Süni intellekt əsrində
dilimizi itirməyək,
inkişaf etdirək
Azərbaycan dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
Naşı, savadsız insanlar dilimizi korlayır
Efirdə, radio dalğalarında, elektron informasiya vasitələrində ədəbi
dil normaları kobud şəkildə pozulur
Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyev Azəbaycan Milli Elmlər Akademiyasının 80 illik
yubileyinə həsr olunmuş tədbirdə ana dilinin – dövlət
dilinin qorunmasının
vacibliyini vurğuladı
və bu istiqamətdə fəaliyyətin
yol xəritəsini çəkdi, əsas konturları göstərdi.
Cənab Prezident dilimizin saflığına
diqqət çəkərək
ehtiyac duyulmadğı
halda əcnəbi sözlərdən istifadənin
qəbuledilməz olduğunu
söylədi. Prezidentin
çıxışı sübut
etdi ki, Azərbaycan dilinin qorunması, ədəbi dil normalarının inkişafı zəruridir,
eyni zamanda dövrün tələbinə
uyğun olaraq dilimizin müasir texnologiyalara inteqrasiyası
da dövlət siyasətinin əsas prioritetləri sırasında
olmalıdır. Dünən
Milli Məclisdə keçirilən “Azərbaycan
dilinin dövlət dili kimi inkişaf
strategiyası: Mövcud
vəziyyət və perspektivlər” mövzusuna
həsr edilən konfransda da dilimizin
saflığı və
inkişafı məsələləri
müzakirə olunub. Konfransda Milli Məclisin sədri Sahibə Qafarova, millət vəkilləri ilə yanaşı, AMEA-nın prezidenti İsa Həbibbəyli, Milli Məclis sədrinin müavini Rafael Hüseynov, elm və təhsil
naziri Emin Əmrullayev, AMEA Nəsimi
adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, Azərbaycan Yazıçılar
Birliyinin sədri Anar Rzayev, Audiovizual
Şuranın sədri
İsmət Səttarov,
ziyalılar, alim və tədqiqatçılar
iştirak ediblər. Milli Məclisin sədri Sahibə Qafarova konfransda çıxışı zamanı
qeyd edib ki, Azərbaycan dili bu gün
inkişaf edir, lakin qlobal proseslər
qarşıya yeni tələblər qoyur. Dünya dəyişir, yeni texnologiyalar icad olunur və
dilimizin həm qorunması, həm də modernləşdirilməsi
üçün sistemli
yanaşmaya ehtiyac yaranır. Parlamentin fəal iştirakı və qanunvericilik təşəbbüslərinin dəstəklənməsi bu
hədəflərə çatmağı
mümkün edir. Azərbaycan dilinin qarşısında müasir
dünyanın dinamikasından
irəli gələn yeni vəzifələr dayanır. Sahibə Qafarovanın sözlərinə
görə, bu vəzifələri şərti
olaraq bir neçə əsas çağırış kimi
qruplaşdırmaq olar.
Bunlara dilin saflığının qorunması,
rəqəmsallaşma və
yeni texnologiyalara inteqrasiya, terminologiyanın
elmi əsaslarla yenilənməsi və digər mühüm istiqamətlər daxildir. Bu çağırışların
təhlili göstərir
ki, Azərbaycan dilinin yeni inkişaf
mərhələsinə qədəm
qoyması sistemli, uzunmüddətli və elmi baxımdan əsaslandırılmış yanaşma tələb edir. Buna görə
də gələcək
dil siyasətinin strateji istiqamətlərinin
müəyyənləşdirilməsi qarşıda duran ən mühüm vəzifələrdən biridir.
“Dil siyasətinin yeni mərhələsindən
danışarkən, əsas
prioritetlər kimi xüsusilə aşağıdakı
hədəfləri qeyd
etmək olar: Təhsildə müasir metod və texnologiyalar
əsasında dil tədrisinin təkmilləşdirilməsi,
mediada və ictimai məkanda ədəbi dil normalarına əməl olunmasının gücləndirilməsi,
terminologiyanın geniş
elmi baza üzərində eyniləşdirilməsi
və yenilənməsi,
Azərbaycan dilinin dünya elmi və mədəni mühitində nüfuzunun
artırılması, dilimizin
rəqəmsal və texnoloji platformalarda tam funksional tətbiqi, süni intellekt sistemlərinə inteqrasiya səviyyəsinin
yüksəldilməsi və
digər mühüm istiqamətlər. Əminliklə
demək olar ki, bu məqsədlərin
hər birinin reallaşması təkcə
dilimizin inkişafı
baxımından deyil,
bütövlükdə dövlətçiliyimizin
möhkəmlənməsi üçün
strateji əhəmiyyət
daşıyır”, - deyə
Milli Məclisin sədri əlavə edib. “İstər milli kimliyimiz, istər mədəni kökənliyimiz sırf dilimizlə bağlıdır.
Ona görə də dilimizi qorumaq, inkişaf etdirmək və ən əsası, elmi əsaslarla zənginləşdirmək bizim
borcumuzdur”. Bu fikirləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun
direktoru Nadir Məmmədli parlamentdə
keçirilən “Azərbaycan
dilinin dövlət dili kimi inkişaf
strategiyası: Mövcud
vəziyyət və perspektivlər” mövzusunda
konfransda çıxışı
zamanı bildirib. O vurğulayıb ki, Prezidentin noyabrın 3-də
Azərbaycan Milli Elmlər Akademiyasında çıxışı bir
daha elmin dövlət siyasətinə
inteqrasiyasının çərçivəsini
göstərdi. Aydın
oldu ki, dillə, ümumiyyətlə,
kimliklə bağlı
bütün məsələlər
strateji xarakter daşıyır. Müasir
texnologiyaların, süni
intellektin, rəqəmsal
texnologiyaların və
onların platformalarının
tətbiqi bu sahədə böyük nəticələr verə
bilər. “Ən vacibi isə normativ bazamızdır. Əgər bizim normativ bazamız təkcə sözlərimizdən
ibarət deyilsə, onlar həm də təhlükəsizliyimizin
qarantıdır. Məsələyə
məhz bu cür yanaşmaq lazımdır. Bunlar sadəcə normativ və hüquqi sənədlər deyil. Bilirsiniz ki, tariximizdə kifayət qədər belə hüquqi sənədlər
olub. Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin dilimizin təkmilləşdirilməsi,
qloballaşma şəraitində
inkişafı ilə
bağlı çoxsaylı
sərəncamları mövcuddur.
Lakin bu gün dilimiz inkişaf edir, dilimizə yeni sözlər daxil olur”, - deyə professor Nadir Məmmədli vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti akademik İsa Həbibbəyli çıxışı zamanı
qeyd edib ki, Azərbaycan Respublikasında əsası
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş
ana dili və dövlət dili siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Akademik bildirib ki, Prezidentin AMEA-nın yubiley yığıncağındakı parlaq çıxışında
ana dilimizlə, dövlət dilimizlə bağlı səsləndirdiyi
fikirlər həm cəmiyyətimizin müxtəlif
təbəqələrini, xalqımızı
düşündürən mühüm məsələlərdir,
həm də bu işlə məşğul olan akademik qurumlar, təhsil müəssisələri
qarşısında mühüm
vəzifələr qoyur.
İsa Həbibbəyli
qeyd edib ki, dövlətimizin başçısının “biz
öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik” fikirləri məsələnin
nə qədər vacib və həssas
olduğunu göstərir.
AMEA rəhbəri vurğulayıb
ki, Prezident İlham Əliyev çıxışında beynəlxalq
leksikonda yer alan və dünyada
qəbul edilmiş vahid terminologiyadan başqa, yad sözlərin Azərbaycan
dilinə gətirilməsini
“ya səhv, ya təxribat və ümumiyyətlə,
qəbuledilməz” kimi
qiymətləndirib. Akademikin
fikrincə, bu mövqe Azərbaycan alimləri, tədqiqatçıları,
müəllimləri və
ziyalıları üçün
dilin qorunması istiqamətində aydın
çağırışdır. İsa Həbibbəyli əlavə edib ki, müasir inkişaf etmiş dillər beynəlxalq terminləri mənimsəməklə
yanaşı, həm də öz daxili imkanları hesabına zənginləşdirilən
dillərdir. Azərbaycan
dili və ədəbiyyat ixtisasına
gələn müəllimlərin
sayında artım müşahidə olunur. Elm və təhsil
naziri Emin Əmrullayev isə qeyd edib ki,
son ildə 411-dən çox abituriyent 500-dən
yuxarı bal toplayaraq Azərbaycan dili və ədəbiyyat
müəllimliyi ixtisasını
seçib: "Azərbaycan
dili və ədəbiyyat ixtisasına
orta qəbul balı 410-dan 490-a yüksəlib.
Bizim də prioritetimiz müəllimlik
ixtisasının balını
qaldırıb savadlı
kadrların yetişməsinə
imkan yaratmaqdır”. “Bu günə qədər Audiovizual Şura televiziyalarda və radiolarda reklam çarxlarında əcnəbi sözlərin
istifadəsinin qarşısını
demək olar ki, tamamilə alıb. Siz də yəqin ki, televiziyalara və radiolara baxanda çox nadir hallarda reklam çarxlarında əcnəbi sözlərin
istifadə olunduğunu
görürsünüz. Halbuki
əvvəllər belə
deyildi”. Bu sözlər isə Audiovizual Şuranın sədri İsmət Səttarova aiddir. İ.Səttarov qeyd edib ki, 5-10 il,
bəlkə də, 15
il əvvəl reklam çarxlarında əcnəbi sözlərin
istifadəsi tez-tez müşahidə olunurdu.
Verilişlərdən fərqli
olaraq, reklam çarxları elə bir məhsuldur ki, insanlar bunu
gün ərzində bir dəfə yox, 5, 7, hətta 10 dəfə görür və illər boyu o təkrarlanır. Belə olduqda həmin sözlər insanların beyninə hopur, dilə keçir. Verilişlərə
və proqramlara gəldikdə, vəziyyət
qənaətbəxş deyil.
Burada həm obyektiv, həm də subyektiv səbəblər mövcuddur.
Televiziya və radio-məkanda 800 saatlıq
efirlər olur. Monitorinq şöbəsində
6 nəfərin olduğunu
nəzərə alsaq,
bunun hamısını
aşkar etmək mümkün olmur. Amma Prezident İlham Əliyevin çıxışını əsas götürərək
süni intellektdən
yararlanıb daha çox istifadə olunan 40-a yaxın əcnəbi sözün siyahısını çıxarıb
verilişlərdə monitorinq
etdik və aparıcılar tərəfindən
iki həftə ərzində 3 minə yaxın bu cür
əcnəbi sözün
işləndiyinin şahidi
olduq. Bu sözləri toplayaraq kanallara hansı aparıcıların hansı
əcnəbi sözləri
işlətdiyi ilə
bağlı yanvar ayından xəbərdarlıq
göndərəcəyik”, - deyə İsmət Səttarov əlavə edib.
Siyasi şərhçi
Azər Həsrət
Sherg.az-a açıqlamasında qeyd etdi ki,
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev hələ 2013-cü il 9 aprel tarixli Sərəncamı
ilə "Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun
istifadəsinə və
ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı”nı
təsdiqləyib. Dövlət
Proqramında ana dilimizin dövlət dili kimi inkişafı,
ədəbi dil normalarına əməl olunması üçün
ciddi vəzifələr
müəyyənləşdirilib. Bu proqram Azərbaycan
dilinin qorunması, dilimizə yad kəlmələrin lazımsız
yerləşməsi, eyni
zamanda dilin inkişafı üçün
geniş imkanlar açır:
- Bu gün
efirlərdə, radio dalğalarında, eləcə
də elektron informasiya vasitələrində
ədəbi dil normaları kobud şəkildə pozulur. Xəbər saytlarının
dili bəzən çox bərbad görünür. Səbəblər
çoxdur. Xəbər
saytlarında, ümumilikdə
mediada, Azərbaycan dilini gərəkən səviyyədə bilməyən,
dil məsələsində
naşı, ədəbi
dil normalarına bələd olmayanların
çalışması, nitqin
zənginliyini əcnəbi
sözlərdən çox
istifadə etməkdə
görmək və ümumiyyətlə, ədəbi
dil qaydalarından xəbərsizlik. Olansa, dilimizə olur. Naşı, savadsız insanlar dilimizi korlayır. Digər savadsızlar da, belə başa düşür ki, internet resursda hansısa söz və ya cümlə
bu formada yazılıbsa, söz belə tələffüz
edilirsə, deməli,
“düzdür”. Şəhərdə
əcnəbi dildə
yazılan reklam lövhələri, iaşə
obyektlərinin adları,
lazım oldu-olmadı
əcnəbi ifadələrdən
istifadə dilimizin saflığına böyük
təhlükədir. Bəzən
adicə “satılır”
sözü də səhv yazılır. “Səsboğucu” ifadəsini
kimsə yazmır, əksəriyyət “qluşitel”
sözündən istifadə
edir. Sürücülərdən
soruşsan “səsboğucu”
nədir, bilməyəcək,
amma “qluşitel”i
biləcəklər. Ya
da “motorist” sözü. “Motorçu” yazmaq yəni bu qədər çətindir. Bunlar hər gün rastlaşdığımız məişətdə
işlənən əcnəbi
sözlərdir. Bunlardan
çox misal çəkmək olar. Hansı ki bu
sözlərin dilimizdə
qarşılığı vardır. Dilimizi qorumaq hamımızın vəzifəsidir, təkcə
alimlərin, ziyalıların
yox. Oxu vərdişini, oxu qabiliyyətini gücləndirməliyik,
orta məktəbdən
başlayaraq. Oxu bacarığı, bədii
dil həm də bədii qiraət sayəsində formalaşır. Biz dilimizin təmizliyini heç kimə, heç nəyə güzəştə getməməliyik.
Bizi tənqid edənlərdən də
çəkinməməliyik.
Məlahət Rzayeva
Şərq 2025.- 9 dekabr (¹224).- S.6.