Vətəni, İstiqlalı tərənnüm edən şair

 

Məmməd Arazın 92 yaşı tamam oldu

 

Azərbaycançılıq ideyasının təbliği

 

Vətənpərvər şairimiz Məmməd Arazın Azərbaycana bəxş edildiyi günlərin  içindəyik. 1933-cü il oktyabr ayının 14-də Naxçıvanın Şahbuz rayonu, Nursu kəndində ömrünü Vətəninin tərənnümünə, vətən torpağı üzərində gəzənləri isə həqiqi vətəndaş olmağa səsləməyə həsr edəcək insan dünyaya gəldi. Adını Məmməd qoydular, amma o, qəlbində əbədi Azərbaycan sevgisi yaşadan milyonların Məmməd Arazı oldu. Yaşasaydı, bu gün 92 yaşı tamam olacaqdı. 71 yaşında dünyadan köçdü, “dünya heç kimin”, deyən şair. 71 il ömür sürdü, amma qəlbinin odu, atəşi ilə, yana-yana qələmə aldığı əsərləri qərinələr keçəcək, yenə Azərbaycan insanının dilindən düşməyəcək. Çünki Məmməd Araz Vətəni təmsil edir. Məmməd Araz Azərbaycan sevgisinin ən bariz örnəyidir.

 

Azərbaycan! Mayası nur, qayəsi nur ki

Hər daşında alov dilli ox ola bilər.

Azərbaycan, deyiləndə ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər!

 

Bu sətirlərin müəllifini Vətəndən ayrı necə təssəvvür etmək olar axı?!.

 

Məmməd Arazın həyat yoluna qısaca nəzər salsaq, görəcəyik ki, sadə həyat tərzi keçirən şair qələmi heç vaxt əlindən yerə qoymayıb. Doğulduğu kənddə orta məktəbə gedib, məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olub. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Tələbə ikən qələmə aldığı "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb. Sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini işləyib. Məmməd Araz 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni, medal Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilib. Zatən xalqın şairi olan Məmməd Araza 1991-ci ildə rəsmi qaydada Xalq şairi fəxri adı verilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatı olub. 1993-cü ildən onun adına "Məmməd Araz" mükafatı təsis edilib. Məmməd Araz 2004-cü ilin 1 dekabrında 71 yaşında vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

 

Azərbaycan!... Qayalarda bitən bir çiçək...

Azərbaycan, çiçəklərin içində qaya...

Mənim könlüm bu torpağı vəsf edərək,

Azərbaycan dünyasından baxar dünyaya.

 

Məmməd Araz şeirləri Vətəni sevməyi öyrədir, Vətən uğrunda savaşmağı, onu qorumağı tərənnüm edir. Vətən necə sevilməlidirsualına ən dəqiq cavab Məmməd Araz şeirlərinin hər bir sətrindədir.

 

Sən bu yurda söykəlisən, bu yurd sənə,

Keşiyində dursan belə neçə sənə,

Ayaq üstə yatsan belə neçə sənə:

Sən bu yurda söykəlisən, bu yurd sənə!

Son atəş , son zərbə səninkidir,

Oğul əsgər, əsgər oğul - mərd igiddir,

Mərd ölsə mərdlik ölmür, hünər ölmür;

Hünər ölmür, mərdlik ölmür - əsgər ölmür.

 

Mən bilmirəm, hardan boy al, hara dırman,

Mən bilmirəm, göyə ucal, yerə quylan,

Babaların məzarını qoru, qardaş!

Ataların vüqarını qoru, qardaş!

Körpələrin yuxusunu qoru, qardaş!

"Vətən ölməz" duyğusunu qoru, qardaş!

"Hünər ölməz" nidasını qoru, qardaş!

Od yurdunun odasını qoru, qardaş!

 

Belə anladır Məmməd Araz Vətəni sevməyi. Hər bir gəncə öyrədir Vətəni necə qorumaq gərəkdiyini. VətənAzərbaycan Məmməd Araz üçün keçilməz səddir. Hər şeydən, hamıdan, hər kəsdən keçmək olar, Vətəndən əsla! “Səndən qeyri bir hamımız ölə billik! Səndən qeyri biz hər şeyi bölə billik!”,  deyə hayqırır şair. bunu hər bir vətəndaşın həyat amalı hesab etməsini istəyir. Çünki Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı!.

 

Məmməd Arazın 90 illik yubileyi keçirilən zaman Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı iləMilli təfəkkür tarixi yaddaş şairi Məmməd Arazmövzusunda elmi konfrnas təşkil olunmuşdu. Konfransda çıxış edən AMEA-nın prezidenti, akademik İsa HəbibbəyliMəmməd Araz milli müstəqillik uğrunda aparılan mübarizənin önündə gedən, əsərləri ilə ölkəmizdə istiqlal hərəkatına böyük dəstək verən qüdrətli Azərbaycan şairidir. Şairin poeziyası, eyni zamanda ölkəmizdə ötən əsrin 50-60-cı illərində, sovet ideologiyasının öndə olduğu bir dövrdə xalqa, vətəninə, milli ideallara, ölkənin inkişafına, milli-mənəvi dəyərlərin qiymətləndirilməsinə həsr olunmuş bir ədəbiyyat kimi Azərbaycan ədəbiyyatı tarixində əbədi yaşamaq haqqı qazanıb”. Akademik diqqətə çatdırıb ki, yaradıcılığında əsasən Vətən, torpağa bağlılıq, vətəndaşlıq, vətənpərvərlik mövzularına müraciət edən şairin bir çox şeirləri bu gün öz aktuallığını qoruyub saxlayır, dillər əzbəridir. Məmməd Araz yaradıcılığı milli təfəkkür, milli yaddaş, Vətənə, torpağa bağlılıqla yoğrulub. Məmməd Arazın başlıca ilham mənbəyi tarixi minilliklərə söykənən tarix səhnəsində həmişə öz sözü, mövqeyi olan Azərbaycandır. Həmin tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri Ramiz Qasımov Məmməd Araz poeziyasınıAzərbaycan ünvanlı poeziyaadlandırıb: “Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm milli azadlıq ideyalı əsərləri ilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb. Məmməd Arazın yaradıcılığında vətən sevgisi, vətənpərvərlik, ümumiyyətlə, azərbaycançılıq motivləri öndə gəlir. Şairin ilk sözü Vətəndən başlayıb, Vətəndə bitir. “Ürəyimsiz kəlmə yazan deyiləm”, - deyən sənətkar bütün varlığı ilə özünü Vətənə həsr etdiyi şeirlərində əsl, nümunəvi bir vətəndaş kimi ifadə edir, xalqına bağlı olan ədib bütün yaradıcılığı boyu əsərləri ilə sanki vətəndaşlıq himnləri yaradır. Akademik Kamal Abdullanın dediyi kimi: “Məmməd Arazın sevgisinin kökündə yalnız yalnız Vətən dayanır”. “Ana yurdum, hər daşına üz qoyum, Hər dərəndə çaldığım saz yaşayır”- deyən ədib üçün ana yurdu bir səcdəgah, insanı kainatın sirri-sehri, incisi olaraq əbədiyyətə qovuşduran məbədgah, məzargahdır. Xalq şairi Məmməd Araz həm o sənətkardır ki, “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”, - deyə vətəndaşlıq konsepsiyasını irəli sürüb. Buna görə : Vətən mənə oğul desə dərdim, mamır olub qayasında bitərdim”, - deyən şairin misraları vətəndaşlıq şəhadətinin özünəməxsus poetik dillə ifadəsidir. “Mənim yurdum hardan başlar? - ürəyimin kandarından...” - deyən şairin yaradıcılığında Azərbaycan bütün mənəvi böyüklüyü, qüdrətilə əks olunur. Məmməd Araz yaradıcılığı bədii düşüncəsində Azərbaycan bir Dünyadır, Kainatdır”.

 

Xalq şairinin bu misraları hər birimizin dilinin əzbəri deyil, həm Vətənini sevən hər bir azərbaycanlının həyat amalı olmalıdır:     

 

Bu gün gərək

Hər anımız Vətən! – desin!

Qılıncımız, qalxanımız

Vətən! – desin

Ölənlərin əvəzinə

Qalanımız Vətən! – desin.

Vətən! – desin

Qəlbimizin hər duyğusu,

hər vurğusu

Vətən! – desin.

Fərqi yoxdur, harda olaq,

Zamanımız, məkanımız

Vətən! – desin.

  

Məlahət Rzayeva

 

Şərq .- 2025.- 16 oktyabr (¹188).- S.6.