İctimaiyyət də həssas olmalıdır

Ramazan ayını daha çox ailə daxilində, fərdi şəkildə qarşılamalıyıq

"Pandemiya hər birimizdən vətəndaş məsuliyyəti tələb edir. Dövlət maraqlarının təminatı üçün vətəndaş məsuliyyəti əsasdır"

İki ildir ki, mübarək Ramazan ayı fərqli şəraitdə keçirilir. Dünyanı lərzəyə salmış koronavirus pandemiyası ötən il Ramazan ayını vəhdətdə keçirməyimizə mane oldu. Pandemiya təhlükəsi səbəbiylə geniş iftar süfrələri, qonaqlamalar təxirə salındı. Gərəkən də bu idi. Allahın buyruğuna əməl edən bəndə can güvənliyinin hər hansı digər ibadətdən üstün olduğunu bilməli və buna uyğun davranmalıdır.

Bu il də Ramazanı daha çox ailə daxilində, fərdi şəkildə qarşılayıb, oruc saxlayıb, başa vurmalı olacağıq. Çünki pandemiya səngiməyib, əksinə, hazırda yoluxma sayında kəskin artım var.

Ötənilki Ramazanda heç bu qədər yoluxma sayı yox idi, ölüm halları isə hətta 1 rəqəmli idi. İndiki gərgin vəziyyət isə möminlərdən daha həssas yanaşma və anlayış tələb edir. Təhlükə bu qədər real olmasaydı, dövlət Ramazanın əvvəlki illərdə olduğu kimi coşquluheç bir sədd qoyulmadan keçirilməsinə mane olmazdı. Azərbaycanda dinimilli dəyərlərin əsas təəssübkeşi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin timsalında Azərbaycan dövlətidir. Dini dəyərlərin qorunması, dindar vətəndaşların ibadətlərini rahat, təhlükəsiz şəraitdə yerinə yetirmələri dövlət siyasətimizin bir hissəsidir. Və Azərbaycan dövləti bu məqsədlərə nail olmaq üçün bütün zəruri tədbirləri görür, münbit şəraiti formalaşdırır. Lakin pandemiya hər birimizdən vətəndaş məsuliyyəti tələb edir. Dövlət maraqlarının təminatı üçün vətəndaş məsuliyyəti əsasdır. Dövlət vətəndaşlarını qoruduğu, onların təhlükəsizliyini və sağlamlığını düşündüyü kimi, vətəndaş da dövlətin ağır yük altına düşməməsinə çalışmalıdır. Hazırkı Ramazan ayında bu vəzifə xüsusilə əhalinin dindar kəsiminin üzərinə düşür. 

“İftar süfrələri yalnız ailə üzvləri ilə keçirilməlidir”                  

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanması ilə bağlı fətvasında dindar vətəndaşları anlayışlı olmağa, yoluxma təhlükəsini nəzərə alaraq geniş iftar süfrələri təşkil etməkdən çəkinməyə çağırıb. 

Fətvada mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanları, o cümlədən, ölkəmizin müsəlman əhalisi təbrik edilir, Allah-Təaladan ibadətlərimizin və dualarımızın qəbul olunması istənilir. Fətvada Azərbaycanın mübarək ayı qalib xalq kimi qarşıladığı xüsusi vurğulanır: “Biz bu ilin Ramazan ayına qalib xalq, 30 illik işğala son qoymuş Vətən müharibəsində Zəfər çalmış millət kimi qədəm qoyuruq. Bizə bu səadəti yaşatdığına görə Azərbaycan dindarları Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz həmrəyliyinə, dövlət-xalq birliyinə güvənən Müzəffər Sərkərdə, Ali Baş Komandan İlham Əliyevə hər zaman dualar edir, qələbələrimiz üçün Uca Allaha həmd-sənalar edirlər. Vətən uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizə Allah-Təaladan rəhmət, qazilərimizə şəfa diləyirik. Ərazi bütövlüyümüzün bərpa edilməsi, əzəli torpaqlarımıza Böyük Qayıdışın təmin edilməsi, viran qoyulmuş ərazilərimizə yeni nəfəs verilməsi, Qarabağda müasir, yüksək səviyyədə həyat şəraitinin qurulması və vandalizmə məruz qalmış dini məbədlərin, o cümlədən, məscidlərin bərpa edilməsi istiqamətində fövqəladə zəhmətlərinə görə müzəffər dövlət liderimiz, Zati-aliləri Prezident İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan dindarları adından dərin minnətdarlığımızı bildirironlar üçün xeyir-dualar edirik”.

Fətvada virus təhlükəsinə diqqət çəkilir:

“Biz builki Ramazan ayına bütün dünyada hələ də səngiməyən virus təhlükəsi şəraitində daxil oluruq. İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan bu bəlanın aradan qaldırılması yönündə dövlətimiz böyük səylə çalışdığı bir zamanda biz, din xadimləri dövlətimizin insan həyatının qorunması məqsədilə həyata keçirilən vaksinləşmə tədbirlərini dəstəkləyirik. Yoluxmaların artma təhlükəsi olduğundan, xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsini tövsiyə edir, İftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq. Bir daha bildiririk ki, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır”.

“Peyvənd orucu pozmur, ona görə də…”

İlahiyyatçılar peyvəndin orucu pozmadığı rəyində yekdildirlər. Əgər kimsə hesab edirsə ki, oruclu olduğu halda peyvənd vurdurarsa, orucu pozulmuş olacaq, bu, yanlış fikirdir.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli mediaya açıqlamasında oruclu ikən peyvənd vurdurmağın orucu pozmadığını, hətta özünün peyvənd vurdurarkən oruclu olduğunu demişdi: “Vaksinasiya orucla heç bir ziddiyət təşkil etmir. Maska taxmaq, əllərin dezinfeksiya edilməsi orucun pozulmasına gətirib çıxarmır. Əksinə, əllərin dezinfeksiyası və maskalardan istifadə etmək vacibdir. Ramazan ayında kütləvi iftar mərasimlərindən çəkinmək lazımdır. Müəyyən iaşə obyektlərində də qaydalar tətbiq edilib ki, məhdud sayda insanlar bir masa ətrafında otura bilərlər. Məscidlərdə dini ayinlər kütləvi şəkildə icra edilməyəcək. Ona görə də din xadimləri canlı yayım vasitəsilə məscidlərdə çıxış edəcəklər".

Fətvada da bildirilir ki, peyvəndlənmə özümüzün və ətrafımızdakıların səhhəti baxımından həyati zərurət daşıyan vacib addım, şəriət baxımından məqbul əməldir. Bu caiz məqamın reallaşmasında fəal iştirak edən din xadimləri öz nümunə ilə bütün dindarları bu mühüm prosesdə iştiraka dəvət edirlər. Ramazan ayı boyunca bu mühüm proses davam etməlidir. Yüksək din alimlərinin rəyinə görə, Ramazan ayı boyunca oruclu şəxsin vaksin vurdurması orucu batil etmir.

Seyid Camal Əzimbəyli: “Real vəziyyət bizdən anlayışlı davranmağı tələb edir”.

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli “Şərq”ə açıqlamasında Ramazan ayının hər zaman xeyir əməllər və yardımlaşma üçün böyük imkanlar açdığını dedi: Ramazan şəfqət, mərhəmət, bağışlanma ayıdır. Həm də Rəbbimizin bəndələrinə fürsət tanıdığı bir aydır. Bu ayda həqiqi Allah bəndələrinin qəlbi mərhəmətlə dolur. Bu mənada Ramazan müsəlmanların baharı kimi qəbul olunur. Azərbaycan demokratik, dünyəvi bir dövlət olsa da, məlumdur ki, milli-mənəvi və dini dəyərlərin qorunması, mühafizəsində dünyaya ən gözəl nümunədir. Azərbaycan dövləti və onun başçısı – cənab Prezident hər zaman dini dəyərlərə hörmətlə yanaşıb və bunu əməlləriylə sübut edib. Lakin elə hadisələr ola bilir ki, bu zaman insan həyatı bütün digər amillərdən önə keçir. Bir halda ki, hazırda pandemiya şəraitindəyik, dünyanı dəhşətə salan koronavirus bəlası bizim ölkədən və xalqımızdan yan keçmir, gərək davranışlarımızı şəraitə uyğun tənzimləyək. Bunu da xüsusi vurğulamalıyam ki, builki Ramazan bizim üçün ikiqat bayram olacaq. Çünki 28 il sonra Ramazanı həm də işğaldan azad edilmiş Qarabağımızda keçirəcəyik. Bu, bizim üçün əvəzsiz iftixar hissidirqürurvericidir. Amma qeyd etdiyim kimi, pandemiyanı yaddan çıxarmamalı və daha artıq ehtiyatlı davranmalıyıq. Məlumdur ki, ötən il də Azərbaycanda Ramazan ayı boyunca kütləvi iftar süfrələrinin açılması məhz koronavirus təhlükəsi səbəbiylə dayandırıldı. Koronavirus bizi tərk etmək istəmir, üstəlik, sürətini daha da artırır. Bunu yoluxma sayındakı artım göstərir. Bu gedişlə builki Ramazanı da dar ailə çərçivəsində, məhdud dairədə, fərd olaraq keçirmə ehtimalı daha böyükdür. Yəni, bu il də Ramazanı coşqu ilə, elliklə yaşaya bilməyəcəyik. Sonucda, Allaha təvəkkül. Görünür, bunda da İlahi sirr, İlahi hikmət var. Xəstə olanlar, o kəslər ki, oruc tutmaları onların səhhətini ağırlaşdıra və xəstələnmələrə səbəb ola bilər, həmin insanlar oruc tutmamalıdır. Yalnız səhhəti oruc tutmağa imkan verənlər, sağlam olanlara oruc vacibdir, ilahi hökmdür. İftar süfrələrinin olmayacağından da üzülməyək. Ramazan təkcə mərhəmət, şəfqət, bağışlanma ayı deyil, həm də bir fürsət ayıdır – sahib olduqlarımızı başqaları ilə paylaşmaq fürsəti. O kəslər ki, iftar süfrələri təşkil edirdi, indi bunun əvəzində ehtiyaclı insanlara, haqq sahiblərinə - şəhid ailələrinə, qazilərimizə yardım etsinlər, sovqat aparsınlar. İftar süfrələrini Allahın verdiyi ruzi və neməti paylaşmaqla əvəz etsinlər. Orucluqda iftar süfrələri açmağı niyyət etmiş şəxslərin bunun əvəzinə kiməsə, ehtiyaclı birisinə yardım etməsi, həmin vəsaitin imkansız və ehtiyacı olan insanlara xeyriyyə məqsədi ilə sərf etməsi, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək göstərməsi Allah nəzərində bəyənilən, daha məqbul və savabdır, orucun fəlsəfəsinə uyğundur, çox bəyənilən və İlahi dərgahda qəbul olunan əməldir.

Şərqşünas oruc tutan şəxsləri geniş iftar süfrələrinin təşkilindən çəkinməyə çağırdı: 

- İftar süfrələri təşkil edib xəstəliyin yayılmasına, başqalarının virusa yoluxmasına, sağlıqlarının təhlükə altına düşməsinə səbəb olmamalıyıq. Çünki can bəndəyə Allahın əmanətidir. Ona qəsd etmək günahdır. Allah rizasını qazanmaq üçün bizə növbəti bir fürsət verilir, inanıram ki, inanclı insanlarımız bu fürsəti lazımınca qiymətləndirəcək.

S.C.Əzimbəyli hazırda xəstəliklə mübarizə aparan vətəndaşlara Allahdan şəfa dilədi və onlara oruc ibadətini yerinə yetirə bilmədiklərinə görə narahat olmamağı məsləhət gördü:

- Burada narahatlığa əsas yoxdur. Orucluq ibadəti yardımlaşmanı artıran, daxili dəyanəti gücləndirən, insan səhhətinə müsbət təsir göstərən ilahi qüvvəyə malikdir. Lakin oruc saxlamağı hökm edən Mərhəmətli və Rəhim Allah buyurur ki, səfərdə və ya xəstə olan insanların oruclarını başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, sağlam halda növbəti Ramazana kimi öz orucluq ibadətlərini tamamlaya bilər. Kimsə narahat olmasın ki, hazırda orucunu saxlaya bilməyəcək. Əsas odur ki, sağalsınlar, sağlam bədənlə sonra oruc qəzalarını tamamlasınlar. Orucun tutulmaması xəstəlik səbəbiylə, yəni qəsdən olmadığı üçün günəgün hesabı ilə tutulacaq. Artıq sayda deyil. Mərhəmətli Rəbbimiz hər bir işdə bəndələri üçün yüngüllük istər.   

Rzayeva, Məlahət.

Şərq  2021.-  13 aprel.- S.11.