Azərbaycan kosmik aparat istehsalına
başlayır
İnformasiya və kommunikasiya texnologiyalarının
inkişaf etdirilməsi
Elvin Abbasov: “Rəqəmsal hökumət
varsa, rəqəmsal vətəndaş da olmalıdır”
Müasir
dünyada süni intellekt, rəqəmsallaşma,
elektron hökumət strukturları hər nə qədər inkişaf etmiş olsa da, kibertəhlükəsizlik
bir o qədər vacib xarakter daşıyır. Bəzən
haker hücumları ən ciddi, dövlət əhəmiyyətli
informasiya sistemlərinə
də yol tapır, kiberdələduzlar
vətəndaşların şəxsi
hesablarını da oğurlaya
bilirlər.
Mütəxəssislər hesab edir ki, belə şəraitdə
rəqəmsal təhlükəsizliyin
qorunması üçün
effektiv təsirlərə
ehtiyac var. İnnovasiya
və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə
həyata keçirilən
“digital.leadership” proqramı
rəqəmsal hökumətə
sürətli keçidin
təmin edilməsini,
rəqəmsal hökumət
və rəqəmsal innovasiyalar sahəsində
beynəlxalq rəqabətliliyin
artırılması, rəqəmsal
hökumətin inkişafı
və təşviqi üzrə dövlət orqanlarının fəaliyyətinin
əlaqələndirilməsini təmin etmək, habelə dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası
və effektiv idarə edilməsi sahəsində vahid koordinasiyanı həyata keçirmək məqsədilə
keçirilir. Bu ilin aprel ayında “digital.leadership” proqramı ilə bağlı növbəti
sessiya keçirilmişdi
və iştirakçı
orqanlar prioritet istiqamətləri müəyyənləşdirmişdi.
Bu günlərdə İRİA növbəti sessiyasını
Naxçıvanda keçirib.
İnformasiya kommunikasiya məsələləri
üzrə mütəxəssis,
“Azərbaycan İnformasiya
və Kommunikasiya Texnologiyaları Sənayesi
Assosiasiyası” İctimai
Birliyinin sədri Elvin
Abbasov Sherg.az-a açıqlamasında
qeyd etdi ki, Naxçıvanda keçirilən
sessiyada iştirak edib və bu
tədbiri məhsuldar
hesab edir:
- Bu sessiyada iştirak etmək olduqca məhsuldar oldu. Budəfəki sammitin əsas fərqləndirici
cəhəti, dövlət
qurumlarının İKT nümayəndələrinin
Naxçıvan Universitetinin
yeni İnnovasiya Mərkəzində
toplaşması və
bununla da, regional potensiala
verilən dəyərin
nümayiş etdirilməsi
idi. Tədbirin ən güclü strateji tərəfi,
İRİA rəsmiləri, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyindən
və MR Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyindən
məsul şəxslərin
birgə iştirakı
idi. Bu yüksəksəviyyəli
koordinasiya rəqəmsal
transformasiyanın mərkəzdən
bölgələrə inteqrasiya
siyasətinin uğurla
həyata keçirildiyini
və vahidi idarəetmə prinsiplərinin
tam tətbiqini göstərir.
İntensiv müzakirələr
rəqəmsal ekosistemin
təməl məsələlərinə
həsr olunmuşdu. Mənim üçün proqramın əsas məqamı isə, şübhəsiz ki, "MyGov Biznes"
Platforması idi. Bu platformanın istifadəyə
verilməsi sahibkarlıq
subyektlərinə bütün
dövlət xidmətlərinə
"bir pəncərədən"
tam və asan giriş imkanı təmin edəcək. Hesab edirəm ki, bu həll bizneslərin
dövlətlə münasibətlərindəki
sənəd yükünü
və arayış məsələlərini optimallaşdıraraq,
şəffaflığı və biznes mühitinin cəlbediciliyini
əhəmiyyətli dərəcədə
artıracaq. Həmçinin,
qeyd edim ki, son aylarda İRİA-nın fəaliyyətində müşahidə
olunan ictimai şura üzvləri və yerli ekspertlərlə
fəal münasibətlər
və ictimaiyyətə
açıqlıq, Agentliyin
öz üzərinə
götürdüyü rəqəmsal
liderlik missiyasını
gücləndirən sevindirici
bir faktdır. Bu cür regional görüşlər
rəqəmsal liderliyi
yerlərdə yaymaq və ölkənin ümumi potensialını
gücləndirmək baxımından
kritik əhəmiyyət
daşıyır.
E.Abbasov bildirdi ki, vətəndaşların rəqəmsallaşma,
elektron hökumət portalına giriş və sair sahələrdə
məlumatlılığın artırılması vacibdir:
- Hazırda ölkənin ən böyük insan kapitalı inkişafı təşəbbüslərindən
biri olan 4Sİ Akademiyası – “Milli Proqram”
layihəsinin fəaliyyəti
davam edir. Rəqəmsal transformasiyanın
əsas hərəkətverici
qüvvəsi olan vətəndaşların potensialının
artırılması baxımından
bu proqramın strateji əhəmiyyətini
nəzərə alaraq,
onların bu fürsətdən maksimum
yararlanması vacibdir. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye
İnqilabının Təhlili
və Koordinasiya Mərkəzi (4SİM) və
Elm və Təhsil Nazirliyi tabeliyində Təhsilin İnkişafı
Fondu (TİF) tərəfindən
"Coursera" ilə əməkdaşlıq
çərçivəsində həyata keçirilən
bu layihə, hər bir Azərbaycan
vətəndaşına (yaş
və təhsil məhdudiyyəti olmadan) beynəlxalq səviyyəli
sertifikatları ödənişsiz
əldə etmək imkanı verir. Hazırda 6-cı kohort üzrə qeydiyyat davam edir. Vətəndaşlar
bu unikal imkandan istifadə edərək öz bilik bazalarını və rəqəmsal səriştələrini qısa
müddətdə gücləndirməlidirlər.
Proqramın insan kapitalının inkişafı
üçün strateji
üstünlükləri geniş
resurslara - 13.000-dən çox
kursa və peşəkar sertifikatlaşdırma
proqramlarına çıxış
imkanının olması
və 6 həftəlik
ödənişsiz istifadə
müddətidir. Əsas
sahələr - süni
İntellekt, Data Analitikası,
Layihə İdarəçiliyi,
İdarəetmə və
Maliyyə kimi gələcək trendləri
müəyyən edən
sahələr üzrə
bilik təminatıdır.
Davamlı və dayanıqlı rəqəmsal
gələcəyimizin təminatı
üçün gənclərimizin
rəqəmsal savadlılığına
investisiya ən vacib addımdır. Bu çağırışı geniş şəkildə
yaymaq tələb olunur.
Ekspert qeyd etdi ki, "Rəqəmsal Vətəndaş"
konsepsiyası barədə
fikrini əvvəllər
də bildirib. “Rəqəmsal Vətəndaş”
konsepsiyası bir çox ölkədə inkişaf etdirilir. Texnologiya dövründə
yaşayırıq, satış
və xidmətlərdə
bir çox texnologiya həlləri
var:
- Dövlət qurumları xidmətlərini rəqəmsal
müstəviyə keçirir.
"Rəqəmsal Hökumət"in
quruculuğu istiqamətində
xeyli işlər görülür. Ağıllı
şəhər və
kəndlər qurulur, qısacası, ölkəmizdə
rəqəmsallaşma sahəsində
çoxşaxəli işlər
görülsə də,
"Rəqəmsal Vətəndaş"
barədə bir konsepsiya, bir fikir səsləndirən hələ olmayıb. Hər bir halda
bu proses təkcə ölkəmizlə əlaqəli
deyil, gedişat odur ki, dünyada yeni bütöv bir nəsil - rəqəmsal nəsil yetişir. Rəqəmsallığın inkişafı
üçün təbii
ki, öncə "Rəqəmsal
Savadlılıq" olmalıdır,
sonra "Rəqəmsal
Bacarıqlar" səriştəliklər
əldə edilməlidir
ki, "Rəqəmsal Vətəndaş"
və "Rəqəmsal
Cəmiyyət" anlayışına
keçə bilək.
Nəhayətində "Rəqəmsal
Hökumət" varsa,
rəqəmsal vətəndaş
da olmalıdır. Rəqəmsal
transformasiyanın mərhələlərini
bu formada zəncirvarı düşünə
bilərik.
E.Abbasov bunu da qeyd etdi ki, ölkəmiz
həmçinin yeni kosmik
aparat istehsalı dövrünə qədəm
qoyur:
- “Azərkosmos” tərəfindən
31 Milyon Manat Nizamnamə Kapitalı ilə “Spacecraft Development and Production” MMC yaradılıb. “Azərkosmos”un
15 illik uğurlu fəaliyyəti Azərbaycanın
kosmik sənayesinin təkcə regional operator deyil,
həm də perspektivli istehsalçıya
çevrilmək ambisiyasını
nümayiş etdirir. Orbitdə yerləşən
"Azerspace-1", "Azersky" və "Azerspace-2" peykləri
vasitəsilə qlobal
telekommunikasiya və Yerin məsafədən müşahidəsi xidmətləri
təqdim edən ölkə, artıq inkişafının keyfiyyətcə
yeni mərhələsinə – yerli kosmik aparat
istehsalına qədəm
qoyur. Bu strateji keçidin əsasını
“Azərkosmos” tərəfindən
31 milyon manat nizamnamə kapitalı ilə təsis edilmiş “Spacecraft Development and Production” MMC törəmə müəssisəsi
təşkil edir. Bu,
“Azərkosmos” tarixində
ilk dəfə olaraq ölkə daxilində peyklərin tam dövrü
– layihələndirilməsi, yığılması, sistem
inteqrasiyası və sınaqdan keçirilməsi
imkanlarını formalaşdıracaq
təməl addımdır.
“Spacecraft Development and Production” MMC-nin fəaliyyətinin əsas
bazası olacaq Kosmik Aparatların İnkişafı Mərkəzinin
layihələndirmə və
dizayn mərhələləri
tamamlanıb və yaxın aylarda tikintisinə başlanılacaq.
Bu Mərkəz daxilində
peyk dizaynı, mexaniki və termal testlər, sistem inteqrasiyası və keyfiyyətə nəzarət kimi mürəkkəb mühəndislik
prosesləri həyata
keçiriləcək. “Spacecraft Development
and Production” MMC-nin yaradılması
həm texnoloji müstəqillik, həm də iqtisadi dayanıqlılıq baxımından
strateji əhəmiyyət
daşıyır. Lakin Mərkəzin
hədəfi təkcə
Azərbaycanın daxili
ehtiyaclarını ödəməklə
məhdudlaşmır. MMC-nin
əsas məqsədlərindən
biri, gələcəkdə
beynəlxalq bazara çıxaraq, digər kosmik agentliklərdən,
regional operatorlardan və
ölkələrdən kosmik
aparatların layihələndirilməsi
və istehsalı üzrə sifarişlər
qəbul etməkdir.
Bu, Azərbaycanı Cənubi
Qafqaz və Mərkəzi Asiya regionunda kosmik texnologiya ixracatçısına
çevirmək vizyonunu
əks etdirir.
Məlahət Rzayeva
Şərq.- 2025.- 16 oktyabr
(¹188).- S.6.