İncə sənətin incə xanımı

Validə Məmmədhüseyn qızı İmaməliyeva - əmək veteranı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, H.B.Zərdabi adına mükafatın laureatı, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin aparıcı böyük elmi redaktoru, Biologiya, tibb redaksiyası müdirinin müavini.

Validə İmaməliyeva 1937-ci il aprelin 1-də Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Orta təhsilini Bakının Buzovna qəsəbəsində 125 saylı orta məktəbdə almış, 1955-ci ildə orta məktəbi bitirmiş, Azərbaycan Dövlət Universitetinin (o vaxt S.M.Kirov adına) Biologiya-coğrafiya fakültəsinə daxil olmuşdur. Hələ, tələbə ikən, 1957-ci ildə ailə vəziyyəti ilə əlaqədar olaraq (atası və ailənin iki azyaşlı uşağı avtomobil qəzası keçirdiyinə görə) o, ilk dəfə sabiq AKP MK yanında Partiya Tarixi İnstitunun (Sov. İKP MK yanında Marksizm-leninizm İnstitunun filialı) tərcümə şöbəsində işləməyə başlayır. O zaman burada respublikanın görkəmli ziyalıları, elmin müxtəlif sahələri üzrə tərcüməçilər çalışırdılar: Süleyman Məlikov, Abbas Gülməmmədov, Cəbrayıl Rzaquliyev, Vəli Hacıoğlu, Cəmil Quliyev, Cəlil Xəlilov, Məcid Katibli və b.

Validə xanımın nəşriyyat işinə böyük həvəsi də elə bu ziyalılarla əməkdaşlıqdan başlayır. Belə ki, məhz bu cür tanınmış ziyalıların əhatəsində işləmək, onlardan sahənin incəliklərini öyrənmək Validə xanımın gələcək həyatında düzgün istiqamət götürməsinə böyük təsir edir. O, tərcüməçi, sözün əsl mənasında böyük ziyalı olan Abbas Gülməmmədovun yanında çalışdığı müddətdə öz savadı, bilik və bacarığı ilə kollektivin hörmətini qazanır. Bu tərcümə şöbəsində işlədiyi illərdə ona tapşırılan işləri məsuliyyətlə, tez bir zamanda yerinə yetirdiyi üçün ona civə qız ləqəbi də verirlər. Universiteti bitirənədək tərcümə şöbəsində işləməsi Validə xanımda nəşriyyat işinə böyük sevgi və maraq yaradır. Zaman keçdikcə isə bu iş onun həyatının əsas missiyasına çevrilir. Əlbəttə, onun xarakteri qədər diribaşlığı, doğma dilinə bağılılığı, ədəbiyyata olan böyük sevgisi də öz işini görmüşdü.

1960-cı ildə Validə İmaməliyeva universiteti bitirir. Təyinatı isə Cəlilabad rayonuna verilmişdi. Lakin onun qarşısını ailə qurmaq kimi bir məsələ kəsirdi. Bu səbəbdən onun rayona getmək məsələsi çətinləşmişdi. Demək, o, özünə Bakıda iş tapmalı idi. Bu vaxt Azərnəşrin nəzdində bir nəşriyyatın Azərtədrisnəşrin (keçmiş Maarif nəşriyyatı, indiki Təhsil nəşriyyatı) təsis olunduğu xəbərini eşidincə çox sevinir və bu müqəddəs ocağa yollanır. Binaya daxil olub üçüncü mərtəbəyə qalxır və soraqlayıb direktorun otağını tapır. Qapını açıb içəri keçmək istəyəndə orada direktor Cəbrayıl Rzaquliyevin olduğunu görüncə ani olaraq həm sevinir, həm də fikirləşir ki, aradan iki ilə yaxın bir vaxt keçib, yəqin ki, o məni heç tanımayacaq. Bunu fikirləşib astaca qapını örtüb pilləkənlərə sarı dönür, qayıdıb getmək istəyir. Pilləkənləri yenicə enməyə başlayanda bir qadının onun arxasıyca qaça-qaça gəldiyini və onu səslədiyini eşidir. O, rusca deyir: , . Bunu eşidən Validə xanım çox sevinir. Sevincinin əsas səbəbi isə Cəbrayıl Rzaquliyevin onu tanıması idi. Validə xanım geri qayıdır, yenidən direktor otağının qapısına yaxınlaşır. Çox həyəcanlı halda qapını açıb içəriyə daxil olan zaman C.Rzaquliyev onu görən kimi deyir:

-Ay Validə xanım, hara gedirsiz? Qapını açıb, niyə geri qayıdırsız?

-Validə xanım, çox həyəcanlı halda cavab verir, -Nə bilim, fikirləşdim ki, bəlkə də məni tanımadız.

C.Rzaquliyev ondan stulda əyləşməsini təklif edir, yazı masasının üstündəki təqvimini vərəqləyə-vərəqləyə deyir: Bax, burada yazmışam ki, civə qızı tapmaq! Bura isə öz ayağınla gəlib çıxdın. Nəşriyyat təzə yaradılıb, hələ tam ştat almamışıq. 10 gündən sonra ştat mənim olacaq. Sizi işə çağıracam. Validə xanım bu xəbərdən çox sevinir və sağollaşıb evə qayıdır. Validə xanım evə gəlib çatan kimi ailə üzvlərinə bu şad xəbəri deyəndə ona inananlar da olur, inanmayanlar da. Günlər ötdükcə, Validə xanımın həyəcanları da artır. Bir gün atası əlində məktub işdən evə dönür:

Gözün aydın, qızım, həqiqətən də səni çağırdılar işə. Bax, bu da məktub!!! O, tez məktubda yazılan bir cümləni oxuyur - , .!

Validə xanım səhər tezdən atası ilə birlikdə Azərtədrisnəşrə gəlirlər. Validə xanımı direktor çox hörmətlə qarşılayır, redaksiyaya gətirir, işçilərə təqdim edir, bir qədər də tərifli sözlər deyir və gedir. O gündən, Validə xanım sevib-seçdiyi işə həvəslə gəlməyə başlayır.

O, Azərtədrisnəşrdə tarix-coğrafiya dərslikləri redaksiyasında cəmi 6 ay kiçik redaktor işlədi. Təzə işçi olmasına baxmayaraq, öz təşəbbüsü ilə orta məktəblər üçün nəzərdə tutulmuş coğrafiya atlaslarını Azərbaycan dilinə tərcümə etməsi, 5-ci siniflər üçün olan Fiziki coğrafiya dərsliyini redaktə etməsi rəhbərliyin diqqətindən yayınmadı. Bu diqqət işə olan həvəsini birə-beş artırır. Onun işi kollektivin müzakirəsinə verildi. Kollektivin ümumi razılığı ilə onu böyük elmi redaktor vəzifəsinə keçirirlər. Bu onun ilk uğuru olur. Bununla yanaşı nəşriyyatın ictimai həyatında da Validə xanım fəal iştirak etməyə başlayır. 1965-ci ilədək o, Maarif nəşriyyatında dərsliklərin redaktəsi ilə məşğul olur.

1965-ci ilin dekabrında Azərbaycan höküməti 10 cildlik milli-universal Azərbaycan Sovet Ensiklopediyasının (ASE) nəşri haqqında qərar qəbul etdiyi zaman ASE Baş redaksiyasında milli mətbuat kadrlarının, elm və texnikanın müxtəlif sahələrinin mütəxəssislərindən ibarət elmi-sahə redaksiyaları yaradıldıqda o da Azərtədrisnəşr- dən ASE-yə köçürmə yolu ilə işə dəvət edildi. 1966-cı ilin may ayından nəşriyyatdan köçürmə yolu ilə əvvəlcə elmi redaktor, sonra isə böyük elmi redaktor vəzifəsinə təyin edilmişdir. O, 1966-92-ci il1ər ərzində 1 cildlik universal Azərbaycan Sovet Ensiklopediyasının, 10 cildlik universal Azərbaycan Sovet Ensiklopediyasının və 2 cildlik Uşaq Ensiklopediyasının nəşr olunmasında böyük əmək sərf etmiş, əməyi fəxri fərman, Əmək veteranı, Sosializm yarışının qalibi medalları və s. mükafatlandırılmışdır.

1993-cü ildə təqaüdə çıxdıqdan sonra da bu sahədə fəaliyyətini davam etdirmişdir. O, həyat yoldaşı R.İmaməliyevin təsis etdiyi müstəqil Boz Oğuz nəşriyyatında Klassik irs və tərcümə ədəbiyyatı şöbəsinin müdiri, nəşriyyatın elmi və məsləhətçilər şurasının üzvü və baş direktorun müavini kimi fəaliyyət göstərmişdir (1993-2002). Azərbaycan Sovet Ensiklopediyasının yüzlərlə orijinal və tərcümə məqalələrin, Respublikanın dövri mətbuatında elmi-publisistik yazıların müəllifi, Boz Oğuz nəşriyyatında çapa hazırlanmış və nəşr edilmiş kitabların məsul redaktoru, Hikmət və kəlam ensiklopediyasının, Azərbaycan salnaməsindən səhifələr məlumat kitablarının müəllifidir.

V.İmaməliyeva 1995-2003-cü illərdə Respublika Xatirə kitabı və Qanun nəşriyyatında redaktor işləmişdir. O, 2004-cü ildə Respublika Prezidentinin Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin yaradılması haqqında verdiyi sərəncamdan sonra (AMEA) Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin yeni rəhbərliyi tərəfindən yenidən işə dəvət almışdır.

Validə xanım 60 ildən artıq bir müddət ərzində ensiklopediya, lüğətşünaslıq və tərcüməçilik işi ilə məşğul olmuşdur. Həyat yoldaşı R.İmaməliyevin vəfatından sonra yarımçıq qalmış Buzovna Ensiklopediyasının təkmilləşdirilməsi və tamamlanmasında onun böyük əməyi vardır (hazırda Təhsil nəşriyyatında çapdadır). R.İmaməliyevin təsis etdiyi Boz Oğuz nəşriyyatında nəşr etdiyi kitablar: Abşeron meyxanaları, 1993; A.Əliyev Solfecio, 1994; Y.Şağani Azər kimi diyarım var, 1994; Axund Hacı Soltan Əlizadə Azərbaycan dərvişləri və rövzəxanları, 1995; V.Əfəndiyev Azərbaycan Respublikası şəhərlərinin inkişafının coğrafi məsələləri, 1996; R.İmaməliyev Məşədi Azər. Seçilmiş əsərləri, 1996; R.İmaməliyev Haşım bəy Sağib. Kim-kimədir, 1996; Hacı Hacıyev İstiqlalın əzablı yolu, 1996; Məşədi İlham Cəfəroğlu Quran duaları, 1996; R.İmaməliyev, T.Səlimov-Şağani, Bakı kəndləri (ensiklopedik məlumat kitabı), 1996; Həkim Qəni Füzuliyə təxmislər, 1997; R.İmaməliyev İslam ensiklopediyası, 1997; R.İmaməliyev Buzovnalı Məhəmmədismayıl Asi. Divan, 1997; T.Babanlı, V.İmaməliyeva Azərbaycan salnaməsindən səhifələr, 1997; Vücudnamə, Saqinamə, Tövbənamə (Ensiklopedik məlumat kitabı), 1997; R.İmaməliyev Ensiklopediyaçı - şərqşünas Əbülfəz Məmmədzadə, 1997; T.İmaməliyeva, V.İmaməliyeva, R.İmaməliyev Hikmət və kəlam ensiklopediyası, 1998; Maqsud Mahmudzadə Şeyx Şamil və onun sələfləri (sənədli-publisistik qeydlər), 1998; Kamal Rzayev Qarabağ müharibəsi: həqiqətlər və uydurmalar, 1998; Kamal Rzayev , 1998; Qumral Sadıqzadə Son mənzili Xəzər oldu (Tarixi-publisistik roman), 1998; Qumri Dərbəndi Kənzül-məsaib, Gülzari-Hüseyni, 1999; R.İmaməliyev Yasin-çərəkə (vəqf məqsədilə), 1998; V.Babanlı Ömürlük cəza, 1999; Buzovnalı Məşədi Balahüseyn Xoşhal Ata-babalarımızdan eşitdiklərim, bildiklərim, deyimlərim, 1999; Aydın Hüseynzadə Romantik şair Əlipaşa Səbur, 2000; Buzovnalı Məşədi Balahüseyn Xoşhal Ömür bağının çələngi, 2001; Buzovnalı Məşədi Balahüseyn Xoşhal, Unudulmaz şəxsiyyətlər, 2002; R.İmaməliyev, B.Axundov, M.Mahmudov Nəşriyyat-poliqrafiya və jurnalistika terminlərinin izahlı lüğəti, Təhsil nəşriyyatı, 2009 (R.İmaməliyevin vəfatından sonra) kitablarının elmi redaktoru olmuşdur.

Validə İmaməliyeva hazırda Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzində Kimya, biologiya, tibb, mikrobiologiya və torpaqşünaslıq redaksiyasında redaksiya müdirinin müavini vəzifəsində çalışır. O, 60 ildən çox, demək olar ki, bütün ömrü boyu ensiklopediya, lüğətşünaslıq və tərcüməçilik işi ilə məşğul olmuş, həyatını zərif, məusliyyətli, böyük zəhmət tələb edən bu işə sərf etmişdir.

Ümumiyyətlə, bütün sənətlərdən fərqli olaraq redaktorluq çox incə bir işdir. Bu sahədə çalışan hər kəs bu işə yaradıcı yanaşmalı, bu peşəni sevməlidir. Bu sahəni sevib, öz ömrünü bu peşəyə həsr edən minlərcə redaktorlar var. Onların ömür yoluna işıq salmaq, onların fəaliyyətini tədqiqatlara cəlb etmək kitabçılıq işi baxımından olduqca vacibdir. Çünki sevə-sevə oxuduğumuz hər bir kitabda, başqa sözlə desək çap olunmuş hər bir nəşrdə redaktor əməyi, redaktor zəhməti var.

Azərbaycanın tanınmış, sayılıb-seçilən redaktorları içərisində Validə İmaməliyevanın da fəxrlə çəkiləcək adı var. Validə xanımın həyat yolunu vərəqlədikcə qətiyyətlə deyə bilərik ki, bu insan şərəfli ömür yaşamış, ömrünü bütövlükdə yazıya, tərcüməyə, redaktəyə həsr etmişdir. Bu gün Validə xanım İmaməliyevanın 84 yaşı tamam olur. Ona hər şeydən əvvəl cansağlığı, uzun ömür və yaradıcılıq uğurları arzu edirik.

Tarix üzrə fəlsəfə doktoru Leyla Qabil qızı Abasova

Şərq 2021.- 2 aprel.- S.13.