Ana
dili millətin yaddaşı, ruhu və varlığının
özüdür
Diaspor quruculuğu, lobbiçilik
və dünya azərbaycanlılarının həmrəyliyi
Novella Cəfəroğlu: “Diasporamız
Azərbaycan dilini və mədəniyyətini
qorumaqda aktiv olmalıdır”
“Kitablar nəşr
edilməli, filmlər
nümayiş olunmalı,
mədəniyyətimiz təbliğ
edilməlidir”
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev AMEA-nın 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı
zamanı ölkəmizin
tarixi, mədəniyyəti,
ana dilimizin dünyada təbliği məsələsinə də
toxundu. Prezident qeyd etdi ki,
əsrlər boyu Azərbaycan xalqını
bir xalq kimi qoruyan bizim
mədəniyyətimiz, incəsənətimiz,
musiqimiz, xalçaçılıq
sənətimiz və
digər ənənələrimiz
olub: “Bizim bu sahədəki bütün fəaliyyətimizin
əsasında Azərbaycan
dili dayanır. Azərbaycan dili bizi bir xalq,
millət kimi qoruyub. Əsrlər boyu biz başqa
ölkələrin, imperiyaların
tərkibində yaşadığımız,
müstəqil olmadığımız
dövrdə milli dəyərlərimizi, ana
dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya
bilmişik. Azərbaycanın
çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun
təqdim etməliyik.
Nəyə görə?
İlk növbədə,
bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə
qarşı təxribatlar
aparılır. Yəni
Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar
və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail
olurlar. “Erməni alimləri” xüsusilə
regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər.
Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir
ki, azərbaycanlılar
bu torpaqda əsrlər boyu yaşayıblar. Bugünkü
Ermənistan tarixi Azərbaycan torpaqlarında
yaradılıb. Təkcə
XX əsrin əvvəllərində
çar Rusiyası tərəfindən dərc
edilmiş xəritələrə
baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən
kəndlərin, şəhərlərin
mütləq əksəriyyətinin
adları Azərbaycan
mənşəlidir. Budur
reallıq. İrəvan
xanlığının əhalisinin
70-80 faizi azərbaycanlılar
olub. Çox şadam ki, mənim tövsiyəmlə
İrəvan xanlığı
haqqında çox sanballı elmi əsər yaradılıb,
bir neçə xarici dilə tərcümə edilib. Bu əsərlər faktlar, həqiqətlər
üzərində yaradılır.
Bütün bunları
biz gərək kitablar formasında daha da geniş
şəkildə yayaq
və beləliklə,
bütün dünyaya
sübut edək ki, bu, bizim
tarixi, əzəli torpağımızdır”. Cənab
Prezidentin də qeyd etdiyi kimi,
bu sahədə indiyədək çox işlər görülüb,
lakin mövcud reallıqlar nəzərə
alınaraq fəaliyyət
nəinki zəifləməli,
əksinə, inkişaf
etdirilməlidir. Bu vəzifə isə böyük miqyasda diaspor təşkilatlarının
üzərinə düşür.
Bu günlərdə Özbəkistan Jurnalistika
və Kütləvi Kommunikasiyalar Universitetinə
ölkəmizə dair
zəngin kitab kolleksiyası hədiyyə
edilib. Qardaş ölkədə fəaliyyət
göstərən Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzindən bildirilib
ki, kolleksiyaya dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinə, Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafına, Azərbaycanın
qədim tarixinə, dövlətçiliyinə, zəngin
mədəniyyətinə, ədəbiyyatına və
Qarabağ mövzusuna
həsr olunmuş kitablar daxil edilib. Onların arasında Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən “Qarabağ həqiqətləri” seriyası
da yer alır.
Daşkənddə özbək
dilində çap edilən nəşrlərdən
dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin “Xəmsə”,
İmadəddin Nəsiminin
“Cananı sevərkən”,
“Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabları,
Azərbaycan-Özbəkistan ədəbi əlaqələri
mövzusunda əsərlər
təqdim olunub.
İsveçin
cawamedia.wordpress.com portalında isə Azərbaycandan bəhs edən xəbərlər yerləşdirilib.
"Bakı Kitab Mərkəzində Qarabağ
haqqında kitab nəşri" sərlövhəli
xəbərdə “Qarabağ
dastanı. Otuz ilin həsrəti – 44 günün Zəfəri”
adlı kitabın təqdimat mərasimindən
ətraflı məlumat
verilib. Kitaba tanınmış yazıçıların,
ədəbiyyatşünasların, ictimai və siyasi xadimlərin Qarabağın mədəniyyəti,
təbiəti və ənənələri barədə
məqalələrinin, eləcə
də məşhur Azərbaycan şairlərinin
Qarabağa həsr etdikləri şeirlərin
daxil edildiyi nəzərə çatdırılıb.
Təqdimat mərasimində
Xalq yazıçıları
Anar, Elçin, Çingiz Abdullayevin, Milli Məclisin deputatı Jalə Əliyevanın və başqalarının çıxış
etdiyi bildirilib. “Villa Petrolea” – Nobel Qardaşları Bakıda” sərlövhəli
məlumatda isə Lüdviq və Robert Nobel qardaşlarının
1880-ci illərdə Azərbaycanın
paytaxtı Bakı şəhərində dünyada
ən iri “Branobel” neft şirkətini yaratdıqlarından
və burada yaşamaq üçün
“Villa Petrolea” mülkünü inşa etdiklərindən danışılıb.
Bu mülkdə nobellərin bir neçə nəslinin yaşadığı və
doğulduğu, sovet dövründə dağılmış
vəziyyətə düşən
mülkün 2004-cü ildə
Azərbaycanda təsis
olunan Nobel İrsinin Bakı Fondu tərəfindən tamamilə bərpa olunduğu, 25 aprel 2008-ci il tarixində öz qapılarını
muzey olaraq ziyarətçilərin üzünə
açdığı, Nobel
irsinin qorunması ilə bağlı xaricdə fəaliyyət göstərən ilk muzey olduğu nəzərə çatdırılıb.
“Cawa Media” əməkdaşları
Bakıya səfər
edən isveçliləri
mütləq bu maraqlı muzeyi ziyarət etməyə çağırıblar.
Diasporla İş
üzrə Dövlət
Komitəsində Azərbaycanda
səfərdə olan
bir qrup diaspor nümayəndəsi
ilə keçirilən
görüşdə də
bu məsələlər
müzakirə olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Vətən
müharibəsi zamanı
Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması
işində göstərdikləri
fədakar fəaliyyətə
görə diaspor nümayəndələrinə təşəkkürünü bildirib, həmvətənlərimizi
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına
uyğun olaraq müxtəlif ölkələrdə
açılan “Azərbaycan
evləri”nin, Koordinasiya
şuralarının və
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə
yaradılan həftəsonu
“Qarabağ məktəbləri”nin
fəaliyyətində yaxından
iştirak etməyə
dəvət edib, yaşadıqları ölkələrin
cəmiyyətlərinə fəal inteqrasiya olmağa çağırıb.
Diaspor fəaliyyətinin
milli-mənəvi dəyərlərimiz
əsasında sistemli
şəkildə həyata
keçirilməsinin, lobbiçilik
sahəsində hədəflərə
doğru məqsədəuyğun
şəkildə irəliləməyin,
yerli KİV-lərlə
sıx əməkdaşlığın
önəmi və digər vacib məqamlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Çıxışdan sonra
diaspor nümayəndələrinin
apardığı müzakirələr
zamanı Dövlət
Komitəsinin diaspor birliyi və həmrəyliyinə yönəlmiş
addımları yüksək
qiymətləndirilib, diaspor
təşkilatlarının və “Azərbaycan evləri”nin gələcək fəaliyyəti
ilə bağlı müxtəlif təkliflər
irəli sürülüb.
Qeyd edək
ki, Azərbaycan dövlətçiliyi ilə,
tariximiz, xalqımızın
adət-ənənələri ilə bağlı əlamətdar günlərdə
xarici ölkələrdə
yaşayan soydaşlarımız
mərasimlər təşkil
edir. Belə tədbirlərin keçirilməsi
ölkəmiz haqqında
məlumatların çatdırılmasında
böyük əhəmiyyət
daşıyır. Oslo
şəhərində fəaliyyət
göstərən Nizami
Gəncəvi adına
həftəsonu Azərbaycan
məktəbinin növbəti
dərsi Azərbaycanın
Dövlət Müstəqilliyinin
Bərpası Gününə
həsr edilib. Dərsə onlayn formatda qatılan Skandinaviya Azərbaycanlıları
Koordinasiya Şurasının
Norveç üzrə
əlaqələndiricisi Ramil
Əliyev, yazıçı
Gülzar İbrahimova,
Şirvan şəhər
Mərkəzi Kitabxanasının
böyük metodisti Kəmalə Quliyeva, Yevlax rayon Nizami
adına Malbinəsi kənd tam orta
məktəbinin ibtidai
sinif müəlliməsi
İnarə Musayeva və yetirmələri həftəsonu məktəbinin
şagird və müəllim heyətini bayram münasibətilə
təbrik ediblər. Çıxış edənlər
bu günün xalqımızın tarixində
önəmindən danışıblar,
Vətənimizi, Ana dilimizi sevməyi, öyrənməyi və qorumağı tövsiyə
ediblər. “Azad və müstəqil ölkənin vətəndaşları
kimi bu günü
Vətəndən uzaqda
böyük sevgi və qürur hissi ilə qeyd edirik. Vətən
müharibəsində torpaqlarımızı
işğaldan azad etdik və dünyaya
göstərdik ki, Azərbaycan qüdrətli,
müstəqil və suveren bir dövlətdir.
Böyük Zəfər
müstəqilliyimizin dönməz
və ədəbi olacağına bariz sübutdur”, - deyə R.Əliyev bildirib. Sonra şagirdlərin ifasında Azərbaycan şairləri Səməd
Vurğunun “Azərbaycan”,
Xəlil Rza Ulutürkün “Azadlıq”,
Baba Vəziroğlunun
“Vətən” şeirləri
səsləndirilib, “Azərbaycan”
mahnısı təqdim
edilib. Dərs zamanı “Xarıbülbül“
sərgisi nümayiş
olunub. Həftəsonu
məktəbinin şagirdləri
Şanay Şəkarinin,
Omar və Altay Əlinin, Səlim Abbaszadənin və Aida Ramberqin
“Xarıbüllbül” rəsmləri
tədbir iştirakçılarının
marağına səbəb
olub.
ABŞ-nin Şimali
Karolina ştatının
altı şəhərində
isə “Azərbaycan Günü” elan edilib. Ştatın Roli, Şarlotta, Durham, Keri, Fayetville
və Apeks şəhərlərində Azərbaycanın
dövlət müstəqilliyinin
bərpasının 30-cu ildönümü
münasibətilə bəyannamələr
qəbul edilib. Bəyannamələri Apeks
şəhərinin meri
Jak Jilber, Durham şəhər meri Stiv Sevel,
Şarlotta şəhər
meri Aleksandr Layles, Roli şəhər
meri Meri-Ənn Bolduin, Keri şəhər
meri Harold Veyinbrext imzalayıblar. Bəyannamələrdə bildirilib
ki, Amerika Birləşmiş Ştatları
müasir Azərbaycan
Respublikasının (Naxçıvan
və Qarabağ bölgəsi daxil olmaqla) ərazi bütövlüyünü, dövlət
suverenliyini və müstəqilliyini qeyd-şərtsiz
dəstəkləyir. Amerika-Azərbaycan
Dostluq Təşkilatının
Şimali Karolinada mədəni müxtəlifliyin
zənginliyinə, iqtisadi
rifaha töhfə verdiyi, son 30 il ərzində dünyada təxminən bir milyon soydaşımızın
və Azərbaycan əsilli amerikalıların
dövlətçilik tariximizin
əlamətdar günlərini
daim qeyd etdikləri, ulu babalarının Azərbaycanda
və Cənubi Qafqaz regionunda azadlıq və demokratiyanın yayılmasında
misilsiz xidmət göstərdiklərinə böyük
ehtiramla yanaşdıqları
nəzərə çatdırılıb.
İctimai xadim,
D.Əliyeva adına Qadın Hüquqlarını
Müdafiə Cəmiyyətinin
sədri Novella Cəfəroğlu “Şərq”ə açıqlamasında
bildirdi ki, tariximiz, mədəniyyətimiz,
musiqimizin təbliği
və dövlət dilimizin qorunmasında xarici ölkələrdə
yaşayan azərbaycanlılar
və diaspor təşkilatları aktiv
olmalıdır:
- Azərbaycan dilinin saflığı ilə bağlı ölkə başçısının
AMEA-da dəyərli fikirlərini səsləndirdi,
tövsiyələr verdi,
istiqamət göstərdi.
Bu məsələyə
tək alimlərin, dilçilərin işi kimi baxmaq düzgün
olmaz. Hər birimiz dilimizi, tarix və mədəniyyətimizi
qorumalı, təbliğ
etməliyik. Burada xarici ölkələrdə
yaşayan soydaşlarımızın
üzərinə böyük
vəzifə düşür.
Onlar daim təbliğat aparmalı,
Azərbaycanın zəngin
mədəniyyətini, şanlı
tarixini yaşadıqları
ölkə vətəndaşlarına,
ictimai institutlara çatdırmalıdırlar. Həm
də öz övladlarını Azərbaycana,
doğma Vətənə
məhəbbət ruhunda
böyütməlidirlər. Çalışmalıdırlar ki, yad ölkədə
olsalar da, yaşayıb işləsələr
də, Azərbaycan dilini unutmasınlar, dilimizi unutmağa qoymasınlar. Ana dili bir millətin
yaddaşı, ruhu və varlığının
özüdür. Biz,
dünyada yaşayan hər bir azərbaycanlı
bu ruhun, milli yaddaşın qorunmasına səy göstərməlidir. Kitablar
nəşr edilməli,
filmlər nümayiş
olunmalı, mədəniyyətimiz
təbliğ edilməlidir.
Məlahət Rzayeva
Şərq .-2025.- 29 noyabr (¹218).- S.6.