Azərbaycan - Vatikan körpüsü qurulur
Birinci
vitse-prezident Mehriban Əliyeva tolerantlıq və mədəniyyətin
təbliği üçün
növbəti addımı
atdı
Dini
və milli tolerantlıq, millətlərarası
münasibətlərin inkişaf
etdirilməsi
Azərbaycan dövlət siyasətinin
prioritet sahələrindən
olan multikulturalizm və tolerantlıq ənənəsinin müasir
dünyanın ziddiyyyətlərinə
baxmayaraq qorunması bəşəri dəyərlərə
hörmətin təsdiqi
və bariz nümunəsidir.
Daxildə hər
bir vətəndaşına,
eyni zamanda burada hər hansı bir sahədə fəaliyyət
göstərən əcnəbilərə
heç vaxt milli-irqi-dini ayır-seçkilik
qoymayan dövlətimiz
ümumbəşəri dəyərlərin
qorunması üçün
səylərini xarici ölkələrdə də
davam etdirir. Buna ən gözəl
sübut Heydər Əliyev Fondunun xarici ölkələrdə
mədəniyyət nümunələrinin
mühafizəsi istiqamətində
fəaliyyət göstərməsidir.
2021-ci ildə Heydər Əliyev Fondu və Müqəddəs
Taxt-Tacın Müqəddəs
Arxeologiya Şurası
arasında Komodilya katakombalarının bərpasına
dair əməkdaşlıq
müqaviləsi imzalanıb.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva imzalanan sənədə sadiq qalaraq aparılan işlərlə vaxtaşırı
maraqlanır. Bu günlərdə Romaya - Vatikana səfəri çərçivəsində Mehriban xanım Əliyeva bir sıra vacib görüşlər keçirib.
Vatikana rəsmi səfəri çərçivəsində
M.Əliyeva Roma Papası XIV Leo ilə görüşüb.
Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü
bildirən Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva Vatikan ilə Azərbaycan arasında son illərdə münasibətlərin,
ikitərəfli əlaqələrin
xeyli dərəcədə
inkişaf etdiyini vurğulayıb. Birinci vitse-prezident son illər ərzində Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin
elmi araşdırmalarda,
mədəni mübadilələrdə
Müqəddəs Taxt-Tacla
bir çox işlər gördüyünü
diqqətə çatdırıb.
Birinci vitse-prezident Heydər Əliyev Fondu ilə Vatikan arasında imzalanmış sazişlərə
əsasən bəzi layihələrin uğurla
başa çatmasından
sonra digərlərinin
icrasına başlanıldığını
vurğulayıb.
Mehriban Əliyeva
bundan sonra da Heydər Əliyev Fondunun yeni təşəbbüslərlə
çıxış edərək
Müqəddəs Taxt-Tacla
əməkdaşlığını genişləndirəcəyini deyib.
Görüşdə Müqəddəs
Taxt-Tacın Azərbaycandakı
Katolik Kilsəsinin fəaliyyəti, eyni zamanda, ikinci Katolik Kilsəsinin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri
barədə məlumat
verilib. Roma Papası XIV Leo Vatikan dövləti ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlığın
uzun tarixə malik olduğunu diqqətə çatdırıb.
Roma Papası bir neçə il əvvəl Mehriban xanımın irəli sürdüyü
təşəbbüslər sayəsində münasibətlərin
xeyli inkişaf etdiyini deyərək, Birinci vitse-prezidentə təşəkkürünü bildirib. XIV Leo bu əməkdaşlığın
dinlərarası və
sivilizasiyalararası dialoqa
çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib. Müqəddəs
Taxt-Tacın rəhbəri
Vatikanın Azərbaycanla
bu layihələri davam etdirməkdə maraqlı olduğunu deyərək, ikinci Katolik Kilsəsinin tikintisinə ayrılmış
torpaq sahəsinə görə təşəkkürlərini
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə çatdırmağı
xahiş edib. Roma Papası Heydər Əliyev Fonduna görülən işlərə görə
minnətdarlığını ifadə edib. Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın
rəhbərinə minnətdarlığını
bildirərək, Roma Papasını Azərbaycana
səfərə dəvət
edib. Həmin gün Azərbaycan Respublikasının Müqəddəs
Taxt-Tacdakı səfirliyinin
inzibati ofisinin rəsmi açılışı
olub. Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin tədbirdə iştirak ediblər. Azərbaycanın
Müqəddəs Taxt-Tacdakı
səfiri İlqar Muxtarov səfirliyin inzibati ofisi barədə məlumat verib. Bildirilib ki, səfirliyin inzibati ofisi Müqəddəs Pyotr Bazilikasına aparan əsas küçə olan Via Conciliazionedə,
Vatikanın Apostol Sarayına çox yaxın bir ərazidə yerləşir.
Burada Vatikana məxsus rəsmi qurumlar, eləcə də Müqəddəs Taxt-Tacda akkreditə olunmuş bir neçə səfirliyin inzibati ofisləri də yerləşir. Diqqətə çatdırılıb
ki, Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər
son illərdə qarşılıqlı maraqlar,
hörmət və səmərəli əməkdaşlıq
ruhunda yüksələn
xətlə inkişaf
edir, bu işbirliyi getdikcə daha da dərinləşir
və şaxələndirilir.
Müqəddəs Taxt-Tacın
dünyada bir milyarddan çox katolik üçün mənəvi və ideoloji mərkəz olduğunu nəzərə
alsaq, Azərbaycanın
buradakı diplomatik nümayəndəliyinin fəaliyyəti
ölkəmizin həqiqətlərinin
dünya birliyinə çatdırılması baxımından
xüsusi əhəmiyyət
kəsb edir. Qeyd edilir ki,
2021-ci ildə Prezident
İlham Əliyev Azərbaycanın Müqəddəs
Taxt-Tac yanında səfirliyinin rəsmi təsis edilməsi haqqında Qanunu imzalayıb. 2022-ci ildə
İlqar Muxtarov ölkəmizin Müqəddəs
Taxt-Tacda ilk rezident səfiri təyin olunub. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva səfər çərçivəsində Vatikan Apostol Kitabxanasında da olub. Apostol Kitabxanası
və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzi Birinci vitse-prezident Mehriban Əliyevaya Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi arasında bu yaxınlarda imzalanmış Anlaşma
Memorandumu çərçivəsində
bərpa olunan və rəqəmsallaşdırılan
tarixi əlyazmalar, həmçinin tarixi mənbələr haqqında
məlumat verib. Diqqətə çatdırılıb
ki, 2013-cü və
2014-cü illərdə Heydər
Əliyev Fondunun dəstəyi ilə Vatikan Apostol Kitabxanasında aşkar edilmiş Azərbaycanın
tarixi və mədəniyyəti, o cümlədən
türkdilli irsin qorunması kontekstində əhəmiyyətə malik
75 əlyazmanın bərpası
və rəqəmsallaşdırılması
artıq həyata keçirilib. Qeyd olunub ki, Vatikan
Apostol Kitabxanası və Vatikan Apostol Arxivi ilə əməkdaşlıq
azərbaycanlı alim
və tədqiqatçılara
burada mühafizə olunan nadir əlyazmalara,
qədim xəritələrə,
eləcə də müxtəlif dillərdə
dəyərli nəşrlərə
çıxış imkanı
verəcək. Bildirilib
ki, bu, gələcəkdə,
həmçinin Azərbaycanın
tarixi və mədəni irsi barədə yeni və mühüm məlumatların əldə
olunmasına şərait
yaradacaq. Sonda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Apostol Kitabxanasına Azərbaycanın
tarixi, təbiəti və mədəni irsinə həsr olunmuş bir sıra kitab və nəşrlər hədiyyə edib. Ölkəmizin birinci xanımı səfər xamanı Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda Müqəddəs
Pyotr Bazilikasında həyata keçirilmiş
bərpa işləri
ilə tanış olub. Müqəddəs Pyotr Bazilikasının baş keşişi kardinal Mauro Qambetti Birinci vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən bərpa
işləri barədə
məlumat verib. Bildirilib ki, Müqəddəs Pyotr Bazilikası dünyanın
ən böyük kilsəsi olmaqla katolik aləminin dini mərkəzi hesab edilir və
Vatikandakı dörd Papa bazilikasından biridir. Həmçinin kilsə memarlıq baxımından bəşəriyyətin
ən möhtəşəm
tikililərindən sayılır.
Əsası IV əsrdə
qoyulsa da, mövcud bina XVI-XVII əsrləri təmsil edir. Qeyd edək
ki, 2019-cu il fevralın 28-də Heydər
Əliyev Fondu ilə Müqəddəs Pyotr Bazilikası arasında kilsədə yerləşən “Roma Papası I Leo ilə Hun imperatoru
Atillanın görüşü”
barelyefi və bazilikanın nekropolundakı
“Tullius Zetus” məqbərəsinin bərpasına
dair müqavilə imzalanıb. Layihə üzrə bərpa işləri başa çatdırılıb. Müqəddəs
Pyotr Bazilikasının
baş keşişi kardinal Mauro Qambetti Birinci vitse-prezident Mehriban Əliyevaya kilsədə görülən bərpa
işlərinin yüksək
səviyyədə və
qısa zamanda həyata keçirilməsinə
görə dərin təşəkkürünü ifadə edib. Səfər çərçivəsində
Mehriban xanım Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti,
rahibə Raffaella Petrini ilə, həmçinin Vatikanın
dövlət katibi kardinal Pietro Parolin ilə də görüşüb.
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti,
rahibə Raffaella Petrini ilə birgə Vatikan bağlarında ağacəkmə
mərasimində iştirak
ediblər. Azərbaycan
tərəfinin Müqəddəs
Taxt-Taca hədiyyəsi
olan və ölkəmizdən gətirilən
nar ağacı respublikamızda həyat mənbəyinin, ailə bütövlüyünün, bolluğun
və məhsuldarlığın
rəmzi kimi qəbul edilir. Tarixi, memarlıq və dini baxımdan
böyük əhəmiyyətə
malik Vatikan bağlarında əkilən
nar ağacı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluğu və əməkdaşlığı
təcəssüm etdirəcək.
Qarşılıqlı hörmət
şəraitində keçən
görüşdə Azərbaycan
ilə Vatikanın qubernatorluğu arasında
mədəni, dini və humanitar sahələrdə praktiki
əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Azərbaycanın
dini tolerantlıq və multikulturalizm dəyərlərini özündə
birləşdirən ölkə
olduğunu diqqətə
çatdıran Mehriban
Əliyeva bunun həm dövlət siyasəti, həm də cəmiyyətimizin yaşayış tərzi
olduğunu vurğulayıb.
Birinci vitse-prezident Müqəddəs Taxt-Tacla
əməkdaşlıq çərçivəsində
Heydər Əliyev Fondu tərəfindən görülən işlər
barədə danışaraq,
ikitərəfli əlaqələrin
daha da inkişaf
etdirilməsi üçün
böyük potensialın
olduğunu bildirib. Pietro Parolin bildirib ki, Bakıda
ikinci Katolik Kilsəsinin tikilməsi çox təqdirəlayiq
haldır, buna görə Azərbaycana minnətdardırlar: “Bu, bir daha ölkənizdə
bütün dinlərə
göstərilən qayğı
və hörmətin təzahürüdür. Azərbaycan
bu mənada bir çox ölkələr üçün
nümunədir”. Qeyd edək ki, İtaliyanın
nüfuzlu və geniş oxucu kütləsinə malik “il Messaggero” qəzetində “Gizli Roma, Azərbaycanın xeyriyyəçilik fəaliyyəti
sayəsində Komodilya
katakombalarının freskaları
yenidən canlandırılır”
sərlövhəli məqalə
dərc olunub.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Azərbaycanla Vatikan arasında mövcud münasibətləri belə
şərh edib:
- Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına
verdiyi töhfələr
davamlılığı ilə
diqqətdədir. Asiya
ilə Avropanın qovşağında yerləşən
ölkəmiz müxtəlif
mədəniyyətləri, dinləri bir araya gətirir, onlar arasında körpü rolunu oynayır. Azərbaycanın
iqtisadi, siyasi, beynəlxalq, humanitar mərkəz kimi tanınması da ölkəmizin bütün
sahələrdə zəngin
təcrübəyə malik
olmasından irəli gəlir. Dövlət başçısı İlham
Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xarici ölkələrə
səfərləri də
dövlətimizin xarici
siyasətinin prioritetlərinə
bir daha işıq salır. Mehriban xanım Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyətlərarası
və dinlərarası
dialoq mühitinin formalaşmasına və möhkəmlənməsinə, tarixi mədəni irsin qorunmasına yönələn addımları,
həyata keçirdiyi
layihələr hər
zaman beynəlxalq ictimaiyyətin diqqətindədir
və təqdir edilir. Sözügedən səfər də özündə bütün
bu məqamları ehtiva etdi. Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva səfər çərçivəsində ailə üzvləri ilə birlikdə Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının
bərpası layihəsinin
açılış mərasimində
iştirak etdi və həyata keçirilmiş bərpa
işləri ilə tanış oldular. Qeyd etdiyimiz kimi, bu addımlar
Azərbaycanın mədəni
irsin qorunması və dünya sivilizasiyasına hörmət
prinsipinə əsaslanan
humanitar fəaliyyətinin
əsas tərkib hissələrindəndir, müxtəlif
dinlər və mədəniyyətlər arasında
dialoqun möhkəmləndirilməsinə,
qarşılıqlı anlaşma
və tolerantlıq ənənələrinin təşviqinə
yönəlir. Mehriban
xanım Əliyevanın
dəstəyi, Heydər
Əliyev Fondunun göstərdiyi yardım nəticəsində katakombaların
açılışı ilə əməkdaşlığımızın
yeni bir səhifəsi yazıldı. Müqəddəs
Taxt-Taca növbəti
səfərindən böyük
şərəf hissi duyduğunu vurğulayan Heydər Əliyev Fondunun prezidenti bunun son 14 ildə
Vatikana altıncı səfəri olduğunu diqqətə çatdırdı.
Bu reallıq bir daha önə
çəkildi ki, Azərbaycan əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin
birgə sülh, qarşılıqlı hörmət,
tolerantlıq və harmoniya şəraitində
yaşayan bir məkandır. Bu prinsiplər həm dövlət siyasətimizin
əsasıdır, həm
də həyat tərzimizdir. Bugünkü
mürəkkəb dünyada
dövlətlərimiz arasında
genişlənən əməkdaşlıq,
dostluq əlaqələri
bir nümunədir. Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə
qeyd edib ki, səfər Azərbaycanın beynəlxalq
aləmdə sülh,
mədəniyyət və
mənəvi dəyərlərin
qorunmasına yönəlmiş
siyasətinin ardıcıl
şəkildə həyata
keçirildiyini bir daha nümayiş etdirir.
Məlahət Rzayeva
Şərq 2025.- 21 oktyabr (№ 191).- S.6.