Mənəvi boşluq radikalizm yaradır
Dini və
milli tolerantlıq, millətlərarası münasibətlərin
inkişaf etdirilməsi
Vaxtında dini maarifləndirmə olmasa, gənclər yad təsirlərin qurbanına çevriləcək
Müasir dövrdə
qloballaşma, informasiya
axınının sürətlənməsi
və müxtəlif ideoloji təsirlərin artması cəmiyyət qarşısında yeni mənəvi və dünyagörüşü problemləri
yaradır. Bu proseslər xüsusilə
gənclər və yeniyetmələr arasında
dini mövzuların yanlış mənbələrdən,
bəzən isə radikal və xurafatçı yanaşmalarla
ötürülməsi riskini
artırır. Belə
bir şəraitdə
dini maarifləndirmə
məsələsi yalnız
dini qurumların fəaliyyəti ilə məhdudlaşmamalı, daha
geniş və sistemli yanaşma tələb etməlidir.
Cəmiyyətin gələcəyini formalaşdıran
əsas institutlardan biri olan təhsil
sistemi, xüsusən də məktəblər bu baxımdan mühüm rol oynaya bilər. Məktəblər gənc
nəslin düşüncə
tərzinin, mənəvi
dəyərlərinin və
vətəndaş mövqeyinin
formalaşdığı əsas
mühit kimi dini biliklərin düzgün, elmi və dünyəvi prinsiplər əsasında
çatdırılması üçün əlverişli
platformadır. Burada söhbət şəriət
qaydalarının tədrisindən
deyil, dinin mədəni, mənəvi
və etik aspektlərinin gənclərə
aşılanmasından gedir.
Məhz bu
yanaşma dini radikalizm, məzhəbçilik
və xurafatla mübarizədə effektiv
mexanizm kimi çıxış edə
bilər. Milli-mənəvi
dəyərlərin qorunması,
sağlam dini düşüncə mədəniyyətinin
formalaşdırılması və savadlı din xadimlərinə olan ehtiyacın qarşılanması baxımından
məktəblərin dini
maarifləndirmə prosesində
iştirakının əhəmiyyəti
getdikcə daha qabarıq şəkildə
özünü göstərir.
Yeri gəlmişkən,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədr müavini Gündüz İsmayılov
da Elm və
Təhsil Nazirliyi ilə Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
birgə təşkilatçılığı
ilə keçirilən
“Dini düşüncə
mədəniyyəti: pedaqoji
perspektivlər” mövzusundakı
konfransda məktəblərin
dini maarifləndirmə
prosesində mühüm
rol oynadığından
danışıb.
Onun sözlərinə
görə, cəmiyyətin
ehtiyac duyduğu əsas kadrlardan biri savadlı din xadimləridir: "Dini biliklərin düzgün ötürülməsi,
xüsusilə dini radikalizm, xurafat və məzhəbçiliklə
mübarizə baxımından
mövcud resurslarla yanaşı, yeni və perspektivli mənbələrə ehtiyac
var. Bu kontekstdə
ilk ağla gələn vasitə təhsil sistemi və məktəblərdir.
Milli-mənəvi dəyərlərin
gənclər və yeniyetmələr arasında
düzgün təbliği
ilə yanaşı, dini biliklərin verilməsində də təhsil müəssisələrinin
potensialından istifadə
olunmalıdır. Azərbaycan
Respublikasında din dövlətdən ayrıdır
və ölkə dünyəvi dövlət
kimi təhsildə şəriətlə bağlı
məsələlərin yer
almasına imkan vermir. Lakin din
yalnız şəriətdən
ibarət deyil, onun mədəni və mənəvi aspektləri də mövcuddur. Bu baxımdan məktəblərdə
dini-mənəvi dəyərlərin
mədəni və mənəvi yönlərinin
düzgün çatdırılması,
gənclərin dini maarifləndirilməsində təhsilin
rolunun artırılması
məqsədəuyğundur".
Gündüz İsmayılov bildirib ki, Azərbaycandakı din xadimlərinin dini bilikləri qənaətbəxş deyil.
Azərbaycanda dini bilikləri geniş olan din xadimlərinə
ehtiyac var: “Bundan əlavə, Azərbaycanda, eləcə
də digər ölkələrdə dini
radikalizmlə, xurafatla,
məzhəbçiliklə mübarizədə məktəb
mühüm rol oynayır. Təhsil dünyəvi xarakter daşıyır. Din yalnız şəriətdən
ibarət deyil. Dinin mədəniyyət və mənəviyyat tərəfi var. Bu məqamda təhsilin böyük rolu var”.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Məktəbəqədər
və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu isə çıxışı
zamanı bildirib ki, məktəblərdə
din və mənəviyyatla bağlı
ayrıca fənn yaradılmasına böyük
maraq olarsa, dövlət standartlarına
təklif edilə bilər.
O bildirib ki,
dövlət standartları
adlı sənəddə
açıq şəkildə
orta təhsil müddətində şagirdlərin
hansı bilik, bacarıq və dəyərləri hansı
səviyyədə mənimsəməli
olduqları göstərilir:
“Belə bir dəyişiklik və ya əlavənin edilməsi üçün
ümummilli səviyyədə
qəbul olunmuş qərar olmalı, bu qərar müvafiq
qaydada müzakirə edilərək normativ sənəd kimi təsdiqlənməlidir. Əgər
bu sahəyə ciddi ictimai maraq
mövcuddursa, məsələ
əsaslandırılmış və elmi yanaşma
ilə dövlət standartlarına təklif edilə bilər”.
Milli Cəbhə
Partiyası sədrinin
müavini, ilahiyyatçı
Tural İrfan isə “Şərq”ə
açıqlamasında bildirib
ki, dini biliklərin cəmiyyətə,
əsasən yeniyetmə
və gənclərə
vaxtında və düzgün aşılanması
üçün müvafiq
tədbirlərin görülməsi
zəruridir. İlahiyyatçının
fikrincə, vaxtında
mənəvi boşluq
buraxmaq sonra həmin gənclərin mənfi aqibətə tuş gəlmələrinə
səbəb olur: “Bunun baş verməməsi üçün
bağçadan, orta məktəbdən başlayaraq
ali təhsil ocaqlarına qədər müəyyən edilmiş
üsul və vasitələrlə din və dini dəyərlər
düzgün şəkildə
çatdırılmalıdır. Bu yöndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun
fikri ilə razılaşmamaq mümkün
deyil. Mütəmadi olaraq biz də
qeyd etmişik ki, uşaqları zamanında dini yöndə sağlam bilgiləndirmək lazımdır
ki, böyüyəndə
azğın əqidələrə,
radikalizmə, xurafatçılıq
və məzhəbçilik
təəssübkeşliyinə yuvarlanmasınlar. Bu, insanların hamısının
dindar olması, yaxud din xadimi
olması üçün
təbliğat kimi qəbul edilməməlidir.
Bu, yalnız gələcəkdə gənclərin
beyninin yad təsirlər vasitəsilə
zəhərlənməməsi üçündür. Hər
halda məktəblərin
dini-mənəvi maarifləndirmədə
rolunun artırılması
bu yöndə böyük fayda verər. Dünyəvi təhsil prinsiplərini mütləq qorumaq lazımdır. Çünki
din dövlətdən
ayrıdır və orta məktəblərdə
din tədrisi mənfi nəticələrə
gətirə bilər.
Dinin özü də parçalanıb. Ölkəmiz də çoxkonfessiyalı, çoxməzhəbli
ölkədir. Hələ
dünyada vahid islam modeli yoxdur.
Hər ölkədə
bir məzhəb hakimdir. Bizdə isə yalnız mötədil və orijinal şəkildə ümumi dini-mənəvi maarifləndirmədən söhbət
gedir. Tədris ilə məlumatlandırma,
maarifləndirmə fərqlidir.
Məktəblərdə dini-mənəvi
dəyərlərin aşılanması
radikalizm və xurafatla mübarizədə
effektiv ola bilər. Lakin bu çox həssas
məsələ olduğu
üçün proses
sağlam və xarici təsirlərdən
tam uzaq kadrlar vasitəsilə aparıla bilər. Mədəni və mənəvi dəyərlərin
maarifləndirmə yolu
ilə çatdırılması
müəyyən proqram
əsasında baş
verə bilər. Əsasən dinin mədəni, tarixi, mənəvi yönlərinə,
ümumi köklərinə
üstünlük verməklə
düzgün çatdırılması,
təbii ki, gənclərin düzgün
maarifləndirilməsində təhsilin rolunun artırılması ilə
mümkündür. Yad
təsirlər, xarici din modellərinə meyl, radikalizm, xurafat və dünyəvilikdən təcrid,
təhsildən yayınma,
məzhəbçilik kimi
zərərli hallardan
qorumağın yolu yalnız vaxtında və yerində gəncləri dini-mənəvi
yöndən maarifləndirməkdir”.
İlahiyyatçı-alim Əkrəm Həsənov
da qeyd edib
ki, dini təhsil və dünyəvi dövlət
modelinin uyğunlaşması
müasir cəmiyyətlərdə
daim aktual müzakirə mövzusu olub. Onun sözlərinə
görə, Azərbaycanda
bu məsələyə
yanaşma həm milli-mənəvi dəyərlərimizin
qorunmasını, həm
də dini maarifləndirmənin təhlükəsizlik
və ictimai sabitlik baxımından əhəmiyyətini nəzərə
alaraq həyata keçirilməlidir: “Azərbaycan
Konstitusiyası və
qanunlarına görə,
din və təhsil bir-birindən ayrıdır. Lakin bu ayrılıq milli kimliyimizin və mədəniyyətimizin
formalaşmasında islamın
oynadığı rolu
inkar etmir. Din milli kimliklə
bağlı mühüm
bir məqamdır və bu sahədə
maarifləndirmə doğru
çərçivədə aparılmalıdır.
Orta məktəblərdə
dini biliklər milli-mədəni kontekstdə
təqdim olunmalıdır.
Bu, dini
radikalizm və yanlış məlumatların
qarşısını almaq
üçün əhəmiyyətlidir.
Milli vətənpərvərlik
ruhunun aşılanması
zamanı dini-mənəvi
dəyərlərə də
toxunmaq vacibdir. Dini maarifləndirmə ilə dini təhsil
fərqləndirilməlidir. Orta məktəblərdə
dini maarifləndirmə
milli-mədəniyyət dərsləri
çərçivəsində tədris oluna bilər. Bu, uşaqlara yalnız öz dini dəyərlərini
deyil, digər dinlərə hörmətlə
yanaşma mədəniyyətini
də aşılayar.
Sözsüz ki, mütəxəssis hazırlığı və
dövlət nəzarəti
əsasdır. Dini təhsil sahəsində təlim keçmiş, dövlət tərəfindən
sertifikatlaşdırılmış müəllimlərin iştirak
etməsi zəruridir.
Bununla yanaşı, bu maarifləndirmənin dünyəvi prinsiplərdən
kənara çıxmaması
dövlətin nəzarətində
olmalıdır. İnsan
hüquqlarına və
müxtəlifliyə hörmət
təmin edilməlidir.
Orta məktəblərdə
dini təhsilin tətbiqi hər hansı bir məcburiyyət və ya fərqli dini inanclara hörmətsizlik doğurmamalıdır.
Plüralist və tolerant cəmiyyət modeli qorunmalıdır”.
Dinin ayrıca
fənn kimi tədrisinə gəldikdə
isə ilahiyyatçı-alim
qeyd edib ki, orta məktəblərdə
dini təhsil deyil, dini maarifləndirmə
çərçivəsində hərtərəfli və
balanslı bir yanaşma ilə milli-mənəvi dəyərlər
öyrədilməlidir. Belə
yanaşma həm cəmiyyətin təhlükəsizliyinə,
həm də milli həmrəyliyə töhfə verə bilər”.
Şəymən Bayramova
Şərq .- 2025.- 16 dekabr (¹229).- S.6.