Vətəndaş cəmiyyəti üçbucağının ən
zəif həlqəsi
QHT-lərdir
Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
13 dövlət qurumuna qrant səlahiyyəti verildi, amma yarısı istifadə etmir
“Yeni konsepsiyada
QHT-lərin fikri nəzərə alınmasa,
sektor daha da zəifləyəcək”
Bakıda Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində
Forum keçirilib. Forumun
“2025-ci ilin yekunları:
Dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarının
ümumi fəaliyyəti”
mövzusuna həsr olunub. Forum çərçivəsində
2025-ci il üzrə üç əsas sektorun fəaliyyəti, əldə olunan nəticələr, mövcud
imkanlar və qarşıda duran vəzifələr ətrafında
geniş müzakirələr
aparılıb.
Dövlət qurumlarının 2025-ci ildə
sosial, iqtisadi və ictimai sahələr üzrə fəaliyyətinin yekun icmalı, Biznes sektorunda KSM, sosial investisiya və ictimai tərəfdaşlıq
üzrə əldə
olunan irəliləyişlərə
toxunulub.
Eyni zamanda
QHT sektorunda 2025-ci ilin
nəticələri, görülmüş
işlər və institusional inkişaf prosesi, Dövlət–biznes–QHT üçtərəfli
əməkdaşlığının
2025-ci il üzrə nəticələri və
mövcud çətinliklər
təhlil edilib.
Forumda dövlət
qurumlarının nümayəndələri,
biznes strukturlarının
rəhbərləri, ictimai
sektor təmsilçiləri,
ekspertlər və vətəndaş cəmiyyətinin
fəal üzvləri
iştirak ediblər. Tədbirin əsas məqsədi sektorlararası
əməkdaşlığın gücləndirilməsi, əldə
olunmuş təcrübənin
paylaşılması və
gələcək fəaliyyət
istiqamətlərinin müəyyənləşdirilməsi
olub.
Forumda çıxış
edən Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin
nümayəndəsi Zaur
İbrahimli ölkədə
QHT-lərin mövcud durumu, maliyyə dayanıqlığı və
özəl sektorla əməkdaşlıq imkanları
barədə geniş
danışıb. Z.İbrahimli
bildirib ki, hazırda Azərbaycanda təxminən 4 minə yaxın QHT qeydiyyatdan keçib, onlardan təxminən 1000-ə yaxını
aktiv fəaliyyət göstərir, aktiv təşkilatların isə
60 faizi intensiv şəkildə dövlət
qurumları ilə əməkdaşlıq edir.
Buna baxmayaraq, özəl sektorla əməkdaşlıq hələ
də çox məhdud səviyyədə
qalır:
“90-a yaxın iri şirkətin təhlilini apardıq və məlum oldu ki, onların
cəmi 18–19-u QHT-lərlə
davamlı əməkdaşlıq
edir. Bu, çox aşağı göstəricidir. Halbuki qardaş Türkiyədə
QHT-lərin təxminən
40 faizi özəl sektorun korporativ sosial məsuliyyət (KSM)
təşəbbüslərinə cəlb olunur. Qazaxıstanda bu rəqəm 20 faizə yaxındır. Azərbaycanda
KSM təşəbbüsləri əsasən 5 əsas mövzu ətrafında cəmləşib və bu da cəmiyyətin
dəyişən ehtiyaclarını
tam əhatə etmir. Cəmiyyətin texnoloji və sosial tələbatları
sürətlə dəyişir,
amma KSM təşəbbüsləri
hələ də məhdud mövzular ətrafında dövr edir. Milyonlarla vəsait ayrılır, lakin bu resursların
daha səmərəli
və geniş istiqamətlərə yönəldilməsinə
ciddi ehtiyac var”.
O, bəzi şirkətlər
üçün prioritet
sahələrin dəyişməz
qala biləcəyini də vurğulayıb: “Məsələn, "Azergold"
üçün ətraf
mühit prioritetdir, çünki mədən
sənayesi ilə məşğuldur. Amma bu istiqamətin daxilində daha rəngarəng və çoxsaylı QHT-lərin
cəlb olunduğu layihələr həyata keçirmək olar. Hazırda QHT-lərin iki əsas maliyyə
mənbəyi mövcuddur:
dövlət qrantları
və özəl sektorun ianələri.
Lakin hər
iki mənbə kifayət etmir. Bu il Agentlik
tərəfindən təxminən
407–415 layihə maliyyələşdirilib.
Orta qrant məbləği təqribən
12 min manatdır. Bir təşkilat ildə cəmi bir dəfə maliyyə ala bilir. Bu isə
QHT-lərin real fəaliyyət ehtiyacları
üçün çox
azdır. Özəl sektorun ianələrinə
gəlincə isə bu sahədə yalnız məhdud sayda QHT iştirak edə bilir”.
Z.İbrahimli 2024–2025-ci illərdə QHT sektorunun beynəlxalq uğurlarını
da xüsusi qeyd edib: “Qlobal
Cənub QHT Platforması
təsis olunub – 116 ölkəni əhatə edir, katibliyi Bakıda yerləşir. Türk Dövlətləri
QHT Platforması yaradılıb
– 8 ölkə iştirak
edir. Cenevrədə “Qarabağ günləri” aksiyası keçirilib.
BMT Baş Assambleyasında
Bakı Təşəbbüs
Mərkəzi barədə
sənəd qəbul olunub. Vergi Məcəlləsinin
106.1.18-ci maddəsi və
Nazirlər Kabinetinin
88 saylı qərarı
QHT-lər üçün
müəyyən imkanlar
yaradır, lakin bu imkanlar hələ
də məhdud sahələri əhatə
edir. QHT-lərin mədəniyyət, yaradıcı
sənaye, elm və təhsil sahəsində həyata keçirdiyi layihələr
mənfəət vergisindən
azad edilə bilər. Amma biz hesab edirik
ki, bu güzəştlərin
dairəsi daha da genişləndirilməlidir.
Gənclərin QHT sektoruna
cəlbi ilə bağlı məsələyə
də toxunum. Hazırda QHT sektorunda ortayaşlı kadrlar üstünlük təşkil
edir. Gənclərin bu sahədə daha aktiv iştirakı
üçün gənclər
evləri və digər mexanizmlər vasitəsilə onların
qeyri-hökumət təşkilatlarına
daha sistemli şəkildə cəlb olunması vacibdir”.
Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində
keçirilən Forumun
III panelində “Ekonomiks”
Beynəlxalq İqtisadi
Araşdırmalar Birliyinin
sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov çıxış
edərək qeyri-hökumət
təşkilatlarının maliyyələşdirilməsi və
iqtisadiyyatın kreditləşməsi
ilə bağlı ciddi məsələlərə
toxunub.
Professor bildirib
ki, hazırda dövlət büdcəsindən
QHT-lərin fəaliyyəti
üçün ümumilikdə
təxminən 6 milyon
manat vəsait ayrılır: "Bəzi
təşkilatlara 1500–2000 manat,
bəzilərinə isə
3000 manat civarında maliyyə ayrılması
QHT sektorunun real ehtiyaclarını qarşılamır.
QHT-lərin büdcəsinin
yeni strateji yanaşmalar əsasında
yenidən formalaşdırılmasına
ciddi ehtiyac var. 130 milyard manata yaxın ümumi daxili məhsula və təxminən 41 milyard manat dövlət büdcəsinə malik ölkə üçün
6 milyon manatlıq QHT maliyyəsi son dərəcə aşağı
göstəricidir. Xarici
təsirlər, iqtisadi
məhdudiyyətlər və
qlobal risklər fonunda QHT-lərin dəstək mexanizmlərinin
gücləndirilməsi zəruridir".
Çıxışında
kreditləşmə məsələsinə
də toxunan iqtisadçı bildirib ki, Azərbaycanda 100 manatlıq ÜDM-yə cəmi 38 qəpik kredit düşür. Halbuki geridə qalan ölkələrdə
bu göstərici
20–30 faiz, orta gəlirli ölkələrdə
50 faiz, inkişaf etmiş ölkələrdə
isə 100 faizi və daha artıq
olur: "Bizdə güzəştli kreditlərin
həcmi real sektorun, xüsusilə kiçik və orta biznesin inkişafı
üçün yetərli
deyil. İstehlak kreditlərinin faiz dərəcələri 18–25 faiz
arasında dəyişdiyi
halda, real sektor üçün güzəştli kreditlərin
həcmi çox aşağıdır. Təxminən
500 milyon manatlıq güzəştli kreditlə
130 milyard manatlıq iqtisadiyyatı inkişaf etdirmək mümkün deyil". Sonda professor vurğulayıb ki, kiçik və orta sahibkarlığın
maliyyə resurslarına
çıxış problemi
hələ də tam həllini tapmayıb və bu istiqamətdə daha ciddi iqtisadi
islahatlara ehtiyac var.
Forumla bağlı
təəssüratlarını Sherg.az-a bildirən “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri
Cəsarət Hüseynzadə
vətəndaş cəmiyyətinin
mövcud vəziyyəti,
əsas problemləri və 2026-cı il üçün gözləntilər
barədə fikirlərini
bölüşüb. C.Hüseynzadə
bildirib ki, son illər vətəndaş cəmiyyətinin
beynəlxalq müstəvidə
əldə etdiyi uğurlar ümumi sektorun nüfuzunun və ictimai etimadın artmasına mühüm töhfə verib:
“Lakin problemlər
də kifayət qədərdir və belə tədbirlərdə
bu problemlərin açıq şəkildə
səsləndirilməsi vacibdir.
Hazırda dövlət–özəl sektor–QHT üçbucağında ən
zəif həlqə məhz qeyri-hökumət
təşkilatlarıdır. Dövlət qurumları və özəl sektorun son illərdə
gücləndiyi halda
- əlbəttə, bu
yaxşı haldır,
vətəndaş cəmiyyətinin
nisbətən zəifləməsi
əsasən maliyyə
problemləri ilə bağlıdır. Əsas
problem maliyyə dayanıqlığının olmamasıdır.
Digər ciddi məsələ isə maliyyə qaynaqlarının
şaxələndirilməsidir. Bu problem illərdir
bizi narahat edir”.
C.Hüseynzadə qeyd edib ki,
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 21
oktyabr tarixli 654 nömrəli Fərmanına
əsasən 13 dövlət
qurumuna qrant ayırmaq hüququ verilsə də, bu qurumların təxminən yarısı
indiyədək bu hüquqdan istifadə etməyib. Bununla yanaşı, o vurğulayıb
ki, bəzən QHT-lərin özləri də bu imkanları
yetərincə müzakirə
müstəvisinə qaldırmırlar:
“Məsələn, səhiyyə sahəsində
xeyli sayda QHT fəaliyyət göstərir,
lakin onların böyük hissəsi aidiyyəti dövlət qurumunun qrant vermək hüququnun olması məsələsini
qaldırmırlar. Özəl
sektorla əməkdaşlıq
məsələsinə gəlincə
qeyd edim ki, korporativ sosial məsuliyyət çərçivəsində ayrılan vəsaitlərin
böyük hissəsi
birbaşa özəl
sektorun öz layihələrinə yönəldilir,
bu maliyyə ilə vətəndaş cəmiyyəti şaxələndirilmir.
Bəzi dövlət qurumları da vətəndaş cəmiyyətinə
aid olan fəaliyyətləri birbaşa
özləri icra edirlər ki, bu da düzgün
yanaşma deyil".
QHT sədri vurğulayıb
ki, dövlət qurumları özəl sektoru və QHT-ləri birgə fəaliyyətə təşviq
etməli, bu istiqamətdə stimullaşdırıcı
mexanizmlər yaradılmalıdır:
“Korporativ Sosial
Məsuliyyət sahəsində
müsabiqələrin keçirilməsini,
uğurlu nümunələrin
dövlət səviyyəsində
qiymətləndirilməsini və təbliğini vacib hesab edirəm.
İlin sonunda yaxşı nümunələri
ilə seçilən
sektor nümayəndələri
qiymətləndirilməlidir. Eyni zamanda dövlət
qurumları tərəfindən
uğurlu fəaliyyəti
ilə seçilən
QHT-lər də qiymətləndirilməlidir. Dövlətin
etimad göstərdiyi
QHT fəallarının və
sosial təşəbbüslərin
tanıdılması özəl
sektorun da bu şəxslərlə əməkdaşlığa marağını
artırar. 2026-cı il
üçün gözləntilərə
gəlincə, yeni konsepsiyanın qəbulunda
vətəndaş cəmiyyətinin
fəal iştirakı
vacibdir. Milli QHT Forumunun rəhbərliyi altında geniş müzakirələr aparılmalı
və sektorun real tələbləri həmin konsepsiyaya daxil edilməlidir. Eyni zamanda, hesab
edirəm daha çox təsir imkanları yaxşı olan layihələr və yekunda dəyər zənciri yaradan layihələrə
üstünlük vermək
lazımdır”.
Şəymən Bayramova
Şərq
.-2025.-11 dekabr.-S.6