PARLAMENT MÜXBİRLƏRİNİN ÜZƏRİNƏ BÖYÜK YÜK DÜŞÜR

 

Milli Məclisin fəaliyyətini işıqlandıran jurnalistlər qanunlardan xəbərdar olmalıdırlar

 

"Bəzən elə jurnalistlər parlamentdə akkreditasiyadan keçib, toplantılara qatılırlar ki, onların məqsədi heçMilli Məclisin iclaslarından xəbər yaymaqdan ibarət deyil. Hər kəs bunu bilir"

 

(…əvvəli ötən sayımızda)

 

Milli Məclisin iclaslarında müxtəlif qanunlar qəbul edilir, ayrı-ayrı sənədlərə əlavə və dəyişikliklər həyata keçirilir. Parlamentin fəaliyyətinin cəmiyyətə çatdırılması üçün gündəlik qəzetlərin, informasiya agentliklərinin və müxtəlif saytların müxbirləri akkreditasiya olunub. Milli Məclisdə deputatların hansısa məsələlərlə bağlı çıxışları, qanunlara edilən əlavə və dəyişikliklər məhz KİV nümayəndələri tərəfindən topluma çatdırılır.

Parlament jurnalistlərinin əsas vəzifəsi Milli Məclisdə baş verən prosesləri, müzakirələri, qanun layihələrini və deputatların çıxışlarını olduğu kimi cəmiyyətə çatdırmaq olsa da, bəzən, jurnalistlər bütün mövzular barədə məlumat verməyin mümkün olmadığını bildirirlər. Parlament müxbirləri bildirirlər ki, məsələn, gündəliyə 30-a yaxın məsələ daxil edilir, onların çoxusuna baxılır və qəbul olunur. Bunların hamısını çatdırmaq isə mümkün deyil. Jurnalistlər cəmiyyət üçün aktual olan məsələləri informasiya formasında verdiklərini, eyni zamanda həmin qanunla bağlı edilən çıxışları, deputatların fikirlərini işıqlandırdıqlarını bildirirlər.

Bu günlərdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov parlament jurnalistlərinin fəaliyyəti, onların Milli Məclisdə baş verənləri olduğu kimi və yetərincə cəmiyyətə çatdırmaması barədə öz narazılığını bildirib. Deputatın sözlərinə görə, istər sosial şəbəkələrdə, istərsə də ayrı-ayrı müəlliflərin yazılarında Milli Məclislə bağlı dolğun məlumatlar Azərbaycan cəmiyyətinə çatmır. O bildirib ki, Azərbaycan mediasının Milli Məclislə əlaqələri daha da möhkəmləndirilməli və parlamentin nəyə qadir olduğu Azərbaycan cəmiyyətinə çatdırılmalıdır.

Bəzi media ekspertləri də parlament müxbirlərinin əksəriyyətinin cəmiyyətə dolğun informasiya vermədiklərini hesab edirlər. Ekspertlərin fikrincə, jurnalistlərin bir çoxu qəbul edilən qanunlarla bağlı lazımi informasiyanı vermək yerinə Milli Məclisdə baş verən digər məsələləri gündəmə gətirirlər və sırf yazının daha çox oxunması üçün məsələyə aidiyyəti olmayan başlıqlar qoyurlar. Jurnalistlər isə iradlarla qismən razı olsalar da, bütünlükdə tənqidləri qəbul etmirlər. Onlar düşünürlər ki, Milli Məclisdə müzakirə olan məsələlərin hamısını deyil, yalnız cəmiyyət üçün maraqlı olan mövzuları yazmaq daha məqsədəuyğundur.

"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Şərq”ə bildirib ki, bəzən Milli Məclisin iclaslarında iştirak edən müxbirlər mövcud informasiyanı öz xarakterlərinə uyğun olaraq yayımlayırlar. Belə olduqda isə müəyyən problemlər yarana bilir:

 "Əflatun müəllimin dediklərində kifayət qədər həqiqət var. Bəzi məqamlarda görürsən ki, parlamentin fəaliyyətini işıqlandıran jurnalistlər hansısa fikri kontekstdən çıxarır və bu zaman tamam fərqli bir məsələ ortaya çıxır. Jurnalistlərin əksəriyyəti hərdən öz xarakterini yazıya hopdurmağa təşəbbüs göstərir. Təbii ki, bu, çox təəssüfləndirici bir məqamdır. Xüsusilə belə hadisələr elektron media qurumlarında baş verir. Amma düşünürəm ki, rəsmi dövlət agentliyi olan "Azərtac”, parlamentin rəsmi orqanı olan "Azərbaycan” qəzeti və digər media qurumları tərəfindən Milli Məclisin fəaliyyəti obyektiv olaraq işıqlandırılır. Təəssüf ki, bəzi media qurumlarının yanlışlıqlara yol verməsi adət halını alıb. Parlamentdə olan bir məsələ yox, qeyri bir hadisə qabardılır. Belə hallara yol verən media qurumları Milli Məclisin fəaliyyətinə ziyan vurmağa çalışırlar”.

"Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin sözlərinə görə, jurnalistlərin fəaliyyəti cəmiyyətə düzgün informasiya çatırmaqdır. Bu, həmçinin jurnalistlərin əsas vəzifələrindən biridir:

 "Əfaltun müəllimin dedikləri ilə razılaşıram. Yəni, bəzi məqamlarda jurnalistlər qəbul olunan qanunların mahiyyətindən kənara çıxıb lazımi məlumatları çatdırmaq əvəzinə, başqa mövzu ilə bağlı informasiya verirlər. Hesab edirəm ki, hadisələrə daha fundamental yanaşmaq lazımdır. Bu, jurnalistlərin peşəkarlığıdır. Demirəm ki, bizim jurnalistlərimiz qeyri-peşəkardır. Sözün əsl mənasında jurnalistikamızda çox peşəkar və hadisələrə obyektiv yanaşan jurnalistlər də var. Amma bəzi hallarda məsələyə fərqli yanaşan jurnalistləri də görürük. Bu, müxbirin peşəkarlığından yox, bir az arxayınçılığından irəli gələn addımdır.

Düşünürəm ki, jurnalist 24 saat işləyir və işlədiyi dövrdə də gördüyü, eşitdiyi informasiyanı dəqiqləşdirib, sonra onu emal etməli və cəmiyyətə çatdırmalıdır. Sözsüz ki, hər jurnalist dövlətin vətəndaşıdır və bütün fəaliyyətində də vətəndaşlıq mövqeyini ortaya qoymalıdır. Jurnalist baş verən hadisələrin hər birini obyektiv şəkildə cəmiyyətə çatdırmağa borcludur. Bu, onun vəzifəsindən, tutduğu postdanjurnalistlik fəaliyyətindən irəli gələn amildir”.

B.Quliyev həmçinin bildirib ki, parlament müxbirlərinin bəzi nüansları tənqidi edilə bilər, lakin bu, sağlam tənqiddir: "Tənqidin kökündə heç bir qərəz dayanmır və kimisə aşağılamaq məqsədi güdülmür. Sadəcə olaraq jurnalist hadisələrə yanaşmaqda peşəkar olmalı və təmsil olunduğu ölkənin vətəndaşı olduğunu nəzərə alıb daha fundamental addım atmalıdır. Qısası, tənqid olan yerdə inkişaf da var”.

Milli Məclislə media təmsilçiləri arasında olan əlaqələrin önəmli faktor olduğunu deyən "Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, hər ilin əvvəlində müxtəlif media təmsilçilərinin parlamentdə akkreditasiyadan keçirilməsi, jurnalistlər üçün texniki şəraitin yaradılması məqbul səviyyədədir:

"Jurnalistlərin parlamentin fəaliyyətini işıqlandırmaq istiqamətində gördükləri işin keyfiyyəti ilə bağlı məsələ olduqca həssas bir mövzudur. Əlbəttə, Əflatun Amaşovun fikirləri ilə razılaşıram. Sözün düzü, bu, mənim üçün olduqca maraqlı bir məsələdir. Nəzərə alsaq ki, ölkədə parlamentin fəaliyyətini təmin edən ayrıca bir televiziya kanalı, radio, mətbuat orqanı yoxdur. Belə şəraitdə Milli Məclisə gedən, baş verən hadisələrin və parlamentin göstərdiyi fəaliyyətin mümkün qədər dolğun formada cəmiyyətə çatdırılmasının bütün yükü akkreditasiya olunmuş jurnalistlərin üzərinə düşür”.

A.Quliyev bildirib ki, Əflatun Amaşovun qaldırdığı məsələ nə qədər maraqlı görünsə də, məsələ ilə bağlı konkret faktları görmək yaxşı olardı:

 "Təklif edirəm ki, Əflatun müəllimin və bu mövqedə olan digər deputatların akkreditasiya olan jurnalistlərlə birlikdə toplantısı keçirilsin. Bu toplantının Mətbuat Şurasında keçirilməsi daha məqəsədəuyğun olardı. Şəxsən özüm də tədbirdə iştirak etmək və konkret arqumentləri eşitmək istərdim. Çünki məqsədimiz parlament jurnalistləri ilə millət vəkillərinin fəaliyyətini bütün cəmiyyəti və hamımızı qane edə biləcək səviyyəyə çatdırmaqdır. Belə bir görüş keçirilərsə, Əflatun müəllimin qaldırdığı məsələ ilə bağlı olduqca məqbul nəticələr əldə edə bilərik”.

"Xalq Cəhbəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də millət vəkilinin iradları ilə razıdır. Onun sözlərinə görə, Milli Məclisin toplantıları ilə bağlı bəzən məqsədyönlü, bəzən də qeyri-peşəkarlıqdan irəli gələrək yayımlanan yanlış məlumatlar problemlərə səbəb ola bilir:

"Söhbət yalnız parlament müxbirlərindən getmir, istənilən qurumda təmsil olunan və istənilən tədbirə gedən jurnalist ilk növbədə peşəkar olmalıdır. İllər öncə parlament jurnalistləri ilə bağlı bir neçə dəfə məsələ qaldırmışdım ki, Milli Məclisə gedən jurnalistlər qanunlarla işlədikləri üçün onlara qanunvericiliklə bağlı xüsusi təlimlərdən keçirilməlidir. Onların qanunvericiliklə bağlı anlayışları olmalıdır ki, buya digər məsələ haqqında danışanda söhbətin hansı qanundan getdiyini başa düşsünlər. Parlament müxbirinin qanundan xəbəri yoxdursa, şübhəsiz ki, o, informasiyanı da öz anladığı kimi təqdim edəcək.

Çox vaxt deputatlar fikirlərini izah etdikləri zaman onlar ictimaiyyət üçün danışmırlar. Yəni bu, publikaya hesablanmış fikirlər deyilonlar qanunvericiliklə bağlı öz təkliflərini peşəkar dildə səsləndirirlər. Təbii ki, jurnalistlər çox vaxt millət vəkillərinin nə demək istədiklərini anlaya bilmirlər və informasiyanı fərqli olaraq cəmiyyətə təqdim edirlər. Beləliklə həm qanunvericilik aktı haqqında, həm də millət vəkili haqqında yanlış təsəvvür formalaşır. Bu da olduqca ciddi problemdir”.

Belə halların aradan qaldırılması üçün jurnalistlərə qanunvericiliklə bağlı daimi treninqlərin keçirilməsinin vacib olduğunu deyən E.Mirzəbəyli treninqlərin 1-2 gün deyil, davamlı şəkildə olmasını vurğulayıb:

 "Digər önəmli məqam ondan ibarətdir ki, ümumiyyətlə qanunvericilik çərçivəsində internet resurslarında olan xaosa son qoyulmalıdır. Media qurumu olaraq müəyyən standartlara cavab verməyən, qeyri-peşəkar, müvafiq texniki imkanlara malik olmayan qurumların fəaliyyətinə imkan verilməli deyil. Hesab edirəm ki, Milli Məclis də məqsədyönlü şəkildə yanlışlığa yol verən media qurumlarının akkreditasiyasına yenidən baxa bilər. Parlament jurnalistləri arasında kifayət qədər peşəkarlar var.

Parlament Jurnalistləri Birliyi (PJB) bu sahədə nüfuzlu bir təşkilatdır. Amma bu yalnız onların fəaliyyətindən asılı olan məsələ deyil. PJB-də təmsil olunan müxbirlər əsasən peşəkar olurlar. Lakin bəzən elə jurnalistlər parlamentdə akkreditasiyadan keçib, toplantılara qatılırlar ki, onların məqsədi heçMilli Məclisin iclaslarından xəbər yaymaqdan ibarət deyil. Hər kəs bunu bilir. Düşünürəm ki, artıq belə məsələlərdə ölçü götürməyin zamanı çatıb”.

 

Yeganə Bayramova

 

Şərq.- 2018.- 12 oktyabr.- S.11.