Layiqli varis
Zərdabinin
bilinməyən tərəfləri:
Millətin mənəvi
atası yenidən kəşf olunur
Hər
bir xalqın tarixi, milli-mənəvi dəyərləri yaşamalı
və gələcək
nəsillərə ötürülməlidir.
Buna görə də “xalqın tarixini incəliklə ortaya qoymaq üçün
ayrı-ayrı nəsillərin
keçmişini öyrənmək
də ən mühüm amillərdən
biridir”.
Azərbaycan mətbuatı
tarixinin görkəmli
tədqiqatçısı professor Şirməmməd
Hüseynov yazırdı
ki, “millət və xalq o vaxt birləşir, vahid və yenilməz
gücə sahib olur ki, gözü
və düşüncəsi
açılsın”. Gözümüzün
və düşüncəmizin
açılmasında Əlimərdan
bəy Topçubaşovun
“Azərbaycan mayakı”
adlandırdığı Həsən
bəy Zərdabinin ölçüyə gəlməz
dərəcədə əməyi
olub. Məhz buna görə dünən də, bugün də, sabah da H.Zərdabi
şəxsiyyətindən, faliyyətindən, irsindən,
dünyagörüşündən nə qədər yazılsa, danışılsa
yenə azdır. Çünki xalqının
ağrı-acısı ilə
yaşayan, bu millət fədaisinin çoxşaxəli və
çoxsahəli faliyyəti
bu gün də bir örnəkdir.
Milli mətbuatımızın
150-ci ildönümünə həsr edilən “Həsən bəy Zərdabi və Tiflis mühiti” adlı monoqrafiyanı oxuduqca “nəsillərarası
irs-varislik əlaqəsi
qırılmasın, sələf-xələf
münasibətləri möhkəm
tellərlə əlaqələnsin”
tövsiyəsinin şahidi
olduq. Görkəmli ədəbiyyatşünas alim
Yaşar Qarayev tövsiyə edirdi ki, “Klassik irs
yalnız müasir və bəşəri olmağı yox, həm də orijinal, fərdi, milli olmağı bizə öyrədir”.
Ölkəmizdə 1991-ci ildən
sonra klassik irsə qaydış üçün bir zəmin yarandı. Bütün həyatını,
fəaliyyətini xalqının
maariflənməsinə, azadlığına,
xoşbəxtliyinə fəda
edən H.Zərdabi irsinə yeni baxışı əks etdirən çoxsaylı
əsərlər yazıldı,
çap edildi və bu gün
də davam edir. Çünki, çoxsahəli və çoxşaxəli olan H.Zərdabi irsi dünənimiz üçün
necə faydalı idisə, bugünümüz
və sabahımız
üçün də
elə faydalıdır.
“Həsən bəy Zərdabi və Tiflis mühiti” adlı əsərin müəllifi Aqrar elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Kooperasiya Universitetinin dosenti, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya
üzrə professoru Eldəniz Həsənovdur.
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun
aqronomluq fakültəsinin
yerquruluşu şöbəsini
1981-ci ildə fərqlənmə
diplomu ilə başa vuran Eldəniz müəllim ondan çox kitab və monoqrafiyanın,
çoxsaylı elmi-publisistik
məqalələrin müəllifidir.
Onların arasında H.Zərdabi irsi üstünlük təşkil
edir. O, H.Zərdabi irsinin tədqiqi, təbliği sahəsindəki
xidmətlərinə görə
“Həsən bəy Zərdabi diplomu” ilə təltif edilib. Zərdabişünas
alim həm də “Qızıl qələm” və “Ali Media” mükafatları laureatıdır.
E.Həsənovun 2025-ci ildə
işıq üzü
görən “Həsən
bəy Zərdabi və Tiflis mühiti” adlı əsərini oxuyarkən Füyuzat ədəbi məktəbinin görkəmli
tədqiqatçısı, professor Şamil Vəliyevin “Zaman keçəcək bizim necə varis olmağımızı sübut
edəcək. Çox
yaxşı olardı
ki, klassiklərimizin amallarına sadiq, əməllərinə layiq
varis olaq!” fikrini xatırladıq. Eldəniz müəllim H.Zərdabi yaradıcılığına,
şəxsiyyətinə, elmi-nəzəri
görüşlərinə həsr etdiyi çoxsaylı elmi məqalələri və
bir necə əsərləri ilə bir daha layiqli
varis olduğunu sübut etdi.
E.Həsənov bu irsə digərlərindən
fərqli olaraq hər dəfə müxtəlif aspektdən
yanaşır. Biz jurnalistlərdən fərqli
olaraq o, H.Zərdabini cəmiyyətə həm
də “Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisi”, təbiətşünas alim
kimi təqdim edir. Tədqiqatçı
alim Həsən bəyin bu mövzuda
müxtəlif mətbuat
orqanlarında çap
edilən məqalələrini,
həmin məqalələrdə
irəli sürdüyü
ideyaları, tövsiyələri
araşdırıb tədqiqata
cəlb edib. Müəllif H.Zərdabini
oxucusuna həm də “ilk torpaq
islahatçısı və
yerquruluşçusu” kimi
tanıdır. O, həmin
fikrini hələ bu əsərindən əvvəl 2006-cı ildə
çap etdirdiyi “H.Zərdabi Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisidir” adlı monoqrafiyasında daha geniş şəkildə açıqlayır.
Oxucu burada H.Zərdabini “müsəlman
dünyasının ilk
təbiətşünas alimi”
kimi tanıyır. Bu əsərdə həmçinin H.Zərdabi
haqqında yeni sənədlər də təqdim edilib.
Zərdabişünas alim
“Həsən bəy Zərdabi və Tiflis mühiti” adlı əsərində
yalnız H.Zərdabinin
deyil, bütövlükdə
onun nəsil şəcərəsinin elmə,
maarifə, yeniliyə
sahib olmasında yaxından iştirak edən Tiflis mühitini işıqlandırıb.
Əsərdə H.Zərdabi
başda olmaqla, onun doğmalarının,
əzizlərinin, ömür-gün
yoldaşı Hənifə
Məlikovanın, övladlarının,
kürəkəni Ə.Topçubaşovun,
sevimli dayısı general-leytenant Fərəc
bəy Ağayevin və digər qohumlarının həyatında
Tiflis ədəbi, mədəni mühitinin oynadığı rol açıqlanır. Doğrudur
bu mövzuda zaman-zaman bəzi tədqiqatçılar “Zərdabi
nəslinin müəyyən
nümayəndələri haqqında
bilgilər vermişdir”.
Elə E.Həsənov
özü də “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat
yolu” adlı monoqrafyasında məlumat
verib. Lakin bütövlükdə “Zərdabi
nəslindən olan insanların nəsil şəcərəsi” bu əsərdəki kimi geniş, dəqiq, ətraflı açıqlanmamışdır.
Bu ilk “Həsən
bəyin nəsil şəcərəsi”, “Həsən
bəy Zərdabi və Tiflis mühiti” əsərində
açıqlanaraq oxucunun
diqqətinə yetirilir.
Zərdabi ocağından
çıxan, bu nəslə mənsub olan insanların xalqının, millətinin
tərəqqisi üçün
etdikləri bir daha sübut edir ki, “ot
kökü üstə
bitər”.
Əsərdə Azərbaycan
xalqının tanınmış
soylarından biri olan Məlikovların və Azərbaycan milli hərəkatının,
Rusiya müsəlmanlarının
“ümmətdən millətə
doğru təkamül”
etməsində misilsiz
xidmətləri olan Topçubaşovların nəsil
şəcərəsinin parlaq
və keşməkeşli
həyat yolundan, apardıqları mücadilələrdən,
həyata kecirdikləri
uğurlu islahatlardan bəhs edilir. Müəllif həm də “hər iki nəslin gürcü xalqı ilə tarixən dostluq-qardaşlıq əlaqələrinə”
işıq salaraq müasir gəncliyin diqqətinə çatdırır
və Azərbaycan, Gürcü xalqı üçün faydalı
olan “bu iz-irsi” layiqincə davam etdirməyi tövsiyə edir.
Əvvala onu qeyd etmək lazımdır ki, bütün arxiv sənədləri, tədqiqat
əsərləri, baş
vermiş hadisələr,
dövri mətbuatın
səhifələrində çap
edilən materiallar sübut edir ki, Azərbaycan xalqının milli mədəniyyətinin və
milli şüurunun inkişafında, maarifçilik
hərəkatının güclənməsində
Tiflis ədəbi mühiti mühüm rol oynayıb. Uzun illər Zaqafqaziyanın inzibati və mədəni mərkəzi olan Tiflis şəhərinə
tərəqqipərvər, demokratik ziyalılarımızın
üz tutması Azərbaycan xalqının
mədəni həyatında
inkişafa doğru yol açdı.
“Mənəvi dünyamıza
işıq saçan”
H.Zərdabi irsini uzun illərdir müxtəlif peşə
sahibləri tədqiqata
cəlb edib və bu gün
ölkəmizdə çox
zəngin Zərdabişünaslıq
elmi yaranıb. O, elmdə Həsən bəy daha çox
maarifçi, jurnalist,
publisist, pedaqoq, xeyriyyəçi kimi təqdim edilsə də, əslində o, millətinin fədaisi, mənəvi atasıdır.
Bütün xoşbəxtliyini,
arzularını, xalqının
xoş güzaranı
üçün qurban
edən millət fədaisinin Bakı Şəhər Dumasındakı
faliyyəti sübut etdi ki, o, xalqı
üçün yaşayıb-yaradıb,
mübarizə aparıb.
10 il Bakı Dumasının üzvü
olan H.Zərdabi hər dəfə burada xalqı narahat edən taleyüklü məsələlərdən
bəhs edir, real təkliflər irəli sürür, onların həllində hökuməti köməyə
çağırır. Bu
faktları çoxsaylı
arxiv sənədləri
ilə əsərində
açıqlayan tədqiqatçı
alim, haqlı olaraq Həsən bəyi “zəhmətkeş
xalqın mənafeyinin
müdafiəçisi və
çarçısı” adlandırır.
H.Zərdabi Bakı Dumasının üzvü
olarkən digər məsələlərlə yanaşı,
su probleminin də həll edilməsinə çalışıb.
O, Azərbaycanın, xüsusən
də Bakı şəhərinin su təchizatı məsələsini
dəfələrlə dumada
qaldırmışdır. Hətta
bu məsələnin
Azərbaycan xalqının
xeyirinə həll edilməsində ermənilər
dəfələrlə ona
mane də olublar. Professor E.Həsənov bu haqda yazır: “Zuğulbanın çirkli
su mənbələrindən
Bakı şəhəri
əhalisinə içməli
su adı ilə çəkilişi
planlaşdırılan kəmərin
çəkilişinə millət
fədaisi qəti etiraz səsini ucaltmış və həmin məsələnin
reallaşmasına imkan
verməmişdir”. H.Zərdabi
müxtəlif mətbuat
orqanlarında çap
etdirdiyi məqalələrində
ölkəmizdə suvarma
kanallarının çəkilməsi,
içməli su mənbəyinin yaradılması
haqqında maraqlı ideyalar, təkliflər vermişdir. Əsərdə
E.Həsənov belə
bir təklif də irəli sürür ki, hazırda “ölkəmizdə
tikintisi başa çatdırılan nəhəng
su obyektlərdən birinə Zərdabinin adının verilməsi təqdirəlayiq olardı”.
Alimin bu xeyirxah təşəbbüsünə
biz də bir ziyalı olaraq qoşuluruq və onun reallaşmasını
diləyirik.
Əsərin sonunda Zərdabişünas alimin
müxtəlif illərdə
H.Zərdabinin həyatı,
faliyyəti, ailəsi
haqqında verdiyi müsahibələri, araşdırmaları,
məqalələri verilib.
Bu bölmədə müəllif qeyd edir ki, “Azərbaycan
müstəqillik qazanandan,
suverenliyini əldə
etdikdən sonra xalq H.Zərdabinin dahiliyini, böyüklüyünü
və xidmətlərini
daha dərindən anladı”.
Əslində sovet dövrü təkcə H.Zərdabi deyil, bütün klassiklərimiz
yanlış, “sovet həyat tərzinə uyğun” tədqiqata cəlb edildiyi üçün onların
dahiliyi, böyüklüyü
Mərkəz tərəfindən
bilərəkdən “unutdurulur”,
qısqanclıqla yanaşılırdı.
20-ci yüzilliyin əvvəllərindən
başlayaraq “səviyyəsilə
heyrət doğuran klassik publisistikamızın”
obyektiv tədqiqinə
və təbliğinə
sovetin “dəmir senzura qadağaları imkan verməmişdir”. Ona görə uzun illər sovet dövründə ideoloji ehkamların təsiri altında öyrənilən və izah olunan məsələlərə
yenidən baxmaq, qiymətləndirmək zərurəti
meydana çıxır.
Bu gün müstəqil dövlət
quruculuğunun ən məsul dövründə
milli-mənəvi dəyərlərimizin,
tarixi keçmişimizin
düzgün, dəqiq
öyrənilməsi, qiymətləndirilməsi,
aktuallığı və
təbliği böyük
əhəmiyyət kəsb
edir.
E.Həsənov “Mənəvi
dünyamıza işıq
saçan mütəfəkkir”
adlı məqaləsinin
sonunda yazır: “Mənəvi dünyamıza
içıq saçan
ömrün, izi-irsi tarixin yaddaşında əbədi olaraq qalacaq”. Tamamilə doğru vurğulayırsınız,
Eldəniz müəllim.
Bu qiymətli irsin xalqın yaddaşına hopmasında,
yaşamasında bütün
Zərdabişünasların və o cümlədən
Sizin də özünüzə məxsus
payınız var. Buna görə BDU-nun çoxsaylı Jurnalistika fakültəsinin
müəllim, professor,
tələbə heyyəti
adından sizə təşəkkür edirik.
Qələminiz iti, sözünüz əbədi
olsun!
Sevil Həsənova,Filologiya elmləri doktoru, BDU-nun professoru
Qərənfil Dünyamin qızı, Filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist
Şərq .- 2025.- 17 dekabr (¹ 230).- S.7.