Keyfiyyətli təhsil müəllimdən asılıdır
Bacarmayanlar
ixtisara gedəcək
Azərbaycan müəllimləri beynəlxalq
standartlara uyğun qiymətləndiriləcək
Azərbaycanda təhsil sisteminin yenilənməsi və müasir çağırışlara
uyğunlaşdırılması istiqamətində aparılan
müzakirələr son
dövrlər daha da aktuallaşıb. Təhsilin məzmunu, fənlərarası yanaşma,
müəllimlərin rolu
və süni intellektin tədris prosesinə inteqrasiyası
kimi məsələlər
bu müzakirələrin
əsas mövzularındandır.
Elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində
məhz bu məsələlərə toxunaraq,
mövcud təhsil modelinin artıq dövrün tələblərinə
cavab vermədiyini, köklü dəyişikliklərə
ehtiyac olduğunu vurğulayıb. Nazir təhsilin əsas məqsədinin şagirdlərin
daha keyfiyyətli bilik və bacarıqlara
yiyələnməsi olduğunu
önə çəkərək,
bu istiqamətdə müəllim hazırlığı,
metodik yanaşma və yeni texnologiyaların
tətbiqinin vacibliyini
qeyd edib. O, təhsilin məzmunu ilə bağlı mövcud problemlərə
toxunaraq, Azərbaycanda
təhsilin məzmununun
müəllimlərin maaşına
bağlı olduğunu
bildirib. Nazir bu məsələnin dəyişməsinin çətin
olduğunu vurğulayıb
və qeyd edib ki, fənlərarası
dəyişikliklər müəllimlərin
maaşını azaldacaq,
bu isə təhsilin məzmununa birbaşa təsir edir: "Fənlərarası
dəyişikliklər müəllimin
maaşını azaldacaq.
Məsələn, biologiya
dərsini bir saat azaltsaq, bu, həmin fənnin müəlliminin
maaşının 10 faiz
azalması deməkdir".
Emin Əmrullayev
ölkədəki təhsil
sisteminin çox uzun müddətdir eyni olduğunu və 4 nəslin eyni fənləri oxuduğunu vurğulayıb.
O, 90-cı illərdə informatika
fənninin tədrisinə
başlandığını, amma indi süni
intellektin təhsilə
daxil olmasının artıq vacib olduğunu bildirib. Ancaq bunun üçün
müəllimlərin fənlərarası
əməkdaşlıq və
təhsil məqsədlərini
daha yaxşı başa düşməli olduğunu söyləyib:
"Müəllimlər yalnız
öz fənləri ilə bağlı düşünməməlidirlər. Əgər məqsəd yalnız dərs saatlarını keçib
məktəbdən getməkdirsə,
şagirdlər hərtərəfli
inkişaf etməyəcək".
Nazir, həmçinin
təhsil sisteminin əsas məqsədinin şagirdin yaxşı təhsil alması olduğunu qeyd edib: "Biz müəllimə maaş
veririk ki, şagirdlər daha yaxşı öyrənsinlər.
Əgər şagird yaxşı öyrənmirsə,
onda müəllimə
niyə maaş verməliyik?".
Emin Əmrullayev
son 10 ildə müəllimlərin peşə
keyfiyyətlərinin artdığını,
əvvəllər "müəllim"
sözünü düzgün
yazmayan şəxslərin
artıq sistemdən kənarlaşdırıldığını
vurğulayıb. Onun fikrincə, hazırda müəllimlər arasında
ciddi rəqabət mövcuddur. Lakin o, gənc müəllimlərin
sertifikatlaşdırma prosesinin
mükəmməlləşdiyini və bu müəllimlərin
çoxunun yüksək
bal topladığını
qeyd edib. Nazir, həmçinin metodik təkmilləşdirmənin
də böyük əhəmiyyət daşıdığını
əlavə edib.
Qeyd edək
ki, nazirin “əgər şagird yaxşı öyrənmirsə,
onda müəllimə
niyə maaş verməliyik?" ifadəsi
ictimai rezonans doğuraraq sosial şəbəkələrdə geniş müzakirələrə
səbəb olub. İstifadəçilərin bir
qismi fikri müəllim məsuliyyətinin
artırılması baxımından
düzgün hesab etsə də, digərləri təhsildə
nəticənin yalnız
müəllimin üzərinə
qoyulmasının ədalətli
olmadığını bildirib.
Müzakirələrə qoşulan
təhsil üzrə ekspertlər isə məsələni daha geniş kontekstdə dəyərləndirib, nazirin
açıqlamasını təhsil sistemində məsuliyyət və hesabatlılıq mədəniyyətinin
gücləndirilməsinə çağırış kimi
dəyərləndiriblər.
Təhsil mütəxəssisi
Elçin Əfəndi
Sherg.az-a açıqlamasında bildirib ki, təhsil
sistemi emosional və ya fərdi
maraqlara deyil, şagirdin bilik və bacarıqlarının
formalaşmasına xidmət
etməlidir. Dövlət
tərəfindən təhsilə
ayrılan vəsaitlərin
əsas hədəfi də məhz budur.Elçin Əfəndinin diqqət çəkdiyi əsas məqamlardan biri demoqrafik proses olub. Onun sözlərinə
görə, doğum səviyyəsinin ildən-ilə
azalması təhsil sisteminə birbaşa təsir göstərir. Birinci sinfə qəbul olunan şagirdlərin sayının
azalması perspektivdə
məktəblərin optimallaşdırılmasını,
siniflərin birləşdirilməsini
və nəticə etibarilə müəllim ştatlarının ixtisarını
qaçılmaz edir. Bu reallıq fonunda müəllimlərin
sadəcə diplom sahibi olması deyil, real nəticə
göstərməsi, yəni
şagirdin öyrənməsinə
töhfə verməsi
əsas meyara çevrilir:
“Birinci sinfə
gedəcək 100 minlik
şagird kontingentinə
sahib olan ölkədə 10-15 il sonra bu say
50 minə düşəcək.
Nəticədə 50 min
şagirdin təhsil aldığı müəssisə
bağlanacaq, orada dərs deyən müəllimlər isə
ixtisara gedəcəklər.
Dövlət məktəb
binalarının tikintisindən
tutmuş dərsliklərin
çapına, müəllimlərin
işə qəbuluna
qədər bütün
prosesi şagirdlərin
keyfiyyətli təhsil
alması üçün
həyata keçirir.
Bu zəncirin mərkəzində isə
müəllim dayanır.
Müəllim yalnız
fənni bilməklə
kifayətlənməməli, eyni zamanda müasir
tədris metodikalarına
yiyələnməli, biliyini
şagirdə düzgün
və effektiv şəkildə ötürməyi
bacarmalıdır. Əgər
müəllim bu missiyanı yerinə yetirə bilmirsə, onun sistemdə saxlanılması nə iqtisadi, nə də pedaqoji baxımdan əsaslandırıla
bilər. Beynəlxalq
təcrübə də
bu yanaşmanı təsdiqləyir. Finlandiya,
Çin və bir sıra Avropa
ölkələrində müəllim
peşəkarlığı, davamlı qiymətləndirmə
və nəticəyönümlü
yanaşma əsas prinsip kimi qəbul
olunur. Həmin ölkələrdə müəllimin
statusu yüksəkdir,
lakin bu status real nəticə
və məsuliyyətlə
müşayiət olunur.
Azərbaycan da təhsil keyfiyyətini artırmaq istəyirsə,
eyni prinsipial mövqeni ortaya qoymalıdır”.
Ekspertin qənaətincə,
şagird nailiyyətlərinin
formalaşmasında əsas
yük müəllimin
üzərinə düşür:
“Valideyn tədris
prosesində dəstəkçi
tərəf olsa da, aparıcı qüvvə müəllimdir.
Məhz buna görə də həm ixtisas biliklərinə, həm də güclü metodik bacarıqlara malik müəllimlərin
seçilməsi və
sistemdə saxlanılması
prioritet olmalıdır.
Bu yanaşma uzunmüddətli perspektivdə
şagirdlərin bilik
səviyyəsinin yüksəlməsinə,
təhsil sisteminin səmərəliliyinin artmasına
və bütövlükdə
cəmiyyətin inkişafına
xidmət edəcək”.
ReAL Partiyasının
sədri, iqtisadçı
Natiq Cəfərli isə Emin Əmrullayevin
təhsil sahəsində
səsləndirdiyi “şagird
yaxşı öyrənmirsə,
müəllimə niyə
maaş verməliyik?”
prinsipi üzərindən
bütün dövlət
idarəetməsi və
məmur sisteminə şamil edərək geniş bir müqayisə aparıb. N.Cəfərli qeyd edib ki, ölkədə
dövlət strukturlarında
nəticəyə görə
məsuliyyət sistemi
tətbiq olunsa, məmurların əksəriyyəti
işlərinin real nəticəsinə görə
qiymətləndirilər və
mükafatlandırılardı. Onun arqumentində iqtisadiyyat, hüquq-mühafizə,
infrastruktur, elm və hətta baş nazir səviyyəsi də daxil olmaqla bütün
sahələrdə nəticəyə
əsaslanan maaş və bonus sisteminin
tətbiqi məsələsi
qabardılıb:
“Əsl fəlsəfi
təməldir, bəyəndim,
hətta təklif edirəm ki, bu prinsip bütün
dövlət-hökumət məmurlarına şamil olunsun, məsələn,
ÜDM lazımi templə
artmırsa, inflyasiya azalmırsa, insanların rifahı yüksəlmirsə,
iqtisadiyyatla məşğul
olan hüquqşünas
nazirlər niyə maaş alırlar, nədən xidməti maşınları var, nə səbəbə onların sürücü
və katibəsi olmalıdır?
Əgər məhkəmə
hakimi ədalətli qərar vermirsə, hakimin verdiyi qərar Avropa İnsan Hüquqları Məhkəməsində yanlış
və ədalətsiz
çıxırsa, onlar
niyə maaş alırlar?!
Dünən çəkilən asfalt bu gün dağılırsa,
infrastrukturla məşğul
olan nazirlik və idarə rəhbərləri niyə
yaxşı evlərdə
yaşamalı, maaş-bonus
almalıdırlar?!
Baş nazirin
işi ancaq toyda-yasda iştirak etməkdirsə (yəni xaricdə rəhbər şəxs ölür, yasına gedir və ya, xarici
ölkədə dövlət
bayramı olur, ora göndərirlər), niyə onun bir neçə müavini, yaxşı maaşı olmalıdır
ki?!
AMEA-da ən
böyük "uğur",
nə ciddi "kəşf" nərd oynayarkən stəkanla belə şeş-qoşa
atan "alimlərimizin"
olmasıdırsa, niyə
AMEA var, nədən maaş alırlar, niyə ləğv edilmir?!
Siyahını uzada da bilərəm,
amma Emin müəllimin təklif etdiyi təməl prinsiplə razıyam, bütün ölkədə,
bütün nazirlik və dövlət idarələrində mütləq
tətbiq edilməlidir,
yəni nəticəyə
görə maaş-bonus,
qazanc sisteminə keçməliyik.
Belə bir
sistemə keçsək,
məmləkətdə son
nəticəyə görə
mükafatlandırma olsa,
məmurların bir çoxu acından “oboy” yeyər...”
Şəymən Bayramova
Şərq 2025.- 18
dekabr (¹231).- S.7.