"Meşələr qırılıb, yaşıllıqlar məhv olub"

 

 

Ekologiya və ətraf mühitin mühafizəsi

 

Asəf Quliyev: “Azad olunmuş ərazilərdə planlı şəkildə bolluca ağac əkmək lazımdır. Yerdə qalanını ana təbiət özü edəcək”

 

28 ilə yaxın bir müddətdə Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinin cinayətkar əməlləri təkcə beynəlxalq hüququn bütün norma və prinsiplərinin kobudcasına pozulması, minlərlə insan tələfatı, soydaşlarımızın yurd-yuvalarından didərgin düşməsi, ölkənin maddi və mənəvi sərvətlərinin talan edilməsi ilə məhdudlaşmadı, erməni terrorizmi bütün Qarabağ bölgəsini ekoloji fəlakət halına gətirdi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqovun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlının “Brussels Morning” qəzetində “Ətraf mühit Qarabağ müharibəsinin unudulmuş qurbanıdır” sərlövhəli məqaləsi məhz ekoloji fəlakətə həsr olunub. Məqalədə Ermənistanın işğal edilmiş ərazilərin ekologiyasını və təbii resurslarını istismar etməsi və Oxçuçayın çirkləndirilməsini davam etdirməsindən bəhs olunub.

Vurğulanıb ki, dünyanın müxtəlif bölgələrində yaşayan insanlar artıq qlobal istiləşmənin mənfi təsirlərini – şirin su ehtiyatlarının azalmasını, kəskin dəyişkən hava şəraitlərini və meşələrin yanmasının nəticələrini öz həyatlarında hiss etməkdədirlər. Beynəlxalq təşkilatlar, hökumətlər, şirkətlər və icmalar birlikdə hərəkət etməyə çalışır, alimlər və ekspertlər bu dəyişikliyin ağır nəticələrindən qaçmağın yolları haqqında müzakirələr aparır, siyasətçilər və məşhur insanlar diqqəti bu mövzunun üzərinə gətirmək üçün səylər göstərirlər: “Ancaq iqlim dəyişikliyi ilə bağlı mənfi trendlər ildən-ilə daha da pisləşir. Ona görə də hər bir ağacın və təbii su mənbələrinin qorunması dünyanın istənilən bölgəsində yaşayan insanların diqqət mərkəzində olmalı, bu sahədəki cinayətlər bütün insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir”. Məqalədə beynəlxalq humanitar hüququn ətraf mühitdən silah kimi istifadəni və təbiətə qarşı məqsədli hücumları qadağan etdiyi vurğulanır. Məqalədə göstərilir ki, Cənubi Qafqazdakı münaqişənin də ən böyük və diqqətdən kənar qalmış qurbanı ətraf mühitdir. Müharibənin aktiv fazası zamanı və işğal illərində ətraf mühitə ciddi ziyan vurulub və təbiət amansızcasına istismar edilib. İşğal edilmiş ərazilər 27 il ərzində Şərqi Avropanın bozya nəzarətsiz zonalarından biri olub: "Azərbaycanın bu ərazilərə nəzarəti itirməsi və müvafiq beynəlxalq nəzarət mexanizmlərinin olmaması ətraf mühitə qarşı cinayətlərin həyata keçirilməsinə imkan verib. Keçmiş işğal edilmiş ərazilərdə həyata keçirilmiş bu cinayətlər qarşıdan gələn illərdə milyonlarla insanın həyatında özünün mənfi təsirlərini göstərməyə davam edəcək. Ötən 27 il ərzində Azərbaycan beynəlxalq ictimaiyyəti dəfələrlə keçmiş işğal edilmiş ərazilərdə qanunsuz şəkildə nüvə və radioaktiv tullantılarının basdırılması haqqında məlumatları tədqiq etməyə çağırıb. Bundan əlavə, işğal illərində hər ilin yay aylarında keçmiş həmin ərazilərdə kütləvi yanğınların törədilməsi faktları ATƏT və BMT kimi beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənib və müvafiq sənədlər qəbul edilib”. Məqalədə göstərilir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə dağıntıları bərpa etməyə, kütləvi minalar basdırılmış əraziləri təmizləməyə başladığı və dəyən zərəri hesabladığı dövrdə Ermənistan hələ də ətraf mühiti zəhərləməkdə və ziyan vurmaqda davam edir.

Araşdırmaçı jurnalist, əslən Qarabağ bölgəsindən olan Asəf Quliyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, insanlar cinayətkar əməlləriylə ekologiyanı nə qədər məhv etsə də, təbiət özünü bərpa etmək gücündədir, yalnız ona təkan vermək lazımdır:

- Sözsüz ki, Qarabağın işğalı bölgədəki ekoloji duruma da öz neqativ təsirini göstərdi. Meşələr qırıldı, yaşıllıqlar məhv oldu. Bu neqativ antropogen təsirin izlərini aradan qaldırmaq üçün müəyyən zaman lazım olacaq. Əlbəttə ki, müvafiq aparılmalıdır. Amma bu işlərin aparılmasında bizlərə yardımçı ola biləcək müəyyən məqamlar var.

Birincisi, Qarabağın təbiəti və torpağı. İşğaldan azad olunmuş Ağdama bu günlərdə səfər edənlər arasında mən də vardım. Həyətimizə getdim. İşğaldan əvvəl həyətimizdə çoxlu nar ağacları vardı.

Kiçik nar bağı da demək olardı. O nar ağacları indi yoxdur. Amma o nar ağaclarının demək olar ki, hamısının yerində nar ağacının kiçik cücərtilərini gördüm. Deməli, təbiət insan vandallığına qarşı öz iradəsini ortaya qoyur. Özü-özünü bərpa etmək üçün cəhd edir. Nəzərə alsaq ki, biz bu bərpada təbiətə qarşı çıxmayacaq, əksinə əlimizdən gələni edəcəyik ki, flora fauna bərpa olsun, demək tez bir zamanda Qarabağı yenidən cənnətə çevirə biləcəyik.

Əlbəttə mütəxəssislər nəyi necə etməyi daha yaxşı bilir. Mən isə bircə şey bilirəm ki, azad olunmuş ərazilərdə planlı şəkildə bolluca ağac əkmək lazımdır. Yerdə qalanını ana təbiət özü edəcək.

Şərq 2021.- 26 avqust.- S.11.