Süni intellekt
kitabı əvəz edə bilməz!
Yazıçı Sevinc Elsevər uşaqlara oxu çağırışı
edib
“Müasir uşaq yazıçıları texnologiya
ilə yarışmalıdır”
Uşaqların mənəvi-fiziki
inkişafı cəmiyyətin
əsas prioritetlərindən
biridir. Sağlam düşüncəyə və
güclü bədənə
malik nəsil yetişdirmək
hər bir xalqın gələcəyinin
təminatıdır. Uşaqların
tərbiyəsi, onların
düzgün istiqamətləndirilməsi
və dəyərlərlə
böyüməsi dövlətin,
ailənin və təhsil sisteminin mühüm vəzifələrindən
biridir. Bu baxımdan, uşaq ədəbiyyatının
rolu danılmaz dərəcədə böyükdür.
Uşaq
ədəbiyyatı təkcə
bilik və məlumat mənbəyi deyil, həm də uşaqlarda mənəvi dəyərləri
formalaşdıran, onları
mərhəmət, dostluq,
əməksevərlik, ədalət,
insanpərvərlik və
vətənpərvərlik kimi keyfiyyətlərə
yönəldən mühüm
tərbiyə vasitəsidir.
Yaxşı uşaq kitabı uşağın
düşüncə tərzini
zənginləşdirir, onun
dünyagörüşünü genişləndirir, həyatı
dərk etməsinə,
insan münasibətlərində
incəlikləri hiss etməsinə
kömək edir. Ədəbiyyat vasitəsilə
uşaq öz daxili aləmini tanıyır, hiss və düşüncələrini ifadə
etməyi öyrənir,
bu da onun emosional sabitliyinin və psixoloji sağlamlığının formalaşmasına
şərait yaradır.
Eyni zamanda, uşaq ədəbiyyatı uşaqlarda
təfəkkürün, diqqətin
və təsəvvürün
inkişafına təkan
verir. Oxuduğu əsərlərdəki hadisələr
və qəhrəmanlar
vasitəsilə uşaq
həm yaxşı ilə pisi, doğru ilə yanlışı ayırmağı
öyrənir, həm
də həyatın müxtəlif çalarlarını
duymağa başlayır.
Bu, onun sosial adaptasiyasına, yaradıcılıq
bacarığının və
müstəqil düşünmə
qabiliyyətinin formalaşmasına
xidmət edir.
Bundan əlavə, uşaq ədəbiyyatı uşaqların
fiziki inkişafına
da dolayı yolla təsir göstərir. Əməksevərlik, idman,
təbiət sevgisi və sağlam həyat tərzini təbliğ edən əsərlər uşaqlarda
hərəkətə, fəaliyyətə
və məqsədyönlü
olmağa maraq oyadır. Bu da sağlam bədənlə sağlam
ruhun vəhdətini təmin edən mühüm amillərdəndir.
Beləliklə, uşaq ədəbiyyatı
uşaqların həm
mənəvi, həm də fiziki inkişafında mühüm
rol oynayır, onların şəxsiyyət
kimi formalaşmasında
əvəzsiz yer tutur. Gələcəyin kamil insanını yetişdirmək üçün
ədəbiyyatın gücündən
düzgün istifadə
etmək cəmiyyətin
ən məsuliyyətli
vəzifələrindən biri sayılmalıdır.
Uşaqların mənəvi inkişafı
cəmiyyətin gələcəyini
müəyyən edən
ən mühüm istiqamətlərdən biridir.
Bu inkişafın təminində
təkcə ailə və məktəb deyil, həm də mədəni-maarif müəssisələrinin və
ədəbi mühitin
rolu böyükdür.
Xüsusilə uşaq
ədəbiyyatına həsr
olunan görüş
və müzakirələr
gənc nəslin mənəvi tərbiyəsində,
dünyagörüşünün formalaşmasında mühüm
əhəmiyyət kəsb
edir. F.Köçərli
adına Respublika Uşaq
Kitabxanasında müasir
uşaq ədəbiyyatının
tanınmış simaları
ilə gənclərin
iştirakı ilə
keçirilən ədəbi
müzakirə bu baxımdan diqqətəlayiqdir.
Belə tədbirlər
uşaqlarda ədəbiyyata
marağı artırmaqla
yanaşı, onlarda vətənpərvərlik, mərhəmət,
əməksevərlik, məsuliyyət
kimi dəyərlərin
formalaşmasına şərait
yaradır. Yazıçı
və oxucu arasında canlı ünsiyyətin qurulması,
fikirlərin və ideyaların paylaşılması
uşaqların emosional
zənginliyini, düşüncə
mədəniyyətini və
mənəvi kamilliyini
inkişaf etdirən mühüm bir prosesdir. Buna görə də bu cür
ədəbi müzakirələr
həm uşaqların
tərbiyəsində, həm
də cəmiyyətin
mədəni potensialının
güclənməsində əvəzsiz
rol oynayır.
Qeyd edək ki, Firudin bəy Köçərli
adına Respublika Uşaq
Kitabxanasında çağdaş
uşaq ədəbiyyatı
nümayəndələri ilə
BDU-nun Azərbaycan dili
və ədəbiyyatı
müəllimliyi fakültəsinin
4-cü kurs "Sabah" kursunun
tələbələri arasında
görüş keçirilib,
müasir uşaq ədəbiyyatı ətrafında
müzakirə təşkil
olunub.
Tədbirdə yazıçılarla gənclər bir-birinə
ədəbiyyata, müasir
uşaq ədəbiyyatının
problemlərinə dair
suallar ünvanlayıb,
qarşılıqlı cavablar
axtarıblar.
Belə
görüşlərin uşaq
ədəbiyyatının inkişafında vacibliyini vurğulayan kitabxananın
direktoru Şəhla Qəmbərova bu cür diskussiyaların həm də gənclərin dünyagörüşündə
əhəmiyyətli rola
malik olduğunu bildirib.
Görüşün təşkilatçılarından
filologiya üzrə fəlsəfə doktoru,
BDU-nun müəllimi, dosent
Aygün Bağırlı
uşaqlar üçün
yazılmış əsərlərin
tərbiyəvi və
mənəvi dəyərlər
aşılamasının vacibliyini
vurğulayaraq bildirib
ki, uşaqlar üçün
əsərlər çap
olunanda xüsusi nəzarətdən keçməlidir.
“Ədəbiyyatın insan həyatında rolu və əhəmiyyəti
nədir?”, “Müasir gənclərdə mütaliəyə
necə həvəs oyatmalı?”, “Uşaqlara kitabı necə sevdirməli” kimi suallara cavab axtaran tədbir iştirakçıları bir-birindən
maraqlı fikirlər səsləndiriblər. Gənclərin
bu suallar ətrafındakı cavablarını
tanınmış uşaq
yazarları həvəslə
dinləyiblər.
Müzakirədə müasir uşaq ədəbiyyatının
ən qocaman nümayəndəsi Zahid Xəlil,
tanınmış pedaqoq-şair
İbrahim Yusifoğlu, yazıçılar
Mehriban Nağıyeva, Sevinc
Elsevər, Nurlana İşıq, Gülzar İbrahimova, filologiya üzrə fəlsəfə
doktoru, dosent Günay Qarayeva maraqlı çıxışlar
edərək, ədəbiyyatın
insanın müasir həyatında rolu, onun xəyal gücünün formalaşmasında,
hətta elmi yeniliklərin, texnologiyaların
inkişafına təsiri
barədə danışıblar.
Müzakirə zamanı, həmçinin
Respublika Uşaq Kitabxanasının
bu sahədə həyata keçirdiyi layihələr, o cümlədən
kitabların süni intellekt texnologiyalarına əsaslanan videoicmalları
barədə məlumat
təqdim olunub.
Tədbirin sonunda müəlliflərlə
tələbələr şəkillər
çəkdiriblər. Yazıçılar
öz kitablarından nüsxələri gənc
oxuculara hədiyyə
ediblər.
Sözügedən tədbirin uşaqların
fiziki-mənəvi inkişafına
təsiri barədə
Sherg.az-a danışan yazıçı
Sevinc Elsevər qəzetimiz vasitəsilə
görüş üçün
fürsət yaradan, dəvət edən BDU-nun
müəllimi, dəyərli
alim, tədqiqatçı Aygün
Bağırlıya təşəkkür
edib:
“BDU-nun filologiya fakültəsinin
tələbələri ilə
görüşdük və
gənclərlə çağdaş
uşaq ədəbiyyatını
müzakirə etdik. Elə konkret bu problemlərə toxunduq ki, gənc nəslin, uşaqların diqqətini necə ədəbiyyata yönəltmək
olar? Həm gənclərin, həm yazıçıların maraqlı
yanaşmaları, fikirləri
oldu. Axırda bu fikrin üstündə
dayanıldı ki, müasir
texnoloji vasitələrdən
nə qədər çox istifadə etsək də, ənənəvi kitab oxumağın
faydaları daha çoxdur. Şəxsən
mənim qənaətimə
görə, kitabı
dinləməkdənsə, toxunmaq, gözlərinlə
oxumaq daha yaxşıdır. Süni
intellektlə illüstrasiyalar
canlandırıla bilər.
Bu ola bilsin, uşaqların
diqqətini də cəlb edər. Amma bəs onların öz xəyal gücləri o zaman inkişaf
edər ki, onlar qəhrəmanları, hadisələri
özləri xəyal
etsinlər, xəyallarında
canlandırsınlar. Biz çalışmalıyıq
ki, ənənəvi kitaba
qayıdış olsun.
Uşaqlar kitabdan zövq almağı öyrənsinlər. Süni
intellekt, rəqəmsal
texnologiyalar bu yolda vasitə ola bilər. Amma əsla kitabın əvəzedicisi
olmamalıdırlar”.
O ki qaldı yazıçının
bu sahədə roluna, S.Elsevər
qeyd edib ki, yazıçı ilk növbədə
maraqlı, yaxşı
yazmalıdır:
“Müasir uşaqların diqqətini
cəlb etmək çox çətindir. Uşaq yazıçıları
əxlaqi-mənəvi məsələləri
arxa plana atmamaq şərti ilə həm də modern texnologiyalarla yarışacaq
mətnlər ortaya qoymaq məcburiyyətindədir.
Çevik, dinamik düşünməli, zamanın
nəbzini tutmalısan”.
Şəymən
Şərq.-
2025.- 10 oktyabr, ¹185.- S.6.