BƏXTİYAR VAHABZADƏ:
MİLLİ
İDEOLOGİYANIN POEZİYADA TƏCƏSSÜMÜ
XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından biri olan Bəxtiyar Vahabzadə yalnız poeziya sənətinin ustadı kimi deyil, həm də milli ideyaların daşıyıcısı, azadlıq düşüncəsinin carçısı, milli kimliyin və vətən sevgisinin bədii ifadəçisi kimi Azərbaycan ədəbi-mədəni tarixində silinməz iz qoymuşdur. Onun yaradıcılığında söz sənəti sadəcə estetik zövq formalaşdırmaq vasitəsi deyil, həm də xalqın taleyini əks etdirən, milli oyanışı təşviq edən, ictimai şüuru hərəkətə gətirən ideoloji güc kimi çıxış edir.
İdealı böyüklük, məqsədi ucalıq, eşqi gözəllik olan Bəxtiyar Vahabzadə Füzulini söz ordusunun sərkərdəsi, sözü isə onun silahı hesab edir. Onun təfəkküründən süzülən dəyərli poema və pyeslərin yaranması da Füzuli çeşməsindən qaynaqlanır.Əbəs yerə deməyiblər ki, Vətən, torpaq məfhumu, tarix, millilik və bəşərilik ustadın vətənpərvərliyinin, humanizminin cövhəridir.
1925-ci il avqustun 16-da qədim mədəniyyət mərkəzlərindən biri olan Şəki şəhərində dünyaya gələn Bəxtiyar Vahabzadə erkən yaşlarından ədəbiyyata və poeziyaya dərin maraq göstərmişdir. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirdikdən sonra uzun illər həmin ali məktəbdə müəllim və professor kimi çalışmış, elmi-pedaqoji işi ilə bədii yaradıcılığını vəhdət halında davam etdirmişdir. Onun həyat yolu və ədəbi fəaliyyəti bütövlükdə Azərbaycan xalqının milli özünüdərk prosesinin, azadlıq arzularının və mənəvi dirçəlişinin canlı güzgüsüdür.
Bəxtiyar Vahabzadənin yaradıcılığında milli azadlıq ideyası aparıcı xətt kimi çıxış edir. O, sovet senzurasının ən sərt dövrlərində belə xalqınınhaqq səsini qələmə almaqdan çəkinməmiş, əsərlərində qadağan olunmuş həqiqətləri poetik dillə səsləndirmişdir. Onun 1959-cu ildə yazdığı məşhur “Gülüstan” poeması Azərbaycan xalqının parçalanmış taleyinə, milli birliyə inamına və istiqlal arzusuna həsr olunmuşdur. Bu əsər təkcə bədii hadisə kimi deyil, milli şüurun oyanışında mühüm mərhələ kimi dəyərləndirilir. Şairin azadlıq anlayışı yalnız siyasi müstəvi ilə məhdudlaşmır; onun poeziyasında azadlıq həm də mənəvi sərbəstlik, düşüncə və vicdan azadlığı kimi təqdim olunur. B.Vahabzadə yaradıcılığında insan cəmiyyətin passiv iştirakçısı kimi deyil, tarixi proseslərdə fəal rol oynayan şəxsiyyət kimi təsvir edilir.
Akademik Nizami Cəfərovşairin poeziyasının əsas xüsusiyyətlərini ümumiləşdirərək qeyd edir ki, B.Vahabzadənin bədii təfəkküründə zaman yaddaşı xüsusilə güclüdür; şairin bütün hiss-həyəcanları konkret zamanın hüduduna istiqamətlənir, onu düşündürən təzadların böyük bir qismi də zaman kontekstində meydana çıxır. Zamana münasibət şairin təfəkkürünə sitat kimi gəlmir, bədii düşüncənin məntiqi ilə diktə edilir. O, ruhu etibarilə üsyançı, sözün yaxşı mənasında həm də millətçi idi. O, öz millətini həmişə öndə gedən millətlərin arasında görmək istəyirdi.
O,ana dilinin saflığı uğrunda hər zaman mübarizliyi ilə seçildi və bu yoldan dönməz oldu. “Ana dilim-ana köküm” məqaləsində də ana dilini yaxşı bilməyin zəruriliyindən söz açır, öz dilini bilməyənlər haqqında yazırdı: “Sən xalqın dilini bilmirsənsə, demək, millətin ruhuna, mənəviyyatına yadsan”.
Xatırladaq ki, şairin
yaradıcılığında ana dili mövzusu xüsusi yer
tutur. O, dili sadəcə ünsiyyət vasitəsi kimi deyil,
millətin varlığı, tarixi və yaddaşı kimi təqdim
edir. Onun məşhur
“Ana dili” şeiri bu baxımdan milli poeziyamızın manifesti
hesab olunur. Əsərdə dilə sahib çıxmaq, onu
qorumaq millətin mövcudluğunu qorumaqla eyniləşdirilir:
“Millətini
sevməyənin,
Dili də
olmaz sevgili.”
Bu
şeir yalnız poetik nümunə deyil, həm də milli
ruhun və dil sevgisinin ideoloji bəyanıdır. Əsər
yazıldığı dövrdən bu günə qədər
öz aktuallığını qoruyub saxlamış,
müasir ədəbiyyatın nümunəvi bədii zirvələrindən
birinə çevrilmişdir. Şair digər misralarında
dilin əhəmiyyətini daha da dərindən ifadə edir:
“Bu dil
tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın
bizə qoyub getdiyi
Ən
qiymətli mirasdır, onu gözlərimiztək
Qoruyub, nəsillərə
biz də hədiyyə verək!”
Şeirdəki
misralar dilin qrammatik zənginliyi ilə yanaşı, onun mənəvi
gücünü də önə çıxarır.
Şair dilin
saflığının qorunmasını və onun sevgi ilə
yaşadılmasını bir vətəndaşlıq borcu
kimi təqdim edir. Şeirdə ana dili ilə ana vətən
arasında qurulan dərin bağ oxucunu həm
düşündürür, həm də emosional təsir
altına salır.
B.Vahabzadə
Azərbaycan ədəbiyyatında təkcə poeziyanın
zirvələrindən biri deyil, həm də milli
ideyaların, əxlaqi dəyərlərin və vətən
sevgisinin bədii ifadəçisi kimi mühüm yer tutur.
Onun yaradıcılığı milli azadlıq mübarizəsinin
ideoloji dayağına, dil və kimlik məsələsinin mənəvi
təməl daşına çevrilmişdir.Bu gün də
şairin poetik irsi xalqın qəlbində yaşayır, yeni
nəsilləri vətənə, dilə və milli dəyərlərə
sədaqət ruhunda tərbiyə edir.
“Hər
xalqın dili, o xalqın ruhudur, psixologiyasıdır, mənəviyyatıdır,
tarixidir, tarix boyu keçib gəldiyi yoldur. Xalqın dilini
yaradan sözlər, o sözləri bir-biri ilə birləşdirən
şəkilçilər, feillər, sifətlər, təyinlər
quru sözlər deyil, hecalarında xalqın nəbzi vuran
canlı ürəkdir, düşünən beyindir. Onlar
bizimlə birgə yaşayır, düşünür, həmçinin
bizləri də yaşadır və
düşündürür. Hər xalqın övladı
öz xalqının yaratdığı dillə
düşünür və həmin dillə öz ürəyinin
yanğısını ifadə
edir”- fikri də Vahabzadə ucalığının
işığıdır.
“Hər ulusun ən qiymətli sərvətidir
ana dili. Övladları yer üzünə səpələnsə,
pərən-pərən düşənlərin vəhdətidir
ana dili”.
Bəxtiyar
Vahabzadə sözün əsl mənasında millətin səsi,
vətənin vicdanı və zamanın şairi idi və onun
bədii irsi bu gün də öz tarixi və mənəvi
missiyasını davam etdirir.
Dos.Mətanət
Əmrahova
Azərbaycan
Dövlət İqtisad Universiteti (UNEC)
Şərq.-
2025.- 9 oktyabr, ¹184.- S.5.