Anasının qoynunda dəfn olunmasını istəyib

Aida Eyvazlı Əzizə Cəfərzadənin həyatının bir məktəb, əsərlərininsə həyat dərsliyi olduğunu bildirib

Əzizə Cəfərzadənin anım günüdür. Adının qarşısına xanım sözünü yazsaq da, yazmasaq da, hər kim onun haqqında danışır, xatırlayırsa, mütləq “Əzizə xanım”, deyə sözə başlayır. Ətrafdakılar da söhbətin kimdən getdiyini bilir. Zatən, harada dilimiz, bayatımız, adət-ənənəmiz, ədəbiyyatımız, mədəniyyətimiz varsa, orada Əzizə xanım Cəfərzadə də var. Və olacaq. Bu böyük qadın özündə sadaladıqlarımızın hamısını cəmləşdirib təcəssüm etdirirdi. Əzizə xanımın anım günündə rəsmiyyətə lüzum görmədik. Özü bundan qaçaq idi, çünki. Çalışdıq ki, türk – Azərbaycan qadınının nurlu simasını onu tanıyan insanlarla bir daha xatırlayaq. Bu şəxs isə əziz həmkarımız, istedadlı jurnalist Aida Eyvazlıdır. Aida xanım Əzizə Cəfərzadənin anım  gününə status paylaşmışdı: “Adı ilə qürur duyduğum, ləyaqət timsalı, Şirvanın sönməyən ulduzu, Vətən qızı Əzizə xanım Cəfərzadə vəsiyyət etmişdi ki, onu Hacıqabulda Udulu kəndindəki məzarlıqda anasının qoynunda dəfn etsinlər. Məkanın uçmaq olsun, Azərbaycan və Türk dünyasının tanınmış xanımı. P. S. Bu gün Əzizə xanımın Tanrıya qayıtdığı gündür”.

Statusun ardınca isə Aida Eyvazlı görkəmli ziyalı, professor Əzizə xanım Cəfərzadə ilə bağlı xatirəsini “Sherg.azla bölüşdü:          

– IX sinifdə oxuyurdum. Xoşbəxt  çağlarımız idi.  Elə vaxt bu vaxt idi, zaman o zaman. Rəhmətlik atam Məmmədşahla Sumqayıt bazarına getmişdik. Atam həmişə ətin, meyvənin yaxşısını alardı. Sumqayıt Mərkəzi bazarında bazarlığımızı edib, qapıdan çıxanda özümdən asılı olmayaraq qışqırdım: Papa, ay papa, bax... Əzizə xanım Cəfərzadədir eee...”. “Hanı ay bala?”- deyə atam həyəcanla soruşdu. QaraVolqa”dan düşüb üzü bizə sarı gəlirdilər. Yanaşdım, tanış oldum. Atam dedi ki, biz şamaxılıyıq. Əzizə xanım gülə-gülə cavab verdi: “Deməyə ehtiyac yoxdur. Ləhcəndən məlumdur!”.  Dayanıb bir azca söhbət edəsi olduq. Məlum oldu ki, bağa gedəndə Əzizə xanım hər zaman gəlib, Sumqayıt bazarından bazarlıq edir. Həyat yoldaşı da yanında idi. Mən ona dedim ki, Əzizə xanım, mən şer yazıram. Həkim olmaq istəyirəm.

Atam mənim ədəbiyyata marağım, əlaçı olmağım, Əzizə xanımın kitablarını necə həvəslə oxumağım haqqında danışdı. Yenə belə oldu. Ümumiyyətlə, atam məni tərifləməyi sevərdi. Mən sonra hisrlənib ondan inciyərdim ki, “ay papa, məni niyə utandırırsan?!”. Atamı dinləyəndən sonra, diqqətlə üzümə baxdı, nəsə fikirləşdi, dedi: “Şer bu gün var, sabah olmaya bilər, həkim ol. Həkim ola bilməsən , qələmi sev, sənin gözəl qələmin olacaq. Ancaq unutma ki, bu həyat dediyin qayadır, oraya cırmaqlaşa-cırmaqlaşa dırmanmasan, mübarizə aparmasan, yüngül həyat keçirəcəksən. Yüngül həyatın dadı olmur ”.

A.Eyvazlı Əzizə xanımınhəyatla cırmaqlaşacaqsansözlərini heç vaxt unutmadığını söylədi:

- Əzizə xanım dünyagörmüş adam idi. Tanrıdan butalı idi. Yoxsa ki, balaca boylu qadın, zərif cüssəsi ilə bu qədər möhtəşəm işləri necə görə bilərdi?!. Bu qədər ağır mübarizələrdən, çətinliklərdən necə baş çıxara bilərdi ki?! Atam çox inad etdi ki, evimizə gəlsinlər, günorta naharını birgə edək, razılaşmadılar. Əzizə xanım əlini başıma çəkdi, üzümdən öpdü.  O zaman anlamamışdım, yəqin ki, butalamaq elə belə olurmuş. İndi fikirləşirəm ki, elə məni butalayan ƏZİZƏ ANA imiş! O görüşü uzun zaman unutmadıq. Axı bizim o gözəl çağlarımızda televizor qəzetdən başqa informasiya vasitəsi yox idi. mənim Əzizə ANAnı təsadüfən tanımağımı atam hamıya danışırdı. Aradan illər keçdi. Mən həkim ola bilmədim. Jurnalist olmağa üstünlük verdim. Qələmə sarıldım. Hər zaman Əzizə xanımınHəyatla cırmaqlaşacaqsan!” fikrini unutmadım. Harada , hətta televizyada belə qayalıqlar , oraya cırmaqlaşaraq çıxan adamlar görəndə Əzizə xanımı xatırladım. 2003-cü ilə qədər bir neçə dəfə görüşlərimiz oldu. Şirvan Şamaxı ziyalılarıının keçirdiyi aşıq məclislərində, söz məclislərində görərdim onu. Heç bir dəfə ağlımıza gəlmədi ki şəkil çəkdirək...

A.Eyvazlı Əzizə Cəfərzadənin vəsiyyətini xatırladı:

- Sonra bildim ki, vəsiyyətində çox sevdiyi anasının qoynunda dəfn olunmasını istəyib. Əzizə xanımın bu vəsiyyətinə uyğun olaraq, onu  Hacıqabulun Udulu kəndində anasının uyuduğu məzarı açıb, anasının qoynunda dəfn ediblər. Əbədiyyətə qayıdıb, anasına qovuşmuşdu, ana ilə birlikdə olmaq necə böyük xoşbəxtlikdir. Onun üçün ən böyük Fəxri Xiyaban anasının uyuduğu qəbirstanlıq idi. Əzizə  xanımın uyuduğu qəbirstanlıq həm də Pir Hüseyn xanəgahının yanındadır. Şirvanlılar buranı el içərisində müqəddəs ziyarərətgah hesab edirlər. Əzizə xanımın o torpağa dönməsi ilə Pir Hüseyn xanəgahı daha da müqəddəsləşdi.

A.Eyvazlı Əzizə xanımın həyatının bir məktəb, əsərlərininsə həyat dərsliyi olduğunu bildirdi:

- Əzizə xanım millətin anası idi. Başına gətirilən əzablara, çətinliklərə, üzünə bağlanan qapılara rəğmən əsil şirvanlı qızı kimi, Şeyx İbrahimxəlil dəyanəti göstərdi. Şirvanın ədəbi qanunlarnı, mədəniyyətini, dövlətçilik tarixini yazıb, bizlərə əmanət, miras qoydu.  Moskvada çap olunan kitablarının puluna  Hacıqabul rayonunun Tağlı kəndində məktəb klub binası tikdirdi. Vəsait çatmayanda, həyat yoldaşı Əlcəzairdə işlədiyi zaman ona aldığı bahalı boyunbağını satıb, tikintini başa çatdırdı. Mən bilmirəm, bu gün Əzizə xanımın o məktəbində oxuyanlar onun yazdığı kitabları oxuyurmu? Ümumiyyətlə, görəsən Azərbaycan təhsilində məktəb kitablarında Əzizə Cəfərzadənin həyatı, əsərləri öyrədilirmi? Əgər kimsə əsil vətəndaş yetişdirmək, övladlarına ləyaqət, namus təlqin istəyirsə, Əzizə Cəfərzadənin kitablarını təbliğ etsin, o kitabları oxutdursun. Ümumiyyətlə, Əzizə CəfərzadəninAnamın nağılları ”, “Aləmdə səsim var mənim...”, “Bakı 1501” kitabları hədiyyə kimi, cehiz kimi gəlin köçən qızlara verilsin. Həyatı, ləyaqəti, ailə formulunu o kitablardan öyrənəcəklər. Qoy, Tik-Toka baxan deyil, kitab oxuyan övladlar yetişsin. Bu cəmiyyətin Əzizə ANA kimi dəyərlərə çox ehtiyacı var. 

Məlahət Rzayeva

Şərq .- 2023.- 5  sentyabr.- S.6.