Valideyn və məktəb
təkbaşına çarəsizdir
Uşaqları
sosial mediada zərərli informasiyalardan
qorumaq aktual məsələdir
Söz və
məlumat azadlığının,
plüralizmin inkişaf
etdirilməsi
“Qanunvericilikdə müəyyən düzəlişlərin
edilməsinə ehtiyac
var, müəyyən
ölçülərin götürülməsinin
zamanı çatıb"
Uşaqlarla bağlı
problem hər zaman cəmiyyətin aktual məsələlərindən
olub və xüsusi diqqət tələb edib. Bu baxımdan azyaşlılarla bağlı
yayılan məlumatlarda
medianın necə davranmalı olduğunu tövsiyə edən kifayət qədər etik qaydalar formalaşıb.
Buna baxmayaraq, uşaqlardan bəhs edən xəbərlərdə
etik çatışmazlıqlar
müşahidə edilməkdədir.
Adətən, məsələnin ciddiliyi
nəzərə alınmadan,
etik çərçivələr
gözlənilmədən azyaşlıların
kimliyi, görüntüləri
efirə verilir. Problemin digər tərəfi isə müasir dövrdə azyaşlıların internetə
çıxışının çox asan olması, mövcud məhdudlaşdırıcı metodların effektiv nəticə verməməsidir.
Məhz bu problemlərdən dolayı
müvafiq qurumlar zaman-zaman bu mövzu ilə bağlı maarifləndirici
tədbirlər həyata
keçirir, brifinqlər
təşkil edirlər.
Ötən gün
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
(AQUPDK) tərəfindən “Uşaqların zərərli
informasiyadan qorunması”
mövzusunda keçirilən
brifinqdə məhz buna hesablanıb.
Qurumun Analitik
təhlil və informasiya təminatı şöbəsinin müdiri
Elgün Səfərov
deyib ki, müəyyən yaş kateqoriyasına aid uşaqların zərərli
informasiyadan qorunması
ilk növbədə valideyn məsuliyyəti ilə bağlıdır və ailə mühitində uşaqlara
təqdim olunan məlumatların tənzimlənməsi
xüsusi əhəmiyyət
daşıyır. Təəssüf
ki, bəzi hallarda bu sahədə
sui-istifadə hallarına
rast gəlinir.
Onun sözlərinə
görə, son illər uşaqların sosial şəbəkələrə,
xüsusilə "TikTok"
platformasına cəlb
edilməsi və bu yolla maliyyə
vəsaiti əldə
olunması halları müşahidə olunur. Bu cür yanaşmalar
uşaqların hüquqlarının
pozulmasına səbəb
olur və ciddi narahatlıq doğurur. O vurğulayıb
ki, digər sosial şəbəkələrdə
də uşaqların
hüquqlarının pozulması
faktları qeydə alınır.
Son 5 il
ərzində bəzi
media subyektləri tərəfindən uşaqların
hüquqlarını pozan,
zərərli informasiya
xarakteri daşıyan
materiallar yayımlanıb.
Xüsusilə uşaq
nikahları ilə bağlı mövzuların
preventiv məqsəd daşımadan, təbliğat
formasında təqdim
edilməsi yolverilməz
hesab olunur. Onun sözlərinə görə, bu kimi hallarla bağlı
AQUPDK tərəfindən müvafiq
dövlət qurumları,
o cümlədən Audiovizual
Şura, hüquq-mühafizə
orqanları və digər aidiyyəti strukturlarla sıx əməkdaşlıq həyata
keçirilir.
Elgün Səfərov
bildirib ki, sosial şəbəkələrdə
uşaqların hüquqlarının
pozulması halları
aşkar edildikdə, hüquqi mexanizmlər dərhal işə salınır və preventiv tədbirlər görülür. Dövlət
Komitəsinin bu sahədə əsas fəaliyyət istiqaməti
maarifləndirmə və
qabaqlayıcı tədbirlərin
gücləndirilməsidir: “Azərbaycanda uşaq hüquqları ilə bağlı vahid Uşaq Məlumat Bankı yaradılıb və hazırda bu sistemin tam
funksional fəaliyyəti
istiqamətində işlər
aparılır. Son iki il ərzində
Uşaq Məlumat Bankı təkmilləşdirilib
və gələcək
mərhələdə 11-dən çox dövlət qurumunun, eləcə də 7 yerli icra hakimiyyəti orqanının məlumatları
bu sistemə inteqrasiya olunacaq.
Komitə tərəfindən
“Media və uşaq hüquqları” mövzusunda
metodik vəsait hazırlanaraq media subyektlərinə, həmçinin
Mətbuat Şurasına
təqdim olunub. Bununla yanaşı, internet təhlükəsizliyi
ilə bağlı digər maarifləndirici materialların da mövcud olduğu diqqətə çatdırılıb.
Uşaqların və valideynlərin maarifləndirilməsi istiqamətində
ölkə üzrə
genişmiqyaslı tədbirlər
həyata keçirilir.
Bu tədbirlər regionlardan başlayaraq respublika səviyyəsində
davam etdirilir və təhsil müəssisələrini, sosial
şəbəkələri, eləcə də Dövlət Komitəsinin
rəsmi “YouTube” kanalı
və digər platformaları əhatə
edir. Uşaqların maraqlarının qorunması
əsas prioritetdir, kiberbullinq, intihara sövq etmə və digər hüquq pozuntuları ilə bağlı mövcud risklərə diqqət çəkilib. Bu sahədə mövcud çağırışları
nəzərə alaraq,
Dövlət Komitəsi
tərəfindən uşaq
hüquqlarına dair yeni Milli Fəaliyyət
Planının layihəsi
hazırlanıb. Sənəddə
rəqəmsal mühitdə
süni intellektin uşaqlara təsiri, onun həm müsbət,
həm də mənfi tərəflərinin
araşdırılması və
innovativ yanaşmaların
tətbiqi nəzərdə
tutulur”.
Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
nümayəndəsi Seymur
Məmmədli isə
qeyd edib ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında"
qanuna dəyişiklik
ediləcək.
O qeyd edib
ki, bununla əlaqəli beynəlxalq
təcrübə əsasında
dəyişiklik layihəsi
hazırlanır: "Təklif
olunan dəyişikliklərlə
gələcəkdə uşaqlarla
bağlı oyuncaq, geyim və əşyalar
tənzimlənsin. Misal
olaraq, küçədə
görürük ki, paltarın üzərində
cinayətkarlığın təbliği var. Bununla bağlı bir çox ölkələrdə yaxşı
təcrübələr var".
Komitə nümayəndəsi
bildirib ki, internetdə sərhədlərin
olmaması zərərli
informasiyaları da əlçatan edir: "Hər hansı bir məlumatla bağlı istənilən
ölkənin dövlət
qurumunun saytına daxil ola bilərik.
Bunun üstün tərəfi ilə yanaşı, mənfi tərəfləri də var. Bu məsələdə
ən çox uşaqlar əziyyət çəkir. Azərbaycanda
uşaqların hüquqlarının
qorunması ilə bağlı qanun var və orada
bəzi zərərli
məlumatların uşaqlar
arasında yayılması
və digər neqativ hallarla mübarizə məsələsi
əksini tapıb".
Qurum rəsmisi
xatırladıb ki, hansısa informasiya məhsulu istifadəyə
buraxılmazdan əvvəl
yaş kateqoriyasına
uyğun təsnifatlaşdırılır:
"Uşaqların zərərli
informasiyaya məruz qalmasında əsas məsələlərdən biri
də internet asılılığıdır. Ev işləri ilə məşğul olan qadınlar uşaqlara müxtəlif mobil tətbiqlərə girişə imkan yaradır. Bunun da mənfi tərəfləri
özünü göstərir.
Yekunda uşaqlar ünsiyyətdən çəkinirlər".
Audiovizual Şura
Aparatının Hüquq
və beynəlxalq əməkdaşlıq şöbəsinin
baş məsləhətçisi
Ayxan Sadıqlı da bildirib ki,
Azərbaycanda uşaqların
zərərli informasiyadan
qorunması sahəsində
normativ-hüquqi baza formalaşdırılıb və
bu istiqamətdə ardıcıl tədbirlər
həyata keçirilir:
“Hələ 2000-ci illərin
əvvəlindən etibarən
uşaqların hüquqlarının
müdafiəsi, o cümlədən
onların zərərli
informasiyadan qorunması
məsələsi qanunvericilikdə
əksini tapıb”.
Onun sözlərinə
görə, bu sahədə əsas normativ sənədlər zamanla təkmilləşdirilərək
yenidən işlənib
və media subyektləri üçün
konkret öhdəliklər
müəyyən edilib:
“Audiovizual Şura
tərəfindən media
subyektləri ilə maarifləndirici fəaliyyət
də aparılır.
Audiovizual Şura,
Media Agentliyi və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq çərçivəsində
jurnalistika fakültəsinin
tələbələri üçün
mütəmadi maarifləndirici
görüşlər keçirilir.
Bu görüşlərdə
gənc jurnalistlərə
uşaqların zərərli
informasiyadan qorunması,
etik davranış qaydaları və media məsuliyyəti ilə bağlı praktiki biliklər verilir”.
Ayxan Sadıqlı
vurğulayıb ki,
“Media haqqında” Qanunda
uşaqların zərərli
informasiyadan qorunması
ilə bağlı konkret müddəalar mövcuddur və bu tələblərin pozulması inzibati məsuliyyət yaradır.
Onun sözlərinə
görə, İnzibati
Xətalar Məcəlləsinin
müvafiq maddələri
bu sahədə hüquqi mexanizmləri aydın şəkildə
müəyyən edir.
O qeyd edib
ki, 2024-cü il ərzində Audiovizual Şura tərəfindən
uşaqların zərərli
informasiyadan qorunması
tələblərinin pozulması
ilə bağlı iki inzibati protokol
tərtib olunaraq müvafiq rayon məhkəmələrinə göndərilib
və media subyektləri barəsində
cərimə tədbirləri
tətbiq edilib. 2025-ci
ildə isə bu sahə üzrə
bir inzibati protokol hazırlanaraq aidiyyəti məhkəməyə
təqdim olunub.
Sadıqlı qeyd edib ki,
aparılan monitorinqlər
nəticəsində inzibati
xəta tərkibi yaratmayan, lakin qanunvericiliyin tələblərinə
zidd olan hallar da aşkarlanıb.
Bu hallarla bağlı 2025-ci il ərzində 17 media subyektinə rəsmi xəbərdarlıq göndərilib,
onlardan 10-na isə əlavə tövsiyələr
verilib.
Baş məsləhətçinin
sözlərinə görə,
Audiovizual Şura bu sahədə əsas məqsəd kimi cəza tədbirlərindən daha
çox preventiv və maarifləndirici yanaşmanı üstün
tutur: “Uşaqların
zərərli informasiyadan
qorunması yalnız nəzarət və cəza mexanizmləri ilə deyil, media subyektlərinin məsuliyyətli davranışı
və ictimai şüurun formalaşdırılması
yolu ilə daha effektiv təmin
edilə bilər”.
Uşaqların zərərli informasiyadan qorunmasının vacib məsələ olduğunu
vurğulayan Mətbuat
Şurası İdarə
Heyətinin üzvü
Müşfiq Ələsgərli
isə Sherg.az-a açıqlamasında
bildirib ki, uşaqlar və informasiya məsələsi
xüsusi həssaslıq
tələb edən bir sahədir. O, jurnalistlərin etik kodeksində bu barədə xüsusi bəndlərin nəzərdə
tutulmasının təsadüfi
olmadığını deyib:
“Əlavə olaraq qanunvericilik də uşaqlarla bağlı informasiyalara xüsusi həssaslıqla
yanaşmağı tələb
edir. Onların zərərli informasiyaların
təsirinə məruz
qalmaması üçün
isə əlahiddə
qanun qəbul olunub. Həmin qanunda informasiya verilməsinin, xüsusilə
yetkinlik yaşına çatmayan auditoriyanın
zərərli informasiyalardan
qorunması haqqında
çox ciddi müddəalar mövcuddur.
Çox təəssüf
ki, peşəkar mediada bu məsələlər
həssaslıqla yanaşılıb,
nəzərə alınsa
da, sosial media alətləri, sosial media platformaları
üzərindən yayılan
informasiyalarda bu məsələlər nəzərə
alınmır. Uşaqlar
kifayət qədər
zərərli informasiyalar
almış olurlar”.
Ekspert hesab
edir ki, uşaqların zərərli
informasiyadan qorunması
haqqında qanunun müddəalarının sosial
şəbəkələrə də tətbiq edilməsi ilə bağlı xüsusi bəndlərin artırılmasına
zərurət var:
“Hazırda mövcud
olan bu qanun
yalnız peşəkar
medianı əhatə
etdiyi üçün
sosial şəbəkələrdə
bu sahədə neqativlər üzə çıxır. Düşünürəm
ki, sosial şəbəkələrin yaydığı
məzmunda da uşaqların bu cür zərərli informasiyalardan qorunması haqqında qanunvericilikdə
müəyyən düzəlişlərin
edilməsinə ehtiyac
var. Bütün bunları təkcə məktəbin, valideynin üzərinə yıxmaq
olmaz. Bizim həm peşəkar informasiya vasitələri,
həm də yeni media alətləri,
o cümlədən sosial
şəbəkə platformaları
bu sahədə kifayət qədər qayda, qanun pozuntularına
yol verirlər və nəticədə bu cür neqativ
amillər ortaya çıxmış olur.
Bu səbəbdən də hesab edirəm
ki, bununla bağlı müəyyən
ölçülərin götürülməsinin
zamanı çatıb".
Şəymən Bayramova
Şərq .- 2025.- 19 dekabr (¹232).- S.6.