AZƏRBAYCAN KİNOSUNDA BÖYÜK DƏYİŞİKLİK GÖZLƏNİLİR

Bu nəzarət elə insanlara həvalə olunmalıdır ki, kino tarixindən, kino sahəsindən xəbərdar olan insanlar olsun

 

Milli Məclisin Mədəniyyət komitəsinin iclasında yenidən hazırlanmış "Kinematoqrafiya haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən komitə sədri Rafael Hüseynov bildirib ki, kino sahəsində hazırda qüvvədə olan qanun 1998-ci ildə qəbul olunub, o vaxtdan indiyə qədər Azərbaycan xeyli inkişaf yolu keçibyeni qanun layihəsinə ehtiyac var.

12 fəsil və 40 maddədən ibarət olan yeni qanun layihəsində filmlərin istehsalı və yayımlanması, milli kinematoqrafiyanın təbliği və qorunması sahəsində yaranan münasibətlər tənzimlənir. Qanun layihəsinə əsasən kinematoqrafiya sahəsində film komissiyaları da yaradılacaq. Film komissiyası Azərbaycanda audiovizual əsərlərin və filmlərin istehsalına dəstək verən publik hüquqi şəxs olacaq. Komissiyalar fəaliyyətini "bir pəncərə” prinsipi əsasında quracaq və müraciət edən prodüserə audiovizual əsərlərin və filmlərin istehsalında xidmətlər təqdim edəcək.

 

Azərbaycanda kinematoqrafiya sahəsinə güzəştli kreditlərin verilməsi də nəzərdə tutulur. Bu da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Azərbaycanda milli filmlərin televiziya yayımı Azərbaycan dilində həyata keçirilməlidir. Xarici filmlərin televiziya yayımına yalnız Azərbaycan dilinə dublyaj olunduqda icazə veriləcək. Azərbaycan ərazisində fəaliyyət göstərən kinozallardankinoteatrlardan aztəminatlı əhalinin, əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, müharibə iştirakçılarının güzəştli istifadə etmələrinə şərait yaradılacaq.

 

Layihə birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Azərbaycanda film komissiyalarının yaradılmasına Əməkdar incəsənət xadimi, rejissor, aktyor Şeyx Əbdül Mahmudbəyov "Şərq”də münasibət bildirdi: "Birmənalı şəkildə əgər dediklərinə əməl etsələr, təşəkkür edirəm. Yox əgər buranı yaratmaqla yenə kimlərsə bacı uşaqlarına, bacanaq övladlarına yeri kimi nəzərdə tutaraq nəsə edəcəklərsə, onda bu qurumu yaratmasalar yaxşıdı. Kino sahəsindən xəbərsiz, bixəbər olanları gətirib orda başbilən qoymasınlar. Kino sahəsini bilən üç-dörd nəfər qalıb da. Onlar kino sənətini, tarixini bilirlər. Nə qədər ölüb getməmişik, bildiklərimizdən öyrənmək lazımdı. Bu gün Mədəniyyət və Turizm Nazirliyində kino idarəsi fəaliyyət göstərir. Mən ora gedəndə bir nəfər tapa bilmirəm ki, kinodan danışım, söhbət edim. Bu gün qəribə bir layedliklə, kinomuzun qəsdinə duranlar var sanki. İllərdi Şah İsmayıl Xətai haqqında film çəkməyə çalışırıq. Amma buna niyə mane olurlar, bilmirəm. Azərbaycan kinosuna qənim kəsiliblər. Bu nə düşmənçilikdi belə? İndi hamı türk seriallarına baxıb, yerli filmlərimizə yadlaşıblar. Amma vaxtilə Azərbaycan kinosunun tarixi, məktəbi olub. Bizdə film çəkiləndə Türkiyədə kino sahəsi hələ bu səviyyədə olmayıb. Azərbaycan kinosunun tarixi böyükdü. Bu tarixi bilənlər var hələ də. Onları gətirin, onlardan məsləhət alın. Kinodan xəbərsiz adamları məvacib almaq üçün bu quruma gətirəcəklərsə, heç bu idarəni yaratmağa dəyməz. Mən hələ də başa düşə bilmirəm ki, niyə Xətaiyə qənim kəsiliblər? Niyə o filmin yaranmasına əngəl yaradırlar? Ona görə də deyirəm ki, Azərbaycan mədəniyyətinə, kinosuna elə insanlar nəzarət edirlər ki, sanki bunlar milli-mənəvi tariximizi məhv etməyə kökləniblər. Belə insanlar mənəviyyatımıza, tariximizə, kinomuza qənim kəsiliblər. Yenə deyirəm, əgər həqiqətən qurulacaq qurum Azərbaycan kinosunun inkişafına xidmət edəcəksə, olsun. Amma yox əgər bu, bəzi məmurların qohumları üçün yeri olacaqsa, bunu yaratmağa dəyməz. Özümüzü aldatmış olarıq. Ölkədə 3-5 nəfər kinodan xəbərdar olan sənətçi, kino tarixini bilən qalıb. Onların məsləhət və tövsiyələrindən bu gün bəhrələnməsəz, sabah kinomuzun taleyi bəsit serialların səviyyəsi ilə ölçülə bilər. Bu isə tarixi kökü olan kino məktəbimizin sonu olacaq. Dünyanın heç bir yerində dövlət kinoya pul, para ayırmır. Amma dövlət başçımız kinomuzun inkişafı üçün pul ayırıb. Bu vəsait kimlərinsə cibinə gedirsə, buna oğurluq deməyim, nə deyim? Mağazadan çörək oğurlayana oğru deyib, onu həbs edirlər. O oğruları başa düşmək olar, bəlkə ac olur, oğurluq edir. Amma millətin mənəviyyatını, tarixini, mədəniyyətini oğurlayanlara oğru demirik, onları həbs etmirik. Onlar tarixin oğrularıdır. Mənəviyyatımızı oğurlayanlara qarşı sərt olmağı öyrənək. Bir daha qeyd edirəm ki, kinomuzun inkişafı üçün mütləq kino sahəsindən xəbəri olan insanları bir araya toplayıb kinoya nəzarət etmək lazımdı. Bu gün çəkilən seriallar sadəcə bu günün tamaşaçısını bir az güldürməyə hesablanıb. Seriallarda milli-mənəvi dəyərlər yoxdu. Çəkilən serialları sənət əsəri hesab edə bilmərik. Milli Məclisdə bu qərarı qəbul edəndə ora kimləri təyin etməyi də əməlli-başlı götür qoy etsinlər. Bu dəfə kinomuza milli dəyərimizin bir qolu kimi baxaraq daha ciddi yanaşsınlar. Təsadüfi insanları mədəniyyətimizə yaxın buraxa bilmərik. Mədəniyyət millətin güzgüsüdür. Əgər yaradacaqları bu qurumda urvatsız olacaqlarsa, bu qədər xərc töküb yeni bir gəlir ocağı düzəltməsinlər məmur balaları üçün. Heç olmasa bu gün deyə bilirik ki, kinoya nəzarət edən yoxdu deyə belə bəsit filmlər, seriallar çəkilir. Yarandıqdan sonra da qohumlar gəlir orda oturacaqsa, onlar da tanışlıq hesabına kimlərəsə film çəkməyə icazə verəcəklərsə, özümüzü güldürməyək!”

 

Kinorejissor Hüseyn Mehdiyevkinoya nəzarət qurumunun yaradılması xəbərinə münasibət bildirib: "Belə bir deyim var. Avazın yaxşı gəlir, oxuduğun quran olsa! Adı yaxşı səslənir. Kinoya nəzarət! Amma bu nəzarəti kimlər hansı şəkildə həyata keçirəcək? Bax əsas məsələ budu. Mənə elə gəlir ki, kinomuzun inkişafı üçün belə bir nəzarət sistemi qurulmalıdı. Amma bu nəzarət elə insanlara həvalə olunmalıdır ki, kino tarixindən, kino sahəsindən xəbərdar olan insanlar olsun. Azərbaycan kinosunun dərin kökü var. Bu gün nə qədər qüsurlarımız olsa da, onu yenidən müalicə etmək mümkündü. Amma xəstəyə düzgün müalicə o halda olur ki, həkimi əsl həkim olsun. İndi kinoya da kinonu bilən insan nəzarət etməlidi ki, Azərbaycan kinosu iflic qalmasın”.

 

Tahirə

Şərq.- 2016.- 2 noyabr.- S.13