"İnanıram ki, Yusif Vəzirin Şuşadakı evi muzey kimi bərpa olunacaq"

Leyla Vəzirova: "Babamın evi Şuşanın Hamamqabağı adlanan məhləsindəydi. Evin şəkli varsa, şəklə uyğun da bərpa edilə bilər"

"Mənim üçün Şuşanın dadı, tamı o tutla qalıb yadımda. Sonra, Şır-şır bulaq, Səkili bulaq, İsa bulağı…"

Şuşa haqqında danışmağa mənəvi haqqı çatan bir xanımla həmsöhbət olduq;

Yusif Vəzir Çəmənzəminlinin nəvəsi Leyla xanım Vəzirova ilə. Leyla xanımla əyani tanışlığımız baş redaktorumuz Akif Aşırlının redaksiyada yaratdığı “Mətbuat Tarixi Muzeyi”nin açılışı mərasimində olmuşdu. Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əksəriyyəti görkəmli dövlət xadimləri olmaqla yanaşı, həm də Azərbaycan ədəbi irsinin və Azərbaycan mətbuat tarixinin beşiyi başında dayananlardır. O cümlədən də Yusif Vəzir Çəmənzəminli.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi və Şuşanın tarixi görkəminin bərpa ediləcəyini söyləməsi şəhərin əzəli simasının qaytarılacağından xəbər verir. Hamı inanır ki, mənfur düşmən Şuşamızı tanınmaz hala salsa belə, Azərbaycan xalqı Şuşanı yenə əvvəlki gözəlliyinə qovuşduracaq. Şuşa təbiəti etibarilə zatən füsunkardı. Qalır, vaxtilə mövcud olmuş tarixi abidələri, qədimliyi bərpa etmək. Şuşa dahilər şəhəridir. O dahilərdən biriYusif Vəzir Çəmənzəminlidir. Və biz də Çəmənzəminli nəslinin zərif davamçısı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, elmlər doktoru Leyla xanım Orxan qızı Vəzirova ilə “Şuşanı necə görmək istəyir”, mövzusu ətrafında danışdıq.

- Leyla xanım, Şuşada babanızın evi var idimi? Niyə bunu soruşuram, çünki sizə telefon açmazdan əvvəl, Şuşada Yusif Vəzir Çəmənzəminlinin evi, ev-muzeyi, bu adlar altında axtarışlar etdim, heç bir foto tapılmadı… 

-  Əlbəttə, var idi. Mən internetdə axtarış vermişdim, tapmışdım. İllər öncə çəkilmiş fotosu var evin. Sizə göndərərəm… Hətta inventar nömrəsi də var. Amma dağıdılıb, yerlə-yeksan edilib. Lakin yerləşdiyi ərazi bilinir. Babamın evi Şuşanın Hamamqabağı adlanan məhləsindəydi. Evin şəkli varsa, şəklə uyğun da bərpa edilə bilər.

- Siz görmüşdünüz o evi? Həm bu sualı da verim – ümumiyyətlə, Şuşada olmuşdunuz? Yəni işğaldan əvvəlki Şuşada?

-  Əlbəttə!.. Atam hər yay bizi Şuşaya aparırdı. 3 yaşındakı vaxtımın fotoları var, Şuşada çəkilib. Babamın evinin qarşısında… Sonuncu dəfə, deyəsən, 1977-ci ildə olmuşduq Şuşada. O zaman 10 yaşım vardı. Bəlkə də, mənə elə gəlir ki, sonuncu səfərimiz olub. Daha çox yadımda qalan həmin ildəki Şuşa səfərimizdi. Bəlkə də o zaman artıq şox şeyləri yaddaşımda saxlayacaq  yaşda olmuşam, ona görə…

- 10 yaşlı qızın yaddaşındakı Şuşa necədi?

- Çox gözəl… Havası sərin, insanları da gözəl, yaraşıqlı, mehriban… Şir heykəlləri vardı, Peterburqda olduğu kimi. O şir heykəlləri ilə şəkillərimiz var. Necə deyim: Qarabağın gözü Şuşadı. Şuşa nazlı gəlindi. Neçə-neçə müharibələr gedib Şuşa üstündə. Şuşaya sahib olmağa çalışıblar.

- Babanızın evi necə qalıb yaddaşınızda? Fotodan əlavə…

- Qəşəng həyəti vardı. Zirzəmili ev idi. Yusif Vəzirin bioqrafiyasında qeyd edilən ailə ki var, Güney Azərbaycanın Çəmənzəmin kəndindən köçüb gəlmiş ailə…

- Hansı ki, Yusif Vəzir gənc yaşlarında xəstələnibmiş, bu ailə ona kömək edibo da əhd edib ki, böyüyəndə özünə Çəmənzəminli təxəllüsü götürəcək…

- Bəli. Bilirsiz ki, Yusif Vəzirin atası Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən olub. Onun bəyliyi 1873-cü il aprel ayının 13-də Şuşa qəza idarəsi tərəfindən təsdiq edilmişona bu haqda şəhadətnamə verilmişdi. Yusif Vəzirin daşıdığı Vəzirov soyadı XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsinə bağlıdır və bu soyad nəsildən-nəslə keçib. Babamın atası Çəmənzəmin kəndindən Qarabağa pənah gətirmiş o ailəyə öz evində sığınacaq vermişdi, ailəyə dəstək olmuşdu. Evin alt mərtəbəsində həmin ailə yaşayırmış, üst mərtəbədə isə babamgil. Ev o şəkildə də qalırdı. Atam danışırdı bu haqda. Evin qarşısında atamın şəkli də var. 1967-ci ildə Yusif Vəzirin 70 illik yubileyi keçirilib. Azərbaycanın bir çox yazıçıları, ziyalıları Şuşaya səfər edib, Yusif Vəzirin vaxtilə yaşadığı evi ziyarət ediblər, atamın və əmimin onlarla birlikdə evin eyvanında çəkilmiş fotosu var.

- Amma ev-muzeyi olmayıb ora?

- Xeyr. Evin qarşısında memorial lövhə vardı, sadəcə. Yazılmışdı ki, bu evdə Azərbaycanın görkəmli yazıçısı Yusif Vəzir Çəmənzəminli yaşayıb.

- Görəsən, niyə ev-muzeyi kimi fəaliyyət göstərməyib?

- deyim?!.. Sovet illərində Gövhər Ağa məscidi məscid kimi fəaliyyət göstərmirdi. Orda etnoqrafik muzey təşkil olunmuşdu. Həmin muzeydə babama aid stend vardı. Yadımda o qədər qalmayıb, deyəsən, babamın evində yaşlı bir qadın yaşayırdı. Bəlkə ev-muzeyi üçün heç bir əşyası olmayıb, ona görə…

- Leyla xanım, məlum məsələdi, Yusif Vəzir repressiya qurbanı idi. əşyası qalacaqdı ki?!  Paytaxtda da Yusif Vəzirin vaxtilə yaşadığı ev qalır. Bünyad Sərdarov küçəsində. Amma o evdə muzey fəaliyyət göstərmir.

- Elədir. Hündürmərtəbəli binalar tikilib. Babamın yaşadığı ev o binaların əhatəsində qalıb. Bəlkə sökəçəklər evi…

- Ev-muzeyi olmalıdır, mütləq. Əşya yoxdursa, xatirə-muzeyi olsun… Amma olmalıdır!

- Mən çox istəyərdim ki, Şuşada babamın evi bərpa olunsun. Cənab Prezidentin çıxışlarını dinləyirəm məndə əminlik yaranıb ki, Yusif Vəzirin evi bərpa olunacaq. Bir halda ki, evin fotosu qalır, inventar nömrəsi var, yəqin mümkün olar bunu etmək.

- Leyla xanım, Mədəniyyət Nazirliyi Şuşadakı tarixi abidələrin, dağıdılan abidələr, bərpası mümkün olanların siyahısını tərtib edib. Şübhəsiz, o siyahıda Yusif Vəzirin evi olmalıdır.

- Babam Şuşanı elə dəqiqliyi ilə təsvir edir ki, əsərlərində. Yusif Vəzir “Həyatımın 20 ili” əsərində Şuşanı belə təsvir edir: “Dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana qara bürünmüş bir şəhər təsəvvür ediniz. Bu, mənim şəhərimdir”… Ümumiyyətlə, Yusif Vəzirin əsərlərində Qarabağın tarixi, təbiəti, etnoqrafiyası dəqiqliklə təsvir olunub. Bədii əsərlərdir, amma eyni zamanda Azərbaycanın – Qarabağın tarixidir. Bunu damarlarından Qarabağ – Şuşa qanı axan bir adam edə bilərdi. Yusif Vəzir Çəmənzəminli bunu etmişdi.

- Dediniz, atanız hər yay sizi Şuşaya aparardı. Şuşa ilə bağlı başqa hansı xatirələriniz var?

- Biz Şuşada sanatoriyada qalırdıq. Atam hər səhər Şuşa bazarına gedib qaymaq tut alardı. tut. O tutun dadını heç unutmadım… Ümumiyyətlə, Şuşanın dadı da başqadı. Hər yerdən fərqlidi. Mənim üçün Şuşanın dadı, tamı o tutla qalıb yadımda. Sonra, Şır-şır bulaq, Səkili bulaq, İsa bulağı… Şuşada Mineral sular pavilyonu vardı…

- Bəs, Şuşanın adı çəkiləndə yadınıza ilk düşür?       

- Cıdır düzü!.. Orda kəkotu yığmağım… Otların arasında seçərdim kəkotunu. Min-bir rəngdə çöl gülləri toplayardım. Otağımıza bir qucaq çöl gülü ilə qayıdardım.

- Necə təsəvvür edirsiniz bərpa olunacaq Şuşanı?

- Şuşanın qədimliyi mütləq saxlanmalıdır. Bəzən internetdə fotolar yerləşdirirlər, hündürmərtəbəli binalar, hansısa müasir tikililər. Mən yaraşdırmıram onları Şuşaya. Şuşanın öz memarlıq üslübu, öz inşaat üslübu var. Çay daşı döşənmiş küçələrdir Şuşa!.. Şuşanın kaloriti qorunmalıdır. Əlbəttə ki, görkəmli şəxsiyyətlərin evləri, Şuşanın məşhur malikanələri, məşhur məhəllələri bərpa olunmalıdır. 

- Yəqin siz Şuşaya getmək üçün səbirsizlənirsiniz…

- Çox istəyirəm gedim. “Xarı bülbül” festivalını görmək istəyirəm. Gözləyirik, icazə verilsin, gedək. Hələ ki təhlükəsiz deyil belə səfərlər.

- Leyla xanım, Şuşanın azad edilməsi xəbərini necə qarşıladınız, soruşmağa ehtiyac varmı?

- Sözlə ifadə etmək çətindi. Ağladım. Göz yaşlarımı saxlaya bilmədim. Vətən müharibəsi başlanan gündən çox adam eyvanlardan, pəncərələrdən Azərbaycan bayrağı asırdı. Mən əhd eləmişdim ki, ancaq Şuşa alınanda bayraq asacam. Bayrağımızı alıb saxlayırdım. Şuşa xəbərini gözləyirdm. Cənab Prezident Şuşanın azad olunması xəbərini elan edəndə bayrağımızı pəncərədən asdım. Şuşanın azadlığını bütün ölkə zəfər günü kimi bayram etdi. Təbii ki, Vətən torpağının hər qarışı müqəddəsdir. Torpaqlarımız azad olunduqca sevinirdik, Azərbaycan əsgəri ilə qürur duyurduq. Amma ən çox Şuşanın azad olunması xəbərini gözləyirdik. Yəqin bizi qınamazlar. Şuşa necə olsa da, bizə bir köynək yaxındı…

 

Məlahət Rzayeva

Şərq  2021.-11 fevral.- S.8.