İstiqlal mücahidi:

Nəsib bəy Yusifbəyli anıldı

 

Bugün Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Azərbaycan Türk Ocağının təşkilatçılığı ilə Azərbaycanın görkəmli dövlət və ictimai-siyasi xadimi Nəsib bəy Yusifbəylinin anadan olmasının 140 illiyi münasibətilə İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu mövzusunda elmi konfrans keçirilib.

"Sherg.az" xəbər verir ki, konfransda Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Cahit Bağçı, İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, millət vəkilləri - Fazil MustafaCeyhun Məmmədov, Türkiyə və Azərbaycandan 20-yə yaxın tarixçi alim, araşdırmaçı-yazarlar və media nümayəndələri iştirak ediblər. Eyni zamanda Türkiyə Türk Ocaqlarının sədri, professor Mehmet ÖzünTürk Ocaqları İstanbul Şöbəsinin rəhbəri Dr. Cezmi Bayramın video-çıxışları dinlənilib.

Bır sıra konfrans iştirakçıları pandemiya səbəbindən tədbirə internet üzərindən onlayn qaydada qoşulublar.

İlahiyyat İnstitutu Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradovun moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Respublikası və Türkiyə Respublikasının Dövlət himnləri səsləndirilib. Daha sonra 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov açılış nitqi ilə qonaqları və konfrans iştirakçılarını salamladıqdan sonra, 44 günlük Vətən müharibəsində şəhid olanları yad edib, qazilərə Allahdan şəfa diləyib.

Nəsib bəy Yusifbəylinin həyatını xalqına həsr edən şəxsiyyət olduğunu vurğulayan rektor onun qısa ömür yaşamasına baxmayaraq, böyük xidmətlər göstərdiyini qeyd edib. Yaşadığı və fəaliyyət göstərdiyi dövrdə daim Azərbaycanın mədəniyyəti, inkişafı yolunda dayanmadan fəaliyyət göstərib.

A.Şirinov ümumtürk kontekstində düşünən və hər zaman ictimai fəaliyyətində bunu əks etdirən Nəsib bəy Yusifbəylinin Türkiyədəki fəaliyyətini də yüksək qiymətləndirib. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonrakı dövrdə N.Yusifbəylinin fəaliyyətindən bəhs edən rektor onun hökumətdə vəzifə tutduğu dönəmlərdə xalqın maarifləndirilməsi, savadlanması yolunda xidmətlərinin danılmaz olduğunu vurğulayıb:

"Faciəli şəkildə həlak olarkən 39 yaşı belə tamam olmamışdı. 39 illik ömrə Nəsib bəy Yusifbəyli çox şeyləri sığdırmağı bacardı. Nəsib bəy əzilən xalqların öz hüquqlarını qorumaq üçün hüquq təhsili almışdı. Getdiyi hər yerdə kiçik Azərbaycan yaratmağı bacarmışdı. Həmyerlilər təşkilatı yaratmışdı".

Azərbaycan Türk Ocağının başqanı, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı məruzə üçün söz alıb. Qonaqları salamalayaraq, konfransda iştirak etdiklərinə görə hər kəsə təşəkkürünü bildirib. O, Azərbaycan tarixinin Milli Azadlıq Hərəkatında N.Yusifbəylinin oynadığı rolu xüsusi qeyd edib. N.Yusifbəylinin Xalq Cümhuriyyətinin başlıca simalarından biri olduğunu vurğulayan Akif Aşırlı onun Baş nazirmaarif naziri olduğu dönəmlərdəki fəaliyyətini yüksək qiymətləndirib. Məruzəçi Nəsib bəy Yusifbəyliyə olan mənəvi borcun qismən yerinə yetirilməsi üçün təşkil olunan konfransın fəaliyyətinə uğurlar arzulayıb:

"Tariximizdə elə şəxslər var ki, onlar sanki, tarixin ən çətin və şərəfli dövrünü öz həyatlarına sığışdırıb. Nəsib bəy Yusifbəyli bu cür şəxslərdən idi. Nəsib bəyin keçmişinə nəzər yetirdikdə onun soy-kökü, şəcərəsi Arazın ikiyə böldüyü Güney Azərbaycandan başlayır. Daha sonra ulu babaları Gəncəyə köçüblər və çar Rusiyasının işğalçılığına qarşı son damla qanına qədər vuruşmuş Cavad xanın yanındakı vəzir, vəkilləri olublar. Eyni zamanda Gəncənin milli azadlıq hərəkatında olduqca mühüm rol oynayıblar. Bunlardan saatlarla danışmaq olar. Gəncə mühiti Nəsib bəy Yusifbəylinin formalaşmasında, onun millisiyasi kimliyini müəyyənləşməsində mühüm rol oynayıb".

Çıxış üçün söz Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cahit Bağçıya verilib.

Cənab səfir qonaqları salamladıqdan sonra, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişafının böyük əhəmiyyətə malik olduğunu, tarixi köklərə söykəndiyini və bu əlaqələrin yalnız elm, təhsil, mədəniyyət deyil, bütün sahələrdə gücləndirilərək davam edəcəyini qeyd edib.

Səfir Nəsib bəy Yusifbəylinin, xüsusilə Xalq Cümhuriyyəti dövründə 100 tələbənin xaricdə təhsil alması üçün gördüyü işlərdən, maarif naziri kimi fəaliyyət göstərdiyi dönəmdəki yüksək fəaliyyətindən bəhs edib:

"Nəsib bəy həqiqi dövlət adamı, siyasətçi, qəhrəman, milli mücadilə aparan görkəmli bir şəxsiyyət olub. Azərbaycan üçün, xaıq üçün çox böyük işlər görüb. Bizbu şəxsiyyətlərin türk dünyası üçün gördüyü əvəzsiz xidmətləri diaspora vasitəsi ilə bütün dünyaya çatdırmalıyıq".

Daha sonra Türk Ocaqlarının sədri, professor Mehmet Öz konfransa onlayn formatda qoşularaq, tədbir iştirakçılarını salamlayıb. Türk Ocaqlarının qurulması, bu dönəmdə xidmətləri olmuş şəxsiyyətlərin fəaliyyətinə xüsusi toxunub.

O, Nəsib bəy Yusifbəylinin xidmətlərini yüksək dəyərləndirib, onun Türkiyədəki fəaliyyətini, xüsusilə gənclərin maariflənməsi, savadlanması yolunda göstərdiyi danılmaz xidmətləri vurğulayıb:

"Azərbaycanda, İstanbulda və Krımda mühüm xidmətlər göstərmiş önəmli şəxsiyyətlərdən biri də Nəsib bəy Yusifbəyli idi. Nəsib həyatının, fikirlərinin, mücadiləsinin öyrənilməsi vacibdir. Ona görə də bu konfransı təşkil edənlər təşəkkürümü bildirirəm. Çünki Nəsib bəyin Türk Dərnəyinin qurulmasında əməyi olub".

Millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafa da tədbirdə çıxış edib. Azərbaycan istiqlal tarixində xüsusi rolu olan Nəsib bəy Yusifbəyli şəxsiyyətinə həsr olunan konfransı yüksək qiymətləndirib, təşkilatçılara xüsusi təşəkkürünü bildirib.

Yusifbəyli şəxsiyyətinin Azərbaycan tarixindəki xidmətlərini yüksək qiymətləndirən millət vəkili, xüsusilə onun faciəvi ölümü ilə bağlı məsələlərin tarixçilər tərəfindən öyrənilməsinin zəruriliyini qeyd edib. Həmçinin Difai təşkilatının yaranmasında N.Yusifbəylinin rolunun, o cümlədən İsmayıl bəy Qaspralı ilə olan münasibətlərinin araşdırılmasının vacibliyini nəzərə çatdırıb:

"Nəsib bəy Yusifbəylinin haqqı hələ də tam verilməyib. Milli Məclisdə çıxışımda da qeyd etdim ki, Nəsib bəyin 140 illiyi daha fərqli formada keçirilməliydi. Çünki N.Yusifbəyli iki dəfə Azərbaycan hökümətinə rəhbərlik etmiş, Azərbaycanın müstəqilliyi məhz onun vaxtında tanınmış şəxsiyyətdir. O, Məhəmməd Hadiyə bənzər ömür yaşadı, ikisinin də məzarı tapılmadı. Firudin by Köçərli Məhəmməd Hadi haqqında "o qeyb oldu" deyirdi. Yəni yoxa çıxdı. Əslində Nəsib bəy Yusifbəyli də hansısa formada Azərbaycan cəmiyyətində qeyb olmuş və nə zamansa başqa formada bu cəmiyyətə özünün kimliyini qaytarıb, şəxsiyyəti ilə nümunə təqdim edə biləcək bir xarakteri ortaya qoyacaq".

Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov çıxış edib. Millət vəkili çıxışında Nəsib bəy Yusifbəylinin ictimai-siyasi fəaliyyətindən ətraflı söz açıb.

Onun fəaliyyət göstərdiyi dövrdə Bakı Dövlət Universitetinin yaranması, yüzlərlə tələbənin xaricdə təhsil alması üçün səy göstərməsi, hökumət işçiləri arasında milli kadrların yerləşdirilməsi, həmçinin ana dili ilə bağlı bir sıra məsələlərin öz həllini tapdığını qeyd edib. Xüsusilə, Nəsib bəy Yusifbəylinin atasının ona yazdığı məktubundakı əsas amillərə toxunaraq, özünü xalqına və millətinə həsr etmiş şəxsiyyətə həsr olunmuş konfransın əhəmiyyətini yüksək qiymətləndirib.

Türk Ocaqları İstanbul şöbəsinin müdiri Cezmi Bayram da konfransa onlayn formatda qoşularaq, tədbir iştirakçılarını salamlayıb. Nəsib bəy Yusifbəylinin faciəvi sonluqla nəticələnən həyatından geniş bəhs edib. Onun Cümhuriyyət dövründəki fəaliyyətini qeyd edərək, milli şüurun formalaşmasında əvəzsiz xidmətlərindən danışıb:

"Nəsib bəyin Azərbaycan Cümhuriyyətinin quruluş və təşkilatlanma dönəmində xüsusi xidmətləri olub. O, məsləkdaşları kimi Azərbaycanın müstəqilliyinə nail olmuş, müxtəlif vəzifələr icra etmiş görkəmli şəxslərdəndir. Önəmi fikir adamıdır. Nəsib bəyin indiki və gələcək nəslə anladılmadında böyük fayda var. O baxımdan bu konfrans çox vacibdir".

Daha sonra konfrans öz işini panellərlə davam etdirib. Elmi konfransda Azərbaycanın, eləcə də Türkiyənin ali təhsil müəssisələrinin professor və alimlərinin Nəsib bəy Yusifbəyli haqqında məruzələri dinlənilib.

Bir daha xatırladaq ki, mövcud pandemiya şəraiti ilə bağlı olaraq Nəsib bəy Yusifbəylinin anadan olmasının 140 illiyi münasibətilə təşkil olunmuş İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu mövzusunda elmi konfrans xüsusilə qaydalar gözlənilməklə, həm ənənəvi, həm də ZOOM proqramı vasitəsilə onlayn formatda təşkil olunub.

 

İsmayıl Qocayev

 

Şərq.- 2021.- 6 iyul.- S.8-9.