Rafiq müəllim mənə azadlıq vermişdi

İstəmədim onun nüfuzundan istifadə etmiş olum, ya da elə görünüm

Əgər efirdə olmaq istəsəydim, o mənə mane olmazdı. Əksinə, deyirdi ki, buyur, əgər istəyirsənsə, efirə çıx

"Rafiq haqqında bəzilərində elə bir fikir formalaşıb ki, Rafiq 4 dəfə evli olub, həyatında 4 xanımı olub, demək, arvadbazdı. Belə düşünənlər var. Amma bu, tamamilə səhv düşüncədir. Belə olmayıb. Bilirsiz niyə?

Eşq və yaş bir-birlərinə təsir edən anlayışlar deyil. Bu baxımdan ikinci bahar insana verilən yeni bir şansdır və o, böyük bir xoşbəxtliyə çevrilə bilər. Onun da həyatında ikinci bahar yaşandı. İllər sonra o, böyük bir eşq yaşamaqla sevgidə yaşın o qədər də önəm daşımadığını göstərənlərdən oldu. Onu tanıyanlar daha çox səmimiyyətinə vurğun idilər. Tamaşaçılara gəlincə isə onu sevməyən var idimi ki?

Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı, professor, Azərbaycan Televiziyasının məşhur siması, diktoru, 100-dən sox kino lentlərinin redaktoru, Rafiq Hüseynovu xatırlamaq istədik.

O Rafiq Hüseynov ki, təkrarolunmaz səsiylə tamaşaçıların sevimlisi, televiziya diktoru kimi çalışmaq istəyən gənclərin kumiri olub. Ölümündən bir müddət keçsə də, hələ də yeri görünür, sevənləri darıxır, qızı atasına ehtiyac duyur, ona həyatının ikinci baharını yaşadan qadın isə bəzən güclü olub Rafiq Hüseynovun yadigarı olan qızı ilə təsəlli tapmağa çalışır.

Rafiq Hüseynovu xatırlamaq üçün onun qapısını döyməyə qərar verdik. Həyat yoldaşı Səbinə Hüseynova çox böyük hörmətlə Rafiq müəllimin qapısını üzümüzə açsa da, müsahibə vermək istəmədi. Dedi ki, ilinə qədər danışmaq istəmir. "Amma bir stəkan çayımı için, qonağım olun.

Uzun söhbətdən sonra Səbinə xanım artıq özü də bilmədən müsahibə verirdi. Çox maraqlı, bir az təsirli söhbətimiz alındı. Rafiq Hüseynovu belə xatırladıq...

- Rafiq müəllim çox tanınmış bir insan idi. Onun dünyasında olmaq həm də çətin olmalıydı...

- Rafiq müəllim tanınmış olmaqla yanaşı, hörməti olan bir şəxsiyyət idi. təbii ki, belə insanın həyatında olmaq həm cəsarət, həm də məsuliyyətli idi.

- Onunla tədbirlərə, dəvətlərə qatılırdız. Tanınmışlar adətən sevir ki, gəlişi ilə diqqət çəksin.

- Rafiq Hüseynovun xarizması var idi deyə diqqət mərkəzində olurdu. Hansı məclisdə olurdusa, masada ona özəl bir diqqət olurdu. Hamı onu dinləməyə çalışırdı. Bu təkcə Bakıda baş vermirdi. Xarici ölkələrdə olanda da, hətta xarici vətəndaşlarla ünsiyyətdə belə onun xarizması diqqət çəkirdi. Əcnəbi insanlarla bir masada oturmuşuqsa, ya ünsiyyət yaranıbsa, o insan heç bilmirdi ki, tutaq ki, Rafiq öz ölkəsində populyar insandı, onlar belə onunla həmsöhbət olmağa maraqlı olurdular, ona bir diqqət yönəlirdi.

- Maraqlıdı...

- Təbii ki, maraqlıdı. Rafiq özü maraqlı insan idi. Gürcülər onu çox sevərdilər. Orda çox tanıyırdılar. Masada çox maraqlı, ünsiyyəti bacaran bir insan idi. Söhbətləri maraqlı idi. Onunla söhbət insanı yormurdu.

- Efirdəki Rafiq Hüseynovla sadə həyatda Rafiq arasında fərq nə idi?

- Bilirsiz fərq nə idi? Əslində eyni insan idi, mədəniyyətində, ünsiyyətində eyni idi. Sadəcə, həyatda daha yumoristik, zarafatcıl bir xarakteri var idi.

- Bu illər ərzində onunla başınıza maraqlı macəralar gəlibmi?

- Maraqlı deyəndə, Rafiq özü maraqlı idi. Ünsiyyəti maraqlı idi, hər günü bəlkə də bir maraq üçün səbəb idi.

- Onu tanıyana qədər televiziyaya gəlmək istəyiniz də yəqin ki, olub?

 

- Var idi. Nə gizlədim? Niyyətim televiziyaya gəlmək idi.

- Bəs nə mane oldu?

- Rafiqlə ailə qurduqdan sonra o istəyimdən vaz keçdim.

- Nəyə görə? Axı Rafiq müəllim daha çox qapıları sizin üzünüzə aça bilərdi. Özümü qadağa qoydu?

- İstəmədim onun nüfuzundan istifadə etmiş olum, ya da elə görünüm. Yəni o barədə heç düşünmək də istəməmişəm. Sadəcə, onunla tanış olduqdan sonra anladım ki, efir çox çətin, həm də göründüyündən daha çətin bir məkandı. Rafiq Hüseynovun həyat yoldaşı olub efirdə olmaq isə ikiqat məsuliyyət tələb edirdi. Məhz ona görə də efir istəyimdən əl çəkdim.

 

- Özü bununla bağlı eyham vururdu sizə?

- Qətiyyən. Rafiq o barədə mənə azadlıq vermişdi. Əgər mən istəsəydim, o mənə mane olmazdı. Əksinə, deyirdi ki, buyur, əgər istəyirsənsə, efirə çıx. Amma onunla ailə qurandan sonra bu aləmin tam içində idim, başa düşürdüm ki, o, böyük məsuliyyətdi. Bir də Rafiq illərlə öz adını, nüfuzunu qoruyub saxlaya bilən şəxsiyyət idi. O, öz adını qoruya bildiyi üçün Rafiq olmuşdu. Onu hər adam bacarmır. Televiziya aləmi elə bir məkandı ki, orada özünü qoruyub saxlamaq çox mürəkkəbdi. Bu məkanda həm düşüncələrini, həm daxili aləmini, mənəviyyatını, şəxsiyyətini qoruyub saxlamaq göründüyündən qat-qat çətindi. İstər insanlarla münasibət, istər tamaşaçı sevgisini qoruyub saxlamaq böyük təcrübə və insanlıq tələb edir. Yazıçı, deyək ki, müəllim və digər sahədə olanlar üçün bunu etmək asandı. Sən öz sənətinlə məşğul olursan və öz həyatın özünə aiddi. Amma televiziya tam başqa aləmdi. Sən milyonlarla ünsiyyətdə olursan, hər zaman diqqət mərkəzindəsən. Bu diqqətin içində özün ola bilmək və o şəxsiyyəti qorumaq hər tanınmışın gücü daxilində olmur.

 

- Rafiq Hüseynovu tanıyandan sonra həyatda nəyi öyrənə bildiniz?

 

- Öyrənmək deyəndə Rafiq mənim gözümü açdı. Belə bir misal var. Deyirlər ki, uşağını tərbiyə edərkən, mütləq deyil deyəsən ki, "bunu etmək olmaz, ya "belə yaşa deyə qadağa etmək məqsəd deyil. Məqsəd onu şəxsiyyət olaraq yetişdirə bilməkdi. Onun varlığı mənim üçün həyat məktəbi idi.

 

- Rafiq Hüseynovu tanıyana qədər, onun həyatına gələnə qədər gənc, iddialı bir xanım, ailə qurduqdan sonra nələri özünüzə qadağa qoya bildiniz. Efirdən imtina etdiniz. Bəs daha nələr?..

 

- Nəzərə alsaq ki, söhbət həm də bugünkü efirdən gedir, təbii ki, bugünkü efir məkanında var olmaq üçün dəyərlər də fərqlidir. Mən axı nə baş verir görürdüm, nələr danışılır eşidirəm, orda olanları analiz edə bilirəm. Əslində elə böyük qadağalarım da olmadı. Çünki mən özümü tanıya bilən insanam. Sadəcə, Rafiqin həyat yoldaşı olmaq məsuliyyətini dərk etmiş oldum. Bu məsuliyyəti hər zaman hiss edirdim. Bu gün də hiss edirəm.

- Rafiq müəllimi efiri izləyəndə, teleməkanda ən çox nələr onu narahat edirdi?

- Efirdə olan savadsızlıq onu daha çox narahat edirdi. O, efiri izləyirdi, aparıcıların danışıqlarını, nitqini müşahidə edirdi. Savadsızlıq, mütaliəsizlik onu narahat edirdi.

- Tələbələri çox idi yəqin.

- Bəli, həddindən artıq çox idi. O, gənclərlə işləməyi sevirdi. Onu da qeyd edim ki, hər tələbəsinə görə həyəcan keçirirdi. Hər birinə görə sanki məsuliyyət hiss edirdi, fərdi yanaşması var idi. Səmimiyyəti yaranmışdı tələbələri ilə aralarında. Çalışırdı ki, onun qeydləri belə o tələbəsinə kömək olsun, uğur qazanmasına təsir edə bilsin. Efirdə tələbələrini görəndə həyəcanlı olurdu. Ya tələbələrindən birinin yazısını görən kimi dərhal diqqət yetirirdi.

- Mətbuatı izləyən biri idi...

- Mətbuatı izləyən və mətbuatı sevən insan idi. Hətta çalışırdı ki, mətbuatda heç kimin qəlbini qırmasın, ondan inciməsinlər. Deyirdi ki, mətbuat insanına hörmət göstərmək vacibdi.

- Tələbəsi olmusuz. Aranızda olan yaş fərqinə baxmayaraq ailə qurmaq təklifini qəbul etdiniz. Maraqlıdı, Rafiq Hüseynovun sizə ailə qurmaq təklifi necə oldu?

 

- Aramızda yaş fərqi ona olan münasibətə təsir etmədi. Yəni elə oldu ki, Rafiq mənə evlilik təklif etdi. Mən də onu sevə bilmişdim deyə bu təklifi qəbul etdim.

 

- Rafiq Hüseynovun bir neçə dəfə ailəli olması barəsində belə bir fikir də yaratmışdı ki, sanki arvadbazdı. Bu sizi narahat etmirdi?

- Rafiq haqqında bəzilərində elə bir fikir formalaşıb ki, Rafiq 4 dəfə evli olub, həyatında 4 xanımı olub, demək, arvadbazdı. Belə düşünənlər var. Amma bu, tamamilə səhv düşüncədir. Belə olmayıb. Bilirsiz niyə? Çünki Rafiq bir xanımdan başqasına getməyib. Yəni bir xanımı başqa birinə görə atmayıb. Bir xanımla münasibət qurub sonra ailəsini dağıtmayıb. Bilirsiniz, sadəcə münasibət bitib, ailədə o səmimilik bitib. Bu vacib məqamdı. Özü səmimi insan olduğu üçün hiss edib ki, iki nəfər arasında olan o səmimi münasibət tükənib, bitib. O yalandan kiməsə münasibət göstərən bir insan da olmayıb. Övlad bağlılığı da olmadığı üçün münasibət bitib, ayrılıblar.

- Bu gün Roza xanımla münasibətiniz varmı?

- Çox gözəl münasibətimiz var. Bizə qonaq da gəlib. Çünki Roza xanım özü gözəl insandı. O xanıma hər zaman sevgim, hörmətim var. Onlar ayrılsalar da biri birilərinə hörmətlə yanaşıblar.

- Rafiq müəllim dünyasını dəyişəndə Roza xanımla da əlaqə yaratdıq ki, münasibət öyrənək. Bildirdi ki, həyatdakı ən yaxın dostunu itirib. Hətta qeyd etdi ki, Rafiq ailə quranda, övladı olanda onu ilk təbrik edənlərdən olmuşam.

- Elədir. Bizi ilk təbrik edən Roza xanım oldu.

- Roza xanımla ünsiyyətdə olanda Rafiq müəllimi ikilikdə necə xatırlayırsız? Nələrdən danışırsız?

- Rafiq müəllimin sağlığında Roza xanım bizə qonaq gəlmişdi. Yəni Rafiq sağ olanda bizim münasibətimiz var idi. Tək Roza xanım deyil, Nərgiz xanım, Şərqiyyə, Həqiqət, Ofelya, Solmaz xanım da evimizin qonağı olub.

- Rafiq müəllimdən evlilik təklifi gələndə bu təklif gözlənilən idimi?

- Gözlənilməz oldu təbii ki. Mən çox gənc idim o məqamda. Həyata baxışım təcrübəsiz idi. Rafiq də bunu hiss etmişdi. Mənə deyirdi ki, bir az həyatda ehtiyatlı olmaq lazımdı. Həyat mürəkkəbdi. Həyat heç də sənin gördüyün kimi çəhrayı rəngdə deyil.

- Siz həyatı çəhrayı rəngdə görürdüz onu tanıyana qədər?

- Mən bir qədər elə görürdüm (gülür). Sonralar başa düşdüm ki, həyatın başqa sərt rəngləri də var imiş.

(Davamı var)

 

Tahirə Məmmədqızı

Şərq.-2018.- 12 may.- S.7.