Ölüm yox, həyat
öldürdü
Əlisəmid Kürün qan-tər içində yaşadığın ömür
başa çatıb
Azərbaycan ədəbi fikir və milli düşüncə
tarixinin görkəmli
nümayəndələrindən biri, şair Əlisəmid Kür vəfat edib. Şairlə dünən Salyan rayonunun Hacı Tağı məscidində vida mərasimi keçirilib, rayon qəbiristanlığında
dəfn edilib. Dəfndə şairin yaxınları, rayon icitimaiyyəti iştirak edib. Mərasimdə çıxışçılar Əlisəmid Kürün
yaradıcılığı barədə söhbət
açıb, onunla bağlı xatirələrini
dilə gətiriblər.
Qeyd edək
ki, Əlisəmid Kür (Cəfərli) ötən gün 3 saylı Şəhər Klinik Xəstəxanasında
(Sabunçu Xəstəxanası)
vəfat edib. Ailə üzvlərinin məlumatına görə,
səhhətində yaranan
problemlər səbəbindən
Əlisəmid Kür
sentyabrın 15-də Respublika
Diaqnostika Mərkəzinə
yerləşdirilib, daha
sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam
etdirilib.
Əlisəmid Kür 8 fevral 1954-cü ildə Salyan şəhərində müəllim
ailəsində doğulub.
1981-ci ildə Mirzəağa
Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun
teatrşünaslıq fakültəsini
fərqlənmə diplomu
ilə bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasında və
Azərbaycan Teatr Muzeyində müxtəlif
vəzifələrdə çalışıb.
1988-ci ildən Azərbaycan
Yazıçılar Birliyinin
üzvü olub.
1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ
və Müəllif Hüquqları bürosunda
şöbə müdiri,
Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin "Yol"
ədəbiyyat qəzetində
şöbə müdiri,
1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində
işləyib. Şeirləri
dünyanın müxtəlif
dillərinə tərcümə
olunub, şeir almanaxlarında, ədəbi
dərgilərdə dərc
olunub. 20 il ərzində dünyanın
bir çox şəhərlərində təşkil
edilən şeir toplantılarında Azərbaycanı
təmsil edib. Onun əsərləri sadəcə ədəbi nümunə deyil, həm də dərin fəlsəfi düşüncə və
ictimai mövqenin ifadəsi olub. Vətən sevgisi, xalqın taleyi və insan vicdanı
onun yaradıcılığında
daim ön planda dayanırdı. Əlisəmid Kür oxucularına yalnız sözlə deyil, həm də düşüncə və
vicdanla müraciət
edən bir ziyalı idi. Əlisəmid Kürün
ölkənin müasir
poeziya mühitində
özünəməxsus üslubu
seçilən yaradıcılığı
bir neçə nəsil oxucu və ədəbiyyatsevərin
qəlbində iz qoyub. Onun poeziyası,
estetik zövqü, şəxsiyyəti hər
zaman diqqət çəkib. Onun şeirləri dünyanın
müxtəlif dillərinə
tərcümə olunaraq
dərc edilib. “Rəngli kölgələr”,
“Əlisəmid və
qırx tanış üz”, “Kentavr”, “Çaylar məcrasından
çıxanda”, “Sonuncu
dua”, “Qan-tər içində”, “Tənha kentavr” kitablarının müəllifi, bir sıra ədəbi mükafatlar laureatıdır.
Onun əsərlərində
Vətən sevgisi, xalq taleyi və
insan vicdanı daim ön planda
dayanırdı. O, sadəcə
bir ədib deyil, həm də milli kimlik
uğrunda mübarizə
aparan ziyalı idi.
Şairin ölümü
dostlarını, ədəbi
mühitin nümayəndələrini
dərindən sarsıdıb,
sevənləri şairlə
bağlı xatirələrini
dilə gətiriblər.
Şairin ölümünə
kədərlənən oxucuları
sosial şəbəkələrdə
onu
-“Hara gedirsən, Kentavr?
- Kimdən qaçırsan,
Kentavr?…”
sözləri ilə xatırlayıb.
Bu sözlər onun yaradıcılığının və şəxsiyyətinin
dərin izlərini əks etdirir, eyni zamanda oxucuların
və yaxınlarının
qəlbində Əlisəmid
Kürün yadigar qalmasını simvollaşdırır.
Beynəlxalq Avrasiya Mətbuat
Fondunun sədri, Əməkdar mədəniyyət
işçisi Umud Rəhimoğlu Əlisəmid
Kürlə sıx dostluqlarından söhbət
açıb:
“Mən ilk dəfə və sonuncu dəfə Əlisəmidlə
Salyana gəldim və Əlisəmidsiz Bakıya qayıdıram.
Biz 45 ildir dostluq edirdik. Əlisəmid Kür öz poeziyası ilə Türk dünyasının
dəyərli şairləri
sırasında yer almışdı. Biz onunla
çox tez-tez görüşürdük, söhbətlərdən
usanmırdıq. Bütün
söhbətlərinin içində
Vətən, torpaq, sevgi var idi. Ruhu şad olsun”.
Şair
Aqşin Yenisey
Sherg.az-a açıqlamasında Əlisəmid Kürün
ölümü ilə
bağlı üzüntüsünü
bu cür dilə gətirib:
“Bir dəfə yekəqarın
dostlarımızdan biri
soruşdu ki, bizim istedadlar niyə öz qədirlərini bilmirlər? Cavab verdim ki, öz qədrini bilən istedad deyil, bacarıqdır, fərasətdir.
İstedad öz qədrini bilməyəndir.
Çünki istedad qədirdən çox yuxarıda olan bir dəyərdir. İstedadın qədrə
ehtiyacı yoxdur.
Bir də sənin kimilərlə eyni dünyada yaşamaqdan ötrü istedad niyə özünə əziyyət verib qədrini bilməlidir? İstedad qədri bilinsə də, öz işini görəcək,
bilinməsə də.
Çünki istedad qiymətləndirmənin nəticəsi
olaraq var olan bir şey deyil.
Qiymətləndirilən şey
bacarıqdır. Qiymətləndirilmədikdə
zibilə dönür.
Bizdə ölən istedadlı adamların arxasınca tez-tez belə bir söz
deyirlər: Canına yazığı gəlmirdi.
Ay millət, canına
yazığı gələn
adamdan şair olmaz, rəssam olmaz, musiqiçi olmaz. Ümumiyyətlə,
yaradıcı adam olmaz. Yaradıcılıq
can alan işdir. Sizi yaradıcılığın
imitasiyasıyla məşğul
olub özünün,
arvad-uşağının, katibəsinin, sürücüsünün
zadın qədrini bilən, özüylə
bərabər bütün
nəslinin canına yazığı gələn
adamlarla aldadıblar. Əlisəmid Kür də istedadının qədrini bilsəydi, canına yazığı
gəlsəydi, ölüsüylə
dirisinin bir fərqi olmayan yüzlərlə pis şairdən biri olacaqdı. Halbuki bu gün bütün
ədəbiyyat mühiti
bilir ki, əsl şair ölüb. Əsl şairdən geriyə əziz xatirə qalmır, qorxu, əzab, dəhşət, vahimə
qalır...Ruhu şad olsun!”.
Yazıçı Tural Cəfərov
da Sherg.az-a açıqlamasında Əlisəmid Kürün
onun üçün doğma adam olduğunu deyib:
“Tərcümə Mərkəzində
bir otaqda otururduq. Futboldan danışırdıq, kinodan
danışırdıq, ədəbiyyatdan,
həyatdan danışırdıq.
Onun haqqında bir film də çəkmişdik. Adı
da “Şairin günü”
idi. Məndən xahiş edirdi ki, şərhləri onun üçün kağızda
çap edim. Mən də çap edirdim, oxuya-oxuya uşaq kimi sevinirdi. O, insanları sevirdi və əvəzində onlardan sevgi gözləyirdi. Onun haqda çox, lap çox danışmaq olar. Bir az da özü danışsın,
biz qulaq asaq…”.
Yazar Əsəd Qaraqaplan isə şairin ölümü ilə bağlı hisslərini bu cür ifadə
edib:
“Həyatımdakı ən
kədərli ölümdür.
Elə bilirəm, Əlisəmid Kür yox, şeir öldü”.
Şair
Kəramət Böyükçöl
hesab edir ki, Əlisəmid Kürün
qan-tər içində
yaşadığı ömür
başa çatıb:
“Həmişə haqqında
nəsə yazanda və ya xoşuna
gələn bir yazım olanda yolun o üzündən də olsa əl
eləyirdi ki, oxudum. Görəsən, indi bu yazdığımı
da oxuya bilirsənmi? Səni ölüm yox, həyat öldürdü, Əlisəmid.
Ruhun şad olsun!”.
Yazıçı Fəxri Uğurlu
qeyd edib ki, Əlisəmid Kürün
sözü qıraqdan
gəlməyib, öz
bəxtindən mayalanıb,
eynən özünə
oxşayır: “Onun ömür yoluna bələd olanlar bilirlər ki, Əlisəmidin
həyatı çox
da rahat keçməyib,
xarakterimi deyim, alın yazısı, qismətimi deyim, onu çox bəlalara atıb. Onun evini başına
uçurmuş zəlzələlərin
dağıntıları altından
nəinki hər şair, heç özündən deyən
hər igid də salamat çıxa bilməzdi. Amma Əlisəmid
çıxdı, sözün,
qələmin, onu istəyən, qədrini bilən dostların sayəsində çıxdı.
Ən böhranlı günlərində belə
Əlisəmidin poeziyadan
küsdüyünü, sözünün
tükəndiyini görmədim.
Az yazdı, amma yazdı, öz taleyinə, qismətinə,
qəzavü-qədərinə diaqnoz qoydu, ömrünün mənzərəsini
dönəm-dönəm, epizod-epizod
qələmə aldı,
həyatını bir
toxucu səbriylə ilmə-ilmə kağıza
hördü. Bu dünyada
cin çapmış
at kimi rahatlıq tapmadın, barı o dünyada yerin rahat olsun.
Ruhun şad olsun, Əlisəmid, Kür kimi dəli-dolu şair!”.
Yazar Sevinc Elsevər Şairə Allahdan rəhmət, yaxınlarına,
dostlarına səbr diləyib:
“Təəssüf ki, şəxsi
tanışlığımız olmadı. Hətta tədbirlərdə rast gəlmişdim bir neçə dəfə. Görüşməmişdim. Belə
məsələlərdə mən utancağam. Ünsiyyət qurmaqda çətinlik yaşayıram.
Hətta bir müddət jurnalist kimi çalışmağım
da bu xasiyyətimi dəyişə bilməyib.
Onu ötən yaz gördüm. Bir tədbirdən bərabər
çıxdıq. Keçidə
düşdük, çıxdıq.
Amma iki yad adam kimi. Amma qələmini sevdiyim, hörmət etdiyim şairlərdən
olub həmişə.
Şeirlərini sevgiylə
oxumuşam. Kimsə xəstələnəndə, ya
başına nəsə
gələndə deyirsən
gərək özünü
qoruyaydı, gərək
belə etməyəydi,
belə yaşamayaydı.
Amma Azərbaycan elə
ölkədir ki, burada
bacardığın kimi
yaşayırsan. Ayrı
cür mümkün deyil. Həkimlər çıxıb məsləhət
verəndə ki, bunu yeməyin, onu yeyin, əsəbiləşirəm.
Camaat nə tapır, onu yeyir. Seçim şansımı var? Kişilərin
içməmək şansımı
var? Vaxtsız ölməmək
şansı varmı adamların? Nə isə. Kədərlidir. Kədərimi bölüşürəm
dostlarla! Əlimdən
bu gəlir ancaq təəssüf
ki!”.
Şərif Ağayar:
"Mənim üçün nəinki Bakının, Azərbaycanın, hətta
dünyanın rənglərindən
biri azaldı. Şair kimi də, insan kimi də, zahiri
görünüşcə də olduqca fərqli, maraqlı, yaddaqalan idi. Dostuna, yoldaşına ürəyini çıxarıb
verərdi. Fədakarlığı
bacarırdı. Həyatı
da dramatik, ziqzaqlı,
narahat yaşamağı
sevirdi. Əlisəmid
ocağın közərən
yeri kimi ömür sürdü. Şeirlərini də orada yazdı. Ona görə heç vaxt unudulmayacaq. Ruhu şad olsun!
Nasir Səfər Alışarlı
da şair dostunun itkisindən dərin sarsıntı keçirib:
“Gözümüzün qabağında
böyük bir nəsil haqqını almadan qırılıb gedir. Doğrudur, mən bunu istiqlalçılarla
bağlı yazmışdım,
ancaq Əlisəmidi
milli istiqlaldan kim ayıra bilər ki?! Onun hər bir
şeiri mənəvi
intibahın poetik nəfəsi, hissi və həyəcanı ilə süslənib.
İndi şair haqda xatirə yazmaq bir az çətindir.
Sosial mediada o qədər ləyaqətsizə
o qədər boğazdanyuxarı
təriflər yağdırırlar
ki, adam layiqlilər haqda o sözləri deməyə qorxur. Əlisəmid heç nədən qorxan adam deyildi, nəyi
vardısa, ədəbiyyata
qurban vermişdi. Bir quru canı vardı, onu da sonda yazılmamış misra kimi bizə
bağışladı. Şeiri
necə yazmışdısa,
çörəyi necə
qazanmışdısa, arağı
necə içmişdisə,
o cür də mərdi-mərdanə, qorxusuz-hürküsüz,
sanki zarafatla öldü ki, sabah bizimlə qarşılaşanda
təəccüblənməyək”.
Şəymən
Şərq 2025.- 14 oktyabr (¹187).- S.7.