...Zövq alar arif Muğamat var olan yerdə

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

 

Yaranmışdır muğamatım,

əcəbdir şux qəzəllərdən,

Qəzəllər ixtilat eylə,

qara gözlü gözəllərdən,

Gözələr imtina etməz

bu sevdaya dözənlərdən,

Həmişə şad olar dillər

kamança, tar olan yerdə.

Sədayi-mesiqi xoşdur

mənimlə yar olan yerdə,

Xüsusən zövq alar arif

muğamat var olan yerdə.

 

Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə sahibdir. Bir sıra ümumi, bədii cizgilər Azərbaycan muğamını İran dəstgahları, özbək-tacik şaşmakomları, uyğur mukamları, hind raqaları, ərəb nubaları, türk təqsimləri ilə qohumlaşdırır və bütün bunlar Şərq musiqisinin ümumi-bədii ənənələrini təşkil edirlər. Muğam xalqımızın incisidir, xalqımızın genetik kodudur. Nəsillərdən-nəsillərə keçərək muğam Azərbaycan xalqının qan yaddaşını formalaşdırıb.

Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığı 2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən qəbul edilib. YUNESKO Muğamı "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri elan etmişdir.

Muğam bəşəri mədəniyyət səlanəmsidir. Muğam dünya musiqi xəzinəsinin incisidir. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında və bugünkü dövrə qədər gəlib çatmasında mühüm rol oynayıb. Azərbaycanın 1-ci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın söylədiyi kimi, təbiət hər zaman təkrarsız canlandığı kimi, muğam sənəti də heç bir sərhədlərə sığışmayan, azad, özü-özündən bəhrələnən bir sənətdir. Muğam sənəti əsrlər boyu Azərbaycan xalqının milli tanıtma nişanlarından biri kimi milli-mədəni irsimizin əsas hissəsini təşkil edib. Bu mənada, bizi millət kimi qoruyub saxlayan bu mədəni irsi, mədəniyyəti yaşatmaq və təbliğ etmək hər birimizin mənəvi borcudur.

 

Muğamın fəlsəfəsi və ya ruhumuzun qidası...

 

Muğam sadəcə hansısa bəstəkar tərəfindən bəstələnmiş sadə bir musiqi və ya avaz deyil. Muğam insan ruhunu oxşayan, onun psixologiyasına müxtəlif istiqamətli təsir göstərə bilən unikal bir vasitədir. Muğam bizim həyatımızın, varlığımızın bir hissəsidir. Mehriban xanım Əliyeva muğamı obrazlı şəkildə çox dəqiq səciyyələndirib: "Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir.

Muğamın elmi baxımdan açımı həmişə bir sirri özündə ehtiva etsə də, son illər onun sirli və sehirli, mürəkkəb quruluşu araşdırmaçıların ciddi marağına səbəb olub. Tarixi mənbələrdə göstərilir ki, musiqişünaslar, ədəbiyyatşünaslar, tarixçilər, qədim yunan və orta əsr filosofları Şərqdə inkişaf edən bu unikal sənətin sirlərini, muğamların bəşərin inkişafında rolunu və gərəkliyini daha dərindən öyrənmək üçün çoxlu araşdırmalar aparıblar.Muğam şərq xalqlarının fəlsəfəsində, ruhunda mühüm yer tutan fenomen olduğu üçün daim mütəfəkkirlərin, filosofların araşdırma mövzusu olub. Əbu Nəsr Fərabi, Əbu Əli ibn Sina, Əlkindi, Əbdülqadir Marağayi, Səfiyyəddin Urməvi və başqaları hələ o zaman, klassik şərq muğamı barədə nəzəri fikirlər söyləyiblər. Azərbaycanda isə bəstəkar, professional musiqimizin görkəmli nümayəndəsi Üzeyir Hacıbəyov XX əsrdə Şərq musiqisi və muğam nəzəriyyəsinə dair əsas fikir sahiblərindən biri kimi tanınır.Ölkəmizdə ən tanınmış muğam ifaçılarından olan Seyid Şuşinski muğamı bütöv bir ümmana bənzədirdi. Xan Şuşinskinin fikrincə isə muğam yaralı ürəklərin məlhəmi, insanlara təsəlli verən, onları ruhən yüngülləşdirən bir sənətdir. Xalqımızın əhval-ruhiyyəsini, onun xarakterini ifadə edən ecazkar muğam melodiyalarını dinlədikcə insan sanki saflaşır, qürur hissi keçirir. Təsadüfi deyil ki, akademik Vasim Məmmədəliyevin dediyi kimi, musiqimizin Quranı olan muğam Avropa və Amerikada özünə yüzlərlə, minlərlə pərəstişkar tapıb. Azərbaycan muğamlarının bənzərsiz ifaçısı Alim Qasımovun xarici ölkələrdəki çıxışlarının necə qəbul edilməsi buna əyani sübutdur. Vaxtilə bəstəkar Əfrasiyab Bədəlbəyli tamamilə haqlı olaraq muğamatı Azərbaycan musiqi dilinin lüğət fondu, musiqimizin təməli kimi səciyyələndirib.Muğam gələcək nəslə ötürə biləcəyimiz zəngin irsdir

Gözəllik və məhəbbət rəmzi olan muğamın yüksəlişi Azərbaycanın müstəqillik illərinə təsadüf edir. Son 10 ildə aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq, muğam sənəti bir daha dünya musiqi incisi kimi təsdiqini tapdı.Azərbaycan xalqının muğamı Şərq xalqlarının muğamları içərisində özünəməxsus yer tutur. Azərbaycanda muğam sənətinə böyük əhəmiyyətin verilməsi bütövlükdə Azərbaycanın öz muğamına sahib çıxması deməkdir. Azərbaycanın birinci xanımı, Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində muğamımız toyxana, kiçik konsert salonları səviyyəsindən çıxarılıb YUNESKO səviyyəsinə qaldırılıb, muğama layiq olduğu beynəlxalq statusu verilib.

Təsadüfi deyil ki, son illərdə İngiltərə, Fransa, Almaniya, Yaponiya və ABŞ-da muğama maraq xeyli artıb, bu ölkələrdə muğamı çox yüksək səviyyədə qəbul edirlər.

 

Bu gün ümummilli lider Heydər Əliyevin ortaya qoyduğu ideyaların reallaşdırılması, "Muğam Azərbaycanın milli sərvətidir, - deyən Prezident İlham Əliyevin dəstəyi, diqqət və qayğısı, "Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq, - söyləyən Mehriban xanım Əliyevanın təşəbbüsləri nəticəsində muğam sənəti yeni inkişaf mərhələsini yaşayır.

Dövlət başçısının Sərəncamı əsasında Beynəlxalq Muğam Mərkəzinin inşası, Beynəlxalq müsabiqələrin keçirilməsi, kompakt disklərin hazırlanması, elmi simpoziumların təşkili və eyni zamanda, muğamın YUNESKO səviyyəsində təbliği muğama olan marağı artırır, gənc nəslin muğama sevgisini formalaşdırır.

Azərbaycan muğam sənətini dünya səhnəsində təbliğ edən xalq artisti Alim Qasımov mədəniyyətmizin incisi sayılan muğamın təbliği istiqəmətində görülən işlərin dövlət qayğısı nəticəsində həyata keçirildiyini bildirdi: "Qədim və orta əsr Şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu gün də əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilən muğam bir sənət, elm olaraq, daha çox Azərbaycanda inkişaf edib. Bunu muğama yönələn dövlət qayğısı, bu sənətin qorunub saxlanılması və inkişaf etdirilməsi, dünya miqyasında Azərbaycanın milli irsinin incisi kimi tanıdılması yönündə irimiqyaslı layihələrin həyata keçirilməsi söyləməyə əsas verir. Beynəlxalq muğam müsabiqəsinin keçirilməsi isə bir daha muğam sənətinin inkişafı, dünya ölkələrində təbliği istiqamətində həyata keçirilən önəmli layihələr sırasında yer alır. Bu gün Avropanın böyük dövlətlərinin, ABŞ-ın bir çox ştatlarının, Yaxın Şərq və Orta Asiya ölkələrinin səhnələrində Azərbaycan muğamı sevilərək dinlənilir və sürəkli alqışlarla qarşılanır. Mən dünyanın bir çox ölkələrinin böyük səhnələrində muğam konsertləri ilə çıxış etmişəm. Təcrübələrimdən çıxış edərək bütün məsuliyyətimlə deyə bilərəm ki, Amerikada, Avropa ölkələrində muğam son illər daha böyük marağa səbəb olub. Xarici ölkələrdən gələn təkliflər də bunun bariz nümunəsi sayıla bilər. Biz muğamımızın dünya səviyyəsində tanınması istiqamətində görülən böyük layihələrə görə dövlətimizə, Mehriban xanıma borcluyuq. Çünki son 10 ildə məhz dövlət dəstəyi, qayğısı nəticəsində muğam incimiz dünyaya səs sala bilib.Ustad xanəndə, Əməkdar incəsənət xadimi Aqil Məlikov Azərbaycan mədəniyyətinin beşiyi sayılan muğam sənəti barədə danışdı: "Azərbaycan muğamı bu gün özünün yüksək dönəmini yaşayır. Dünyanın ən möhtəşəm konsert salonlarında, səhnələrində Azərbaycan muğamı səslənir. Bu, Azərbaycan milli musiqisinin qələbəsidir. Muğam bizim millətin mənəvi sərvətidir. Onu qorumaq, təbliğ etmək isə hər birimizin borcudur. Bu gün Azərbaycan muğamına dünyanın bir çox millətləri maraq göstərir. İngilisi, fransızı estrada, pop musiqisi ilə təəccübləndirmək mümkün deyil. Ancaq milli musiqimizlə, muğamla biz əcnəbilərin marağına səbəb ola bilirik. Muğam o qədər dərin musiqi janrıdır ki, onu dinləyən hər bir insana təsir edə bilir. Muğam sənətinin inkişaf etməsi, onun təbliği istiqamətində Mehriban xanım Əliyevanın müstəsna əməyi olub. Məhz Heydər Əliyev Fondunun dəstəyi, dövlət qayğısı nəticəsində Azərbaycanda Muğam Mərkəzi fəaliyyətə başladı, muğam müsabiqəsi keçirildi. Bütün bunlar Azərbaycan muğamının dünyada tanınmasına şərait yaratdı. Alim Qasımov kimi dünya şöhrətli xanəndələrimiz var ki, onların xaricdəki çıxışlarının muğamımızın tanınmasında təsiri danılmazdı. Alim Qasımovu dinləyən istənilən əcnəbidə muğama maraq yaranır. Muğam sənəti ilə maraqlanan araşdırmaçılar, musiqişünaslar bu təkrarsız musiqi xəzinəsi ilə maraqlanırlar. Muğam bir çox Asiya ölkələrində, türkdilli millətlərdə olsa da, Azərbaycan muğamı tam fərqli şəkildə muğamı dərk etməyə, onu hiss edərək dinləməyə imkan yaradır. Muğam ilahi bir musiqi incisidir. Muğam bu gün dünyəvi musiqi olaraq da qəbul olunur. Çünki dinindən, millətindən asılı olmayaraq musiqi duyumu olan, musiqiyə dəyər verən tamaşaçını təsirləndirə bilir. Bizlərinin isə üzərinə düşən məsuliyyət böyükdür. Çalışmalıyıq ki, gələcək nəslə, gəncliyə muğam sənəti barədə daha çox məlumat verə bilək, onlara muğamı sevdirək. Muğam kökümüzdü, dünənimiz, keçmişimiz, gələcəyimizdi. Muğamın açdığı qapını bəlkə də dünyanın bir çox diplomatları aça bilməz. Biz milli musiqimizin dili ilə dünyaya Azərbaycan haqqında daha geniş məlumatlar verə bilərik.

Azərbaycan səhnəsinin "Məcnunu, xalq artisti Mənsum İbrahimov da Azərbyacan muğamını dünyada təbliğ edən dəyərli sənətkarlarımız sırasında müstəsna xidmətləri ilə seçilə bilib. Xalq artistinin muğamın bugünkü inkişaf və təbliği istiqamətində maraqlı fikirləri oldu: "Bu gün Azərbaycan muğamı barədə cəsarətlə danışa bilirik. Çünki muğam dünyaya səs sala bilib. Heydər Əliyev Fondu yaranan gündən Azərbaycan muğamı özünün inkişaf mərhələsini yaşayır. Beynəlxalq Muğam Müsabiqələrinin keçirilməsi muğam sənətinin dünya arenasında təbliğinə dəstək verir. 6 muğam müsabiqəsinin, 4 Beynəlxalq Muğam Festivalının keçirilməsi, təbii ki, Heydər Əliyev Fondunun rəhbəri, 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə keçirilib. Bu, bir daha muğamın yaşaması, gələcək nəslə keyfiyyətli, akademik şəkildə ötürülməsi, dünya musiqi səhnəsində özünə bəlli yer tutmasına təsirini göstərir. Azərbaycan muğamı ilə bağlı bir çox böyük layihələrə imza atılıb. Muğam disklərinin, albomlarının dünyanın bir çox ölkələrində lentə alınması, konsert proqramlarının keçirilməsi, muğamın Avropa və digər ölkələrdə təbliği və təşkili istiqamətində görülən hər bir layihə Azərbaycan mədəniyyətinin inkişafına verilən töhfədir. İstər ustad xanəndələrin , istərsə də gənclərin muğam sənətini təbliğ etməsi üçün Azərbaycanda hər cür şərait qurulub. Beynəlxalq Muğam Mərkəzinin fəaliyyəti, muğam sənətinin tədrisi, bazasının qurulması, Muğam Ensiklopediyasının hazırlanması xarici mətbuat səhifələrində Azərbaycan muğamı barədə məlumatların, məqalələrin çap olunması muğama göstərilən qayğının göstəricisidir. Muğam sənətinin inkişafında Mehriban xanımın müstəsna xidməti var.

Son 10-15 il ərzində Azərbaycan muğamına olan qayğı gənclərin muğam sənətinə sevgisini artıra bilib. Bu gün dövlət səviyyəsində muğam sənətinə qayğı olduğundan Azərbaycan Muğamı intibah dövrünü yaşayır. Bu isə Azərbaycan mədəniyyəti tarixinin zənginləşməsi deməkdir. Muğamı digər dünya musiqilərindən fərqləndirən bir çox amillər var. Muğam Allahın bizim xalqımıza verdiyi mənəvi nemətdi, tükənməyən sərvətdi. Muğam həqiqətən bəşəri musiqidir. Muğam ifa olunarkən sözlərini anlamayan dinləyicini belə təsir altına sala bilir. Muğamın sehri də, sirri də ondadır ki, o, dinləyiciyə çox böyük təsir gücünə malikdir. Bu gün dünya musiqi səhnəsində seçilmək üçün muğam qədər böyük təsir gücü olan başqa bir sənət nümunəsinin adını çəkməyə ehtiyac yoxdu. Muğam - fəlsəfi yükü dərin olan musiqi dəryasıdır. Onu araşdırmaq, təbliğ etmək, öyrənmək üçün isə hələ əsrlər lazım gələcək.

Azərbaycan xalqı tarixən üzləşdiyi çətinliklərə baxmayaraq, milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu qoruyub saxlaya bilib. Bizim mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımız və tarixi abidələrimiz xalqımızın mənəvi ruhunu nəsillərdən-nəsillərə ötürüb, milli varlığımızın simvoluna çevrilib.

 

Tahirə Məmmədqızı

Şərq.- 2018.- 24 fevral.- S.12.