Türkiyənin
təcrübəsi Azərbaycana dəstəkdir
Elmi-kütləvi,
mədəni-maarif, təhsil proqramlarının
hazırlanması
Qardaş
ölkə modelindən istifadə moda, dizayn və turizmdə
Azərbaycana sürətli irəliləyiş gətirəcək
Peşə
təhsili sayəsində azad olunmuş ərazilərdə
mütəxəssis çatışmazlığı aradan
qalxacaq
Milli
Məclis Azərbaycan və Türkiyə arasında təhsil
və peşə təhsili sahəsində əməkdaşlıqla
əlaqədar əlavə protokolları ratifikasiya edib.
Bununla
bağlı müvafiq qanun layihələri parlamentin dünənki
plenar iclasında müzakirə edilib.
Qanun
layihələri "Azərbaycan Respublikası Hökuməti
ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil
sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31
oktyabr tarixli Sazişə Əlavə Protokol"un təsdiqi
və "Azərbaycan Respublikası Hökuməti ilə
Türkiyə Respublikası Hökuməti arasında peşə
təhsili sahəsində əməkdaşlığa dair
2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol"un təsdiqi
haqqındadır.
Sənədlər
müzakirələrdən sonra səsverməyə qoyularaq
bir oxunuşda qəbul edilib.
Layihəyə
əsasən, Azərbaycan Respublikası Hökuməti ilə
Türkiyə Respublikası Hökuməti arasında təhsil
sahəsində əməkdaşlıq üzrə mövcud
hüquqi baza çərçivəsində, 2021-ci il 19
fevral tarixində Ankara şəhərində imzalanmış
“Peşə təhsili sahəsində əməkdaşlığa
dair Protokol”a Əlavə Protokolun Əlavəsi kimi “Türkiyə–Azərbaycan
peşə təhsili müəssisələrinin Nümunəvi
Nizamnaməsi” hazırlanıb. Nümunəvi Nizamnamə
Türkiyə–Azərbaycan peşə təhsili müəssisələrinin
hüquqi statusunu, fəaliyyət istiqamətlərini, idarəetmə
mexanizmlərini, tədris prosesinin təşkili prinsiplərini
və qarşılıqlı əməkdaşlıq əsaslarını
ümumi formada tənzimləyir. Bu sənəd hər bir
konkret peşə təhsili müəssisəsi üzrə
ayrıca nizamnamələrin hazırlanması,
razılaşdırılması və dövlət
qeydiyyatına alınması üçün əsas kimi nəzərdə
tutulub.
Millət
vəkili Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan
Respublikası Hökuməti ilə Türkiyə Cümhuriyyəti
Hökuməti arasında peşə təhsili sahəsində
əməkdaşlığa dair Protokola Əlavə Protokol
ölkəmizdə peşə təhsili sahəsində son
illər həyata keçirilən islahatların məntiqi
davamı və tərkib hissəsi hesab oluna bilər.
O
bildirib ki, bu yanaşma özünü Əmək Məcəlləsinə
edilən son əlavə və dəyişikliklərdə də
büruzə verir:"Gənclərin əmək bazarına
daha erkən və təhlükəsiz
çıxışı, istehsalat təcrübəsinin
hüquqi çərçivəyə salınması,
şagird və tələbələrin əməyinin
qorunması, işəgötürən–təhsilalan
münasibətlərinin aydın və şəffaf tənzimlənməsi
peşə təhsili sahəsindəki islahatların
qanunvericilik bazasının təkmilləşdirilməsi ilə
yanaşı, dövlətlərarası əməkdaşlıq
prioritetlərində də yer aldığını, sistemli,
ardıcıl xarakter daşıdığını təsdiqləyir.
Bu gün müzakirə etdiyimiz sənəd isə peşə
təhsili sahəsində çoxillik və nəticəyönlü
təcrübəyə malik olan Türkiyə Cümhuriyyəti
ilə birlikdə, ölkəmizdə həyata keçirilən
islahatların növbəti mərhələsi
üçün institusional və praktik mexanizm yaradır. Qeyd
edim ki, peşə təhsili əmək bazarının
formalaşmasının zəruri elementlərindən biri
olmaqla yanaşı, həm də sosial xarakter
daşıyır və iqtisadi inkişafın zəruri
mexanizmlərindən biri kimi çıxış edir".
Deputatın
sözlərinə görə, peşə təhsili sisteminin
potensialının gücləndirilməsi ilə bağlı
əlavə tədbirlər haqqında Azərbaycan
Respublikası Prezidentinin 5 dekabr 2025-ci il tarixli Sərəncamı
dövlətimizin bu sahəyə strateji baxış
bucağını açıq şəkildə
nümayiş etdirir: "Cənab Prezidentin Sərəncamından
irəli gələn vəzifələrin həyata
keçirilməsi, inşa edilməsi nəzərdə tutulan
yeni peşə təhsili müəssisələrinin necə
idarə olunacağı, hansı model əsasında fəaliyyət
göstərəcəyi, əmək bazarı ilə necə əlaqələndiriləcəyi
olduqca mühüm əhəmiyyət kəsb edən və
peşə təhsili sahəsində həyata keçirilən
islahatların davamlı nəticələrə yol
açması baxımından mühüm əhəmiyyətə
malikdir. Məhz bu baxımdan hazırda müzakirə etdiyimiz əlavə
protokolda yer alan əməkdaşlıq istiqamətlərinin nə
qədər önəmli olduğunu vurğulaya bilərik. Sənəddə
nəzərdə tutulan mexanizmlər peşə təhsilinin
istehsalatla birbaşa inteqrasiyasını, tələbələrin
real müəssisələrdə təcrübə keçməsini,
sığorta, əməkhaqqı və təhlükəsizlik
məsələlərinin milli əmək qanunvericiliyinə
uyğun tənzimlənməsini, diplom və sertifikatların
qarşılıqlı tanınmasını təmin edir.
Bu
yanaşma, faktiki olaraq peşə təhsilinin təcrid
olunmuş məhdud anlayış çərçivəsindən
çıxarılaraq, əmək bazarının ayrılmaz
və əhəmiyyətli bir hissəsinə çevrilməsinə
imkan yaradır".
E.Mirzəbəyli
həmçinin bildirib ki, xüsusilə vacib məqam ondan
ibarətdir ki, Əlavə Protokol çərçivəsində
yaradılacaq peşə təhsili müəssisələri
publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək,
şəffaf maliyyə və audit mexanizmlərinə malik
olacaq, sözügedən müəssisələrin strateji
inkişaf xətti isə Azərbaycan və Türkiyə tərəfinin
birgə İdarəetmə Şurası vasitəsilə
müəyyən ediləcək: "Bu model cənab
Prezidentin Peşə təhsili sisteminin potensialının
gücləndirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında Sərəncamından irəli gələn vəzifələrin
icrasına, peşə təhsili, əmək və məşğulluq
sahəsində həyata keçirilən islahatların
uğurla davam etdirilməsinə xidmət edir”.
“Azərbaycan
və Türkiyə arasında imzalanan yeni sənədi bu
gün hər iki qardaş ölkə tarixinin ən
şanlı və şərəfli dövrlərini
yaşayır. Tarix boyu Azərbaycan və Türkiyə həm
sevincli, həm də çətin günlərdə daim
bir-birinin yanında olub və Vətən müharibəsi bu
birliyi bir daha təsdiqləyib".
Bunu
isə deputat Ceyhun Məmmədov deyib. Deputat qeyd edib ki, qəbul
edilən sənəd təkcə təhsil sahəsində əməkdaşlıqla
məhdudlaşmır, ümumilikdə Azərbaycan–Türkiyə
münasibətlərinin bütün istiqamətlər üzrə
davamı və daha da möhkəmlənməsi
baxımından mühüm töhfədir.
C.Məmmədov
vurğulayıb ki, iki ölkə arasında ali təhsil sahəsində
əməkdaşlıq artıq yüksək səviyyədədir
və Azərbaycan-Türkiyə Universiteti bu əməkdaşlığın
uğurlu nümunəsidir. Onun fikrincə, universitetin fəaliyyətinin
genişləndirilməsinə ehtiyac var.
Deputat
eyni zamanda peşə təhsili sahəsində əməkdaşlığın
gücləndirilməsinin xüsusi əhəmiyyət
daşıdığını bildirib: "Bir müddət əvvəl
İlham Əliyev peşə təhsili sahəsində
mühüm Sərəncam imzalayıb və bu sənəd
yeni bir peşə təhsili müəssisəsinin tikintisini,
eləcə də iki peşə təhsili müəssisəsinin
əsaslı təmirini nəzərdə tutur. Azərbaycan–Türkiyə
əməkdaşlığı peşə təhsili sahəsində
birgə fəaliyyətə də ciddi töhfə verəcək".
C.Məmmədov həmçinin Türkiyənin peşə təhsili
sahəsində böyük təcrübəyə malik
olduğunu vurğulayaraq, yeni peşə standartlarının
hazırlanması və tətbiqinin, həmçinin peşə
təhsili ilə real əmək bazarı arasında əlaqələrin
qurulmasının vacibliyini qeyd edib.
Təhsil
eksperti Elçin Süleymanov da “Şərq”ə
açıqlamasında Azərbaycanla Türkiyə
arasında peşə təhsili sahəsindəki əməkdaşlığa
dair Protokolun təsdiqlənməsini təqdir edib. Onun sözlərinə
görə, Türkiyənin peşə təhsili sahəsində
kifayət qədər təcrübəsi var: “Orada həm
universitetlərin nəzdində kolleclərə bənzər
“Meslek Yüksek Okulu”, həm də liseylər var ki, orta təhsil
verməklə yanaşı müxtəlif ixtisaslar öyrədilir,
xüsusən də turizm sahəsində orta-ixtisas təhsili
verilir. Bu, əslində, Almaniya modelidir. Orada da liseylərdə
tədris həm orta təhsili, həm də müəyyən
peşələri əhatə edir. Arzu edənlər təhsilini
davam etdirir, istəməyənlər qazandıqları peşə
bilikləri ilə orta səviyyəli mütəxəssis kimi
fəaliyyət göstərə bilirlər. Azərbaycanda da
Sovet dövründə texniki peşə məktəbi təcrübəsi
var idi. Müstəqillik illərində deqradasiyaya
uğradı. Sonradan peşə təhsili üzrə müəyyən
struktur islahatları aparıldı, Agentlik yaradıldı. Həm
ölkənin prioritetləri istiqamətində, həm də
bəzi xarici ölkələrin dəstəyi ilə bir
neçə peşə təhsili mərkəzi quruldu.
Peşə təhsili mərkəzləri dünya təcrübəsində
zavod və fabriklərin nəzdində də yaradılır.
Azərbaycanda bu təcrübə Sumqayıt Texnoparkında tətbiq
edilib”.
Ekspert
həmçinin əlavə edib ki, Türkiyə təcrübəsindən
istifadə dərslik, pedaqoji heyət və maddi-texniki
bazanın inkişafına dəstək verəcək: “Azərbaycan
sürətlə inkişaf edir. Azad olunmuş ərazilərdə
kənd təsərrüfatı, sənaye və istehsalat və
turizm sektorlarında mütəxəssislərə ehtiyac var.
Türkiyədə moda, dizayn, tekstil sektoru, mebel və interyer
sahəsi və turizm sektorunda Türkiyənin təcrübəsinə
ehtiyacımız var. Çünki Türkiyə bu sahələrdə
dünyada aparıcı ölkələrdəndir. Onun bu səviyyəyə
gəlib çatmasında peşə təhsilinin rolu
böyük olub. Türkiyədə peşə liseylərində
istehsal edilən məhsulları tələbələr sata da
bilirlər, bu da onlara stimul verir. Həm gəlir əldə
edirlər, həm də iş təcrübələrini
artırırlar”.
Şəymən
Bayramova
Şərq
.- 2025.- 24 dekabr (¹235).- S.6.