İki dəfə infarkt keçirdim, əlim, ayağım şikəstdir

Natiq Nuriyev "Müalicəm üçün Prezidentimizdən, Mehriban xanımdan kömək istəyirəm"

Tanınmış skripka ifaçısı, Əməkdar artist Natiq Nuriyev "Şərq"in qonağı olub. Səhhəti ilə bağlı çətinliklər yaşayan, uzun müddətdir müalicə alan Əməkdar artist

Şərqi ümid qapısı hesab edib ürəyini açdı, dərdini bölüşdü.

- Natiq müəllim, necəsiz, özünüzü necə hiss edirsiz?

- Şükır qızım, yaxşıyam. Allah hamıya kömək olsun.

- Uzun müddətdir efirlərdə sizi görmürük...

 

- Mən gileylənməyi sevən kişi olmamışam. Ona görə də nə deyim? Çalışmağı sevən insanam. Sadəcə iki dəfə infarkt keçirtdikdən sonra səhhətim imkan vermədi efirə çıxım, səhnədə olum, əlim, ayağım şikəstdi. Hərəkət edəndə çox çətinlik çəkirəm. Musiqiçinin də əli-ayağı yerində olmadısa, şikəst oldusa, canlı ölüdür.

- 45 il səhnədə olmusuz. Azərbaycan teleməkanında ilk skripka ifa edən musiqiçilərdən birisiz.

- Bəli, 45 ildən çox səhnədə olmuşam, peşəkar şəkildə fəaliyyət göstərmişəm. Sənətimə bağlı insan olmuşam. Kimlərin qarşısında çıxışlarım olmayıb ki?

- Həqiqətən, kimlərin qarşısında çıxışlarınız olub...

- Sovet vaxtından bu yana çox böyük insanların qarşısında skripkamla sənətimi sərgiləmişəm. Yaradıcılığıma böyük dəyər verən ulu öndərimiz Heydər Əliyevin qarşısında dəfələrlə çıxışlarım olub. Prezident İlham Əliyevin qarşısında çıxış etmişəm. Prezidentimiz, ailəsi mənim yaradıcılığıma bələddir. Çünki zamanında çox məclislər olub ki, mən ora dəvətli olmuşam.

- Dan ulduzu kimi instrumental ansamblın solisti olmusuz...

- Bəli, vaxtilə Dan ulduzu kimi ansamblın solisti olmaq hər musiqiçiyə qismət olmayıb. Sovet dönəmində 12 ölkədə qastrol səfərim olub. O vaxt ölkədən kənara çıxmaq, xarici ölkələrə qastrola getmək asan deyildi.

- Səhv etmiriksə, Xalq artisti Zeynəb Xanlarova ilə çalışmısız...

- 2 il Zeynəb xanımın ansamblında da çalışmışam. Bilirsiz, vaxt var idi məni məclisinə dəvət etmək üçün aylar əvvəl sıraya düzülərdi. Milli musiqilərimizi skripkada ifa etmək o vaxt cəsarət tələb edirdi. İlk milli mahnılarımızı, xalq musiqilərimizi skripkada ifa edən musiqiçi idim.

- Sonralar baş verdi, sənətdən uzaq düşdünüz?

- Sonralar xəstəliyimlə əlaqədar səhnədən uzaq qalmalı oldum. Bir dəfə avtomobil qəzasına düşmüşəm. Sonra da iki dəfə infarkt keçirdim, şikəst oldum. Ondan sonra da evdə oturmalı oldum.

- Bir vaxtlar restoranlarda da şou proqramlarda olurduz. Bu nədən irəli gəlirdi, ehtiyac sizi şou proqramlara aparmış oldu, ya tamaşaçılar üçün darıxırdız?

- Səmimi danışacam. Təbii ki, ilk səbəb ehtiyac, maddi sıxıntı olub. Yəni şou proqramlarda çalışmağa məcbur idim. Tamaşaçılar üçün darıxırdım. yalan deyim ki? Amma ən əsas maddi ehtiyac üzündən şoulara getmişəm.

- Bu dönəmlərdə sizə baş çəkən, Mədəniyyət Nazirliyindən səhhətinizlə maraqlanan oldumu?

- Yox, Mədəniyyət Nazirliyi mənimlə heç vaxt maraqlanmayıb. Mən Mədəniyyət Nazirliyi ilə maraqlanmışam. Dəfələrlə ora müraciət etmişəm. 3 dəfə Mədəniyyət Nazirliyinə getmişəm, Əbülfəz Qarayev mənə söz vermişdi ki, sizə kömək edilər. Ancaq söz verilib, başqa bir dəstəklərini görməmişəm. Əminəm ki, səhhətim barədə cənab prezidentimiz, Mehriban xanım Əliyeva xəbərdar olsa mənə kömək edərdilər. Mən buna əminəm. Çünki onlar sənət adamları ilə maraqlanırlar, onların səhhəti ilə maraqlanırlar. Mehriban xanım səhhətində problem olan sənətçilərə maddi köməyini əsirgəmir, müalicələri üçün şərait yaradır, onları evlə, maşınla təmin edirlər. Mən maşın istəyirəm, ev iddiasındayam. Sadəcə, səhhətimlə bağlı müalicələrim üçün kömək etsinlər, bir prezident təqaüdü alım ki, dolana bilim. Başqa istəyim yoxdu, ayağım, əlim şikəstdir, maşın sürə bilmirəm. Sadəcə, prezident təqaüdü alsam, heç kimə möhtac olmaram.

- Bəs məmurlar arasında necə, sizə dəstək olanlar olub?

- Mənə yalnız nazirimiz Kəmaləddin Heydərov kömək edib. Oğlumu işə o düzəldib, onun ali məktəblə təmininatını ödəyib. Mən o kişinin yaxşılığını dana bilmərəm. Bu günə qədər onun çörəyini yeyirəm. Oğluma dəstək oldu, mənə köməyini əsirgəməyib. Sadəcə hər dəfə onun qapısını döyüb kömək istəyə bilmərəm. Mən abırlı insanam. Vəziyyətimi bilib köməyini göstərib. Allah ondan razı olsun. Mənim bu gün tək ümidim Cənab prezidentimiz Mehriban xanımdı. Mətbuat vasitəsilə onlara üz tuturuam, kömək istəyirəm. Əminəm ki, səsimi eşidib mənə kömək qayğılarını əsirgəməyəcəklər. Ən azı müalicələrimə kömək edib, prezident təqaüdü almağım üçün göstəriş verəcəklər.

 

Tahirə

Şərq 2020.- 11 yanvar.- S.13.