Bizi tanıyanlar
çoxalır
Azərbaycanın turizm potensialı və ondan istifadə
imkanları
Heç kimə sirr deyil ki, turizm iqtisadiyyatın ən gəlirli
sahələrindən biridir. Neft, tibb,
maşınqayırma sahəsindən sonra dördüncü ən
gəlirli sahə məhz turizmdir. Buna
görə də Azərbaycan müstəqilliyini əldə
etdikdən sonra ölkə rəhbərliyi bu sahəni
inkişaf etdirməyi qarşısına məqsəd qoyub.
Əlbəttə, bu, təbii bir haldır,
çünki təkcə neft sahəsi ilə inkişaf etmək
olmaz və qeyri-neft sektorunun inkişafı vacibdir. Bu mənada müstəqilliyimizin ilk aylarından Azərbaycanda
turizm bazarının hüquqi əsasları bərqərar edilməyə
başlandı. Turizmdə əmək məhsuldarlığının
artım sürəti üçün sosial-mədəni
servis xidmətləri yenidən təşkil olundu.
Azərbaycan turizm ölkəsi kimi...
Şübhəsiz ki, bütün bunları şərtləndirən
ölkəmizin dünyada turizm ölkəsi kimi
tanınması üçün geniş imkanların
mövcud olması idi. Son illər Azərbaycanda turizm sahəsində
beynəlxalq əlaqələrin təşkili və
inkişaf etdirilməsi, turizm imkanlarının təbliği,
milli turizmin inkişafı və turizm infrastrukturlarının
yenilənməsi sahəsində konkret istiqamətlər
müəyyənləşdirilib. Azərbaycanın qədim
tarixə malik olması, Xəzər dənizi sahilində yerləşməsi,
tarixi abidələrlə zənginliyi, dünyanın 11 iqlim
qurşağından 9-nun burada mövcudluğu, insanların
qonaqpərvərliyi, mövcud tolerantlıq ənənələri,
multikultural dəyərlərin qorunması, zəngin milli mətbəximiz,
tariximiz, ədəbiyyatımız, ölkəmizdə olan
davamlı ictimai-siyasi və iqtisadi sabitlik turizmin inkişaf
etdirilməsinə geniş imkanlar yaradır. Ölkəmizdə
12 təbii və tarixi qoruq, 17 müvəqqəti qoruq və
ovçuluq təsərrüfatı mövcuddur. Müxtəlif regionlarda 6 mindən artıq
memarlıq və mədəniyyət abidələri qorunub
saxlanılır. YUNESKO tərəfindən qeydiyyata
alınan "İçəri şəhər", Qız
qalası, Şəki Xan sarayı, Möminə Xatun Türbəsi
və digər mədəniyyət abidələri artıq
bütün dünyada məşhurdurlar. Dövlət
proqramı bütün sərvətlərdən səmərəli
istifadə etməklə, turizmi inkişaf etdirməyi
qarşıya məqsəd qoyub.
Dövlət Turizm Agentliyi
yaradılmasının başlıca məqsədi
Azərbaycanda
turizmin daha da inkişaf etdirilməsi üçün 2018-ci
ilin aprelində yaradılan Dövlət Turizm Agentliyi (DTA) də
bu istiqamətdə
olduqca böyük işlər görməkdədir.
Agentlik aşağıdakı əsas vəzifələrin
icrasını hədəfləyib: turizm sahəsində
sahibkarlığı, ilk növbədə kiçik və
orta sahibkarlığı inkişaf etdirməklə rəqabətə
davamlı turizm bazarını yaratmaq; turistlərə xidmətin
keyfiyyətinin yüksəldilməsini, onun beynəlxalq
standartlara uyğunluğunu təmin etmək; turizm fəaliyyətinin
dövlət tənzimlənməsini həyata keçirmək;
turizmdən dövlət və yerli büdcələrə
daxil olan vəsaitin həcmini artırmaq; turizmin infrastrukturunu,
onun maddi-texniki bazasını möhkəmlətmək; turizm
müəssisələrinin beynəlxalq turizm proqramlarında
iştirakı üçün əlverişli şərait
yaratmaq, xarici investorları turizm sferasına cəlb etmək. Əlbəttə, bu vəzifələrin hər
birinin yerinə yetirilməsi gərgin və məsuliyyətli
əmək tələb edir ki, DTA da bunun öhdəsindən
layiqincə gəlir.
Belə ki, turizm sahəsi yalnız paytaxt Bakıda deyil,
ölkəboyu, bütün rayonlarda inkişaf etdirilir. Bu gün
bütün turistik rayon və kəndlərdə mehmanxanalar, əyləncə
və istirahət məkanları inşa olunur, müasir
standartlara cavab verən parklar salınır. Təbiətin bəxş etdiyi əsrarəngiz məkanlarda
və ya mötəbər tarixi abidələrin yaxın ətrafında
turizm obyektləri yaradılır. Bütün
bunlar da turizm sektorunun ölkəboyu inkişaf etdirilməsinə
böyük bir töhfədir. Bir sözlə,
son illər ölkəmiz beynəlxalq turizm ənənələrinin
inkişafı, turizm şirkətlərinin və
mehmanxanaların sayının artırılması, turizm
sektorunun dünya standartlarına uyğun səviyyədə təşkili
və Azərbaycanın dünya turizm bazarına
inteqrasiyası istiqamətində ardıcıl işlər
aparır. Məhz bunun nəticəsidir ki,
respublikamıza dünyanın bütün ölkələrindən
turistlər axın edir. Bir zamanlar paytaxtda, eləcə də
regionlarda turistə az-az rast gəlinirdisə, indi az qala hər addım başı
dünyanın ən qabaqcıl ölkələrindən Azərbaycana
təşrif buyuran turistlərə rast gəlirik. Azərbaycanda
idman, hərbi, mədəni, tarixi, ədəbi və
hüquqi sahədə təşkil olunan beynəlxalq səviyyəli
tədbirlər də məhz ölkəmizə
çoxsaylı turistin axın etməsinə geniş imkan
açıb.
Turizmin inkişaf etdirilməsi
üçün geniş imkanlar var
Qeyd edək ki, Azərbaycanda turizmin inkişafını
daha çox iki prizmadan yüksək dəyərləndirmək
olar. Birincisi,
ölkəmizə gələn hər bir turist Azərbaycan
tarixi, mədəniyyəti, çoğrafiyası, ərazisi
ilə tanış olur. Və
ən ağrılı məsələmiz olan Dağlıq
Qarabağ münaqişəsinin acı nəticələri və
münaqişəyə dair həqiqətləri öyrənir.
Bununla da Dağlıq Qarabağ problemi ilə
bağlı həqiqətləri dünya ictimaiyyətinə
çatdırırıq. İkinci başlıca məqsəd
isə ölkə başçısı cənab İlham
Əliyevin təbirincə desək, turizmin inkişaf etdirilməsi
əhalinin həyat səviyyəsinin yüksəldilməsinə
və xarici iqtisadi əlaqələrin möhkəmlənməsinə
xidmət edir.
Bir sözlə, ölkəmizdə turizmin inkişaf
etdirilməsi üçün geniş imkanlar yaradılır
və turistlərə xidmət yüksək səviyyədə
təşkil olunur.
Azərbaycan - turistik və
multikultural dəyərlərin qorunduğu ölkə
Biz də “Şərq” qəzeti
olaraq ölkəmizdə turizmin inkişafı ilə
bağlı vəziyyəti real olaraq ictimaiyyətə
çatdırmaq üçün, paytaxt küçələrinə
düşüb, reportaj hazırlamaq qərarına gəldik.
Metronun
"Elmlər akademiyası" stansiyası
yaxınlığındakı Hüseyn Cavid parkında gəzən
hindistanlı turist Dipul Patel bizimlə söhbətində qeyd
etdi ki, Azərbaycanda turistlər üçün geniş
imkanlar yaradılıb və bura multikultural dəyərlərin
qorunduğu bir ölkədir:
"5 gündür ki, buradayam. Azərbaycan xalqından yalnız diqqət və
qayğı görmüşəm. Bizi
çox xoş qarşılayırlar. Heç kim bizə irqimizə, dinimizə görə fərq
qoymur. Gedəcəyimiz yeri soruşduğumuz
insanlar da mənimlə çox səmimi davranırlar. Dincəlmək üçün istirahət məkanlarına
gedirik. Çox zəngin mətbəxiniz
var. İstirahət məkanlarında xidmət səviyyəsi
də yüksəkdir. Azərbaycanda bir
dostum var. İndi onunla görüşməliyəm. O mənə
"Sən bizim ölkədə qonaqsan" - deyib,
bütün xərclərimi qarşılayırdı. Əvvəlcə, mənim yerimə pul xərcləməsi
mənə qəribə gəlirdi, amma sonradan mənə
anlatdı ki, bu məsələlər Azərbaycan
xalqının qonaqpərvərliyindən irəli gəlir.
Sizin qonaqpərvərliyinizə və ürəyiaçıqlığınıza
heyranam. Mən şəxsən Azərbaycan
xalqından çox razıyam. Mən
burada sərbəst şəkildə gəzirəm, dəyib-dolaşan
yoxdur".
Əsrarəngiz təbiət,
maraqlı mətbəx və zəngin adət-ənənələr...
Bir müddət əvvəl Fransanın ölkəmizdəki
səfirliyində çalışmış və hazırda
Bakıya turist kimi səfər edən ukrayn mənşəli
fransız Dmitri Kupinovun da münasibətini öyrəndik.
O da
bildirdi ki, Azərbaycanda əylənmək və dincəlmək
üçün bütün turistik təchizat mövcuddur:
“Azərbaycanda çalışan vaxtlar az qala ölkənizin
möhtəşəm və heyranedici təbiətə malik
rayonlarını gəzmişəm. Qəbələ,
İsmayıllı, Quba, Qusar, Şamaxı, Qax, Zaqatala, Gəncə
və Qazaxa da gedib çıxmışam. Olduqca nəfis təbiətiniz, mətbəxiniz, adət-ənənələriniz
var. Burada insanlar, eləcə də turistik məkan sahibləri
əcnəbi turistləri əllərinin içində
saxlayırlar. Üstəgəl, Azərbaycan
insanların sakit, dinc və əminaman şəkildə
yaşadığı bir ölkədir. Üstəgəl,
burada müxtəlif dinlərin daşıyıcıları arasında mehribanlıq
mövcuddur.
Bu, bir tolerantlıq
nümunəsidir. Azərbaycandakı fəaliyyətim
müddətində sizin ölkədə xristianlara dini
görüşlərinə görə təzyiqlərin
göstərilməsi halına bir dəfə də olsun rast gəlmədim.
Hər kəs öz adət-ənənəsini
və dini inancını rahat şəkildə yerinə
yetirir.
İnanıram ki, Azərbaycan çox qısa bir
müddətdə dünyanın turistik guşələrindən
birinə çevriləcək”.
Tarixi qədim,
təhlükəsiz, insanları mehriban, yeməkləri
dadlı məkan...
"Tarqovı"
küçəsində gəzən ərəb turistə
yaxınlaşıb, Azərbaycanda turizmin inkişafı və
multikultural dəyərlərlə bağlı onun da fikirlərini
öyrəndik. Najah Əl-Muhammad adlı xanım turistin
sualımıza cavabı qısa oldu:
"Biz burada çox rahatıq. Azərbaycan
insanları mehriban, gülərüz, yeməkləri
dadlı, təamlı, təhlükəsiz bir ölkədir.
Heç kim bizə təzyiq, basqı
göstərmir. Bakı küçələrində
rahat şəkildə gəzişirik".
“Çox xoşbəxt
xalqsınız...”
2008-2015-ci
illərdə Azərbaycan Dillər Universitetində (ADU)
müəllim kimi çalışmış, Fransanın
Tuluz şəhərindən olan Döni Möniye də Azərbaycanda
turizmin inkişafına böyük diqqət yetirildiyini
söylədi və ölkəmizdə multikultural dəyərlərin
yüksək səviyyədə qorunduğunu diqqətə
çatdırdı:
Çox xoşbəxt xalqsınız... 10 ilə
yaxın Azərbaycanda yaşadım. Çoxsaylı tələblərim
var. Demək olar ki, əksər tələbəmlə feysbuk
sosial şəbəkəsi üzərindən əlaqə
saxlayıram. Azərbaycanda olduğum
müddətdə Azərbaycandan və azərbaycanlılardan
yalnız diqqət gördüm. Azərbaycan
insanı yeniliyə açıqdır. Ünsiyyətçil
və qayğıkeşdirlər. Azərbaycanda
çalışanda müəllimlərdən biri mənə
"kaklikotu" (red - kəklikotu) hədiyyə etdi və onu
evə aparıb çay hazırladıq. Hələ
də onun qoxusu burnumdadır. Çox bəyəndik.
Azərbaycan xalqı
qaynayıb-qarışmağı sevir. Azərbaycanda
heç vaxt özümü narahat hiss etmirdim. Adama elə səmimi
münasibət göstərirlər ki... Dinimə,
etnik mənşəyimə və dilimə görə,
heç vaxt nifrətlə rastlaşmamışam.
Əslində mağazada, kafedə kimsə biləndə ki,
Fransa vətəndaşıyam, fransızca "Bonjour",
"bonjour" (salam) deyirdilər. Azərbaycan əsl yaşanmalı ölkədir.
İrqçilik, ksenofobiya və rasizmdən əsər-əlamət
yoxdur. Təbiətiniz, turistik məkanlarınız
isə göz oxşayır. Çox xoşbəxt
xalqsınız ki, belə bir ölkənin, belə bir təbiətin
qoynunda
yaşayırsınız.
“Dincəlmək üçün hər
cür şərait var”
Metronun
"20 yanvar" stansiyası yaxınlığındakı
balaca bir butikdən telefon alan pakistan vətəndaşı
Kenan Ahmedi də
söylədi ki, Azərbaycana dincəlməyə gəlib və
hətta mümkün olarsa, iş tapıb işləməyə
də çalışacaq:
"Ölkənizə ilk dəfədir gəlirəm. Çox bəyəndim.
Bəzi dostlarım var, onlara da demişəm.
Onlar da gəlmək istəyirlər. Azərbaycanda qalıb işləmək haqqında
da düşünürəm. Burada da alqı-satqı ilə məşğul
olan pakistanlı dostlarım var. Heç bir çətinlik
çəkmədən burada işləyib, pul qazanırlar.
Çox səmimi millətiniz var. Heç kim
mənə dərimin rənginə, başqa millət
olduğuma görə fərq qoymur. 10
gündür ki, buradayam kirayədə qaldığım
binada qonşularla dostlaşmışıq. Azərbaycanlı gənclərlə futbol
oynamağa gedirəm. Onlardan Murad adlı
bir dostum məni tez-tez evlərinə qonaq dəvət edir və
anası bizim üçün aş, dolma bişirir. Demək olar ki, Azərbaycan milli kulinariyası ilə
yaxından tanışam. Çox zəngin
mətbəxiniz var. Burada bizim hüquqlarımız tamamilə
qorunur. Öz ölkəmdə necə
rahat gəzib-dolaşıramsa, Azərbaycanda da bu şəkildə
yaşayıram. Siyasi baxımdan da Azərbaycanla
Pakistan arasında çoxsaylı müqavilələr
mövcuddur. Bunun da bizə olan münasibətə
çox böyük müsbət təsirləri var".
“Özümü evimdəki kimi hiss
edirəm”
Azərbayanda bakalavr təhsili alan türkiyəli tələbə Enes
Sarıoğlu da ölkəmizin turistik imkanlarını
çox yüksək qiymətləndirib. Bundan başqa o
söyləyib ki, Azərbaycanda özünə və digər
qonaqlara qarşı aryrıseçkilik və təzyiqlər
müşahidə etməyib:
"Biz iki dövlət bir millətik. Hamımızın
soyumuz eynidir. Biz hamımız bir soyun,
qanın daşıyıclarıyıq. Bu mənada Azərbaycanda
olarkən özümü Türkiyədə öz baba
yurdumda, öz evimdə olduğum kimi hiss edirəm. Dilimiz, dinimiz, məsləkimiz eynidir. Nəinki Türkiyə vətəndaşlarına,
digər xalqların və millətlərin nümayəndələrinə
də çox dözümlü yanaşılır. Sən də bilirsən ki, bizim qrupda kamerunlu tələbə
təhsil alırdı. Ona qarşı qrupda,
küçədə, yolda hiç bir irqi, dini
ayrıseçkilik baş vermirdi. Hətta o da
bir neçə dostuna Azərbaycanda təhsil almağı
tövsiyə etmişdi. Azərbaycan
qapısını bütün dünyaya açıb.
Dilindən, dinindən, irqindən, məsləkindən və etnik kökənindən
asılı olmayaraq bu ölkədə hər kəs
qaynayıb, qarışıb. Hətta bu
günAzərbaycanda olan multikultural dəyərlər, digər
xalqlara tolerant yanaşma bəzi Avropa ölkəsinin
özündə belə yoxdur. Baxın,
bir fransız vətəndaşına ingilis dilində sual verəndə
o dili bilsə də, sənə cavab vermir. Və yaxud da bir gürcüyə rusca sual verirsən,
sənə çox çətinliklə cavab verir. Bu mənada Azərbaycan doğrudan da əsl
multikultural və turistik bir ölkədir.
“Bakıda, rayon və kəndlərinizdə
çox möhtəşəm məkanlar var”
Rusiyalı
turist Qonçarova Lyüba Dmitri qızı da Azərbaycana səfər
etməkdən çox məmnundur:
Artıq 2 ildir ki, dincəlmək üçün Azərbaycanı
seçirəm. Bakıda, rayon və kəndlərinizdə
çox gözəl, möhtəşəm mənzərələr
var. Təbiət, mətbəx, xidmət, qiymətlər və
insanlar vəhdət təşkil edir. Hər
şey yüksək səviyyədədir. Rahat şəkildə gəzirəm, tarixi binalar və
mədəniyyət abidələrinə baş çəkirəm.
Kimsə mənə dinimə, irqimə və
etnik kimliyimə görə fərq qoymur. Azərbaycan
xalqı çox səmimi, mehriban xalqdır. Azərbaycanın ənənələrini də bəyənirəm
və burada olmağımdan çox razıyam”.
Ayyət Əhməd
Şərq.- 2019.- 2 noyabr.- S.15.