Jurnalistlər  kriminal  xəbərlərdə  diqqətli olmalıdılar

 

Vüqar Zifəroğlu: “Məhkəmə yekun qərar çıxarmayanadək jurnalistin müttəhimi müqəssir adlandırması yolverilməzdir”

Murad Alıyev: “Kriminal sahədə yazan jurnalistlərin bir çoxunun hüquq savadı olmaması bir sıra problemlərə yol açır”

Cavid İsmayıl: "Bu problemin əsas səbəbi təhsil səviyyəsinin aşağı olması, xüsusilə hüquqi biliklərin azlığı ilə bağlıdır”

(əvvəli ötən sayımızda)

Həyatın bütün sahələrində insanların öz hüquqlarını bilməsi vacibdir. Amma bir sıra peşələr var ki, bu sahədə hüquqi biliklərin olması gündəlik şəraitinin tələbidir. Jurnalistika da məhz belə sahələrdən biridir. Bu peşə sahibləri işlərində hüquqi problemləri olan vətəndaşlarla tez-tez işləyirlər. Amma bu sahədə peşəkarlıq o qədər də ürəkaçan səviyyədə deyil. Belə ki, telekanallarda, saytlarda və qəzetlərdə kriminal xəbərlərin təqdim olunmasında bəzi problemlər var. Hüquqi terminologiyadan düzgün istifadə olunmaması çox zaman insanların konstitusion hüquqlarının pozulmasına səbəb olur.

Öncə başlayaq Ali Qanunumuz olan Konstitusiyanın 63-cü maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasından: "Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var. Cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində cinayət qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, həmin insan təqsirsiz sayılır”.

Ancaq Azərbaycanda verilən kriminal xəbərlərdə baş verən hadisə haqqında məlumat verilir və hadisəni konkret şəxsin törətdiyi qeyd edilir. Beləliklə də hadisənin məhz həmin şəxs tərəfindən törədildiyi tamaşaçılara, geniş ictimaiyyətə fakt kimi təqdim olunur.

Məsələn, "Filankəs qonşusu filankəsi güllələyib”. Bir çox hallarda isə hüquq-mühafizə orqanlarının əməkdaşları müxbirin dediyini təsdiqləyir, şübhəli şəxsin hadisəni törətdiyini etiraf edir. Buna baxmayaraq, istintaq bitmədən və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü,

qərarı olmadan şəxsin cinayət törətdiyini demək Konstitusiyanın 63-cü maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyası ilə kəskin ziddiyyət təşkil edir.

Ali Qanunun bu maddəsi konkret olaraq şəxslərə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan "cinayətkar” deyilməsini qadağan etsə də, bəzən bu kimi ifadələrə də yol verilir. Yəni "hadisəni törətməkdə şübhəli bilinən” və ya "təqsirləndirilən şəxs” ifadəsi əvəzinə, "cinayətkar” ifadələri də işlədilir və hadisəyə məhkəmə tərəfindən hüquqi qiymət verilmədiyi halda bu şəxslər cinayətkar kimi təqdim olunurlar. Digər bir problem isə cinayəti törətməkdə şübhəli bilinən şəxslərin qolu qandallı, polisin müşayiəti ilə aparılmasının televiziyalar vasitəsilə göstərilməsidir. Bu səhnə həmin şəxs haqqında təhlükəli cinayətkar obrazı yaradır. Halbuki istintaq başa çatmadan və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan hadisəni həmin şəxsin törədib-törətməməsi məlum deyilistintaq nəticəsində hadisəni tamam başqa bir şəxsin törətməsi də ortaya çıxa bilər.

Qeyd edək ki, Mülki Cəmiyyətə Doğru Mərkəzi "KİV-də təqsirsizlik prezumpsiyası prinsipinə əməl olunması ilə bağlı vəziyyətin monitorinqi: nəticələr və tövsiyələr” mövzusunda "dəyirmi masakeçirib. "Dəyirmi masa” Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "KİV-də təqsirsizlik prezumpsiyası prinsipinə əməl olunması ilə bağlı vəziyyətin monitorinqi və maarifləndirmə tədbirlərinin təşkili” adlı layihə çərçivəsində gerçəkləşib. Monitorinqin nəticələrinə görə, sözügedən istiqamətdə mediada problemlər təxmin edildiyindən də dərindir. Bu problemlərin yaranma səbəbləri müxtəlif ola bilər. Ən diqqətçəkən məqam yayımlanan məlumatların başlıqlarıdır. İlk növbədə oxunaqlı olmaq, xəbərlərin izlənilməsini təmin etmək, reytinq qazanmaq üçün diqqətçəkici başlıqlar seçmək məqsədi güdülür. Bu məqsədlə sensasiyalı başlıqlar verilirbununla şəxslərin təqsirsizlik prezumpsiyası hüququ pozulur. Digər önə çıxan məsələ jurnalist peşəkarlığı məsələsidir. Xəbərlərin yazılışından, seçilən ifadə tərzindən bəlli olur ki, jurnalistlərin bu istiqamətdə maarifləndirilməsinə ciddi ehtiyac var. Jurnalistlərin hüquqi bilgiləri çox azdır və onlar xüsusilə kriminal xəbərlərlə işləməyi, habelə şəxsi həyata hörmət prinsipinin mahiyyətini bilmirlər. Digər bir diqqətçəkən məqam da redaktorların məsuliyyətsizliyi məsələsidir. Redaktorlar jurnalistlərin boşluqlarını tamamlamalı, səhvlərə və pozuntulara yol verməməlidir. Halbuki çox sayda belə pozuntuların yayılması göstərir ki, məsul redaktorlar da bu istiqamətdə müəyyən maarifləndirməyə ehtiyac hiss edirlər.

Bəs, ekspertlər nə düşünür? Təqsirsizlik prezumpsiyası ilə bağlı Azərbaycan mətbuatında problem varmı və bu problemlərin yaranma səbəbləri nəylə bağlıdır?

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq Jurnalistika kafedrasının dosenti Vüqar Zifəroğlu da mediada təqsirsizlik prezumpsiyası prinsipinə əməl olunması sahəsində çox ciddi problemlər olduğunu deyib: "Ümumiyyətlə, şəxsi həyata müdaxilənin yolverilməzliyi və günahsızlıq prezumpsiyası beynəlxalq jurnalistikada başlıca normalar olaraq qəbul edilir və onların təmin edilməsi olduqca vacibdir. Jurnalist peşəsi ilə əlaqədar ünsiyyətdə olduğu adamların şəxsiyyətinə və ləyaqətinə hörmət edir, onları incidə biləcək heç bir hərəkətə yol vermir. Ayrı-ayrı adamların şəxsi həyatına müdaxilə, bu haqda faktların yayılması jurnalist üçün yolverilməz sayılır. Şəxsiyyətin həyatı barədə faktlar yalnız cəmiyyətin və dövlətin vətəndaşların hüquqqanuni mənafelərini müdafiə etmək naminə yayıla bilər”.

 

V.Zifəroğlunun sözlərinə görə, mətbuat işçisinin şayiələrə əsaslanıb hər hansı şəxs barədə məlumat hazırlamağa, onun nüfuzuna zərər gətirə biləcək ifadələr işlətməyə hüququ yoxdur: "Və ya götürək günahsızlıq prezumpsiyasını. Məhkəmə işinin və təhqiqatının çap edilməsi azad olmalıdır. Lakin jurnalist bu cür materiallar üzərində işləyərkən öz subyektiv mövqeyini əsla ortaya qoymamalıdır. Məhkəmə yekun qərar çıxarmayanadək jurnalistin müttəhimi müqəssir adlandırması yolverilməzdir və professional etik normativlərin kobud surətdə pozulması deməkdir. Hər iki norma media ilə bağlı beynəlxalq sənədlərdə, eləcə də beynəlxalq jurnalist təşkilatlarının qəbul etdikləri norma və prinsiplərdə öz əksini tapıb.

Bizim mediada bu prinsiplərə əməl edilməməsi isə daha çox peşə etikası və jurnalist normalarından xəbərsiz olan qeyri-peşəkarların üstünlük təşkil etməsidir. Düşünmürəm ki, jurnalist təhsili olan, peşə fəaliyyətində təcrübəsi olan bir jurnalist sözügedən normalara əməl etməsin”.

"Report.azinformasiya agentliyinin rəhbəri Murad Alıyev isə hesab edir ki, ümumiyyətlə, kriminal sahədə yazan jurnalistlərin bir çoxunun hüquq savadı olmaması bir sıra problemlərə yol açır: "Aydın məsələdir ki, jurnalistika fakültəsində təhsil zamanı dar ixtisaslaşmaya aid sahələr üzrə tədris aparılmır və hər bir jurnalist öz seçdiyi profil üzrə işləməyə başlayarkən həmin sahənin qanunvericiliyini, normalarını öyrənməlidir. Hesab edirəm ki, ekologiya, hərbi və digər sahələrdə müvafiq nazirliklərin, dövlət qurumlarının jurnalistlər üçün təşkil etdiyi treninqlərdən məhz kriminal sahədən yazanlar üçün də təşkil olunmalıdır. Təqsirsizlik prezumpsiyası ilə bağlı problemlər milli mətbuatda bəzən özünü büruzə verir. bunun bir səbəbi qeyd etdiyim hüquqi biliklərin kifayət səviyyədə olmamasıdırsa, digər səbəbi də böyük xəbər axınında oxucu toplamaq, digər KİV-lərdən seçilmək üçün verilən xəbərlərlə bağlıdır”.

 

APA informasiya agentliyinin baş direktor müavini Cavid İsmayıl isə təqsirsizlik prezumpsiyası ilə bağlı Azərbaycan mətbuatında müşahidə olunan problemin yaşının elə Azərbaycanın müstəqillik yaşı qədər olduğunu deyib: "Bu problemin əsas səbəbi təhsil səviyyəsinin aşağı olması, xüsusilə hüquqi biliklərin azlığı ilə bağlıdır. Ona görə də jurnalistikada ixtisaslaşma zəruridir. Yəni həkimlik sahəsində pediatr, terapevt, cərrah, stomatoloq olduğu kimi, jurnalistika sahəsində də ixtisaslaşma getməlidir. Düzdür, son illər informasiya agentliklərində bu cür ixtisaslaşma baş verdi, amma bu, problemi həll etməyə kifayət etmir. Yola davam!”

- Sizcə, universitetlərdə belə bir ixtisaslaşma mütləqdir, yoxsa elə praktikada olmalıdır?

- Universitetlərdə olsa, daha yaxşı olar. Amma praktikada da ixtisaslaşma aparmaq mümkündür.

 

(Davamı olacaq...)

 

Şəymən

Şərq.- 2016.- 20 oktyabr.- S.11