Şəhid bacısı Gülşən
xanımın fəlsəfi
düşüncələri
Jurnalistlərin bəlkə də hamısına doğma olan bir məkan
var: BAMF - Beynəlxalq
Avrasiya Mətbuat Fondu. Qarabağ ağrılarını, erməni
vəhşiliklərini beynəlxalq
mediaya çıxaran,
Birinci Qarabağ müharibəsindən Zəfər
gününə qədər
xarici jurnalistləri düşmənin viran qoyduğu torpaqlarımıza
səfərlərini təşkil
edən Umud Mirzəyevin - Umud Rəhimoğlunun yaratdığı
Beynəlxalq Avrasiya Mətbuat Fondu. Mən də bu quruma tez-tez
qonaq gələn jurnalistlər sırasındayam.
Və hər dəfə bu məkana gələndə
fondun mənə də doğma olan əməkdaşları
ilə - başda Umud müəllim olmaqla çox maraqlı söhbətlərimiz
olur. Və bir gün bu
məkanda yeni qurumun bir əməkdaşına
rast gəlirəm: Gülşən Behbudova. Əslən qarabağlıdır.
Ağdamın Gülablı
kəndində doğulub.
Uşaq vaxtı
bəxti onda gətirib ki, atası Gülablıda sayılıb-seçilən bir
müəllim olub.
1941-45-ci illər müharibəsi
veteranı bu müəllim uşaqlarını
elmə, biliyə, vətən sevgisinə yönəldib və bu vətən sevgisi ermənilərin Qarabağa təcavüzü
zamanı özünü
real bir faktla göstərib: Gülşənin 33 yaşlı
qardaşı Adil
1993-cü il iyulun 17-də
Ağdam uğrunda döyüşlərdə şəhid
olub.
Doğrusu, mən
Qarabağ uğrunda şəhid düşən
çox əsgərlərimizi
mətbuatdan tanıyıram.
Gülablıdan olan Adili də eləcə.
İndiyədək ancaq
adını eşitdiyim
şəhid Adilin bacısı Gülşən
xanım indi qarşımda oturub və ömrünün ən acı bir faktını - qardaşının şəhidlik
faktını gözləri
dola-dola danışır.
Mən bu şəhid bacısını
göz yaşlarından
uzaqlaşdırmağa cəhd
edirəm. Ömrünün
kənddən sonrakı
- bu böyük şəhərdəki həyatından
danışmağa yönəldirəm.
Amma döndərə
bilmirəm.
- Qardaşım şəhid düşəndə
mən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində
tələbə idim.
Aylarla gözümün
yaşı qurumadı.
Bir tərəfdən
fəxr edirdim ki, mənim belə bir qardaşım
var, o biri tərəfdən onun Pərviz və Təbriz adlı iki oğlunun taleyi ağrıdırdı
məni. Qardaşım
erməni xislətinə
yaxşı bələd
idi. Ən azı kəndimizin çörəyini yeyib bu çörəyə xəyanət edən ermənilərin simasında.
Bu xəyanətkarlara
qarşı vuruşa
getdi və Vətən yolunda şəhid oldu.
Gülşən xanım göz yaşını silib söhbətin mövzusunu
dəyişdi:
- Bir gün
ağdamlıların sevdiyi
Aqil Abbasla rastlaşdım. Altı il onun yaratdığı
“Ədalət” qəzetində
çalışdım. Jurnalistikanın,
redaktənin, fərdi
üslubun, insanlarla münasibətin, müsahiblə
davranışın nə
demək olduğunu bu qəzetdə öyrəndim. Aqil Abbas və onun
həyat yoldaşı
İradə xanım mənə doğmalarından
biri kimi qayğı göstərirdilər.
Hətta İradə xanım məni o vaxt özünün əməkdaşı olduğu
“Space” telekanalında işləməyə
dəvət etdi, ancaq mənim üçün bir ədəbi məktəb rolu oynayan “Ədalət”dən ayrıla
bilməzdim...
Gülşən xanım danışdıqca
mən onun bədii ədəbiyyata bağlılığı ətrafında
düşünürəm. Bu şəhid bacısının poeziya yaradıcılığı bütün
tematikası ilə Vətən sevgisinə bağlıdır. “Taleyim
əlimdə qara yazıldı”, “Könül
pıçıltıları”, “Qarabağın qarabəxtliləri”,
“İcazə ver ölüm”, “Vətən
ünvanlı”, “Yaşayan
şəhid” kimi kitablarının elə adlarından Vətənə,
Qarabağa, şəhid
ünvanına ülvi
bir sevgi notları duyulmaqdadır.
Bu yaradıcı
xanımın Dövlət
Müdafiə Fondunda,
Milli Dəyərlər
üzrə Maarifləndirmə
İctimai Birliyində
çalışması faktları
onun ömür yolunun acıdan şirinə açılan
qapılarıdır.
Amma biz
Gülşən xanımla
sanki ömrünə
Allahın lütfü
olan bir məkanda - Beynəlxalq Avrasiya Fondunda - indiki iş yerində söhbət edirik. Söhbətə özü davam edir:
- “Atilla” adlı
bir jurnal yaratmışdıq. Pandemiya
dövründə o da
bağlandı. Elə
bir sərbəst vaxt yarandı ki, Ulu Öndərimizin
yüz illiyinə həsr etdiyim “100 ilin İMZASI” kitabımı
bitirdim. Bu da Tanrının verdiyi bir vaxt
qisməti idi ki, mən ürəyimdə
çoxdan yazdığım
o kitabı tamamladım
və çap etdirdim. Mənim fəaliyyətim və yaradıcılığımı Cənab Prezidentimiz “Tərəqqi” medalı ilə qiymətləndirdi.
O günlərdə özümə
uyğun bir iş axtarırdım və yenə də Tanrının qisməti ilə təsadüfən Avrasiya
Fonduna gəldim. Bu da taleyimin
qisməti oldu:
Özbək jurnalisti vardı: Şöhrət Barlas. Onunla əməkdaşlığımız,
iş birliyimiz vardı. 2023-cü ildə
Bakıya gəlmişdi,
mən işlə bağlı onun qonaq olduğu ofisə gedəsi oldum. Sən demə, ofis BAMF imiş. Bu qurumun
rəhbəri Umud Mirzəyevi tanıyırdım,
tədbirlərdə, görüşlərdə
görürdüm, salamlaşırdıq.
Amma nə iş gördüyünü
bilmirdim. Gəldim, görüşdüm, qurumla
maraqlandım, Umud Mirzəyevin gördüyü
işlər kimi, özünün də nə qədər böyük adam olduğunun şahidi oldum. Məəttəl qaldım gördüyü
işlərə, çünki
onun Vətən üçün gördüyü
işlərin misli-bərabəri
yox idi. Çox sadə, təvazökar, reklamdan uzaq bir şəxsiyyət
kimi tanıdım. Hətta o zaman Şöhrətə dedim
ki, nə əcəb mənə danışmamısan, tanıtmamısan
Umud müəllimi? Dedi o, sevmir reklamı, tanıtımı.
Gülşən xanım taleyin bu “qismətindən” danışdı:
- Üzərindən bir il keçmişdi,
bir gün mənə zəng gəldi. Umud müəllim idi. “Gülşən, qızım,
vaxtınız olanda bizim ofisə yaxınlaşarsız” dedi.
Getdim yanına və mənə iş təklif etdi. Çox sevindim və artıq iki ilə yaxındır ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Media məsələləri
üzrə məsləhətçi
kimi çalışıram
və "EdnewsTV"
- “Vətəndaş mövqeyi”nə aparıcılıq
edirəm.
Gülşən xanımın aparıcılıq
etdiyi "EdnewsTV"
və BAMF-nin beş dildə yayımlanan saytı Azərbaycan həqiqətlərini
beynəlxalq dünyaya
çatdırır. Gülşən
xanımın "EdnewsTV"-dəki aparıcılığı
o qədər peşəkar
və müsahiblərlə
münasibətdə o qədər
maraqlıdır ki, onu tanıyan və bu TV-yə
bələd olan hər kəs müsahibəyə çox
həvəslə qoşulur.
Gülşən xanımın hər söhbətində qəribə
fəlsəfi notlar hiss edirəm və verdiyim yeni suala cavab
özüm də bir fəlsəfi ovqat axtarıram:
- Maraqlı bir
ömür yaşamaqdasınız,
Gülşən xanım,
sizcə, dünya hara gedir?
- “Dünya hara
gedir?” Bu həm fəlsəfi, həm sosial, həm də şəxsi bir sualdır. Qısa cavab yoxdur, amma
bir neçə istiqamətdə çalışaram
cavablandırım. Süni
intellekt, robotlaşma həyatın bütün
sahələrini dəyişir.
İnsanların sosiallaşma
forması dəyişir.
Fiziki həyatla rəqəmsal həyat arasında sərhədlər
qarışır. Dünya
hara gedir? Məncə, hər kəs öz içindəki boşluğa
doğru qaçır.
Bəzən elə gəlir ki, dünya dönmür, sadəcə biz fırlanırıq və
nəyə doğru getdiyimizi bilmirik. Dünya o qədər dəyişir ki, sabahın necə olacağını təxmin
etmək belə çətindir.
Bu məqamda
mən uşaq həyatı kənddə,
sonrakı illəri bu böyük şəhərdə keçən
Gülşən xanıma
daha bir sual verirəm.
- Kənd, yoxsa
şəhər?
- Kənd qızıyam,
kənddə doğulmuşam,
böyümüşəm, xatirələrim var. Milləti millət edən milli-mənəvi dəyərlər tarixən
kənddə formalaşıb.
Kənddə həyat
sadədir, kənd insanın içindəki
səs-küyü susdurur.
Sükutun ən gözəl səsləndiyi
yer kənddir. Şəhər səslidir,
amma bəzən içində ən çox təkliyi yaşayırsan. Bakıda
bilmişəm ki, şəhər hər küçəsində min
hekayə gizlənən
böyük bir dünyadır. Şəhər
insanı dəyişdirir,
amma xatirələr yenə də kənddə qalır. Kənd ruhu sakitləşdirir, şəhər
isə əsəbiləşdirir.
Kənddə həyat
yavaş, şəhərdə
isə nəfəs qədər sürətlidir.
Kənddə xoşbəxtlik
sadədir. Şəhər
səni böyüdər,
kənd isə tamamlayar. Kənddə gün batımı başqa cür olur, sanki günəş
belə sakit-sakit qəlbini isidib gedir. Təbiətin qucağında insan özünü daha çox sevilmiş hiss edir. Kəndin
sükutu bəzən
adama ən xoş və ən ağır xatirələri yenidən
yaşadır. Kənddə
bir gün elektrik getsə, bütün kənd bir-birini haraylayır. Şəhərdə 3 gün
getsə, hər kəs öz mənzilinin problemini yaşayır. Kənddə
“qonşuda toy var” deyib özün
dəvətsiz gedirsən,
şəhərdə toyu
olan “qonşu”nun
kim olduğunu belə bilmirsən. Şəhərin izdihamında
ən böyük təkliyi tapırsan....
Gülşən xanımım bu fəlsəfi düşüncələrini
jurnalistikaya yönəldirəm
və belə bir sual;
- Sosial şəbəkə,
yoxsa sosial şəbədə?
- Sosial şəbəkələr
həyatımızın vitrini
kimidir, çox şey süni və düzəltmədi.
Feyk xəbər, yoxlanmamış fakt! Baxanda görürsən ki, bəzən çox şey sadəcə şəbədədir.
Kim nə istəyir yazır, kim nə düşünür
deyir, kim nə görürsə paylaşır. Sonda isə həqiqət yox olur. Görünür,
ən çətini real olmaqdır, həm sosial şəbəkədə, həm
də həyatda. Bəzən sosial şəbəkə insanları
birləşdirir, şəbədə
isə ayırır. Bir post yazırsan,
şərhlərin çoxu
şəbədə təsiri
bağışlayır. Düşünürəm
ki, sosial şəbəkə hər
kəsin öz aynasıdır, simasıdır.
Nə edirsən et, nə yazırsan
yaz, anlayan anlayır, anlamayan min şəbədə qoşur və bu şəbədə qoşan da özünü
göstərir.
Gülşən xanımla söhbətimizi
onun bədii yaradıcılığa sevgisi
ilə davam etdiririk. Onun müasir bədii ədəbiyyata münasibətini
öyrənmək istəyirəm.
- Ədəbiyyat dəyişən cəmiyyətin
aynasıdır, zaman dəyişdikcə üslub,
mövzu və forma da dəyişir.
Tarixi yaddaş ədəbiyyatda daha maraqlı əsərlərə
yol açır. Müasir ədəbiyyat cəmiyyətin problemlərini
daha açıq və cəsarətli şəkildə göstərir.
Dil daha sərbəstdir, ifadə tərzləri yenidir. Mövzular daha real, gündəlik həyatla bağlıdır,
psixologiya, şəxsiyyət
böhranı, texnologiya
təsiri və s. Gənc nəsil özünü bu yazılarda daha rahat tapır. Müasir bədii ədəbiyyat həm də dərketmə prosesini gücləndirir, insan öz iç
dünyasını daha
aydın görməyə
başlayır. Hər
dövrün öz klassikləri, öz zəif əsərləri
olur, müasir dövrdə də eynidir. Bütün zamanlarda olduğu kimi müasir günlərimizdə də
“atalar və oğullar” problemini yaşayırıq: Atalar
“oğulları” hələ
yetişməmiş, oğullar
“ataları” artıq köhnəlmiş kimi təsəvvür edirlər.
Amma “oğullar”
nəzərə almalıdırlar
ki, klassikadan yan keçmək olmaz. Nizamidən tutmuş Mirzə Cəlilədək güclü
klassik məktəblərimiz
var. Bu günün
Anarı, Elçini, Sabir Azərisi, Mövlud Süleymanlısı,
İsa Muğannası.... bunların hamısı ilk növbədə klassikaya
söykəniblər. Müasir
şair və yazıçılarımızın da öyrənc yerləri var və gərək bunu heç vaxt unutmasınlar.
Gülşən xanımla söhbətimizi
onun bir zaman əməkdaşı
olduğu “Ədalət”
qəzetindəki iş
yoldaşlarından birinin
– Faiq Qismətoğlunun
sözləri ilə bitirmək istədim!
- Gülşən xanımla bir neçə il birgə fəaliyyət göstərmişik. Onda Vətən yolunda şəhid olan qardaşı Adil qədər Azərbaycan sevgisi var. Onun
bütün yazılarına,
poeziyasına, kitablarına
yaxından bələdəm.
Gülşən bir insan kimi, bir
xanım kimi Günəş işığına
bürünmüş bir
varlıqdır!
Söhbətləşdi:
Cahangir Məmmədli
Şərq 2025.- 4 dekabr (¹221).- S.6.