QƏZETLƏRİN ARXİVİ QORUNMALIDIR

Bu işdə şəhər kitabxanaları daha etibarlı yer sayılır

 

Hər bir ölkənin tarixi, siyasi, mədəni və ədəbi gerçəkliklərinin aşkarlanıb, öyrənilməsində çap mətbuatının məxsusi rolu var. Hətta çox vaxt qəzet materialları tarixi faktlara, mənbələrə çevrilir. Əlbəttə, Azərbaycanda da əksər sahələrə dair çoxsaylı faktlar mövcuddur ki, onlar ötən əsrlərin qabaqcıl mətbuat nümunələrinin arxivlərindən əldə edilib. Yəni mətbuatın ilkin missiyası maarifləndirmə olsa da, media bütün dövrlərdə həm də ictimai-siyasi və mədəni proseslərə yön verən institut rolunda çıxış edib. Bu baxımdan mətbu orqanların arxivlərinin qorunub, saxlanılması hər zaman ciddi zərurətə çevrilib. Və bu gün də həmin proses davam etdirilir.

"Azərbaycan ordusu” qəzetinin sabiq baş redaktoru, Əməkdar jurnalist İbrahim Rüstəmli də "Şərq”ə söyləyib ki, baş redaktor olduğu müddətdə qəzetin arxivləşdirilməsi işinə çox böyük diqqət ayırıb: "Nömrələrimiz il boyu yığılırdı, nəşriyyatda cildlənirdi və üzərinə ili yazılırdı. Bir də qəzetin arxivləşdirilmə işi Axundov adına mərkəzi kitabxanada da aparılırdı. Adıçəkilən kitabxanaya hər tirajdan mütləq 4-5 nömrə göndərilirdi. Ona görə ki, kitabxanada da arxivləşdirilmə işi daha etibarlı şəkildə həyata keçirilirdi. Eyni zamanda redaksiya tərkibində də qovluqlar şəklində saxlanılırdı ki, qəzetin heç bir sayı itməsin. Bunun çox böyük əhəmiyyəti vardı. Çünki "Azərbaycan ordusu” qəzeti təyinatına görə ciddi vəzifə yerinə yetirirdi. Bu mətbu orqan həm də ordu quruculuğu işinin bir parçası sayılırdı. Rəhbərliyim dövründə qəzetin arxivləşdirilmə işinə yüksək diqqət vardı. Bu diqqəti elə indihiss edirəm. Bizim işlədiyimiz dövrdən fərqli olaraq, indi qəzetin elektron variantı da dərc olunur. Onun arxivləşdirilməsi prosesi elektron versiyada da aparılır. Bir daha təkrar edirəm ki, "Azərbaycan ordusu” qəzetinin arxivləşdirilməsi gələcəkdə ölkəmizin ordu quruculuğu işinin araşdırılması baxımından çox böyük əhəmiyyəti var. Yəni müəyyən hərbi əməliyyatlar, ordu quruculuğu sahəsində görülən müasir işlər və o işlərin həcmi barədə araşdırmalar apararkən bu qəzetdən ciddi mənbə kimi istifadə edə biləcəklər”.

İ.Rüstəmlinin sözlərinə görə, ötən illər ərzində ölkəmizdə ordu quruculuğuna dair çox geniş miqyaslı tədbirlər, işlər görülüb: "Azərbaycanda ordu quruculuğu məsələsinə həmişə məxsusi önəm verilib. Ümummilli lider Heydər Əliyevin dönəmindən başlayan proses indiyə qədər uğurla davam etdirilir. "Azərbaycan ordusu” qəzeti ordu qurculuğu işini ayrıca bir sahə kimi dərc edib. Bundan başqa bir də görürsən ki, hansısa hərbi əməliyyata dair müəyyən mübahisəli nüanslar ortaya çıxır. Anlaşılmazlıqlar yaranır. Kimsə fərdi iddialarla çıxış edib, hər şeyi öz adından danışır. Amma "Azərbaycan ordusu” qəzetində hadisələr real iştirakçıların dili ilə qeydə alınıb. Bir sözlə, keçmişdə baş redaktoru olduğum media quruluşunda arxivləşmə işi həmişə aparılıb. Yalnız 1992-93 və 94-cü ilin əvvəllərinə qədər arxivləşmə işində müəyyən problemlər yaranıb. Ancaq o illərdən sonra qəzetin bütün sayları cildlənib”.

Tanınmış jurnalistin qənaətincə, çap mətbuatının arxivləşdirilməsi işi hər bir redaktorun məsuliyyətidir: "Hər bir redaktor qəzetin illər üzrə arxivləşdirilməsində məsuliyyət daşıyır. Bu, ilk növbədə çağdaş mətbuatımızın araşdırılması üçün xüsusi önəm daşıyır. Həmçinin qəzetlərdə çox vacib informasiya, material və araşdırmalar öz əksini tapır ki, bu da gələcək üçün çox əhəmiyyətli mənbədir. Buna adi, sıradan kimi baxmaq düzgün deyil. Hazırda hər bir redaktor rəhbərlik etdiyi media orqanının arxivləşdirilməsinə ciddi yanaşmalıdır. Sizə bir fakt deyim. 1992-1993-cü illərdə cəbhədə çox böyük şücaətlər göstərmiş, 10-a yaxın düşmən tankını məhv etmiş əsgərimiz barədə bu yaxınlarda müxtəlif fikirlər ortaya atıldı. Bu adam "kantuziyada almışdı. Səhhətində yaranmış problemlə əlaqədar ordudan tərxis edilmişdi. Ancaq onun xidmətlərinə dair konkret heç bir məlumat və sənədləşmə yox idi. Yalnız "Azərbaycan ordusu” qəzeti 1993-94-cü illərdə onun haqqında yazı yazmışdıq. Həmin yazını arxivdən çıxardıb, sürətini müvafiq komissiyaya təqdim etdik. Komissiya baxıb, faktı təsdiqlədi. Xoşbəxtlikdən "Azərbaycan ordusu” qəzetində Tərtər istiqamətində gedən döyüşlərdə ordumuzun göstərdiyi yüksək qəhrəmanlıq nümunələri haqda bir səhifəlik yazı getmişdi. Həmin yazıda qeyd etdiyim leytenant barədə müəyyən məlumatlar verilmişdi. Həmin informasiyalara əsasən o leytenant hüquqlarını bərpa etdi. Bu mənada qəzetlərin arxivləşdirilməsinə böyük ehtiyac var. Bunu daha sivil şəkildə aparmaq lazımdır. Baxın, qəzetin arxivləşdirilməsi bir başqa məsələdir. Arxivin saxlanılması isə daha ciddi işdir”.

Həmsöhbətimiz vurğulayıb ki, ölkəmizdə qəzetlərin arxivləşdirilməsi işi bir o qədər də inkişaf etməyib: "Məsələn, Almaniya, Türkiyə və digər xarici ölkələrdə olarkən şahidi oldum ki, qəzetlərinin arxivləşdirilməsi ilə bağlı çox ciddi işlər aparılır. Arxivlərdə qəzetlərin saxlanma temperaturundan tutmuş havalandırma işinə qədər böyük önəm verilir ki, məhsul zay olmasın. Bu, xüsusi bir sahədir. Özü də diqqətə böyük ehtiyacı olan sahədir. Çox vacib işdir”.

Axundov adına mərkəzi kitabxananı ölkəmizin ən zəngin mədəniyyət ocağı adlandıran sabiq baş yazar bəyan edib ki, sözügedən kitabxanada qəzetlərin arxivləşdirilməsi işinə çox ciddi yanaşılır: "Yadımdadır, baş redaktor olanda mərkəzi kitabxanadan mənə dəfələrlə zəng ediblər ki, qəzetin filan sayı gəlməyib. Biz onu ayrıca zərfə qoyub göndərirdik. Diqqətlərinə diqqətlə cavab verirdik. Tez-tezkitabxanaya gedib, qəzetin arxivləşdirilməsi işinə diqqət yetirirdim. Bəzən xoş təsir bağışlamayan hallarla rastlaşırdım. Məsələn, qovluğun içərisindən qəzetin müəyyən sayları oğurlanırdı. Birgörürdün ki, hansısa səhifənin bir hissəsini kəsirdilər. Kiməsə lazım olub, götürüb səhifənin bir hissəsini kəsib aparıb. Bu artıq kitabxananın deyil, ayrı-ayrı vətəndaşların məsuliyyətsizliyidir. Bütün hallarda Axundov adına kitabxananı çox böyük bir mədəniyyət ocağı kimi dəyərləndirirəm və bu sahədə gördüyü işləri müsbət qiymətləndirirəm”.

Arxivlərdən istifadəyə gəlincə, müsahibimiz bildirib ki, qəzet arxivlərindən istifadə edən jurnalistlərimizin sayı azdır: "Azərbaycan informasiya məkanında əsas problemlərdən biriodur ki, jurnalist hər hansı bir faktı dərindən araşdırmır. Bu, hər sahəyə aiddir. Məsələyə üzdən yanaşır. Bilmirəm, bu bəlkə vaxt məhdudluğu ilə əlaqədardır, bəlkə maddi problemlərdən qaynaqlanır, bəlkə də redaktorun verdiyi tapşırığın düşünülməmiş formada formalaşması ilə bağlıdır. Hər halda bizdə jurnalist araşdırmaları çox zəifdir”.

"Qəzet materiallarını fakt mənbəyi kimi tədqim etmək olarmı” sualına gəlincə, baş yazar bunu real nümunə ilə izah etdi: "Bir faktı deyim. O vaxt Azərbaycanın Milli qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevlə bağlı silsilə yazılar hazırlayırdıq. Bu yazılarda onun 1992-ci ildə müdafiə nazirinə və digər əlaqədar təşkilatlara yazdığı məktubları araşdırdıq və onları şəkli ilə birgə dərc etdik. Bu, artıq faktdır. Fakt daşlamış həqiqətdir. Onu inkar etmək mümkünsüzdür. Ş.Mirzəyev ovaxtkı Müdafiə Nazirliyinə, müdafiə komitəsinə yazır ki, texnika çatışmır, maliyyə problemi vars. Hamısı sənədlərlə nömrələnib. Bu faktı heç kim inkar edə bilməz. Ancaq əksər jurnalistlər onun-bunun ağzından çıxanı yazır. Yazılanları da analiz edəndə görürsən ki, o hesabla Ermənistanda erməni qalmayıb. Hamısını qırıb məhv eləmişik. İnformasiyaya bu cür ötəri yanaşan jurnalistlərimiz də mövcuddur. Problem ondan qaynaqlanır ki, jurnalist öz vəzifəsinə peşəkar yanaşmır. Bəlkə də bilərəkdən yazmırlar, bacarıqları bura qədərdir. Bəlkə də məcburiyyət qarşısında qalıb yazır. Çünki redaktor yazını tapşırır, o da vaxt məhdudiyyəti ilə üzləşir. Ona görə də, məcbur qalır ki, çox dərinə getməsin. Eləsi var ki, bunu qəsdən edir. İşi yola verir. Nəticədə də ümumi mətbuatımız və ya cəmiyyətimiz uduzur. Baş redaktor tapşırıq verəndə bilməlidir ki, hansı tapşırığı kimə və hansı şərtlərlə verir. Bununla belə peşəsinə can yanğısı, diqqət və məsuliyyətlə yanaşan jurnalistlərimiz də var. Onların yazdıqlarını fakt kimi qəbul etməmək mümkün deyil. Bunu danmaq olmaz”.

İ.Rüstəmli düşünür ki, jurnalist araşdırmasının daha keyfiyyətli olması üçün vaxt lazımdır: "Avropada bir jurnalist araşdırması aylarla, bəzən illərlə davam edir. Təəssüf ki, bizdə bu prinsiplər o qədər də yaxşı işləmir. Səbəb də odur ki, jurnalistikaya təsadüfi adamlar gətirilir. Şəxsən o vaxtlar az da olsa, başıma belə işlər gəlib. Təsadüfi adamları gətirib redaksiyaya çıxardırdılar. Həmin adamları işlətməyə məcbur idim. Onların yazılarını düzəltməyə çox vaxt sərf edirdim, Deyirdim ki, qardaş, bu yazını özüm yazsaydım, daha yaxşı olardı. Qısası, təsadüfi adamların jurnalistika sahəsinə axını, ümumi işimizə mənfi təsir göstərir”.

Ayyət Əhməd

Şərq.- 2016.- 10 mart.- S.7