Qarabağda həyat yenidən dirçəlir

 

Böyük arzularla işə başlayacaq sahibkarlara hökumət dəstək olmalıdır

 

Nəinki ağır sənaye müəssisələri, ən kiçik iaşə obyektinə də vergi güzəştlərinin tətbiq edilməsi məqsədəuyğundur

 

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 

 

İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri tam sürətlə aparılır. “Zəfər yolunun tikintisiylə başlanan işlər qısa zaman kəsiyində böyük nəticələrə nail olunmasına gətirib çıxarıb. İşğaldan azad edilmiş ərazilərdə elektrik yarımstansiyaların işə salınması, inzibati binalarla yanaşı, artıq fərdi evlərin də tikintisinə başlanması, Füzulidə beynəlxalq aeroportun istifadəyə verilməsi, digər bölgələrdə də beynəlxalq aeroportların tikintisinin planlaşdırılması, bir sözlə infrastrukturun bərpası Qarabağda çox yaxın zamanda həyatın dirçələcəyinin müjdəçisidir. Bütün bu işlərlə paralel olaraq işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı və sənaye müəssisələrinin də yaradılması prioritet məsələlərdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı rayon ictimaiyyəti, ziyalılarla söhbətində burada məskunlaşacaq insanlar üçün hər bir şəraitin yaradılacağını bildirir. Həmçinin vurğulayır ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinin çalışması üçün münbit şərait yaradılmalıdır. Çünki bölgələrin inkişafında sahibkarlığın inkişafı əsas meyardır. Bu günlərdə sahibkarları həvəsləndirəcək açıqlamalar da səslənib.  İqtisadiyyat naziri Mikayıl Cabbarov işğaldan azad olunmuş ərazilərdə vergi güzəştlərinin tətbiq edilməsi məsələsinə baxıldığını deyib. Onun sözlərinə görə, sənaye zonalarının investisiya cəlbediciliyini artırmaq üçün vergigömrük təşviqi tətbiq edilir.

 

 "Hazırda Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"inə əsasən, Azərbaycanın 2022-2026-cı illər üzrə ortamüddətli strateji inkişaf strategiyası hazırlanır. Biz gələcəkdə istehsal fəaliyyətinə, investisiya alətlərinə, insan kapitalının inkişafına, turizm sahəsi üzrə, informasiyakommunikasiya texnologiyalarına və işğaldan azad olunmuş ərazilərdə vergi güzəştlərinin verilməsi məsələsinə də baxırıq", - deyə M.Cabbarov qeyd edib. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov da İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, KiçikOrta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İCYF) təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib. O qeyd edib ki, azad edilmiş ərazilərin bərpası üzrə işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılır: "Dövlət proqramı çərçivəsində 2025-ci ilədək inzibati idarəetmənin qurulması, hüquq-mühafizə fəaliyyəti, telekommunikasiya şəbəkəsinin yaradılması kimi işlər aparılacaq. Həmçinin, iqtisadiyyatın canlanması üçün dağ-mədən sənayesində istehsalatı və özünüməşğulluq formatında sahibkarlığı təşkil etməyi planlaşdırırıq. Sahibkarlar vergirüsumlardan azad ediləcək".

 

Nazir müavini bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərində genişmiqyaslı bərpa işləri aparılır:

 

"Bildiyiniz kimi, ərazilərimiz 30 il ərzində ermənilər tərəfindən dağıntılara məruz qalıb. Bu gün bizim həmin ərazilərin bərpası üzrə strategiyamız var. Bərpa konsepsiyası bütün regionun iqtisadi artımını sürətləndirəcək və əlavə investisiyaların cəlb olunmasına xidmət edəcək".

 

 

Sahibkarların vergirüsumlardan azad edilməsi məsələsini şərh edən iqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında bildirdi ki, vergirüsumlarda güzəştlər biznesin stimullaşdırılmasına təkan verən amildir:

 

- Üstünlüyümüz bundadır ki, Azərbaycanda bu praktika artıq mövcuddur. Vergidən azad edilmiş, rüsumlarda güzəştlər edilən sənaye parkları, sənaye müəssisələrimiz var. Bu həm də psixoloji göstəricidir. Vergi, rüsum məsələlərində güzəştlər biznesin əl-qol açmasına, dayanıqlığını artırmasına, ümumilikdə inkişafa ən impulsiv təsir göstərən amildir. Söhbət işğaldan azad edilmiş ərazilərdən gedirsə, nəinki ağır sənaye müəssisələri, ən kiçik iaşə obyektinə də vergi güzəştlərinin tətbiq edilməsi məqsədəuyğundur. Böyük arzularla işə başlayacaq sahibkarlara hökumət dəstək olmalıdır. Bu ərazilərdə həyat yenidən dirçəlir. Bilirik ki, mənfur qonşularımız 28 il müddətində işğal altında saxladıqları ərazilərdə canlı aləm adına heç nəyi salamat qoymayıblar. Torpağı zəhərləyiblər, çayları zəhərləyiblər, təbii ehtiyatları vəhşicəsinə istismar ediblər, ağacları məhv ediblər. Salamat bina da qoymayıblar. Yəni bu ərazilər, demək olar sıfırdan qurulur. Buna fos-major situasiya deyilir. Belə şəraitdə əlbəttə ki, həmin ərazilərdə sahibkarlığın, biznesin inkişafı üçün güzəştlər mütləq olmalıdır. Vergi güzəştləri də, rüsum güzəştləri də. Bunlar azad sahibkarlığın inkişafının başlıca amilləridir. İşğaldan azad edilmiş ərazilərə təkcə insanlar qayıtmayacaq, sənaye müəssisələri, zavod, fabriklər açılacaq, eyni zamanda orda kiçikiri sahibkarlıq da inkişaf etməlidir. Bunun üçün də hökumət əməli addımlar atmalı, sahibkarlığı təşviq etməlidir. Hökumət vergidən əldə olunacaq gəlirləri deyil, işğaldan azad edilmiş ərazilərdə yaradılacaq müəssisə və təsərrüfatların 10 ildən sonra makro-iqtisadiyyata nə verə biləcəyini düşünməlidir.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Rəyasət Heyətinin iclasında da işğaldan azad edilmiş ərazilərdə gələcək biznes imkanları müzakirə olunub. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, artıq növbə sahibkarlarındır, işğaldan azad olunan rayonların bərpasında, iqtisadi cəhətdən dirçəldilməsində sahibkarların üzərinə böyük vəzifələr düşür. Azərbaycan sahibkarları işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa və quruculuq işlərində bütün imkanlarını səfərbər edərək dövlətə dəstək verməyə hazırdırlar.

 

 

Məlahət Rzayeva

 

Şərq  2021.- 30 oktyabr.- S.6.