Ziyalılar o qaliqların Mikayil Müşfiqə aid olduğuna inanmır

 

Çingiz Abdullayev: "Biz demirik ki, bu qalıqlar mütləq Müşfiqə aiddir. Sadəcə olaraq ehtimalları dəqiqləşdirməkdə fayda var"

Şərif Ağayar: "Əgər belə bir ehtimal varsa, bu istiqamətdə ciddi araşdırma aparılmalıdır"

Qulu Ağsəs: "Ümid edirəm ki, DNT ekspertizası o qalıqların, sümüklərin şairə aid olduğunu təsdiqləməz"

Şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılmış işçi qrupunun noyabrın 1-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib. İclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib. İşçi qrupunun gördüyü işlər və əldə edilmiş nəticələr barədə mütəmadi olaraq Azərbaycan Prezidentinə məruzə olunacaq və ölkə ictimaiyyətinə məlumat veriləcək.

Çalışacağıq ki, bu işləri maksimum dərəcədə tez yekunlaşdıraq

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin (MTEPAB) direktoru Ədalət Həsənov şair Mikayıl Müşfiqin qalıqlarının genetik müayinələrinin hamısının Azərbaycanda həyata keçiriləcəyini deyib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları bu işlə məşğul olmağa başlayandan sonra müəyyən sənədləri və iş materiallarını toplayacaqlar. Bundan sonra qərar çıxarılacaq, suallar qoyulacaq və o qərar icra edilmək, eyni zamanda sümük qalıqları öyrənilmək üçün onlara veriləcək. Lazımi materiallar təqdim edildikdən sonra MTEPAB tərəfindən həmin qalıqların genetik müayinəsi aparılacaq: "Daha sonra həmin müayinənin nəticələrinin müqayisə olunacağı şəxslər, yaxud meyit qalıqları bizə təqdim ediləcək. Həmin şəxs, yaxud şəxslər istintaq orqanları tərəfindən müəyyən ediləcək. Onlardan material, məsələn, yaşayan şəxsdirsə, qan götürüləcək və onun da genetikası öyrəniləcək, müayinələrin nəticələri tutuşdurulacaq.

Müayinələrin nəticələrinin açıqlanma vaxtının dəqiq olmadığını vurğulayan Ə.Həsənov deyib ki, hələ onların Birliyinə neçə skelet, sümük veriləcəyi, onların çürüməsinin hansı vəziyyətdə olduğu məlum deyil: "Çalışacağıq ki, bu işləri maksimum dərəcədə tez yekunlaşdıraq.

Orada Əhməd Cavadın da məzarı, yaxud qalıqları ola bilər

Mikayıl Müşfiqin qalıqlarının tapılması və araşdırılması üzrə yaradılan işçi qrupunun üzvü, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev isə hesab edir ki, Müşfiqə aid olduğu iddia edilən qalıqların həqiqətən ona məxsus olub-olmadığını dəqiqləşdirmək üçün hər kəsin bir araya gəlib çalışması çox önəmlidir:

"Cənab Ramiz Mehdiyevin yanında keçirilmiş dünənki iclasda məsələ ilə bağlı hər birimizin fikirləri öyrənildi. Çünki qalıqların təsdiqi, yaxud da əksi üçün bir araya gəlmək çox vacibdir. Biz demirik ki, bu qalıqlar mütləq Müşfiqə aiddir. Sadəcə olaraq ehtimalları dəqiqləşdirməkdə fayda var. Ona görə də işçi qrup cənab prezidentin tapşırığına əsasən iş başındadır. Həmçinin, digər ehtimallar da var. Həmin ərazidə ola bilsin ki, digər görkəmli insanların da qalıqları olsun. Məsələn, Əhməd Cavadla bağlı da fikirlər səslənir. Ərazidə onun da məzarı, yaxud qalıqları ola bilər.

Arxiv materialları ilə məşğul olan hər bir kəsə diqqətli olmağı tövsiyə edirəm

Mikayıl Müşfiqin əmisi nəvəsi Vahab İsmayılzadə teleqraf.com-a verdiyi açıqlamada deyib ki, qalıqların tapılması ilə bağlı xəbər şairin ailəsi üçün sevindirici olmasa da, təsəlliverici xəbərdir: "Mikayıl Müşfiqi büstünün qarşısında yad edirdiksə, indi dua oxutmağa imkan yaranar, ziyarət etmək üçün də konkret güman yerimiz olar. Bu məsələnin, hadisənin kökünü ortaya çıxaran şəxslərə təşəkkür etmək istəyirəm, doğrudur, öz ailələri ilə bağlı addım atılıb, amma arxiv kimi də baxa bilərdilər, zəhmətlərini halal etsinlər. O məzarın bir nəfərlik olmadığı bildirilir, digər şəxslər barədə də yəqin araşdırma olacaq.

Mikayıl Müşfiqin öldürülməsi ilə bağlı müxtəlif iddiaların ortaya çıxmasına rəğmən əmisi nəvəsi tapılan sümüklərin mərhum şairə aid olmasını istisna etmir:

"Bunu ekspertiza müəyyən edəcək. Bu, 3-5 günün araşdırması ilə bəlli olmaz, arxivlərdə tozu çırpılmamış materiallar çoxdur, ümid edirəm, axtarışlar davam edəcək.

Mikayıl Müşfiqin bacılarının taleyi barədə müxtəlif versiyalar irəli sürüldüyünü vurğulayan V.İsmayılzadə deyib ki, guya, Müşfiqin bacısı "NKVDnin işçiləri gəlib onu götürmək istəyəndə özünü yandırıb: "Əslində belə deyil, bu, ailə münaqişəsi zəminində baş verib. Bir şey fakta əsaslanmırsa, kökü yoxdursa, hansısa mənbədə təsdiqini tapmırsa, kimlərsə tərəfindən nə zamansa üzə çıxarılıb tənə kimi qabağımıza qoyulacaqsa, ən yaxşısı özümüz bunu indi deyək də. Ona görə də arxiv materialları ilə məşğul olan hər bir kəsə diqqətli olmağı tövsiyə edirəm. Şairin əmisi nəvəsi DNT üçün analiz verməyə, həmçinin qazıntıda da iştirak etməyə hazır olduğunu deyib.

Onun qəlbimizdəki yeri əbədidir və ordan heç nə əskilmir

Yazıçı Şərif Ağayar isə "Şərqə açıqlamasında Müşfiqə aid olduğu iddia edilən qalıqların həqiqətən ona məxsus olduğuna inanmadığını deyib:

- Əgər belə bir ehtimal varsa, bu istiqamətdə ciddi araşdırma aparılmalıdır. Ölkə başçısı məsələni şəxsi nəzarətinə götürüb bu iddiaların dəqiqləşdirilməsi ilə bağlı göstəriş veribsə, deməli, lazım bilib. Niyə qaranlıq qalsın ki? Hər halda bilmək, bilməməkdən yaxşıdır. Çox doğru addımdır. Onu da deyib ki, aşkarlanan qalıqlar Müşfiqə aid olsa da, olmasa da onun qəlbimizdəki yeri əbədidir və ordan heç nə əskilmir. Ruhu şad olsun!!!

"Müşfiq bizim şəhid şairimizdir"

"Ulduz jurnalının baş redaktoru, şair, publisist Qulu Ağsəs isə "Şərqə açıqlamasında Mikayıl Müşfiqin məzarının tapılması ilə bağlı yayılan xəbəri oxuyanda çox mütəəssir olduğunu deyib:

- O qalıqlar Müşfiqə aid olsa belə məsələnin bu qədər şişirdilməsinin və mətbuata daşınmasının qəti əleyhinəyəm. Mənim aləmimdə Müşfiq kəllə və bir neçə sümükdən ibarət deyil. Biz Mikayıl Müşfiqin daxili və xarici orqanlarını yox, ruh halını sevmişik, onu özümüzə doğma bilmişik. Ruslar üçün Puşkin, Yesenin, ispanlar üçün Lorka kimdirsə, Mikayıl Müşfiq də bizim üçün həmin zirvədə dayanır. Müşfiq bizim şəhid şairimizdir.

 

Şəhidlərin məzarını açıb, qalıqlarını nümayiş etdirmək isə günahdır. Əgər Rusiyada yaşayan hansısa iş adamı atasının məzarını axtaran zaman Mikayıl Müşfiqin qalıqlarını tapıbsa, bu faktı ictimailəşdirmədən, şəklini çəkib reklam etmədən DTX, Mədəniyyət Nazirliyi kimi aidiyyəti orqanlara təqdim etməli idi. Başa düşmədiyim bir məsələ də var. Bu milyarder Müşfiqə aid olduğu iddia edilən skeleti tapıbsa, bu neçə illər ərzində müvafiq dövlət orqanları bu işə niyə diqqət ayırmayıb. Hər halda bu iş adamına həmin məzarın yerini kimsə nişan verib. Yoxsa ki, o həmin məzarın məhz Mikayıl Müşfiqə aid olduğunu hardan bilir? Belə çıxır ki, repressiya qurbanlarının imkanlı varisləri, qohumları ortalığa çıxmasa, dövlət qurumları bu sahəyə diqqət ayırmayacaq. Mən ölkə başçısının Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı məsələni nəzarətə götürməsini və həmin qalıqların ona məxsus olub-olmamasınını aydınlaşdırılması ilə bağlı müvafiq qurumlara göstəriş verməsini təqdir edirəm. Ancaq olmazdımı ki, həmin qurumlar bu məsələni Prezidentin reaksiyasından əvvəl həll edərdilər.

Ümid edirəm ki, DNT ekspertizası o qalıqların, sümüklərin şairə aid olduğunu təsdiqləməz

Daha olan olub, keçən keçib, indi təəssüflənməyin mənası yoxdur. Ümid edirəm ki, DNT ekspertizası o qalıqların, sümüklərin şairə aid olduğunu təsdiqləməz. Bu baş verənlər Müşfiqin ruhuna yaraşmır, ona qarşı hörmətsizlikdir. Bu sümüklər ortaya çıxandan sonra sosial şəbəkələrdə haqqı olan-olmayan, hər kəs onun adını dilinə dolayıb müzakirə açır, ortalığa çıxan "araşdırmaçılar, "tədqiqatçılar cürbəcür iddialar irəli sürüb insanların hissləri ilə oynayırlar. Biri deyir Mikayıl Müşfiq güllələndikdən sonra dənizə atılıb, o biri də diri-diri divara hörüldüyünü iddia edir. Bu adam gənc yaşında repressiya edilib. Ya vəlvələdən, ya zəlzələdən, 29 yaşında məhv edilib. O gündən də Azərbaycan poeziyasında qaysaq bağlamayan bir yara açılıb. Bu xalqın qəlbindəki Mikayıl Müşfiq yarası ilə piar aparıb, İP yığmaq olmaz. Müşfiq bizim milli-mənəvi, ədəbi dəyərimizdir. Sovet istilası, repressiya deyəndə gözümüzün önünə ilk onun siması, dilimizə onun adı gəlir. Necə ki, bu günə qədər Müşfiqə olan sevgimizi ən zirvədə qoruyub saxlamışıq, bundan sonra da eyni cür davam etməliyik. Mikayıl Müşfiq onsuz da nakam tale yaşayıb, heç olmasa, onun ruhunu incitməyək.

 

Şəymən

Şərq.- 2018.- 3 noyabr.- S.7.