropa oyunlarından sonra ölkəmizə gələn turistlərin sayı daha da artıb”

 

Xəbər verdiyimiz kimi, ötən günlərdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan tədbir baş tutub. Toplantıda dövlət başçısı qarşıdan gələn dövrdə sosial-iqtisadi sahədə prioritet istiqamətləri göstərib və həyata keçiriləcək tədbirlərdən danışıb.

 

Prezident qeyd edib ki, 2016-cı ilin ötən altı ayının nəticələri göstərir ki, Azərbaycan 2016-cı iliuğurla başa vuracaq: "2016-cı ilin birinci yarısının iqtisadi göstəriciləri ümidvericidir. 2016-cı ilin birinci yarısında Azərbaycanda qeyri-neft sənayesi 2,4 faiz, kənd təsərrüfatı 3,1 faiz artıb, iqtisadiyyata 6,3 milyard dollar sərmayə qoyulub. 2016-cı il Azərbaycanda dərin iqtisadi islahatlar ili olacaq. Başlanmış böyük işlərin nəticəsi gələcək illərdə özünü göstərəcək. Hazırda Azərbaycanın maliyyə-bank sektoru, kənd təsərrüfatı və sənaye potensialının inkişafı ilə bağlı çox ciddi islahatlar aparılır. Azərbaycanın uğurlu inkişafının təməlində düşünülmüş siyasət, islahatlar və ölkənin gələcəyi ilə bağlı planların uğurla icrası amili dayanır”.

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycanda turizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər böyük nəticələr vəd edir: "Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlər, idman yarışları ölkəni bütün dünyaya tanıdır. Vizalarla bağlı problemlərin aradan qaldırılması, "ASAN viza” xidmətinin yaradılması turizmin inkişafına xidmət edən tədbirlər sırasına daxildir. Əsas məsələ həm daxili turizm, həm də xarici qonaqları qəbul etmək üçün turizm sənayesini yaratmaqdır”.

Azərbaycan TurizmMenecment Universitetinin rektor əvəzi Eldar Aslanov qeyd edib ki, dünya turizm bazarına girmək üçün Azərbaycanda hələ çox işlər görüləcək: "Bu heç də sadə proses deyil. Azərbaycanda turizm sahəsini inkişaf etdirmək üçün istifadəsiz qalan palçıq vulkanlarını, sanatoriya mənşəli əraziləri işə salmaq lazımdır. Dünyada Duzdağı, Naftalan və palçıq vulkanları kimi yerləri olan ölkələri barmaqla saymaq olar. Hətta elə ölkələr var ki, onun mətbəxində yalnız dəniz məhsulunu sevənlər və ya vegeterianlar yemək yeyə bilir. Yəni mətbəxi elə də zəngin deyil. Və ya tam əksinə, daha çox ət və ət məhsulları üstünlük təşkil edir. Lakin Azərbaycan mətbəxi çox zəngindir. Yerli mətbəxdə təkcə 200-ə yaxın vegeterian mətbəx nümunəsi var. Maddi-mənəvi irsimizdən, mətbəx mədəniyyətimizdən, tarixi rəngarəngliyimizdən, təbiətin verdiyi nümunələrdən istifadə edərək turizm növlərini çeşidləndirmək yolu ilə əcnəbiləri cəlb edə bilərik. Naftalan nefti ilə sağlamlıq, böyük tarixə malik Gəncə teatrı ilə mədəni, Göygöl, Maralgölün ətrafında yaylaq kimi ekoturizmi, dağlıq zonalarda, Tufandağda qış turizmi formalaşır”.

E.Aslanov söyləyib ki, artıq bir neçə ildir ki, Azərbaycanda turizmin yeni növü olan ov turizmi inkişaf edir: "Qaydalar çərçivəsində Xəzərdə dəniz məhsullarının və heyvanların ovlanmasını artıra bilərik. Milli parklarımızın ərazilərində davamlı ekoturizmi inkişaf etdirmək olar. Bu qədər çeşid dünyanın heç bir yerində yoxdur. Çünki dünyada elə yerlər var ki, orada dəniz və çimərliyə görə mövsümi var, şimal ölkələrində isə yalnız xizək kompleksləri fəaliyyət göstərir. Odur ki, Azərbaycan təbiətinin rəngarəngliyini, mətbəx mədəniyyətimizi, qonaqpərvərliyimizi önə çəkərək ölkəmizin əhalisinə və ərazisinə görə bəlli sayda turist cəlb edə bilərik”, - deyə Turizm Universitetinin rəsmisi bildirir”.

Ekspert son on-on beş ildə turizm infrastrukturunda xeyli işlər görüldüyünü diqqətə çatdırıb: "Azərbaycanda 517 oteldə 35 min yataq sayı var, bundan başqa təxminən 10 minə yaxın ev kirayəsinin də olmasına baxmayaraq bu da kifayət etmir. 2020-ci ilə kimi yataq sayı 100 minə çatdırılacaq. "Eurovision” mahnı müsabiqəsi, bunun arxasınca beynəlxalq tədbirlər, forumların keçirilməsi, 1-ci Avropa oyunları, "Formula 1” və s. kimi meqa-tədbirlər ölkənin dünyada brend olmasında böyük rol oynayır. Bundan əlavə ayrı-ayrı vaxtlarda Azərbaycanın tanıdılması üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Travel Chanel” və "CNN”də reklam yerləşdirilir. Dövlətin təşkil etdiyi sərgilər, böyük tədbirlər, xaricdə turizm sərgilərində Azərbaycanın iştirakı, böyük kanallarda reklam olunmaq kifayət etmir. Amma kütləvi turist cəlb etmək baxımından ilk olaraq yataq sayı artırılmalıdır. Təbii ki, buna paralel ölkənin tanıdılmasında marketinq işi önə çəkilməlidir. Turist cəlb edərək, pul qazanan şirkətlər bu reklamın ardınca Azərbaycanda konkret turizm məhsulunu reklam etməlidir. Məsələn, Şəkinin yumoristik bölgə olmasını, Daşkəsənin tənəffüs yolları xəstəliyində xüsusi müalicəvi rayon olması, xristian və müsəlman dindarlarının birgə yaşadığı İvanovkanı reklam etmək olar. İnanmıram ki, özünün ayrıca dili olan Xınalığa baş çəkmək avropalı turistlər üçün maraqsız olsun. Bunların hamısı cəlbedici məqamlardır. Şirkətlər reklam nəticəsində müştərilər qazanmalı və onları həmin marşrutlara, turistik məkanlarına cəlb etməlidirlər. İkinci məsələ isə həmin məkanlarda xidmətlərin göstərilməsidir. Məsələn, Xınalıqda turistləri bir-iki gün gəzdirmək mümkündür. Bəs sonra? Bunun üçün oradakı abidələrə marşrutlar, otellərdə asudə vaxtın keçirilməsi üçün xidmətlər təşkil olunmalıdır. Təəssüflər olsun ki, bu gün otellərin əksəriyyətində asudə vaxtın təşkili çox zəifdir. Yerli otellərdə turistə yemək və yatmaqdan başqa daha hansı xidmətlər təklif olunur? Düzdür, yeni açılan bir-iki oteldə bunu görsək də, bu, azlıq təşkil edir. Çeşidi çoxaltmaq lazımdır. Bunun üçün isə vaxt tələb olunur. Çünki kadr hazırlığına müəyyən müddət lazımdır”.

Həmsöhbətimizin fikrincə, Azərbaycanda nar, şərab, alma və uzunömürlülər festivalı keçirmək turistlərin cəlb edilməsi üçün düşünülüb: "10 ilin statistikasına baxdıqda ildən-ilə bu festivallara gələn turistlərin, turistlərdən gələn gəlirlərin, bu sahədə işləyənlərin, istifadəyə verilmiş otellərin sayında 4-5 dəfə artım olub. 2000-ci ildə Azərbaycana gələn turistlərin 400 min, gələn gəlirimiz 170 milyon dollar idisə, 2013-cü ildə 2,5 milyon turistdən 1,4 milyard dollar gəlir əldə olunub. Bir sözlə, Azərbaycanı aktiv turizm ölkəsinə cevirmək üçün ilk olaraq turistlərin qalacağı yerlərin sayını artırmaq, gələn turistlərə keyfiyyətli xidmət göstərən kadrlar hazırlamaq, düşünülmüş marketinq xidmətləri göstərmək lazımdır.

Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Azərbaycan turizminin çox böyük potensiala malik olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan Qafqazda turizm potensialına görə, birinci yerdədir: "Son illər turizm sektorunun inkişafı üçün infrastrukturlar tikilib. Bundan başqa regionlarda yeni hava limanlarının, olimpiya komplekslərinin tikilməsi də turist axınına hesablanmış işlərdir. Yeni marşrutlar işlənib, yeni ekskursiya bələdçiləri hazırlanıb. Bütün bunlar turizm potensialının artırılmasıdır. Təbliğata gəlincə, Azərbaycan bütün xarici sərgilərdə iştirak edir, mədəniyyət günlərinə qatılır. Ancaq Cənub Şərqi Asiya, Latın Amerikası, Afrika ölkələrində də reklamlar vasitəsilə təbliğat aparılmalıdır. Qəbələ artıq beynəlxalq tədbirlərə ev sahibliyi edir. Orada turizm üçün bütün perspektivlər var. Yəni Azərbaycanın bu bölgəsi artıq turist məkanına çevrilib. Bütün bölgələrimizi bu səviyyəyə çatdırmaq mümkündür.

Bu məqsədlə Azərbaycanın milli mətbəxini, mədəniyyətini, qonaqpərvərliyini, 9 iqlim qurşağını təbliğ etməklə turist sayını artıra bilərik. Azərbaycana turist cəlb etmək baxımından xaricdəki səfirliklərimizin üzərinə də böyük məsuliyyət düşür. Bu qurumlar Azərbaycanı gözəl təbliğ etməklə əcnəbilərin ölkəmizə axınını gücləndirə bilər. Avropa oyunlarından sonra ölkəmizə gələn turistlərin sayı daha da artıb. Çünki bu gözəllikləri görən turist ölkəsinə qayıdanda istər-istəməz Azərbaycanı təbliğ edib”.

Ekspert kənd əhalisinin məskunlaşdığı regionlarda istirahətin təşkili üçün imkanların böyük olduğunu söyləyib: "Kənd turizminin inkişafı kəndlərin sosial-iqtisadi inkişafında, əhalinin yerləri ilə təminatında, ərazilərin təbii-iqtisadi potensialından səmərəli istifadə edilməsində əhəmiyyətli rol oynaya bilər. Bu sahə mədəniyyətin təbliğinə, qorunmasına və inkişafına şərait yaradan fəaliyyət növlərindən biridir. Müxtəlif ölkələrdə kənd turizminin inkişafı üçün xüsusi proqramlar hazırlanıb. Bu proqramlarda ətraf mühit və sosial-mədəni abidələrlə tanışlıq, həmçinin gəlirlərin əldə edilməsi, kəndlərdə yaşayan əhali üçün əlverişli həyat şəraitinin yaradılması nəzərdə tutulub. Kənd turizminin digər üstün cəhətləri arasında kustar sənaye məhsullarının, əl işləri ilə hazırlanan məhsulların, yerli və ənənəvi yeməklərin, onların bişirilməsi üçün lazım olan ərzaq məhsullarının satışından əldə edilən gəlirləri də göstərmək olar. Həmçinin, evlərin turistlərə kirayəsindən, turistlərin daşınmasından, bələdçilikdən, təbiətin mənzərəli yerlərinə və muzeylərə baxışdan, yerli vergirüsümlardan, ənənəvi mərasim və ayinlərin təşkilindən əldə edilən gəlirləri göstərmək olar. Bundan əlavə, kənd turizminin sosial inkişafın təmin edilməsində çoxlu üstünlükləri də var. Bunlar dəmir və şose yollarının çəkilməsinə, müxtəlif təbii obyektlərə, mineral bulaqlara, mənzərəli yerlərə yolların çəkilməsinə kapital qoyuluşunu əhatə edir. Eyni zamanda sosial xidmət obyektlərinin, mehmanxanaların, səhiyyə müəssisələrinin tikilməsi və onların göstərdiyi xidmətlərin səviyyəsinin yüksəldilməsi, rabitə, təbii qaz, işıq, istilik, su kimi infrastruktur qurğularının quraşdırılması və müasir tələblər səviyyəsində qurulması, məktəblər və digər sosial mərkəzlərin yaradılması kənd turizminin inkişafı nəticəsində mümkün olur”.

Assosiasiya sədrinin müşaviri kənd turizminin fəaliyyəti zamanı turizm müəssisələrindən alınan vergilərin, həmçinin şirkətlərin əldə etdiyi gəlirlərin bir hissəsinin ətraf mühitin bərpasına və qorunub saxlanmasına sərf edilməsini təklif edir: "Kənd turizminin inkişafı prosesində ətraf mühit haqqında təkliflər, sosial-iqtisadi planlar ətraflı şəkildə, turizmin müxtəlif növlərinin inkişafı nəzərə alınmaqla hazırlanmalıdır. Yerli əhalinin və turistlərin yaranmış imkanlardan daha yaxşı istifadə etməsi üçün kənd turizminin inkişafının bütün istiqamətlərinə nəzarətin təşkil olunması zəruridir”.

 

Ayyət Əhməd

 

Şərq.- 2016.- 15 iyul.- S.6.