Söhbət sadəcə dildən, ədəbiyyatdan, musiqidən getmir

 

Nizami Cəfərov: "Şuşa türklüyümüzü qorumaq, uğrunda mübarizə aparmaq baxımından da əhəmiyyətli şəhərdir"

 

İdeologiya, düşüncə, milli özünüdərk də mədəniyyətdir. Bəlkə də mədəniyyətin ən böyük formasıdır

 

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği:

 

 

   Azərbaycanın 270 yaşlı mədəniyyət ocağı, muğam-sənət beşiyimiz Şuşa şəhəri 2023-cü il üçünTürk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilib. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının martın 31-də Türkiyənin Bursa şəhərində keçirilən növbədənkənar iclasında qəbul olunub. İclasda iştirak edən Mədəniyyət naziri Anar Kərimov Şuşa ilə bağlı təqdimatla çıxış edərək qədim və zəngin tarixə malik şəhərimiz haqqında geniş məlumat verib.

 

 Qeyd edilib ki, 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulmuş Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən olub. Uzun illər Qarabağ xanlığının paytaxtı olan və əsas müdafiə qalası missiyasını yerinə yetirən Şuşa daim mədəniyyətimizin çiçəkləndiyi şəhər kimi tanınıb. 17 məhəllədən ibarət şəhərdə hər məhəllənin öz məscidi, hamamı və bulağı olub. Sənətkarlığın və incəsənətin müxtəlif sahələrinin inkişafı nəinki Azərbaycanın Qarabağ bölgəsinin, bütövlükdə ölkəmizin tərəqqisində mühüm rol oynayıb, şöhrətinə şöhrət qatıb. Şuşa Azərbaycan ədəbiyyat və mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş görkəmli şəxsiyyətlərin yurdudur. Nazir diqqətə çatdırıb ki, 1992-ci ildən 2020-ci ilədək Ermənistanın işğalı altında qalan Şuşa şəhərində tarixi-mədəni abidələr, o cümlədən məscidlər, təhsil müəssisələri, kitabxana və muzeylər dağıdılıb, talan edilib. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu Qarabağımızı, o cümlədən Şuşanı düşmən işğalından qurtarıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İlielan edilib. Hazırda Azərbaycan dövləti tərəfindən işğaldan azad edilmiş yaşayış məntəqələrimizdə, həmçinin mədəniyyət paytaxtımız Şuşada geniş bərpa-quruculuq və abadlıq işləri aparılır. Nazir Anar Kərimovun təqdimat çıxışından sonra azad Şuşada həyata keçirilən quruculuq işlərinə və şəhərdə təşkil edilən mədəni-kütləvi tədbirlər barədə videoçarxlar nümayiş olunub. Tarixi-mədəni zənginlikləri ilə vaxtilə dünyada şöhrət qazanmış Şuşa şəhəri gələn ilTürk Dünyasının Mədəniyyət Paytaxtı” missiyasını da layiqincə yerinə yetirəcək. Şuşada yenidənqurma, bərpa işləri sürətlə həyata keçirilir. Şübhəsiz, Prezident İlham Əliyevin qayğısı sayəsində bu unikal şəhərimiz qısa zaman kəsiyində yenə də öz tarixi simasını bərpa edəcək. Şuşa türk, islam dünyasının mədəniyyət paytaxtı statusu ilə məhdudlaşmayacaq, gələcəkdə bütün dünyanın mədəniyyət paytaxtlarından biri kimi də tanınacaq. Dövlət başçısının da dediyi kimi “Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik”.

 

 

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov “Şərq”ə deyib ki, Şuşa düşmən işğalından azad olunandan sonra TÜRKSOY bu məsələni gündəmə gətirmiş və elan etmişdilər ki, bu qədim şəhəri türk dünyasının mədəniyyət paytaxtı seçəcəklər. Deputatın sözlərinə görə, bu seçim çox təbiidir:

 

Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir, ilk milli şəhərlərimizdən biridir. Ümumşərq şəhərləri bizdə çox olub. Məsələn, Naxçıvan, Gəncə, Şamaxı və s. Amma XVIII əsrdə Azərbaycanda şəhər mədəniyyətinin yeni forması meydana gəlib. Xüsusən, xanlıqlar dövründə milliləşmə hərəkatı başlayıb və həmin hərəkatın nəticəsində yeni, milli şəhərlərimiz meydana çıxıb. Bu şəhərlərin arasında ən diqqətçəkəni sözsüz ki, Şuşadır. Şuşanın yeni şəhər kimi üstünlüyü ondan ibarət idi ki, bu şəhərin konkret neçənci ildə salındığını bilirik. İlk daşı nə zaman qoyulub, məlumatımız var. Əlbəttə, ola bilər, Pənahəli xanın zamanında salınmış şəhər ilk vaxtlar yaylaq kimi istifadə olunub, oba, oymaq olub. Amma Şuşa dövrün müasir tipli yaşayış yerinə çevrilibilk gündən əsl türk şəhəri kimi tanınıb. Şuşada türk dili, ədəbiyyatı, sənəti, musiqisi xüsusi inkişaf yolu keçib. Türk dünyasının ən nəhəng şəxsiyyətlərindən, ideoloqlarından biri - Əhməd bəy Ağaoğlu da məhz Şuşanın yetirməsidir. Şuşanın türk dünyasını təmsil etməsi Azərbaycan xalqının ən yeni dövrdəki tarixinin mahiyyətini göstərən önəmli məqamdır”.

N.Cəfərov diqqətə çatdırıb ki, ermənilərin xalqımıza qarşı ən böyük satqınlığı, xəyanəti də məhz Şuşada təzahür edib: Baxmayaraq ki, Azəhbaycan xalqı Şuşada erməni uşaqları üçün məktəb tikmişdi, rahat yaşamaqları üçün hər cür şərait yaratmışdı, amma fürsət düşən kimi ermənilər qırğın törətməkdən geri durmadılar. Şuşa türklüyümüzü qorumaq, uğrunda mübarizə aparmaq baxımından da əhəmiyyətli şəhərdir. Burada söhbət sadəcə dildən, ədəbiyyatdan, musiqidən getmir. İdeologiya, düşüncə, milli özünüdərk də mədəniyyətdir. Bəlkə də mədəniyyətin ən böyük formasıdır. Ona görə də TÜRKSOY-un təşəbbüsü və bunun reallaşması təqdirəlayiqdir. Bilirsiz ki, bu il Azərbaycanda “Şuşa İlidir. Prezident İlham Əliyevin Şuşanı xüsusi məhəbbətlə sevməsi və nümayiş etdirdiyi milli ruh Azərbaycan xalqına da böyük təsir göstərir. Bizimruhumuzu yüksəldir. Şuşada Novruz tonqalının qalanması da simvolik olaraq çox əhəmiyyətli idi”.

 

 

İsmayıl Qocayev

 

Şərq  2022.- 2 aprel.- S.6.