“Bu xalqın artisti, bu xalqın dilində
danışmalıdır”
Möhsün Nağısoy: "Yanıma
Xalq artisti gəlmişdi, cərimə sözünü
eşidəndə az qaldı ki, ağlasın"
"Guya, rusdilli məktəblərdə
daha yüksək səviyyədə təhsil verirlər. Bu,
əslində geriliyin əlamətidir"
Nəsimi
adına Dilçilik İnstitutunun direktoru, Filologiya elmləri
doktoru, professor Möhsün Nağısoy “Şərq”in
suallarını cavablandırıb. Onunla
Azərbaycanda dil normalarının qorunması istiqamətində
atılan addımlar, məmurların dil problemi, ölkəmizdə
rusdilli məktəblərə marağın artması,
aparıcı və müğənnilərin dil
normalarını kobud şəkildə pozmaları və
başqa mövzular ətrafında maraqlı fikir mübadiləsi
apardıq.
- Azərbaycanda
dil normaları hansı səviyyədə qorunur?
-
2013-cü ilin sonunda Dilçilik İnstitutunun nəzdində
Monitorinq Şöbəsi yaradılıb. Azərbaycanda “Dil
haqqında Dövlət proqramı” var. Bu proqram 9 aprel
2013-cü il tarixində ölkə
Prezidentinin sərəncamı ilə təsdiq olunub. Ona uyğun olaraq, xüsusi şöbə
yaratmışıq. Şöbənin əsas
işi dil pozuntularının qarşısını almaq, ədəbi
dil normaları ilə bağlı müəyyən işlər
görməkdir. Biz yalnız maarifləndirmə
işi aparırıq. İnsanlara dil
normalarını izah edirik. Reklamların və
saytların məsələsi ilə bağlı "dəyirmi
masa"lar keçiririk. Amma
bizim təsir mexanizmimiz yoxdur. Yalnız
izahedici və maarifləndirmə işləri aparılır.
Bütün bunların hamısı vətəndaşların
vətəndaşlıq borcuna, ana dilinə hörmətə
və sevgisinə bağlıdır. Kimsə ana dilini
sevirsə, öz dilini millətinin sərvəti və
varlığı hesab edirsə, o adam dil
normalarına əməl edir, onu qoruyur. Dilini sevən adam iaşə obyektinə əcnəbi ad verməz.
-
İaşə obyektlərindən söz
düşmüşkən deyim ki, restoran, şadlıq evləri
və digər obyektlərə elə adlar verilir ki, onu tərcümə
edib, mənasını dərk etmək bir yana,
heç üzündən oxumaq olmur. Bunun
qarşısını almaq olarmı?
- Mən
də şahidi olmuşam ki, iaşə obyektlərinə əcnəbi
adlar verilir. Halbuki, Azərbaycan
Respublikasının "Dövlət dili haqqında"
qanunu var. Bu qanun 2 yanvar 2003-cü ildə ulu öndər Heydər
Əliyevin imzası ilə təsdiq olunub. Birmənalı şəkildə yazılıb ki,
istənilən elan başqa dildə yazıla bilər, bir
şərtlə ki, onun həcmi Azərbaycan dilindəkindən
çox olmasın. Yəni, elan və
reklamlar ilk növbədə ana dilimizdə
yazılmalıdır. Ondan sonra başqa
dildə də yazıla bilər.
- Prezident
İlham Əliyev Azərbaycan dilinin saflığının
qorunmasına dair sərəncam imzaladı...
-
Prezidentin sərəncamı ilə Monitorinq Mərkəzi
yaradılmalıdır. Ölkə
başçısı Azərbaycanda dil normalarının
qorunmasına xüsusi diqqət yetirir. 2015-ci ildə
Akademiyanın 70 illiyi ilə bağlı keçirilən
yubiley tədbirində Prezident söylədi ki, Azərbaycan
dili o qədər zəngin dildir ki, əcnəbi kəlmələrə
ehtiyac yoxdur. Əslində hər kəs ölkə
başçısının dilimizə münasibətindən
özü üçün nümunə götürməlidir.
Çünki millətini sevən dilini sevir,
dilini sevən vətənini sevir. Dil bizim
milli sərvətimizdir, xalqımızın
varlığıdır. Amma yenə də
deyirəm ki, bizim qurum yalnız maarifləndirmə işləri
aparır. Təsir mexanizmimiz
olmadığına görə, qəti addım ata bilmirik.
- Ola bilərmi
ki, bu şöbəyə də cəzalandırma imkanları
verilsin?
- Təklif
etmişdik ki, Monitorinq Mərkəzi yaradılanda o quruma cərimə
tətbiq etmək səlahiyyəti də
verilsin. Yəqin onun da üzərində işləyəcəklər.
Özü də cərimə deyəndə, çox adam elə anlayır ki, təkcə fərdləri
cərimələyəcəklər. Xeyr, elə deyil! Reklam agentlikləri və iaşə obyektləri cərimələnəcəklər.
Onları cərimələsələr, işlər
qaydasına düşər. Baxın,
şadlıq evləri ekologiyanı çirkləndirdikləri
üçün onları cərimələyirlər. Həmin şadlıq evləri dilimizi çirkləndirirlər,
amma cərimələnmirlər. Mənə
elə gəlir ki, buna oxşar qayda dillə bağlı da tətbiq
edilməlidir.
- Təkliflər
vardı ki, Azərbaycanda dil normalarının qorunması
üçün “Dil polisləri” yaradılmalıdır. Bu məsələ nə dərəcə realdır
və ümumiyyətlə, həmin mexanizmə ehtiyac
varmı?
-
Baltikyanı ölkələrdə bu məsələ tətbiq
olunur. Bizdə isə ehtiyac duyulmur. Amma yeni yaradılacaq Monitorinq Mərkəzinə dil
normalarını pozan qurumları cərimələmək səlahiyyəti
verilsə, bu, effektiv olar. “Dil polisi” kiminsə
yanında dayanıb, onun dil normalarını pozmasını
izləməyəcək ki? Millətimiz
şüurlu millətdir. Maarifləndirmə
işləri davam etməli, eyni zamanda qurumların cərimələnməsi
mexanizmi hazırlanmalıdır.
- Bəzi
məmurlarımız Azərbaycan dilində səlis
danışa bilmirlər. Onların Azərbaycan
dilindəki biabırçı çıxışları
sosial şəbəkələrdə yayılır və
gülüş predmetinə çevrilir.
- Biz
Monitorinq Mərkəzinin nizamnaməsini hazırladıq. Müəyyən tövsiyələrimizi də
verdik. Maraqlı təklif də irəli
sürdük ki, dövlət məmurları işə qəbul
olunarkən onların ana dili səviyyəsi yoxlanılsın.
Axı ana dili dövlətin atributlarından
biridir. Biz necə ki, bayrağımıza
ehtiramla yanaşırıq, dilimizə də o cür dərin
hörmət və ehtiramla yanaşmalıyıq. Axı dil də dövlətin atributudur. 9 noyabrda “Bayraq günü”ündə bütün
ölkə bayrağa bürünmüşdü. Dilimizi də bu əyarda sevməliyik. Düşünürəm ki, məmurlar da ana dilimizə
hörmət etməlidirlər. Dilimizi
mükəmməl öyrənməlidirlər. Ümummilli lider Heydər Əliyev dilimizi
yaxşı bilməyən bir neçə məmura xəbərdarlıq
etmişdi ki, ana dilimizi öyrənməsəniz, vəzifənizdən
azad ediləcəksiniz. Konstitusiyamızda təsbit
olunub ki, hər bir şəxs – məxsusi olaraq məmurlar ana
dilimizi çox gözəl bilməlidirlər. Baxın,
Prezident İlham Əliyev Azərbaycan dilində necə
gözəl, səlis, rəvan danışır. Bu məsələdə milli düşüncə,
milli şüur, milli qeyrət lazımdır.
- Azərbaycanda
rusdilli məktəblərə maraq kifayət qədər
artıb. Məhz bunun fonunda da rusdilli məktəblərin
sayı xeyli çoxalıb. Niyə?
- Azərbaycan
hüquqi, demokratik və sivil ölkədir. Konstitusiyamızda
21-ci maddə var. Azərbaycan Respublikasının dövlət
dili Azərbaycan dilidir. Həmin maddənin
aşağı hissəsində yazılıb ki, Azərbaycan
dövləti ölkədə yaşayan başqa xalqların
da dilinə hörmətlə yanaşır. Və onların inkişafına dövlət
qayğısını həyata keçirir. Bu da insanlardan asılıdır. Elə ailələr mövcuddur ki, ata da, ana da rus
dili bilmir, amma uşağını aparıb, rusdilli məktəbə
qoyub, bədbəxt edir. Bu da milli
şüurdan və vətəndaşlıq qeyrətindən
irəli gəlir. Bunun
qarşısını almaq da mümkün deyil. Azad, demokratik ölkədə yaşayırıq.
Kiməsə qadağa qoya bilmərik ki, sən
övladını rusdilli məktəbə qoyma. Bu, sovet dövründən qalan psixologiyadır ki,
guya, rusdilli məktəblər daha yüksək səviyyədə
təhsil verirlər. Bu, əslində
geriliyin əlamətidir.
- Dilimizə
xarici dildən keçən, yəni, alınma sözlərə
münasibətiniz necədi? Bu sözləri
almaqmı daha yaxşıdır, yoxsa onların öz dilimizdə
ekvivalentini tapmaqmı?
- Mən
də bir vətəndaş və bir dilçi kimi bunların
əleyhinəyəm. Sözləri başqa dillərdən
hazır almağın əleyhinəyəm. O sözlərin
qarşılığı dilimizin daxili imkanları
hesabına tapılmalıdır. Jurnalistlərə neçə
dəfə demişəm ki, “selfi” yox “özçəkim”
deyin. Bunu öz sözlərimizlə demək
lazımdır. Çavuş, gizir,
tağım sözlərini işlətməliyik. Dialektlərimiz və yazılı abidələrimizdə
gözəl sözlər var. Ölkəmiz müstəqillik
qazandıqdan sonra yeni sözlər yarandı. Bu məsələdə jurnalistlərin də üzərinə
böyük yük düşür. Jurnalistlər
yeni yaranan sözləri yazılarda işlətməlidirlər
ki, o sözlər ümumişlək hala gəlsin.
-
Dilçilik İnstitutu hansısa sözün ekvivalentini cəmiyyətə
təqdim edəndə bunu bəzən gülüşlə
qarşılayırlar...
- Biz cəmiyyətə
bildirmişik ki, “adapter”ə “yükləyici”,
”zaryatka"ya “yükləmə”
“udilnitel”ə “uzadıcı”, “atvyortka” “burğac” və “buraç” deyək.
Belə sözlərin
qarşılığını tapmaq lazımdır. Əslində bunlar terminologiya şöbəsində
çalışan mütəxəssislərin işidir.
Bu sözləri işlətmək
lazımdır. Düzdü, əvvəl o
sözlər qulağa yad gələcək, amma sonradan qulaq
alışacaq. Rəsul Rza “çimərlik”
sözünü yaratdı. Bir müddət “plyaj” dedilər,
sonra hamı “çimərlik” dedi. İndi
hamı “çimərlik” deyir. Ölkəmizə
türklər gəlmişdi, onlar “tıxac” sözünü
çox bəyəndilər. Dedilər biz ona
“tıkışma”, yəni “sıxlaşma” , “trafik” deyirik,
amma siz tapdığınız söz çox gözəldi. Tıxacda doğrudan da maşınlar tıxanıb,
qalır.
- Əvvəllər yazıçı və şairlər
rayon və kəndlərə təşrif buyurub, xalqın
özünün yaratdığı sözləri öyrənirdilər,
əsərlərində həmin sözləri istifadə
edirdilər.
O sözlər də ümumişlək hal alırdı. Amma indi gənc şair və yazıçılar,
sanki, dilin üz qabığı ilə işləyirlər.
Yeni söz, ifadə axtarışına
çıxmırlar...
- Səməd Vurğun “sayrışmaq”
sözünü işlətdi. Süleyman Rəhimovun
dilindən də yeni sözlər yarandı. Bu məsələdə şair və
yazıçıların da üzərinə böyük vəzifə
düşür. Bu məsələ ilə
bağlı dialektologiya şöbəsi maraqlanır. Dövlət proqramına əsasən 2015-ci ildə
Azərbaycan dilinin dialektoloji atlasının tərtibatına
başlandı. O, 4 dialektdə hazırlanacaq. Naxçıvan dialektoji atlası bu ilin sonuna
hazır olacaq. Qarabağ dialektoji atlası
da hazırlanmalıdır. Planda Dərbənd,
Borçalı və Təbriz və ümumiyyətlə, Azərbaycanın
dialektlərinin geniş miqyasda atlası hazırlanacaq. Məsələn, bizim ağrılı yerimiz
orfoqrafiya lüğəti idi. Onun da
üstündə durdum, hazırladıq.
Əlişir
Nəvai “Mühakimət ül-lüğəteyn” tədqiqat əsərində
iki dilin - fars və türk dillərinin
müqayisəsini aparır. Və
üstünlüyü türk dilinə verir. Yazır ki,
“qoyun” sözü fars dilində cəmi bir sözlə ifadə
olunur, amma bizdə quzu,
toğlu, şişək, qoyun və s. deyilir. Dilimizin zənginliyi,
çoxçalarlılığı və zənginliyi
bundadır. Yazır ki, farslarda “ağlamaq” feli cəmi bir fellə
ifadə olunur. Amma bizdə “ağlamaq”,
“hıçqırmaq”, “hönkürmək” və s. sözlər
var. Dialektlərdən söz almağı
planlaşdırırıq. Bu,
olduqca əhəmiyyətli məsələdir.
-
Müğənnilərin də dil normalarını
pozmaları halına çox rast gəlinir. Bununla
bağlı hər hansı bir tədbir
görmüsünüzmü?
-
Müğənnilərin də monitorinqini keçirdik. Adını
demək istəmirəm, Xalq artisti gəlmişdi. Dedim ki,
düşünürük ki, dil normalarını pozan
müğənniləri cərimələyək. Bu
sözü eşidəndə az qaldı ki, ağlasın.
Dedi ki, Möhsün müəllim, onda gərək cəriməni
öncə mənə tətbiq edəsiniz. Doğrudan da
ağlamalı vəziyyətdir. Gözəl müğənnidir,
amma deyir daha çox rus dilində danışıram. Bu
xalqın artisti, bu xalqın dilində
danışmalıdır. Yenə deyirəm, dil millətin sərvətidir.
Xalq artisti də bu xalqın dilini, sərvətini
qorumalıdır.
- Teleaparıcılar da dil normalarına əməl etmirlər...
- Telekanallar xalqın güzgüsüdür.
Bizi xaricdəki azərbaycanlılar da izləyirlər. Hər
kəs özündə məsuliyyət hiss etməlidir və
dilimizi qorumalıyıq.
Şərq.-2019.- 14 noyabr.- S.5.