Qara
dənizdə dronlar müharibənin əsas alətinə çevrilib
Türk pilot Hüseyn Fazla: Türkiyə Qara dənizin ortalarına qədər havanı izləyə bilir
Hər təhdiddə
“hava müdafiə sistemləri niyə işə düşmədi?”
demək düzgün
deyil"
Dronun tipi
və mənşəyi
Türkiyə Milli Müdafiə Nazirliyinə
məlumdur, sadəcə
paylaşılmaq istənmir
Rusiya-Ukrayna müharibəsi
fonunda Qara dənizdə və ətraf regionlarda təhlükəsizlik riskləri
artmaqda davam edir. Bu kontekstdə
Türkiyə Milli Müdafiə Nazirliyi 15 dekabr tarixində Qara dəniz istiqamətindən ölkə
hava sahəsinə daxil olan və
Ankaraya qədər irəliləyən pilotsuz
uçuş aparatının
(PUA) Hərbi Hava Qüvvələrinə məxsus
F-16 qırıcıları tərəfindən zərərsizləşdirildiyini
açıqlayıb. Hadisə
Türkiyənin hava məkanına nəzarət
və operativ reaksiya imkanlarının regional təhlükəsizlik
şəraitindəki əhəmiyyətini
bir daha gündəmə gətirib.
Ehtiyatda olan
türk hərbi pilot Hüseyn Fazla Sherg.az-a açıqlamasında
Şərqi Avropada rus dronlarının tez-tez görüldüyünü
söyləyib:
"Hazırda içərisində Qara dənizin də olduğu Rusiya-Ukrayna müharibəsi davam edir. Dəniz üzərində gəmilər
vurulur, pilotsuz dəniz vasitələrindən
geniş istifadə olunur, dəniz minaları tətbiq edilir. Hətta Odessa limanında Türkiyə bayraqlı gəmilər də vurulub. Türkiyə bu məsələdən narahatlığını hər
iki tərəfə rəsmi şəkildə
çatdırıb. İndi
isə ilk dəfə olaraq Türkiyə ərazisi üzərində havada bir pilotsuz uçuş
aparatı (PUA) müşahidə
edildi. Xüsusilə bu ilin avqust
ayından etibarən,
sentyabrda daha da intensivləşərək,
Şərqi Avropada rus dronlarının tez-tez görüldüyünü
bilirik. Hətta Polşada dörd hava limanı müvəqqəti bağlandı,
Almaniyada Münhen Hava Limanı da bundan təsirləndi
və hadisələr
Belçikaya qədər
uzandı. Şərqi
Avropada “drone divarı” qurmaq, yəni dronların Avropaya keçməsinin qarşısını alacaq
sensor sistemləri yaratmaq kimi fikirlər
də gündəmə
gəldi. Burada Rusiyanın açıq şəkildə tətbiq
etdiyi hibrid müharibə taktikalarından
danışmaq lazımdır.
Bunun Türkiyəyə
qarşı yönəlmiş
oxşar bir fəaliyyət olub-olmadığını
demək hazırda çox da məntiqli
deyil. Çünki söhbət yalnız bir drondan gedir.
Üstəlik, Türkiyə
Müdafiə Nazirliyi
bu PUA-nın hansı ölkəyə məxsus olduğunu, hətta tipini belə hələ açıqlamayıb. 99% bu
məlumatlar onların
əlində mövcuddur.
Lakin görünür,
Rusiya-Ukrayna müharibəsi
davam edərkən və Türkiyənin neytral mövqeyi nəzərə alınaraq,
tək bir dron olduğu üçün sadəcə
xəbərdarlıq xarakterli
tədbirlərlə kifayətlənmək
uyğun hesab edilib".
General Türkiyənin Qara dənizin ortalarına qədər hava nəqliyyatını rahatlıqla izləyə bildiyini söyləyib:
"Bölgədəki bütün ölkələrin
hava limanlarından qalxan uçuşlar elektron kəşfiyyat vasitəsilə dinlənilə
bilir. Bu, yalnız Türkiyənin etdiyi bir şey
deyil. Bir çox ölkə qarşılıqlı olaraq
bu cür tədbirlər görür.
Yəni dron və ya təyyarə
havaya qalxdığı
anda artıq izlənməyə başlanır.
Hava nəqliyyat vasitəsi məkanına daxil olduqdan sonra- yəni sahildən etibarən 12 dəniz mili məsafədə olduğu
təqdirdə təhlükə
sayılır. O bu həddi keçdikdən sonra isə artıq bütün radarlar və sistemlər tərəfindən
prosedur işə salınır. Müdafiə
Nazirliyinin açıqlamalarında
da qeyd olunduğu
kimi, bütün sensor sistemləri-radarlar, erkən xəbərdarlıq
mexanizmləri, elektron
dinləmə qurğuları
inteqrasiya olunmuş şəkildə çalışıb.
Təbii ki, söhbət bir drondan gedir. Dronlar kiçik ölçülü, kompozit
materiallardan hazırlandığı
üçün radarlarən
onları aşkar etməsi daha çətindir. Buna baxmayaraq, müxtəlif mənbələrdən alınan
məlumatlar birləşdirilərək
Türkiyə ərazisi
üzərində hərəkət
edən bir dronun mövcudluğu dəqiqləşdirilib. Bundan
sonra böyük ehtimalla Eskişehirdən
(zəif ehtimalla Merzifondan) iki ədəd F-16 təyyarəsi
“hava polisi” (alarm reaksiyası) çərçivəsində havaya qaldırılıb.
Bu təyyarələr
onsuz da 5 dəqiqəlik hazırlıq
vəziyyətində olur.
Siqnal verildiyi anda pilotlar dərhal
təyyarələrə yönəlir
və 5 dəqiqə ərzində havaya qalxırlar. Bölgənin
məsafəsindən asılı
olaraq 5-15 dəqiqə
ərzində hədəfə
çata bilirlər. Burada da məhz
bu proses yaşanıb və heç bir problem olmayıb. Türkiyədə bəziləri
“hava müdafiə sistemlərimiz haradadır?”
sualını verir. Halbuki, “Çelik Kubbe” layihəsini ötən il Türkiyə müdafiə
sənayesi başladıb.
Bu layihə komanda-idarəetmə sisteminin
yaradılmasını və
Siper, Hisar, döyüş təyyarələri
və gələcəkdə
istehsal ediləcək
sistemlərin bir-birinə
inteqrasiyasını nəzərdə
tutur. Lakin bu, birdən-birə həyata keçiriləcək
bir proses deyil. Bütün Türkiyəni əhatə
edəcək belə bir sistemi dərhal
qurmaq mümkün deyil və bunun
2030-cu illərə qədər
tamamlanması planlaşdırılır.
Buna görə də hər təhdiddə “hava müdafiə sistemləri
niyə işə düşmədi?” demək
düzgün deyil".
Hərbi pilot
Türkiyədəki S-400-lərdən də danışıb:
"Türkiyədə S-400 sistemləri
də mövcuddur. Ancaq bu cür
kiçik və qeyri-müəyyən hədəflər
üçün dərhal
S-400 istifadə edilmir.
NATO-da əsas yanaşma
belə hallarda döyüş təyyarələrinin
istifadəsidir. Türkiyədə
həm milli, həm də NATO vəzifələri
üçün daim hazır vəziyyətdə
olan təyyarələr
mövcuddur. Bu baxımdan
söhbət yalnız
Türkiyə hava məkanına deyil, eyni zamanda NATO hava məkanına daxil olan obyektdən
gedir. Dronun aşkar edilməsində heç bir zəiflik olmayıb. Məsələ ondan sonrakı mərhələdədir.
Müharibə şəraiti
olmadığı üçün
barış dövrünün
qaydaları tətbiq olunur. Barış şəraitində hava məkanına daxil olan hər obyekt
dərhal vurulmur. Bu, kiçik bir təlim təyyarəsi də ola bilərdi. Ona görə də F-16 pilotlarından vizual təsdiq tələb olunur: üzərində silah varmı, kamera sistemi varmı, düşmənçilik
hərəkəti edirmi,
bomba atırmı və s. Bütün bunlar təsdiqləndikdən
sonra Eskişehirdəki
Hava Hərəkat Mərkəzindən göstəriş
alınır".
Pilot vurğulayıb ki, 2015-ci ildə
Hatay üzərində
17 saniyəlik hava məkanı pozuntusuna görə rus təyyarəsinin vurulması
hadisəsi Türkiyənin
bu cür qabiliyyətinin olduğunu
göstərir:
"Lakin
hazırkı dron hadisəsində belə sərt angajman qaydası mövcud deyildi. Çox güman ki, əvvəlcə
dronun yanacağının
bitməsi gözlənilib.
Təhlükəsizlik riski
yox idi, F-16-lar onu müşayiət edirdi. Lakin dron Ankara istiqamətinə yaxınlaşdığı
üçün sonda
raketlə vurulub. Təbii ki, kiçik bir dronu raketlə
vurmağın mənfi
tərəfləri də
var. Raketlər bahalıdır
və dron kompozit materialdan olduğu üçün
parçalanaraq geniş
əraziyə yayılır.
Əgər yanacağı
bitib yerə düşsəydi, bəlkə
də bütöv halda tapılardı və hansı ölkəyə məxsus
olduğu açıqlana
bilərdi. Mənim qiymətləndirməmə görə,
elektron izlər vasitəsilə dronun tipi və mənşəyi Türkiyə Milli Müdafiə
Nazirliyinə məlumdur,
sadəcə paylaşılmaq
istənmir. Bu da düzgün qərardır və tamamilə normal praktikadır".
Banuçiçək
Kalbalıyeva
Şərq 2025.- 19 dekabr (¹232).- S.7.