Qarabağa səfər edən hər kəs görəcək

 

Açıq səma altında işğal muzeyinin yaradılması vacib və zəruridir

 

"Bu muzey dünyaya erməni vəhşiliyinin miqyasını göstərəcək"

 

 

İşğaldan azad edilmiş ərazilərimizdə, açıq səma altında işğal muzeyi yaradılacaq. Bu barədə Mədəniyyət naziri Anar Kərimov bildirib. "Prezident İlham Əliyevin də elan etdiyi kimi, Ağdamda açıq səmada işğal muzeyinin layihələndirilməsi prosesindəyik" söyləyən nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə açıq səma altında muzeyin yaradılmasına ilk olaraq Ağdam rayonundan başlanılır: "İşğaldan azad edilmiş ərazilərdəki muzey və abidələrin bərpası ilə bağlı layihələndirmə prosesi aparılır. Bu prosesə birinci Ağdam rayonundan başlayırıq. Bu sahəyə beynəlxalq ekspertlər cəlb edilib. Məqsədimiz ondan ibarətdir ki, insanlar açıq səmadakı muzeydə dağıntıların miqyasını, erməni vəhşiliyini və xislətini görə bilsin".

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Zəfər Abidə Kompleksinin yaradılması və açıq səma altında Zəfər muzeyinin təşkil edilməsinə dair ötən ilin dekabrında sərəncam imzaladı. Cənab Prezident Vətən müharibəsindəki şanlı qələbəmiz sayəsində işğaldan edilmiş ərazilərə səfərləri zamanı da erməni vandalizminin dünyaya çatdırılması, beynəlxalq aləmə əyani göstərilməsi məqsədilə açıq səma altında muzeylərin təşkil edilməsinin və bu muzeylərdə ermənlərin viran qoyduğu şəhər və kəndlərimizin dağıntılarının da nümayiş etdirilməsinin vacibliyini vurğulayıb. Təbii ki, dağıdılmış şəhər və kəndlərimiz, viran edilmiş yurd yerlərimiz bərpa olunacaq, bütün Qarabağ əzəli sahiblərinin əliylə, zəhmətiylə, Prezidentin möhkəm iradəsi sayəsində və dövlətimizin malik olduğu imkanlarla yenidən cənnətə dönəcək.

Lakin Azərbaycan 30 ilə yaxın bir zamanda məruz qaldığı işğal faktorunu dünyaya çatdırmalıdır. Ötən illər ərzində bu sahədə xeyli işlər həyata keçirilirdi, beynəlxalq tribunalarda Azərbaycanın məruz qaldığı işğal faktı da, qaçqın və köçkünlrimizin problemləri də ilk növbədə cənab Prezident tərəfindən, həmçinin rəsmilər, millət vəkilləri tərəfindən də səsləndirilirdi. Təəssüf ki, uzun illər dünya dövlətləri bu gerçək faktlara sadəcə göz yumdular və təcavüzkarı görməzdən gəldilər.

Lakin Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra Qarabağa səfər edən ölkəmizdəki diplomatik korpusların nümayəndələri, xarici qonaqlar erməni vəhşiliyini öz gözləri ilə gördü və artıq heç nəyi inkar edə bilmədilər. Bu mənada xarici diplomatların, ölkəmizə gələn qonaqların işğaldan azad edilmiş ərazilərə səfərləri nə qədər əhəmiyyətlidirsə, bir neçə ildən sonra, artıq bərpa edilmiş, gözəlləşdirilmiş, həyata qaytarılmış olacaq Qarabağa səfərləri zamanı da tarixi gerçəklərlə üzləşmələri o qədər vacibdir. Buna görə də işğaldan azad edilmiş ərazilərdə açıq səma altında İşğal muzeyinin yaradılması vacib məsələdir. Bu, həm beynəlxalq ictimaiyyət, hələ də ermənilərə havadarlıq edən bəzi dövlətlər üçün əhəmiyyətlidir, həm də xalqımız üçün, yetişməkdə olan gənc nəsil üçün önəmlidir - tarixi unutmamaq, xalqımızın hansı fəciələrlə üzləşdiyini, necə mənfur bir düşmənlə üz-üzə olduğunu, hansı əzablar və məşəqqətlər yaşadığını daim xatırlamaq üçün. Bütün prizmalardan baxıldıqda Qarabağda açıq səma altında işğal faktorlarını əyani şəkildə nümayiş etdirəcək muzeylərin olması dövlət maraqlarımızla tam üst-üstə düşür. Eləcə də ictimai maraqlara xidmət edən, ictimaiyyətin maaariflənməsinə və Vətən torpağının müqəddəsliyinin daim diqqətdə saxlanmasına rəvac verəcək haldır.

İşğal muzeyi dünyaya erməni vəhşiliyinin miqyasını göstərəcək

Açıq səma altında muzey ənənəsi və təcrübəsi dünyada mövcuddur. Şərq ölkələrində də bunun nümunələrini görə bilərik. Amma həmin muzeylərin eksponatları adətən qədim tarixi abidələr, uçulmuş, qalıqları əsrləri adlayıb müasir dövrümüzədək gəlib çıxmış qalalar, saray divarları, saray sütunlarıdır. Qardaş Türkiyədə, Quzey Kıbrıs Türk Cümhuriyyətində belə muzeylər bir qədər fərqlidir. Qardaş ölkələrdəki muzeylərdə sərgilənən eksponatlar təbii dağıntılar, düşmənin vəhşicəsinə viran qoyduğu yurd yerləri, evlər, yaşayış məskənləri, dini, tarixi abidələr olmasa da, düşmənlə savaşda istifadə olunan hərbi texnika və hərbi qənimətlərdən ibarətdir. Qarabağda yaradılacaq açıq səma altında muzey insanlara qarşı vəhşilikləri, dağıdılmış şəhər və kəndlərin soyqırımını gözlər önünə sərmək baxımından bir ilk olacaq. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə 30 ilə yaxın bir müddətdə erməni vəhşilərinin hansı vandallıqlar törətdiyini dünyaya nümayiş etdirəcək. Dünya da bizim necə bir mənfur düşmənlə qarşı-qarşıya olduğumuzu nəhayət görəcək. Odur ki, açıq səma altında muzeyin yaradılması çox vacib, zəruridir.

Nasir, tərcüməçi və publisist Nəriman Əbdürrəhmanlı Şərqə açıqlamasında qeyd etdi ki, Qarabağda açıq səma altında muzeyin yaradılması Azərbaycan dövlətinin yürütdüyü suverenlik, ərazi bütövlüyü, eləcə də sülhpərvər siyasətə tamamilə uyğundur:

- Tarix boyu belə xatirə abidələrinin, muzeylərin yaradılması, fəaliyyət göstərməsi məlumdur. Müharibələrdə əldə edilmiş qələbələr şərəfinə Zəfər tağları, qüllələr inşa edilibonlar dünyaya, xalqa qazanılan zəfəri daim xatırladıb. Amma həmin abidələr adətən şəhərlərin girişində, yaxud ən uca yerlərdə yaradılıb. Stalinqraddakı (indiki Volqoqrad) Mamayev Kurqanında olmuşam, məhz hündürlükdə, ən görməli yerdə yerləşir, daim qələbənin dəyərini xatırladır. Cənab Prezident ötən ilin dekabrında Bakıda Zəfər Muzeyinin və Zəfər abidə-kompleksinin yaradılmasıyla bağlı sərəncam imzaladı. Zəfər kompleksinin yerləşəcəyi yer də məlumdur. Eskizlər də ictimaiyyətə təqdim edilib. Zəfər muzeyi olmalıdır. Amma açıq səma altında muzey tamam fərqli xüsusiyyətlərə və funksiyaya malik olacaq. İlk növbədə bu muzey dünyaya erməni vəhşiliyinin miqyasını göstərəcək. Qoy dünya görsün ki, erməni separatçıları hansı vəhşilikləri törədiblər. Təkcə insanlara qarşı deyil, təbiətə qarşı, daşa, torpağa qarşı. Belə bir muzeyin yaradılması insanlarımızın yaddaşı, tarixi gerçəkləri daim xatırlamaları baxımından çox önəmlidir. Bu muzey daim ziyarət üçün açıq olmalı və Qarabağa səfər edən hər kəs onu görməlidir. Sabah, birigün Qarabağa qayıdacaq, dogma yurd yerlərində təkrar məskən salacaq vətəndaşlarımız da bu açıq səma altında sərgilənəck dağıntılara hər dəfə baxdıqca Vətənin necə müqəddəs olduğunu anlamalıdırlar. Belə muzeylər vətəndaşlarımıza Vətənin bundan sonra birheç vaxt düşmən tapdağı altına düşməsinə imkan verməməli olduqlarını daim xatırlatmalıdr. N.Əbdürrəhmanlı qeyd etdi ki, açıq havada saxlanılacaq eksponatların, əlbəttə, xüsusi qorunma şəraiti olmalıdır. Muzeyin təşkilatçıları, bu işə cavabdeh olacaq şəxslər eksponatların saxlanması məsələlərini də nəzərə almalıdırlar.

İşğal faktı muzeyləri bütün bölgələrdə yaradıla bilər

 

Açıq səma altında muzey ideyası Azərbaycan Ordusunun 2015-ci il Aprel zəfəri zamanı işğaldan azad etdiyi Cəbrayılın Cocuq Mərcanlı kəndi ilə bağlı da gündəmə gəlmişdi. Xalq yazıçısı, professor Kamal Abdulla o zaman işğaldan azad olunan Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən vandalizmə məruz qalmış bir neçə evin açıq səma altında işğal muzeyi kimi qalması təklifi ilə çıxış etmişdi: Dağlıq Qarabağa qayıdış Cocuq Mərcanlıdan başlayır. Ümid edirik ki, Cocuq Mərcanlıda muzey olaraq saxlanılacaq evlər bizi erməni vandalizmini daim yaddaşımızda saxlamağa çağıracaq.

Millət vəkili Fəzail İbrahimli də Qarabağ ərazisində açıq səma altında işğal muzeyi yaradılmasının təqdirəlayiq olduğunu bildirib:

- Bu, təqdirəlayiq haldır. Erməni vəhşiliyinin bir göstəricisi, onların amansızlığının sübutu kimi dağılan evlərdən bir neçəsini muzey olaraq saxlamaq zəruridir. Hesab edirəm ki, gələcək nəsillərin "erməni kimdir sualına bundan daha tutarlı cavab ola bilməz. Bir var, Qarabağda yurd yerlərimizin ermənilər tərəfindən talandığına, yerlə-yeksan olunduğuna dair tarixi faktları sadalayasan, yazılan məlumatları oxuyasan, birvar ki, sadəcə şəhadət barmağınla dağılan evləri göstərəsən. Atalar boşuna deməyib ki: "Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Qoy bütün dünya erməni vəhşiliyini əyani şəkildə görsün. Belə muzeyləri işğaldan azad edilmiş bütün ərazilərdə, bütün bölgələrdə yarada bilərik. Harada ki, buna imkan var, edilməlidir. Qarabağda işğaldan əvvəl zəngin milli etnoqrafiya, tarix-diyarşünaslıq muzeyləri fəaliyyət göstərirdi. Mənfur qonşularımız torpağı işğal edib, insanlarmıza qarşı soyqırım etməklə kifayətlənmədilər, həm də zəngin irsimizi talan etdilər, oğurladılar. Tarixi eksponatları Ermənistana daşıyıb özünküləşdirməyə çalışdılar. Azərbaycan dövləti ermənilərin Qarabağdan daşıyıb apardığı zəngin eksponatların hamısına sahib çıxacaq, beynəlxalq məhkəmələr vasitəsilə onların Azərbaycan xalqına aid olduğunu sübut edəcək və mümkün olduqca həmin eksponatları geri qaytaracaq. Muzeylər bərpa ediləcək, lakin eksponatlar sarıdan korluq çəkə bilərik. Lakin işğal faktorunu əyani şəkildə göstərən açıq səma altında muzey daha təsirli olacaq.

 

Məlahət Rzayeva

Şərq 2021.- 3 aprel.- S.11.