Qarabağ həm də sənətkarlığın beşiyi kimi tanınır

 

Vətənpərvərliyin bir nümunəsi də mədəni mirasa sahib çıxmaqdır

 

"İnanıram ki, bərpa ediləcək muzeylərimizdə Qarabağ məişətinin ayrılmaz hissəsi olan tikmələr, quramalar, döşəkçələr də sərgilənəcək"

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə hər səfəri yaddaqalan olur. Prezident də, ölkənin birinci vitse-prezidenti Mehriban xanım da işğaldan azad edilmiş Qarabağda təkcə tikinti, abadlıq işləri ilə yaxından tanış olaraq,  məsləhət və tövsiyələrini vermir, eyni zamanda qədim diyarın mədəniyyəti, incəsənətinin doğma yurdda dirçəldilməsi, yeni nəfəs qazanması üçün də gərəkən işlərin həyata keçirilməsinə çalışırlar.

 

Məlumdur ki, erməni vandalları 28 il ərzində işğal altında saxladıqları Şuşanı, eləcə də Qarabağın digər şəhər və kəndlərini misli görünməmiş vəhşiliklə viran qoymuşdular. Cənab Prezident Şuşaya ilk səfəri zamanı şəhərin tarixi görkəminin özünə qaytarılması, Azərbaycan ədəbiyyatı və incəsənətinin dahi nümayəndələrinin abidələrinin, yaşadıqları evlərin bərpa olunması haqqında göstəriş verdi.

 

Məhz Prezidentin göstərişlərinə uyğun olaraq Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin məqbərəsi bərpa edildi, “Xan qızı” bulağı təmir edildi, Xurşudbanu Natəvanın, Bülbülün, Üzeyir bəyin erməni vəhşiləri tərəfindən güllələnmiş abidələri Şuşaya qayıtdı, həmçinin bu görkəmli şəxsiyyətlərin yeni abidələri, büstləri ucaldıldı. Azərbaycan mədəniyyətinin əvəzolunmaz şəxsiyyətləri, o cümlədən mədəniyyətimizin əvəzsiz nümunələrinin bərpası, ikinci həyat qazanması davam edir. Şuşada doğulub, yaşamış görkəmli şəxslərin malikanələri də bərpa ediləcək. Şuşa tarixini görkəmini özünə qaytaracaq. Bütün bunlar Azərbaycan dövlətinin milli adət-ənənələrə, mədəniyyətimizə qayğıkeş münasibətinin təzahürüdür və bu özünü Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın timsalında göstərir. Xatırladaq ki, Prezidentbirinci xanım Şuşada keçirilmişVaqif Poeziya Günləri” çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Şuşa Rəsm Qalereyasında təşkil olunmuş  Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgiləri ilə də tanış olmuşdular. 

 

Sərgidə Azərbaycan Milli Xalça Muzeyinin təqdim etdiyi  xovluxovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunurdu. Həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına daxil olan xalça nümunələri də yer alırdı. Qeyd edilmişdi ki, yenidən öz doğma diyarında sərgilənən bu eksponatların əksəriyyəti Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialından Bakıya gətirilib. Qarabağın Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə sahib olması sirr deyil. İşğal dövründə talan edilən muzeylərdə Azərbaycana məxsus qiymətli tarix və mədəniyyət nümunələri, dünyada məşhur Azərbaycan xalçaları və Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, həmçinin digər dəyərli eksponatlar olub. Məhv edilən həmin xəzinələr təkcə Azərbaycanın yox, həm də bütün dünya mədəniyyətinin nümunələri idi. Talan edilmiş muzeyləri bərpa etmək əlbəttə çətin olacaq, lakin mümkünsüz deyil. Çətin olsa da, Azərbaycan xalqı bunun öhdəsindən gələcək.

 

Bu günlərdə yazıçı-jurnalist, şuşalı Kərim Kərimli şəxsi kolleksiyasında olan milli tikmə, qurama nümunələrinin fotolarını paylaşmışdı. K.Kərimli illərlə topladığı bu eksponatları “Qarabağ muzeyinin əvəzsiz sərvəti hesab edir.

 

 Onların sayı 500-dən çoxdur. Eksponatlar arasında qurmalar, tikmələr, yastıqcalar var. Bu tikmələrdən bəzilərinin anası və bacılarının əl işləri olduğunu yazıb. Bu nümunələr Qarabağ xanımlarının zərif, incə zövqünün əsərləridir. Hər biriQarabağda yaradılacaq tarix-etnoqrafiya muzeylərinin eksponatı olmağa layiqdir. Bu tikmələr onu göstərir ki, Azərbaycan xalqının məişətində milli adət-ənənələrə möhkəm bağlılıq mövcuddur.

Qarabağ mədəniyyətinin, məişətinin ayrılmaz hissəsi olan tikmə, qurama sənəti barədə danışan tarix üzrə fəlsəfə doktoru, AMEA Milli Azərbaycan Tarixi Muzeyində Etnoqrafiya elmi fond şöbəsinin müdiri Gülzadə Abdulova tarixən Qarabağda sənətkarlığın ayrı-ayrı sahələrinin - xalçaçılıq, ipəkçilik, tikmə, keçəçilik, dəriişləmə, metalişləmə, ağacişləmə sənətinin də geniş yayıldığını, Qarabağ ustalarının gözəl sənət nümunələri yaratdığını, Qarabağ xanımlarının da məişətdə işlənən bu cür gözəl, əsrarəngiz əşyalar ərsəyə gətirdiyini deyir:

 

- Bu quramalar qadınlarımızın ən gözəl, ən nəzərəçarpan əl qabiliyyətlərinin məhsuludur. Evin kəndarından tutmuş iynə-sap yastıqlarına qədər hər cürə qurama əl işlərindən ibarət məişət əşyaları var. Qurama hər hansı bir parçadan tikilən paltar və digər əşyalardan qalan qırıq-quruq parçalardan quraşdırılıb, uyğunlaşdırılıb toxunurdu. Quramalar müxtəlif olur; “Əsl qurama”, “Sadə qurama”. Bundan başqa döşəkçələr, milçə ilə hörülən toxumalar. Bunlar hamısı zövqlü qadınlarımızın zərif əllərinin işləridir. Ən əsası budur ki, qarabağlıların qoruyub saxladığı belə əşyalar Qarabağda bərpa olunacaq muzeylərimizin gözəl eksponatları ola bilər. Məncə, vətənpərvərliyin bir nümunəsi də mədəni mirasa sahib çıxmaqdır. İnanıram ki, bərpa ediləcək muzeylərimizdə Qarabağ məişətinin ayrılmaz hissəsi olan tikmələr, quramalar, döşəkçələr də sərgilənəcək. Biz bütün dünyaya mədəni, sivilizasiyalı xalq, həm də zərif zövqə malik xalq olduğumuzu nümayiş etdirəcəyik.

 

 Məlahət  Rzayeva

 

Şərq 2021.- 9 oktyabr.- S.6.