Ömər Faiq Nemanzadə dahi şəxsiyyətdir

Maarifçi ziyalımızın türklük və islam dininin mahiyyətinin yenidən dərki uğrunda apardığı mücadiləni mənimsəməliyik

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği:

  Prezident İlham Əliyev görkəmli publisist, ədib, ictimai-siyasi xadim, tanınmış maarifçi Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan milli mətbuatının inkişafına dəyərli töhfələr vermiş görkəmli maarifçi-ziyalı Ömər Faiq Nemanzadənin anadan olmasının 150-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə yubileyə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazıb. O, son dərəcə mürəkkəb şəraitdə onun inkişafına istiqamət verərək keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır. Ədəbi-mədəni həyatda mühüm hadisəyə çevrilmiş “Qeyrət” mətbəəsinin və Yaxın Şərq ölkələri ədəbiyyatında demokratik meyillərin güclənməsinə qüvvətli təsir göstərmiş məşhur “Molla Nəsrəddin” jurnalının yaradılması ədibin gərgin və səmərəli fəaliyyətinin ayrılmaz tərkib hissələridir. Ana dilinə sevgini vətənə məhəbbətin ən vacib şərti sayan geniş erudisiyalı, fədakar qələm sahibi doğma xalqının mədəni dirçəlişi, istiqlalı və xoşbəxt gələcəyi naminə bilik və bacarığını əsirgəmədən əzmlə mübarizə aparmışdır. Ümumxalq əhəmiyyəti daşıyan bütün taleyüklü məsələlərin zamanın qabaqcıl ideyaları fonunda daim azərbaycançılıq məfkurəsi cəbhəsindən işıqlandırılması Ömər Faiq Nemanzadənin milli ideyalarla zəngin və dərin siyasi-ictimai məzmuna malik publisistik irsinin başlıca leytmotivini təşkil edib.

  Ömər Faiq Nemanzadə, 1906–1917-ci illərdə Bakıda jurnalist-yazıçı və müəllim işləyib. Müxtəlif mövzularda qələmə aldığı məqalələrdə milləti düşündürən, həyəcanlandıran problemlərə təmas edib. 1917-ci ildə vətəni Axalsıxa dönərək buradakı türklərin milli mənafelərinin müdafiəçisi olmağı seçib. Gürcüstan Respublikasının anti-türk siyasi şiddətinə qarşı çıxan Ömər Faiq 1918-ci ildə üç dəfə həbs olunub. Gürcü həbsxanalarının bütün zillətini yaşayıb. 1918-ci ildə Tiflis həbsxanasında Ömər Faiqlə görüşən şair Əhməd Cavad yazırdı: "Mən bu həkarəti yalnız Ömər Faiqə deyil, millətimə edilmiş hesab etdiyimdən gürcü millətinin dostluğunu ürəyimdə saxlamaqla, gürcü hökumətinə qələm dostlarım adından etiraz edirəm. Ömər Faiq təkçə Axalsixin deyil, bütün millətin xadimidir".

Həbsdən çıxdıqdan sonra Bakıya gələrək 1919-cu ildə Bakı Polis idarəsində çalışıb. 1920-ci ildə isə yenidən Gürcüstana qayıdaraq "Zəhmətkeşin Səsi" qəzetinin baş yazarı və Gürcüstan İnqilab Komitəsinin üzvü olub. Sovet dövründə də müəllimlik və dramaturgiya fəaliyyətini davam etdirib. Dərs kitablarının hazırlanmasında daha fəal çalışıb. 1927-ci ildə pensiyaya çıxdıqdan sonra Ömər Faiq XX əsr Azərbaycan mədəniyyəti və mətbuat tarixi üçün son dərəcə əhəmiyyətli olan "Xatirələrim" üzərində çalışıb. Lakin müəllif bu xatirələri bitirə bilməyib. Dövrün vətənpərvər ruhlu bir çox şəxsiyyətləri kimi o da totalitar sovet rejiminin 1930-cu illər repressiyasının qurbanlarından olub. Öməq Faiq Nemanzadə 1937-ci ilin yayında Axalsıxda öz ata yurdunda dincələrkən iyulun 16-da rayon prokuroru Odabaşyanın sərəncamı ilə həbs olunub. 3 ay sonra oktyabrın 10-da Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının nəzdindəki "Üçlüyün" qərarı ilə güllələnib. 1958-ci ildə Gürcüstan SSR Ali məhkəməsi ona bəraət verib. Ömər Faiqin həyatının öyrənilməsinə və zəngin külliyyatının toplanaraq nəşr olunmasına ancaq 1980-ci illərin ortalarından sonra başlanılıb.

  Türkoloq-alim, AMEA-nın əməkdaşı Faiq Ələkbərli "Şərq"ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin görkəmli maarifçi-ziyalı Ömər Faiq Nemanzadənin anadan olmasının 150-ci ildönümü ilə bağlı Sərəncam imzalaması olduqca təqdirəlayiq haldır. Alim deyib ki, Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişafı prosesində olduqca mühüm rol oynayıb:

"Rusiyada 1905-ci il inqilabından sonra yeni mətbu orqanlar yarandı. Həmin ərəfələrdə Bakıda, Tiflisdə nəşr olunan qəzetlərdə Ömər Faiq Nemanzadənin imzası, müstəsna rolu var idi. Xüsusən, məşhur "Molla Nəsrəddin" jurnalında çox dəyərli məqalələri var. "Həyat", "İrşad", "Tərəqqi", "İqbal", "Yeni İqbal", "Açıq söz" qəzetlərində də Ö.F.Nemanzadənin maarifləndirici əhəmiyyətə malik yazıları dərc olunub. 1905-ci ildə nəşr olunan "Dəvət" əsəri də xüsusi önəm kəsb edir. Ömər Faiq bütün yazılarında, məqalələrində əsas diqqəti məhz türklüyə, islama yönəldirdi. Türklüyə dönüşə, təhrifə məruz qalmış islami dəyərlərin yenidən dəyərləndirilməsinə böyük önəm verirdi. Onun ən dəyərli məqalələrindən biri 1917-cu ildə qələmə aldığı "Mən kiməm?"dir. Müəllif yazırdı ki, niyə biz özümüzü müsəlman adlandırırıq, halbuki biz türkük. Niyə özümüzə türk deməkdən qorxuruq? Milli özünüdərk baxımından çox dəyərli bir məqalədir. Bu baxımdan Ömər Faiq Nemanzadənin fəaliyyətinin daha genişmiqyaslı təqdimatı və təbliğatı əhəmiyyətli və zəruridir. Onunla bağlı yeni kitabların nəşri də təqdirəlayiq olardı. O, indiki Gürcüstan ərazisində axısqa türkü kimi dünyaya gəlsə də, Azərbaycan və türk dünyası üçün böyük xidmətləri olmuşdu".

  F.Ələkbərli də maarifçinin 150 illik yubileyinə xüsusi töhfə verəcəyini söyləyib: "Ömər Faiq Nemanzadə haqqında nəşrə hazırlanan bir kitabın həmmüəlliflərindən biriyəm. İlin sonunadək Azərbaycan və Türkiyə türkcəsində və başqa dillərdə kitabın nəşrini planlaşdırırıq. Konfranslarımız da olacaq. Bütün hallarda Ömər Faiq Nemanzadəni öyrənmək və tanıtmaq lazımdır. Ələlxüsus, yeni nəsil Ömər Faiq kimi şəxsiyyətlərimizi daha dərindən öyrənməlidir. Onun türklük və islam dininin mahiyyətinin yenidən dərki uğrunda apardığı mücadiləni mənimsəməliyik".

İsmayıl Qocayev

Şərq  2022.- 5 oktyabr.- S.6.